Məhkəmə qərarları › İş №2-1(103)-1498/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1498/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1498/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinə görə, köçürülmə xərci 1.000 manat da daxil olmaqla 139.015 manat kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 8 otaqdan ibarət hissəsinə dair xx.xx.2011-ci il tarixdə mülkiyyət hüquqları qeydiyyatdan keçmiş, buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonu ərazisində söküntü işləri aparılmışdır. Ona məxsus fərdi yaşayış evində 1 dekabrda işıqlar sönmüş, x xxxxxx 2018ci il tarixdə onlar evdə işıq olmadığı üçün evi tərk etmişlər. x xxxxxx 2018-ci il tarixdə ev yerlə yeksan olmuşdur. Evi ölçməyə gələnlər yalnız 1 otağı ölçmüşlər. Çünki, orada onların yaşamalarına icazə verdikləri qadın yaşamışdır. O, həmin otağı ölçdürmüşdür. Orada ölçüsü 27.9 kv.m olan zirzəmi də olmuşdur. Onun qapısı bağlı olmuşdur. Ölçməyə gələnlər qapını açdırmağı xahiş etmişlər. Onlar x xxxxxx 2018-ci il tarixdə qapını açdırmışlar və Sabir müəllimə zəng etmişlər ki, gəlib ölçsün. O, da bildirmişdir ki, müdiriyyətə demişlər. x xxxxxx 2018-ci il tarixdə isə evi sökmüşlər. Odur ki, inventarlaşdırma başa çatmamış evi yoxa çıxmışdır. Həmin fərdi yaşayış evinin sökülməsi ilə bağlı digər mülkiyyətçilərə kompensasiya verilməsinə baxmayaraq ona məxsus hissəyə görə kompensasiya ödənilməmişdir. Bununla bağlı cavabdehə ərizə ilə və şifahi olaraq tərəfindən müraciət edilmiş, lakin, cavabdeh tərəfindən müraciəti bu günədək cavablandırılmamış, komissiyanın sədri isə şifahi olaraq ona bildirmişdir ki, 5 ildə analoqu olmayan hadisə baş vermiş, inventarlaşdırma başa çatmamış ev sökülmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçıya 138.015 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2333/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-314/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2333/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı iddia tələbində mübahisəli sahənin 8 otaqdan ibarət olmaqla onun mülkiyyətində olduğunu əsas gətirsə də, bu hal sadəcə sənəd üzərində qalmışdır. Ötən dövr ərzində Yasamal rayonunun “Sovetski” adlanan ərazisində aparılan köçürmə işləri çərçivəsində yaşayış sahələrinin qiymətləndirilməsi onun faktiki mövcudluğuna əsaslanmışdır. Aparılan yenidənqurma işləri layihəsinin təsiri altına düşən hər bir daşınmaz əmlak qiymətləndirmədən kənarda qalmamışdır. İddiaçıya münasibətdə isə aparılan araşdırma zamanı faktiki sahə kimi iki otaq müəyyənləşdirilmiş və bunun da əvəzi kimi iddiaçıya 37402 manat təklif edilmişdir. Lakin iddiaçı heç bir əsas olmadan bu təklifdən imtina etmişdir. Bunula yanaşı mübahisəli sahə paylı mülkiyyət şəklində mövcud olduğundan həmin sahə üzrə digər mülkiyyətçinin razılığı əsasında onların mülkiyyətində olan daşınmaz əmlak sahələri satın alınmışdır. Bundan başqa sözügedən əmlakın planını əks etdirən texniki pasportun da iddiaçının mülkiyyətində 8 otaq deyil 2 otaq olması müəyyən edilir. Həmçinin iş materiallarından məlum olduğu kimi iddiaçının mübahisələndirdiyi sahənin bir hissəsi X3 faktiki istifadəsində olmuş və həmin şəxs bu ünvanda pasport qeydiyyatında olmaqla yaşamışdır. X2 onun faktiki yaşayış yeri kimi qeydiyyatda olduğu daşınmaz əmlak Cavabdeh tərəfindən satın alınarkən bu zaman İddiaçı xx.xx.2018-ci il tarixdə notariat qaydasında buna razılığını vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarda qeyd etmişdir ki, fərdi yaşayış sahəsinin 8 otağının iddiaçının mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır, həmin çıxarış qüvvədədir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətindən məhrum olmuşdur. Cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi qeyd edilməsə də, yaşayış sahəsi kimi 8 otaq göstərilmişdir. Çıxarışda iddiaçıya aid köməkçi (yardımçı) sahələr qeyd edilməmişdir. Apelyasiya məhkəməsi 137.9 kv.m sahənin daxilində 8 otaq olan əsas sahə ilə yanaşı köməkçi sahə olması nəticəsinə də gəlmişdir. Apelyasiya məhkəməsi iddiaçının mülkiyyətində, yaxud istifadəsində köməkçi sahə olmasını hər hansı sübutla əsaslandırmamışdır. İşdə olan sənədlərdə mənzilin köməkçi və yardımçı sahələri olması və həmin sahələrə görə digər payçılara kompensasiya ödənilməsi mübahisə doğurmur. Lakin iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla iddiaçının cavabdehə ünvanlanmış müraciətinə cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 32 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyi məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etməsi tövsiyə olunur. İddiaçı bundan sonra məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinə görə, köçürülmə xərci 1.000 manat da daxil olmaqla 139.015 manat kompensasiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, işdə olan çıxarışlar, alqı-satqı müqavilələri və qiymətləndirmə hesabatlarından çıxarışlarla müəyyən edilir ki, fərdi yaşayış evinin ümumi sahəsi 300.1 kv.m olmuş, digər payçılara məxsus sahələri evin ümumi sahəsindən çıxıldıqda, iddiaçının mülkiyyətində əsas və köməkçi sahə ilə birlikdə 137.9 kv.m sahə qalır. Həmin sahədən isə 45.89 kv.m hissəsini iddiaçı, X3 istifadəsinə vermiş və buna dair cavabdehlə sonuncu arasında alqı-satqı müqaviləsi bağlanmış və 45.89 kv.m-in hər kv.m-ə görə 1500 manat hesablanmaqla, X4 68.835 manat məbləğində kompensasiya ödənilmişdir. Həmin hissəyə dair alqı-satqı müqaviləsi bağlanmasına və X1 məbləğinin ödənilməsinə iddiaçı etiraz etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat müəyyən edildiyindən, iddiaçıya faktiki olaraq cavabdeh tərəfindən qanuni ödənilməli olan kompensasiya məbləğindən az kompensasiya məbləği təklif olunmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılması ilə əlaqədar olaraq, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq (əsas və köməkçi sahələrlə birlikdə 137.9 kv.m) hissəyə görə cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alqı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən iddia təmin edilməli, paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus 8 otaq, 137.9 kv.m hissəyə görə ödənilməli olan 206.850 (137.9×1500= 206.850 (iki yüz altı min səkkiz yüz əlli)) manat kompensasiya məbləğindən X4 ödənilmiş 68.835 manat (6.9835-1.000 (köçürülmə xərci)=68.835) kompensasiya məbləği çıxılmaqla ümumilikdə 138.015 manat (206.850-68.835=138.015) məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 300.1 kv.m-dən ibarət olub, 211.5 kv.m yaşayış sahəsi, 88.6 kv.m yardımçı sahədən ibarətdir. Həmin fərdi yaşayış evinin 8 otaq hissəsinə X10, 1 otaq (y/s-19.3 kv.m, k/s – 5.9 kv.m) hissəsinə X16, 1 otaq (y/s7.0 kv.m) hissəsinə X5, 1 otaq (y/s – 26.5 kv.m) X7, 1 otaq (y/s-13.8 kv.m) X17, 1 otaq (y/s-7.2 kv.m) X22, 1 otaq (y/s-40.6 kv.m, k/s – 22.6 kv.m) X18, İ mərtəbədə 1 otaq (y/s-10.4 kv.m, k/s – 8.9 kv.m hissəsi X23 hüquq sahibləridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 300.1 kv.mdən ibarət olub, 217.5 kv.m yaşayış sahəsi, 82.6 kv.m yardımçı sahədən ibarətdir. Fərdi yaşayış evinin 8 otaq hissəsinə X10 (iddiaçı), 1 otaq (y/s-19.3 kv.m, k/s – 5.9 kv.m) hissəsinə X16, 1 otaq (y/s7.0 kv.m)-dən bir hissəsinə X8, otaq (y/s-7.0 kv.m)-dən bir hissəsinə X19, 1 otaq (y/s – 26.5 kv.m) X12, 1 otaq (y/s-13.8 kv.m) X17, 1 otaq (y/s-7.2 kv.m) X22, 1 otaq (y/s40.6 kv.m, k/s – 22.6 kv.m) X13, İ mərtəbədə 1 otaq (y/s-10.4 kv.m, k/s – 8.9 kv.m hissəsi X23 hüquq sahibləridir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1.200 manat arasında qiymətləndirilir, satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. İddiaçı istisna olmaqla digər mülkiyyətçilərlə cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmış və digər mülkiyyətçilər alqı-satqı müqavilələri əsasında paylarını cavabdehə satmışlar. İşdə olan alqı-satqı müqavilələrində satılan payların sahələri (həm yaşayış, həm də qeyri yaşayış sahələri) ayrıca qeyd edilmişdir. İddiaçıya 2 otaq mənzilə görə 37.402 manat təklif edilmiş, iddiaçı bu təklifdən imtina etmişdir. Fərdi yaşayış sahəsinin 8 otağının iddiaçının mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır, həmin çıxarış qüvvədədir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətindən məhrum olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.... Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ödənilməli kompensasiya ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə, evin paylı mülkiyyətçilərinə alqı-satqı qaydasında pul ödənilməklə ev satın alınmış, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı, ******* nömrəli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hüquq sahibləri olan digər şəxslərlə Cavabdeh arasında alqı-satqı müqavilələri bağlanmışdır. X3 istifadəsində olan ünvan 3 ünvanında yerləşən 32 saylı evin satılmasına iddiaçı etiraz etməmiş, bu barədə G.M.Məmmədovaya notariat qaydada təsdiq edilmiş etibarnamə vermiş, G.M.Məmmədova ilə cavabdeh arasında notariat qaydada təsdiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində, faktiki isə G.M.Məmmədovanın istifadəsində olan 27.6 kv.m əsas sahə, 18.29 kv.m köməkçi sahə, köçürülmə xərci ilə birlikdə 69.835 manat qiymətləndirilmiş və 69.835 manat G.M.Məmmədovaya ödənilmişdir. G.M.Məmmədovaya ödənilən məbləğ çıxılmaqla 8 otağa görə iddiaçı ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilin çıxarışda qeyd edildiyi kimi deyil, 2 otaq olmasını bildirmiş və bu səbəbdən ona 37.402 manat kompensasiya təklif etmişdir. İddiaçının mülkiyyətində olan otaqların sayı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrı-ayrı tarixli çıxarışlarda 8 otaq olması qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki birinci instansiya məhkəməsi haqlı olaraq daşınmaz əmlakın dövlət reyestrində və alqı-satqı müqavilələrində digər mülkiyyətçilərin payları çıxıldıqdan sonra iddiaçının mülkiyyətində olan yaşayış sahəsi ilə bağlı G.M.Məmmədovaya 69.835 manat ödəməni nəzərə almaqla 8 otaq, 137,9 kv.m hissəyə görə iddiaçıya 138.015 manat ödənilməli olması nəticəsinə gəlmişdir. Ali Məhkəmənin qərarında qeyd olunanlarla bağlı məhkəmə kollegiyası bildirir ki, mübahisəli yaşayış sahəsi cavabdeh tərəfindən söküldüyü üçün iddiaçıya münasibətdə onun istifadəsində köməkçi (yardımçı) sahə olmasının müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi mümkün olmamamışdır. Eyni zamanda, kollegiya qeyd edir ki, nə qədər ki, Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat qiymətləndirilir, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ayrı-ayrı tarixli çıxarışlarda qeyd olunmuş sahədən digər şəxslərə məxsus paylar çıxıldıqdan sonra iddiaçıya məxsus sahəyə görə (8 otaq, 137,9 kv.m x 1500) 138.015 manat kompensasiya məbləğinin ödənilməsini məqsədəmüvafiqdir. Cavabdeh iddiaçının mülkiyyətində yalnız 2 otaq olması ilə bağlı məhkəmələrə hər hansı sübut-dəlil təqdim etməməklə yanaşı, “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsində qeyd edilən mötəbərlik prezumpsiyasını da nəzərə almadan dövlət orqanı tərəfindən verilmiş reyestrdən çıxarışı şübhə altına almağa çalışmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1437/2019 saylı, xx xxxx 2019-cu il tarixli saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar