Məhkəmə qərarları › İş №2-1(103)-1498/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1498/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1498/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “icra məmurunun icra sənədinin icrası ilə əlaqədar mənzildən çıxarılmalarına dair hərəkətləri etməkdən çəkinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X24 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh icra məmuru X25, 3-cü şəxsin vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “icra məmurunun icra sənədinin icrası ilə əlaqədar mənzildən çıxarılmalarına dair hərəkətləri etməkdən çəkinməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarından 3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “icra məmurunun icra sənədinin icrası ilə əlaqədar onların mənzildən çıxarılmalarına dair hərəkətləri etməkdən çəkinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X19 cavabdehlər X11 və X12 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 5-dən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları barədə iddia ilə Yasamal rayon məhkəməsinə muraciət etmiş, məhkəmənin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1051/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması“ hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbinin təmin edilməməsi, ancaq qətnamənin “cavabdehlərin mənzildən çıxarılmaları hissəsində” dəyişdirmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsinə səbəb o olmuşdur ki, iddiaçı cavabdehlərin ailə üzvlərini iddia tələbi üzrə cavabdeh qismində cəlb etməmiş, ailə üzvlərinin kimlərdən ibarət olması müəyyən olunmamış və onlar məhkəmədə iştirak etməmiş və verilmiş iddiadan müdafiə olunmamışlar. İddianın bu hissəsi qeyri-müəyyən olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3351/2019 saylı 13 may 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 saylı 06.11.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyalarının qərarları ilə qətnamə “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması” hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmişdir. Ümumiyyətlə, onlar cavabdehlərin “ailə üzvü” olmamışlar və heç vaxt nə X26 və nə də X30 onlarla bu mənzildə birgə yaşamamışlar. Mübahisəli mənzili onların mənzili olmuş, lakin mənzil alınarkən İddiaçı1 əri ilə aralarında əmlak mübahisəsi olduğundan mənzil İddiaçı1 bacısı Səlminin adına sənədləşdirilmişdir. Onlar cavabdehlər X11 və X12 ailə üzvü olmamışlar və ailə üzvü deyillər. Eləcə də onlar bu iddia tələbləri üzrə cavabdeh olmamış və onlara qarşı evdən çıxarılmaqlarına dair iddia belə verilməmişdir. Göründüyü kimi, onlar iddia tələbində və məhkəmə qətnaməsində və qərarında cavabdeh olmamışlarsa, icra sənədi üzrə də borclu ola bilməzlər. Buna baxmayaraq Baki şəhəri Cavabdeh icra məmuru X35 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı 13 may 2019-cu il tarixli qərarı ilə və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi ilə onların mənzildən çıxarılmamaqları barədə qərarlara baxmayaraq 06 fevral 2020-ci il tarixdə mənzillərinə gələrək, məhkəmə qətnaməsində çıxarılmağı qət edilmiş şəxslərə deyil, tələbin könüllü icrası haqqında bildirişi onlara verərək onlardan mənzildən çıxarılmalarını tələb edirlər. Baki şəhəri Cavabdeh icra məmuru X27 10 iyul 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X19 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.Zərdabi prospekti, 72-3 saylı evin 34 say mənzildən çıxarılmalarına dair hərəkətlərdən çəkinmək vəzifəsinin cababdeh Bakı şəhəri, Yasamal rayon İcra və Probasiva şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edərkən həmin mənzilin X10 mülkiyyətində olmasını, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz və dövlət tərəfindən müdafiə olunmasını nəzərə almamış, bununla da Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmaqla qəbul etmişdir. Cavabdehlər X26 və X30 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 156.1 kv.m sahəsi olan mənzili alqı-satqıdan dərhal sonra onlara təhvil vermişdir. Cavabdehlər X26 və X30 mənzildə ailə üzvləri ilə birlikdə yaşadıqlarından alqı-satqı keçirildikdən sonra bir müddət həmin mənzildə yaşamalarını xahiş etmiş və onlara yeni mülkiyyətçi tərəfindən möhlət verilmişdir. Sonradan onlar bu fürsətdən istifadə edərək öz yaxın qohumları olan İddiaçı1 və onun ailə üzvlərini həmin mənzilə köçürmüşlər. Məqsəd daha uzun müddətə orada yaşamaqdır. Digər tərəfdən əgər, həqiqətən hazırkı iş üzrə İddiaçı1 və onun ailə üzvləri həmin mənzildə yaşamış olsaydılar yeni mülkiyyətçi X3 Səlmi Sabir qızının deyil, İddiaçı1 mənzildən çıxarılması tələbi ilə çıxış edərdi və mütləq qaydada iddia tələbi təmin edilməli idi. Bütün bu hallar göstərir ki, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarı fərziyyə əsasında qəbul edilmiş, iddia ərizəsi subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş, halbuki həmin tələb mümkünsüz sayılmalı idi. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı 3-cü şəxsin vəkili X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdi ki, 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanunidir. Ona görə ki, iddianın mümkünlüyü baxımından iddiaçıların hüquqlarının pozulması aşkar şəkildə baş verməsi birmənalı nəzərə çarpır. Eyni zamanda iddia qaldırmış şəxslərin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymışdır. Bakı Apelyasiya Məhkəməsinin 2( 103)-1051/2018 saylı 06.11.2018-ci il tarixl qətnaməsi ilə və bu qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Ali Məhkəmənin Mülki Kollegiyasının 2(103)-3351/2019 saylı 13 may 2019-cu il tarixli qərarı ilə bu iş üzrə iddiaçıların mənzildən çıxarılmalı olan Səfərova Səlminin və Əhmədov İlqarın ailə üzvü olması faktı müəyyən edilmişdir. Buna baxmayaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilir və yenidən sübut edilməyə çalışılır. Bu isə MPM-nin 82.3-cü maddəsinin tələblərinə ziddir. Bununla bağlı iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh icra məmuru X36 apellyasiya şikayətini müdafiə edərək izahatında tələbin könüllü icrası haqqında bildirişin X20 deyil, X14 göndərildiyini, lakin onların həmin mənzildə artıq yaşamadığını, həmin mənzildə faktiki olaraq İddiaçı1 qızı İddiaçı3 ilə birlikdə yaşadığını, eləcə də İlqar Əhmədovun xaricdə olduğunun müəyyən edildiyini, bu iş üzrə iddiaçıların adı icra vərəqəsində qeyd edilməsə də, icra vərəqəsinə əsasən mənzilin boşaldılıb mülkiyyətçiyə verilməli olduğuna görə iddiaçıların həmin mənzildən çıxarılmalı olduğunu, bununla bağlı iddiaçıların icra məmurundan vaxt istəmələrini, ona görə də onlara vaxt verildiyini, lakin yenə də mənzildən çıxmadıqlarını və bu halların aktlaşdırıldığını bildirmişdir. Qeyd etmişdir ki, hazırki vəziyyətdə iddiaçıların sözügedən mənzili boşaltmamaları mülkiyyətçinin mülkiyyət hüququnun pozulması ilə nəticənir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, iddiaçı X19 cavabdehlər X14 və X20 qarşı onların Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 5-dən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları barədə iddia ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər X11 və X1 mənzildən ailə üzvüləri və əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X26 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1051/2018 saylı 06.11.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1251/2015 saylı 24.02.2015-ci il tarixli qətnaməsi “mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması“ hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və qətnamənin X14 münasibətdə dəyişdirmədən saxlanılması qət edilmişdir. X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3351/2019 saylı 13 may 2019cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1051/2019 saylı 06.11.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan e101763/2019-53-24 saylı icra işinin materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1052/2018 saylı 10.07.2019-cu il tarixli icra vərəqəsi Bakı şəhəri Cavabdehnə göndərilmişdir. İcra vərəqəsinə əsasən borclular X11 və X12 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 156,1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməli, onlar Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, H.ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 98,8 kv.m olan mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Bakı şəhəri, Cavabdeh icra məmuru X36 tərəfindən qəbul edilmiş 10.07.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərara əsasən icra sənədi üzrə icraata başlanılmış, borclular X14 və X20 10 gün müddətinə icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. Qeyd olunan “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş İddiaçı3 tərəfindən və borclu Səlmi Səfərova tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 091-45149-1219 saylı 27.09.2019-cu il tarixli məktubundan görünür ki, X26 və X5 rayonu, 593-cü məhəllə, H.ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmışlar. Bakı şəhəri Cavabdeh icra məmurları Abıyev Emil, Babayev Bəxtiyar, “xxxx” Servis MMC-nin komendantı X7, hal şahidləri Sadıqzadə Sərxan, X15 tərəfindən tərtib edilərək imza edilmiş 26 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, aktı tərtib edən şəxslər Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı 10.07.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə bağlı mübahisəli mənzilə baxış keçirtmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanına gəlmişlər. Mübahisəli mənzilin dəfələrlə qapısının döyülməsinə baxmayaraq evdə olan İddiaçı3 anasının evdə olmadığını səbəb göstərərək mənzilin qapısını açmaqdan imtina etmişdir. İddiaçı3 anası ilə telefon əlaqəsi saxlamış və anasının 1 saatdan sonra gələ biləcəyini bildirmişdir. Həmçinin sözügedən mənzilin yerləşdiyi binanın komendantı Dünyamalıyev Saleh bildirmişdi ki, hal-hazırda qeyd olunan mənzildə İddiaçı1 üç övladı ilə birlikdə qeydiyyatsız yaşayır. Mənzildə yaşayan şəxslərin adları icra sənədində qeyd edilməmiş və həmin şəxs iş üzrə borclu Səfərova Səlminin bacısıdır. 21.01.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1051/2018 saylı 10.07.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhər Cavabdeh icra məmuru X35, komendantlar X7, X15, hal şahidləri X8 və X2 mənzilə daxil olmuşlar. İcra sənədində geyd olunan borclunun evdə yaşamadığı, onun bacısı İddiaçı1 Səbuhi qızının övladları ilə həmin evdə yaşadığı məlum olmuşdur. İcra sənədinin icrası tərəflərindən 29.01.2021-ci il tarixinə təyin olunmuş və bu barədə həmin mənzildə yaşayan İddiaçı1 Səbuhi qızına məlumat verilmişdir. Lakin o, aktı qəbul etməsi ilə bağlı imza atmaqdan imtina etmişdir. Eyni zamanda ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenidən xəbərdarlıq edilmişdir ki, sözügedən mənzil həmin tarixdə boşaldılsın. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1051/2018 saylı, 10.07.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhər Cavabdeh icra məmurları X16, X35, İddiaçı1 qızı, İddiaçı3 və hal şahidləri X9, X7 (komendant) tərəfindən tərtib edilərək imzalanmış 29.01.2021-ci il tarixli aktdan görünür ki, onlar icra sənədində qeyd olunan Bakı şəhəri, H.Zərdabi küçəsi, məhəllə 593, ev 72-3, mənzil 34-ə gəlmişlər. Qapını mənzildə yaşayan iş üzrə borclu Səfərova Səlminin bacısı İddiaçı1 açmışdır. S.Mətanət bildirmişdir ki, mənzildə qızı İddiaçı3 hal-hazırda yaşayır. İcra sənədinin tələbi və məcburi icra hərəkətləri barədə əvvəlcədən mənzildə yaşayanlara məlumat verilmişdir. Lakin mənzildə yaşayan İddiaçı1 bildirmişdir ki, bu gün mənzili boşaldıb təhvil verə bilməyəcək. Mənzildə olan əşyaları və yaşamağa yer tapmaq üçün iyirmi gün möhlət verilməsini xahiş etmişdir. Tərəflərindən iş üzrə tələbkar X19 ilə ***-***-**-** nömrəli telefon ilə əlaqə saxlamışlar və möhlət verilməsi barədə İddiaçı1 xahişini bildirmişlər. M.Mehman iyirmi gün möhlət verilməsinə razılıq vermişdir. Həmçinin İddiaçı1 izahatı alınmış və o, izahatında bildirmişdir ki, mənzili iyirmi günə könüllü boşaldıb təhvil verəcək. İddiaçı1 bir daha izah olunmuşdu ki, məhkəmə qərarının icrası məcburidir və iyirmi gündən sonra mənzili boşaltmasa, mənzil məcburi boşaldılacaq. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5710/2018 saylı 03.09.2018-ci il tarixli qərarından görünür ki, iddiaçı X11 cavabdeh X17 qarşı Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, H.ünvan 7 ünvanda yerləşən 51 saylı mənzillərə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi Səbail rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə apellyasiya və kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia verərək “icra məmurunun icra sənədinin icrası ilə əlaqədar onların mənzildən çıxarılmalarına dair hərəkətləri etməkdən çəkinməsi”ni tələb edirlər. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq iddia təmin edilmişdir. Belə ki, məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sözügedən mülki iş üzrə tərəf olmaması, onlarla bağlı məhkəmə qərarının qəbul edilməməsi, onlara münasibətdə hal-hazırda müvafiq icra sənədinin mövcud olmaması, həmin şəxslərin icra sənədində borclu qismində göstərilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Əvvəla qeyd olunmalıdır ki, işə birinci instansiya qaydasında mahiyyəti üzrə baxılmamışdan əvvəl iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlük şərtləri yoxlanılmalı idi. Belə ki, ilk olaraq qeyd olunmalı məsələ odur ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçılar öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Beləliklə, məhkəmə araşdırmalarından müəyyən olunur ki, iddiaçıların yaşadıqları mənzilə dair hər hansı hüquqları olmadığı halda hazırki iddia ilə məhkəməyə müraciət etsələr də, onlar məhz cavabdeh inzibati orqan tərəfindən hansı hüquqlarının pozulduğu və ya onların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilmirlər. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə bu iş üzrə iddiaçıların mübahisəli mənzildən çıxarılması qət olunmasa da, verilmiş icra vərəqəsində onların adı göstərilməsə də, hazırki vəziyyətdə iddiaçılar mübahisəli mənzildə yaşamalarının hüquqi əsasını, başqa sözlə həmin mənzillə bağlı hər hansı hüquqlarının mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmirlər. Nəzərə alınmalıdır ki, İddiaçı1 “mübahisəli mənzilin faktiki ona məxsusluğu” barədə dəlili də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda mübahisəli mənzilə hüquqları olmadığı üçün iddiaçıların həmin mənzilin boşaldılması barədə mülki məhkəmə icraatının yekununda qəbul edilmiş qətnamənin icrası ilə bağlı icra məmurunun hərəkətlərini mübahisələndirməkdə də subyektiv hüquqa malik deyillər. O ki qaldı iddiaçıların “onların məhkəmə qətnaməsi ilə mənzili boşaltmaları qeyd olunan şəxslərin ailə üzvləri olması, ailə üzvlərinin isə mənzili boşaltmaları barədə iddia tələbinin rədd edilməsi” barədə dəlillərinə, bu barədə Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatı qaydasında işə baxılarkən mülkiyyətçinin mübahisəli mənzilin boşaldılması tələbi Səlmi Səfərova və İlqar Əhmədovun ailə üzvlərinə qarşı rədd edilmişdir. Hazırki işdən isə İddiaçı1 mənzildən çıxarılması qət edilən Səlmi Səfərovanın bacısı, İddiaçı2 və İddiaçı3 isə İddiaçı1 qızları olduğu müəyyən olunur. Buna görə də iddiaçılar Səlmi Səfərovanın qanunvericiliklə müəyyənləşdirilmiş “ailə üzvləri” sırasına daxil edilən şəxs hesab olunmurlar. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçılar icra məmurunun hərəkətlərinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək üçün qanunla müəyyən olunmuş subyektiv hüquqa malik olmadıqları üçün onların iddiası mümkün sayılmamalıdır. Odur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1199/2021 saylı 24 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar