Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1496/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-11447/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci qrup Qarabağ müharibəsinin əlili, o cümlədən xx.xx.2001-ci il tarixdən uçota alınmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxs olaraq yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı öhdəliyinin cavabdeh inzibati orqanın - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi “xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olmaqla yaşayan İİ dərəcə Qarabağ müharibəsi əlili İddiaçı Bakı şəhərində növbəlilik qaydasında mənzillə təmin edilməsi” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci qrup Qarabağ müharibəsinin əlilidir. xx.xx.2001-ci il tarixdən uçota alınmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək üçün aidiyyəti üzrə müraciətlər etmişdir. Müraciətlərinə baxılmış və Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 146 saylı Sərəncamına əsasən iddiaçı 1 nəfər ailə tərkibi olmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilməyi ilə bağlı verilmiş sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyevə həvalə edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası hal-hazıradək həyata keçirilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X5 X9 tərəfindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial - məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında "Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014- 2028- ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən Sərəncamın icrası çərçivəsində Ağdaş rayonu, Pirəyir kəndində iddiaçıya üç otaqlı fərdi yaşayış evi tikilmişdir. İddiaçı qeyd edir ki, qeyd edilən məlumatlar yanlışdır. Yaşayış şəraitinin yaxşılaşdırılması üçün iddiaçıya mənzil ( və ya fərdi yaşayış evi) verilməmişdir. Güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək iddiaçının hüququdur. Çünki, iddiaçı ikinci qrup Qarabağ müharibəsinin əlilidir və xx.xx.2001-ci il tarixdən mənzil növbəsində uçota alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Bildirilmişdir ki, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 127 saylı sərəncamına əsəsən 1 nəfər ailə tərkibi ilə (özü) mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən imtiyazlı şəxs İddiaçı üçün Ağdaş rayon Pirəyir kəndində 2018- ci ildə 3 otaqdan ibarət olan fərdi ev inşa olunmuşdur. Lakin buna baxmayaraq Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı sərəncamına əsasən sözügedən vətəndaş mənzil növbəsindən çıxarılmış və mənzil uçot işi xx.xx.2021-ci il tarixli 07/01-01/4-18 saylı məktubla Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu tərəfindən təkrarən uçota alınma tarixi (xx.xx.2001ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, vətəndaş İddiaçı 2-ci dərəcəli Qarabağ müharibəsi əlili olduğu üçün 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamla imtiyazlı şəxs hesab edildiyindən Ağdaş rayon Pirəyir kəndindən 3 otaqlı fərdi mənzil inşa edilmiş, lakin vətəndaş qeydiyyatını dəyişərək Bakı şəhərinə köçmüş və ona verilmiş mənzildən imtina edərək hal-hazırda qeydiyyatda olduğu yer üzrə təkrarən mənzil tələbi irəli sürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-11447/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 127 saylı Sərəncamına əsəsən 1 nəfər ailə tərkibi ilə (özü) mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən imtiyazlı şəxs İddiaçı üçün Ağdaş rayon Pirəyir kəndində 2018-ci ildə 3 otaqdan ibarət olan fərdi ev inşa olunmuşdur. Lakin buna baxmayaraq Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 112 saylı Sərəncamına əsasən sözügedən vətəndaş mənzil növbəsindən çıxarılmış və mənzil uçot işi xx.xx.2021-ci il tarixli 07/01-01/4-18 saylı məktubla Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş və sonuncu tərəfindən təkrarən uçota alınma tarixi (xx.xx.2001ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmiş və ona verilmiş mənzildən imtina edərək hal-hazırda qeydiyyatda olduğu yer üzrə təkrarən mənzil tələbi irəli sürmüşdür. Həmçinin onu da bildirirlər ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” nın 8-ci bəndinə görə mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi 5 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Yuxarıdakı qeydlərə əsasən, İddiaçı