Məhkəmə qərarları › İş №2-1(103)-1497/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1497/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1497/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı cavabdehin ünvanı üzrə qeydiyyata alınma vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-2489/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Lənkəran rayonunda qeydiyyatdadır, lakin 2015-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Yeni yaşayış massivi adlanan ərazidə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Buna səbəb isə yaşadığı fərdi evin mülkiyyət hüququnu təsdiq edən sənədlərdən hər hansı birinin olmamasıdır. Yaşayış yeri üzrə qeydiyyata alına bilmədiyindən bir çox hüquqları pozulur. Belə ki, ölkədə keçirilən seçkilərdə iştirak edə bilmir, işsizlik müavinəti almaq üçün müvafiq orqana müraciət edə bilmir, tibbi müayinədən keçə bilmir, yaşadığı şəhərdə sürücülük vəsiqəsi almaq üçün imtahan verə bilmir və digər sənəd məsələlərində əziyyət çəkir və nəticədə ölkə vətəndaşı olaraq hüquqları pozulur. Buna görə də məsələnin öz hüquqi həllini tapmasında köməklik göstərilməsi üçün həm bilavasitə Daxili İşlər Nazirliyinə, həm də cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən verilən cavab məktubunda ailə üzvləri ilə birlikdə yaşadığı faktiki evə qeydiyyata alınması üçün təkcə zəruri sənədlərin siyahısı göstərilmiş və nəticədə məsələ öz hüquqi həllini tapmamışdır. Buna görə məsələnin öz hüquqi həllini tapması, pozulmuş hüquqlarına son qoyulması üçün qeydiyyatda olduğu, amma faktiki yaşamadığı yerdən qeydiyyatdan çıxarılması və cavabdehin inzibati binasına qeydiyyata yazılması zəruridir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi üzrə cavabdehin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etsə də, hazırda ünvan 2 ünvandakı evdə qeydiyyatdadır və həmin ünvandan qeydiyyatdan çıxarılmamışdır. Lakin məhkəmə nəzərə almır ki, şəxsin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılması üçün mütləq qaydada onun başqa bir ünvana qeydiyyata yazılması vacibdir və yalnız bundan sonra ona bu barədə arayış verilməsi mümkündür. Beləliklə məhkəmə tərəfindən də maddi hüquq pozuntusunun qarşısının alınması mümkün olmamışdır. Həmçinin, bu qətnamə ilə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu və 25-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehin əməkdaşlarının onunla olan dialoqları zamanı onlarda bu növ iddia ərizələrinin təmin olunduğu barədə kifayət qədər qətnamənin olduğunu və onlara surətinin göndərildiyini bildirmişlər. Bakı Apellyasiya Məhkəməsi İİK-nın e-2-1(103)-2320/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-540/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİKnın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Apelyasiya məhkəməsi iddiaçının qeydiyyatda olduğu mənzilə mülkiyyət, habelə hər hansı əmlak hüququ olub-olmamasını, Lənkəran şəhərində yaşayış yeri olub-olmamasını, həqiqətən yaşayış yeri olan (olmayan) şəxs statusuna malik olmasını müəyyən etməmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı əvvəlcə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MH ******* nömrəli çıxarışa əsasən, Liman şəhəri Həzi Aslanov küçəsi 45 ünvandakı fərdi yaşayış evi X2 (1/4) və X1 (3/4) paylı mülkiyyətindədir, iddiaçı bildirir ki, X3 onun atasıdır və Liman şəhəri Həzi Aslanov küçəsi 45 ünvanı hazırda ünvan 2 ev 48-dir. Beləliklə, müəyyən edilir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 2 ev 48 onun atasının digər şəxslə birgə paylı mülkiyyətindədir, iddiaçının həmin ünvana hər hansı digər əmlak hüququnun mövcudluğu iş materialları ilə təsdiqini tapmır. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərinə müvafiq olaraq, iddiaçının yaşayış yeri Lənkəran şəhərindədir, yəni, hüquqi baxımdan o, yaşayış yeri olan şəxsdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçı qanuni anlamda yaşayış yerini, yəni ünvan 2 ev 48 ünvanı tərk edib, Bakı şəhərində özbaşına tikili olması onun özü tərəfindən də mübahisə edilməyən daşınmaz əmlakda yaşadığını irəli sürərək, Bakı şəhərində əvvəlcə faktiki yaşayış yeri üzrə, daha sonra yaşadığı inzibati ərazi vahidinin qeydiyyat orqanının inzibati binası üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Birinci halda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Lakin, iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri, yaşadığı əmlak özbaşına tikili olduğu üçün, təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir. İkinci halda isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız yaşayış yeri olmayan şəxslərə şamil edilə bilər. Adıçəkilən Sərəncamla, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Lakin, iddiaçı, qeyd olunduğu kimi, yaşayış yeri olan şəxsdir, o bu yaşayış yerini (qeydiyyatda olduğu ünvanı) könüllü olaraq tərk etmişdir, hazırda yaşadığı özbaşına tikiliyə qeydiyyata alına bilməməsi isə nə cavabdeh inzibati orqanın, nə də bütövlükdə dövlətin məsuliyyət dairəsinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının “Vətəndaşların vəzifələrinin əsası” adlı 72ci maddəsinə əsasən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər (İ). Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir (İİ). Qanunu bilməmək məsuliyyətdən azad etmir (İİİ). Qeyd olunan konstitusion prinsipə görə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Özbaşına tikinti və onun nəticələri”ni tənzimləyən 180-ci maddəsi (180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.) barədə məlumatlı idi yaxud olmalı idi. Odur ki, iddiaçının, könüllü olaraq, şəxsi subyektiv mülahizələrlə tərk etdiyi yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan) üzrə seçkilərdə iştirak etməsi, işsizlik müavinəti alması üçün müvafiq orqana müraciət etməsi, tibbi müayinədən keçməsi, sürücülük vəsiqəsi almaq məqsədilə imtahan verməsi üçün heç bir qanuni əngəl mövcud olmamışdır və yoxdur, bu səbəbdən onun vətəndaş kimi hər hansı hüquqları pozulmur. Bu kontekstdə iş üzrə əsas qiymət verilməli məqam iddiaçının Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı faktiki hallara hansı maddi hüquq normalarının tətbiqi ilə bağlı olmalıdır. Bu da o deməkdir ki, iddiaçının hazırda harada, hansı ünvanda, hansı əsaslarla yaşayış yeri üzrə qeydiyyatda olması xüsusi əhəmiyyət kəsb etmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsinin 1-ci bəndinə görə, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas təşkil edən hallardan biri kimi onun yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə polis orqanlarının məlumatına istinad edir. Başqa sözlə, şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilməz. Bu səbəbdən, iddiaçının hazırkı yaşayış yeri üzrə qeydiyyatının qanuniliyi araşdırma predmetinə daxil deyil. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıbyaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə təhqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Sadalanan bu hüquqların yalnız mövcud olub-olmaması, mövcuddursa inzibati orqanın həmin hüquqa müdaxiləsinin qanuni olub-olmaması məsələləri inzibati mühakimə icraatında araşdırıla bilər. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri, AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə müəyyən edilən halda isə Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının birinci halda həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi, ikinci halda isə yaşayış yeri olmayan şəxs statusuna malik olması zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Bütün bunları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində göstərilən sənədlərin təqdim olunmaması ilə əsaslandırılan xx.xx.2018-ci il traixli 059-35027Q-3218 nömrəli imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-2489/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar