Məhkəmə qərarları › İş №2-1(103)-1496/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1496/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1496/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1480/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AZƏRAQRARTİKİNTİ" ASC-nin ‘'Bakı Metal Konstruksiyaları” Filialının şəxsi hesab vərəqəsindən MDSS üzrə 57408,22 (əlli yeddi min dörd yüz səkkiz manat 22 qəpik) manat qalıq və 30391,11 (otuz min üç yüz doxsan bir manat 11 qəpik) manat penya məbləğinin silinməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdehlər sırasına daxil olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 Departamenti (bundan sonra “Departament”) İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ASC-nin “Bakı Metal Konstruksiyaları” Filialının (VÖEN: **********) xx.xx.2005-ci il tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə 58,462.92 manat məbləğində borcun əmlakı hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 09 mart 2006-cı il tarixli 289/6-61 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ASC-dən iddiaçının xeyrinə 1,844.12 manat əsas, 313.1 manat faiz borcu, ümumilikdə 2,157.22 manat borc məbləğinin əmlakı hesabına tutulması qət edilmiş, qalan hissədə (56305,7 manat hissəsində) isə iddia rədd edilmişdir. Məhkəmə həmin qərarı qəbul edərkən xx.xx.2003-cü il tarixə yaranmış borc üzrə iddia müddətinin ötürülməsinə, qalan dövr üzrə ASC-nin ödənilməmiş cəmi 2,157.22 manat məbləğdə borcunun olmasına istinad etmişdir. Həmin qətnamədən Departament tərəfindən apellyasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Departament Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr 2006-cı il tarixli 7k- 257/2006 nömrəli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin 15 may 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sonradan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət edilərək, cavabdehin dövlət büdcəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 39.000 manat məbləğdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-1298/2021 saylı Qərardadı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(103)- 942/2021 saylı Qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməmişdir. Həmin məhkəmə aktları ilə də məhkəmələr tərəfindən müəyyən edilmişdir ki: “iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hazırda tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə 36,282.57 manat borc məbləği əvvəllər məhkəmə qaydasında mübahisələndirilmiş və silinməsi qərara alınmış (58,462.92-2,157.22 =56.305.7 manat) borc məbləğinin tərkib hissəsidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun silinməsi qərara alınsa da, sistemdən silinməsi həyata keçirilməmişdir”. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-942/2021 saylı Qərardadından iddiaçı vergi orqanı tərəfindən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-523/2021 saylı Qərardadı ilə kasasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 2(103)-942/2021 saylı Qərardadı da qanuni qüvvəyə minmişdir. “AZƏRAQRARTİKİNTİ" ASC tərəfindən cavabdehə müraciət edilərək, həmin ASC-nin “Bakı Metal Konstruksiyaları” Filialının şəxsi hesab vərəqəsindən MDSS üzrə 57408,22 manat qalıq və 30391,11 manat penya məbləğinin silinməsinin təmin edilməsi xahiş edilmişdi. Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına izah verilməsi xahiş edilmişdi. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1298/2021 saylı Qərardadı ilə vergi orqanının ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qərardaddan vergi orqanı tərəfindən şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Cavabdehin elektron kabinet vasitəsi ilə iddiaçıya təqdim edilmiş cavab məktubu ilə xahişi təmin edilməmişdir. Cavabdeh həmin imtinanı belə əsaslandırmağa cəhd etmişdir ki, (1) həmin borcun tutulmasına dair iddianı rədd etmiş məhkəmə qərarlarında borcun sinilməsi qərara alınmamışdır; (2) “... Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Qeyd olunanlarla əlaqədar silinməli borcların xx.xx.2019-cu il tarixədək olduğunu nəzərə alaraq aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.” Hesab edir ki, iddiaçı ASC-nin “Bakı Metal Konstruksiyaları” Filialının şəxsi hesab vərəqəsindən MDSS üzrə 57408,22 manat qalıq və 30391,11 manat penya məbləğinin silinməsinin təmin edilməsindən Cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. İş materiallarından da görünür ki, şəxsi hesabdan silinməsi xahiş edilən məbləğin tələb edilə bilməməsi qanuni qüvvədə olan məhkəmə qərarları ilə birmənalı təsbit edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, **********8 saylı “Vergi borcunun ödənilməsinə dair Bildiriş”-də qeyd edilən məbləğ (silinməsi qərara alınmış məbləğ) öz əksini tapmamışdır. Başqa sözlə desək, həmin borcun mövcud olmadığı vergi orqanının özü tərəfindən də etiraf edilmişdir. Cavabdeh vergi orqanının özünün də bildirdiyi kimi “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur.” Hazırda iddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsindən hər hansı məlumatın silinməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində deyil və iddiaçının həmin orqana müraciət etməsinin tövsiyə olunması əsassız olmaqla yanaşı, “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinin tələblərinin də pozulmasıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-2-1(112)-1480/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət verilən qərardaddan da göründüyü kimi, məhkəmə, hüquqi şəxs olan iddiaçı “Azəraqrartikinti" ASC-nin filialına “başqa bir hüquqi şəxs” statusu verməklə belə nəticəyə gəlmişdir ki, öz filialının (“Bakı Metal Konstruksiyaları” Filialının) vergi borclarının silinməsi barədə iddia qaldırmış hüquqi şəxsin həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Halbuki, Vergi Məcəlləsinin normalarından da görünür ki, “şəxs” anlayışı - istənilən fiziki və ya hüquqi şəxs, qeyrirezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsidir. Başqa sözlə, qanunverici yerli hüquqi şəxsin filial və ya nümayəndəliyini “hüquqi şəxs” kimi müəyyən etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.1-ci maddəsinin mənasından da aydın görünür ki, həmin Məcəllədə istifadə edilən “şəxs”, “hüquqi şəxs” anlayışları Mülki Məcəllədə müəyyən edilmiş “şəxs” və “hüquqi şəxs” anlayışlarını ehtiva etməlidir. Mülki Məcəllənin “Şəxslər” adlanan İkinci bölməsinin “Hüquqi şəxslər” adlanan 4-cü fəslində də hüquqi şəxsin anlayışı, hüquq qabiliyyəti, yaradılması, nizamnaməsi, dövlət qeydiyyatı, nizamnamə kapitalına dair müddəalar və s. müəyyən edilmiş, həmin Məcəllənin 53.3-cü maddəsində isə konkret və birmənalı olaraq təsdiq edilmişdir ki, “53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər”. İddiaçının filialı olan “Bakı Metal Konstruksiyaları” Filialı da İddiaçı hüquqi şəxsin - “Azəraqrartikinti" ASC-nin qərarı ilə Mülki Məcəllədə nəzərdə tutulan filial statusuna malik olan bölmə kimi yaradılmış və həmin ASC tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticədən fərqli olaraq “BakıMetal Konstruksiyaları” Filialına vergi orqanı tərəfindən VÖEN verilməsi də filiala “hüquqi şəxs” statusunun verilməsi anlamına gələn fakt kimi çıxış edə bilməz. Belə ki, “BakıMetal Konstruksiyaları” Filialına münasibətdə Mülki Məcəllənin İkinci bölməsinin “Hüquqi şəxslər” adlanan 4-cü fəslində təsbit edilmiş müddəaların heç biri keçərli deyil. Bundan əlavə, iş materiallarından da göründüyü kimi, “Bakı Metal Konstruksiyaları” Filialının vergi borclarının tutulmasına dair “Departament” tərəfindən iddia da filiala qarşı deyil, hüquqi şəxs olan “Azəraqrartikinti" ASC-yə qarşı qaldırılmışdı. Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə qarşı məhkəməyə müraciət edərək, filialın dövlət büdcəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36,282.57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 39.000 manat məbləğdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdi. Göründüyü kimi, vergi orqanının özü də həmin məbləğlərin ödənilməsi ilə bağlı iddianı filiala qarşı deyil, "xxxx" ASC-yə qarşı qaldırmışdı. Yuxarıda sadalanan mübahisələr üzrə məhkəmələr həmin işlərə mahiyyəti üzrə baxmış və hazırda qüvvədə olan müvafiq qərarlar qəbul etmişlər. Bundan əlavə, Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən: 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. .... 