adıçəkilən Qaydalara görə Bakı şəhərində beş il ərzində pasport qeydiyyatına düşməməsi və vətəndaş üçün Ağdaş rayonu Pirəyir kəndində 3 otaqlı fərdi mənzil təminatının həyata keçirilməsi səbəbindən iddia tələbi qanunvericilik baxımından əsaslı olmamışdır. Əlavə olaraq bildirirlər ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Sərəncamları - qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya Sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010- cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının tələbi növbəlik qaydasında Bakı şəhərində mənzillə təmin edilmə ilə bağlıdır ki, bu zaman hüquqmüəyyənedici sənəd qismində Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına istinad edir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Ağdaş rayon İcra Hakimiyyətində 19 may 2008-ci il tarixdə 127 nömrəli Sərəncamla İİ qrup Qarabağ Müharibəsi əlili kimi mənzil növbəsinə qeydiyyata alınmış, yaşayış yeri dəyişdiyi üçün mənzil növbəsindən çıxarılmağı barədə təkrar müraciətə əsasən Ağdaş rayonunda mənzillə təmin edilmədiyi üçün İcra Hakimiyyəti başçısının 16 iyul 2021-ci il tarixli, 112 nömrəli sərəncamı ilə mənzil növbəsindən qeydiyyatdan çıxarılmış və bu barədə aidiyyəti sənədlərin qeydiyyatda olduğu ərazi üzrə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı mənzil uçot işinin yaşayış yeri üzrə köçürülməsi haqqında Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Beləliklə iddiaçının ikinci qrup Qarabağ müharibəsi əlili olması və dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin edilmə hüququ işin mübahisəsiz hallarıdır. Tərəflər arasındakı mübahisə iddiaçının mənzil uçotunun Ağdaş rayonundan Bakı şəhərinin Suraxanı rayonu ərazisinə köçürülməsi ilə əlaqədar yaşayış sahəsi ilə harada təmin edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə rayon (şəhər) icra hakimiyyətinin mənzil növbəlilik sənədlərinin qeydiyyata alınması üçün qeydiyyatının köçürülməsi barədə səlahiyyəti nəzərdə tutulmamışdır. Odur ki, müvafiq müraciət olduğu təqdirdə, inzibati orqan (əsaslı olaraq) şəxsin hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi hüququnun olduğunu müəyyən etməlidir. Bununla belə, Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 112 saylı sərəncamına əsasən mənzil növbəlilik sənədlərinin qeydiyyata alınması üçün qeydiyyatının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə köçürülməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, icra hakimiyyətinin vahidliyi prinsipindən çıxış edərək Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) uçota alınma tarixi (xx.xx.2001-ci il) saxlanılmaqla güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməsi barədə sərəncam faktiki olaraq inzibati aktın qüvvədə saxlanılması (etibarlılığının təsdiqi) kimi qiymətləndirilməlidir. İnzibati orqanın qeyd edilən səlahiyyəti qanunla müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində Bakı Şəhər Xalq Deputatları Sovetinin 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” nın 8-ci bəndinə (mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar) istinad edərək bir növ Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamının etibarlılığına qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Odur ki, iddiaçının mənafeyini təmin edən inzibati akt qeyd edilən əsaslara görə etibarlıdır, bugünkü gündə qüvvədədir, mübahisələndirilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Ağdaş rayonu, Pirəyir kəndində evin Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçının mənzil növbəsi köçürülməmişdən əvvəl yaşayış üçün hazır olması və iddiaçıya təklif edilməsi iş materialları ilə müəyyən edilmir. Bunun əksinə iş materiallarından görünür ki, yalnız iddiaçının mənzil növbəsinin köçürülməsi faktiki olaraq həyata keçirildikdən (Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 146 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ilə) sonra cavabdeh orqan tərəfindən iddiaçıya Ağdaş rayonu, Pirəyir kəndində üç otaqlı fərdi yaşayış evi tikilmiş, xarici kommunikasiya xətləri çəkilmiş və yaxın zamanda iddiaçının istifadəsinə veriləcəyi (xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktublar) bildirilmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112)-11447/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Mehriban Qarayeva