103.3. bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrinin müddəaları bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilənlərə (yəni, bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələrinə) şamil edilmir. Bununla bağlı hətta Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinə və 154-cü maddələrinə istinad edilərək, hüquqi şəxsin filiallarının “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” ilə müraciət etmələri tələb olunmuşdur. Yəni, başqa sözlə desək, vergi orqanının özü də yerli hüquqi şəxslərin filialları vergi ödəyicisi hesab edilmədiyi üçün onların vergi filialları vergi ödəyicisi hesab edilmədiyi üçün onların vergi ödəyicisi kimi qeydiyyatlarının ləğv edilməsini tələb etmişdir. Məhz bu səbəbdən də "xxxx" ASC-nin Müşahidə Şurası tərəfindən "xxxx" ASC-nin strukturuna daxil olan filialların ləğv edilməsi haqqında“ 24 fevral 2022-ci il tarixli, 01 saylı Qərar qəbul edilmişdir. Yuxarıda şərh edilənlər iddianın mümkün sayılmaması üçün məhkəmə qərardadının dəlillərinin tamamilə əsassız olduğunu və həmin qərardadın apellyasiya qaydasında ləğv edilməli olduğunu təsdiq edir. Məhkəmə, iddianın mümkün sayılmaması barədə qərardadı “İddiaçının və onun filialının başqa-başqa hüquqi şəxslər olması” ilə əsaslandırmışdır. Halbuki, iddiaçı hüquqi şəxsin özünün yaratdığı filialının vergi borclarının silinməsindən cavabdeh vergi orqanının imtina etməsi məhz İddiaçı hüquqi şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olduğu aşkardır. Belə ki, qanunvericilik filialın statusunu dəqiq müəyyən etmiş və onu hüquqi şəxsin “funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi” kimi təsbit etmişdir. Vergi orqanı tərəfindən filiala VÖEN verilməsi isə həmin filialı yaratmış və özünün funksiyalarının bir hissəsini həyata keçirmək üçün onun istifadəsinə müəyyən əmlak vermiş hüquqi şəxsin həmin əmlaka olan hüquqlarına və qanunla qorunan maraqlarına xitam verə bilən hüquqi əsas sayla bilməz. Əks yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə “toxunulmaz və dövlət tərəfindən müdafiə olunan”; “qanunla qorunması” təsbit edilmiş mülkiyyət hüququnun pozulmasına səbəb olar. Belə ki, filialın bütün əmlakı (həmçinin pul vəsaitləri) iddiaçı “AZƏRAQRARTİKİNTİ" ASC-nin mülkiyyətidir. Şərh edilənlər hazırda şikayət verilən məhkəmə qərardadında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin açıq-aşkar düzgün tətbiq edilmədyini sübut etməklə, həmin qərardadın ləğv edilməsi üçün kifayət qədər əsaslar olduğuna dəlalət edir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, xüsusilə də, “Azəraqrartikinti" ASC-nin özünün filialının əmlakına münasibətdə mülkiyyətçi olması və bu səbəbdən də onun vergi borclarının silinməsindən imtina edilməsi ilə bağlı inzibati mübahisə açmasına subyektiv hüququnun olmasını aydınlaşdırmamışdır. Məhkəmə qərardadında göstərilən nəticələr işin hallarına uyğun deyildir, belə ki, İddiaçının filialı hüquqi şəxs deyildir, nizamnamə əsasında deyil, əsasnamə əsasında fəaliyyət göstərir, özünün əmlakı və əmlak hüquqları yoxdur, bütün əmlakı və əmlak hüquqları onu yaratmış İddiaçı hüquqi şəxsə məxsusdur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qanuni qüvvədə olan məhkəmə qərarlarından da görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 Departamenti tərəfindən həmin borcun alınmasına dair iddia filiala qarşı deyil, hüquqi şəxs olan “Azəraqrartikinti" ASC-yə qarşı qaldırılmışdı və həmin borcun tutulması üçün əmlakların siyahıya alınması barədə iddia da hazırkı iş üzrə cavabdeh qismində çıxış edən vergi orqanı tərəfindən hüquqi şəxs olan “Azəraqrartikinti" ASC-yə qarşı qaldırılmışdı. Hər iki iddiaya məhkəmədə baxılmış və qanuni qüvvədə olan məhkəmə aktları ilə həmin iddialar rədd edilmişdir. Göründüyü kimi, məhkəmənin özünün təşəbbüsü ilə filiala “hüquqi şəxs” statusu verilməklə, iddianın mümkün sayılmamasının heç bir hüquqi əsası olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, «… iddiaçı hazırkı iddia ərizəsi ilə başqa bir hüquqi şəxsin - onun “Bakı Metal Konstruksiyaları” Filialının (VÖEN: **********) şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqları üzrə 57408,22 (əlli yeddi min dörd yüz səkkiz manat 22 qəpik) manat qalıq və 30391,11 (otuz min üç yüz doxsan bir manat 11 qəpik) manat penya məbləğinin silinməsini xahiş etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, qanunvericilik Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəmək vəzifəsini həmin obyektlərin məxsus olduğu şəxsin - vergi ödəyicisinin üzərinə qoyur. Hazırkı iddia tələbindən göründüyü kimi, iddiaçı tərəfindən ayrıca aktiv eyniləşdirmə nömrəsinə malik olan filialının şəxsi hesab vərəqəsindən vergi borcunun silinməsi tələb edilir. Odur ki, iddiaçının “Bakı Metal Konstruksiyaları” Filialının şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqları üzrə 57408,22 (əlli yeddi min dörd yüz səkkiz manat 22 qəpik) manat qalıq və 30391,11 (otuz min üç yüz doxsan bir manat 11 qəpik) manat penya məbləğinin silinməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia mümkün sayılmamalıdır». İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli 289/6-61 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X3 Departamentinin cavabdeh İddiaçı ASC-yə qarşı xx.xx.2005-ci il tarixə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borc hesabına 58.462,92 manat məbləğin cavabdehin əmlakı hesabına tutulması tələbinə dair iddiası qismən - 2.157,22 manat hissəsində təmin edilmiş, iddia tələbinin qalan hissəsi isə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya İqtisad Məhkəməsinin xx.xx.2006cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1298/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh İddiaçı ASC-yə qarşı cavabdehin dövlət büdcəsinə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 36.282,57 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 39.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hazırda tələb edilən məcburi dövlət sosial sığorta haqqı üzrə 36.282,57 manat borc məbləği əvvəllər məhkəmə qaydasında mübahisələndirilmiş və silinməsi qərara alınmış (58.462,92-2.157,22=56.305,7 manat) borc məbləğinin tərkib hissəsidir, belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun silinməsi qərara alınsa da, sistemdən silinməsi həyata keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1298/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh İddiaçı ASC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1298/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının izah edilməsi barədə Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı “AZƏRAQRARTİKİNTİ" ASC-nin hazırki iddia tələbi ilə şəxsi hesab vərəqəsindən silinməsini xahiş etdiyi borc məbləği əvvəllər məhkəmə qaydasında mübahisələndirilmiş və silinməsi qərara alınmış borc məbləğinin tərkib hissəsidir. Həmin məhkəmə mübahisələri üzrə isə borcun ödənilməsi “AZƏRAQRARTİKİNTİ" ASC-dən tələb edilmiş, məhkəmələr tərəfindən qeyd olunan borc məbləği üzrə cavabdeh qisəmində (cavab verməli olan şəxs) “AZƏRAQRARTİKİNTİ" ASC tanınmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun bir hissəsinin də məhz “AZƏRAQRARTİKİNTİ" ASCdən tutulması qət edilmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin borc məbləği ilə bağlı İddiaçı ASC-nin əmlakını siyahıya almış və qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh İddiaçı ASC-nin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, məhkəmə tərəfindən isə həmin borc məbləğinin əvvəllər məhkəmə qaydasında mübahisələndirilməsi və silinməsi qərara alınmış borc məbləğinin tərkib hissəsi olması, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun silinməsi qərara alınsa da, sistemdən silinməsinin həyata keçirilmədiyi əsası ilə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mövcud iddia tələbinin qaldırılması üçün subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Lakin mübahisələndirilən borc məbləğinin iddiaçıdan tələb edilməsi, əvvəlki məhkəmə mübahisələrində cavab verməli olan şəxs kimi məhz iddiaçının çıxış etməsi, həmin məbləğin bir hissəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıdan tutulması araşdırılmış sübutlarla öz təsdiqi tapır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, onlara qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərardadda qeyd olunan əsasla iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı İnzibati Məhkəməsində işə təkrar baxılarkən iş üzrə cavabdeh dəqiq müəyyən edilməli və bununla əlaqədar müvafiq prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1480/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar