Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1498/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2-1(112)- 5822/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşı tamam olduğu 20.08.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2-1(112)-5822/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu 20 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 01 fevral 2018- ci il tarixdən bu günədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2-1(112)-5822/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçı tərəfindən onun güzəştli iş stajını təsdiq edən arayış təqdim edilməmişdir.Onun fərdi hesabının sığorta hissəsində qeyd alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beləki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesbın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.800,00 manat hesablandığı halda onun fərdi hesabının sığorta hissəsində qeyd alınan pensiya kapitalı cəmi 22.344,53 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçının 12 il 6 ay güzəştli iş stajı olmadığını, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı imkan vermədiyini, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq, iddiaçıya münasibətdə 40800.00 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22.344,53 manat təşkil etdiyini, iddiaçı tərəfindən onun güzəştli iş stajını təsdiq edən arayış təqdim etmədiyini bildirərək, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3653/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək 1977-ci ildən fəhlə işlədiyini, 1980-ci ildə hərbi xidmətə getdiyini, hərbi xidmətdən qayıtdıqdan sonra 1983-1999-cu illərdə qaz qaynaqçısı vəzifəsində işlədiyini bildirərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-3653/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 17 mart 2021-ci il tarixli, **********2 nömrəli məktubda sonuncuya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 1.0.8-ci maddələrinə əsasən, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 22.344,53 manat təşkil edir, qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 20.09.1977-ci ildə 8 nömrəli briqadaya fəhlə vəzifəsinə işə qəbul edilmiş, 28.09.1979-ci ildə 119 nömrəli əmrlə işdən azad edilmişdir. 01.04.1980 - 23.09.1982–ci illərdə hərbi xidmətdə olmuş, 04.11.1983-cu ildə qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, 31.1.1999-cu ildə islahatlarla əlaqədar işdən azad edilmiş, 19.01.2000-ci il ildə Şəmkir rayonu Yeni yol kənd bələdiyyəsinə sədr təyin edilmiş, 03.01.2010-cu ildə bələdiyyənin sədri müavini vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət X2 k-1-432 nömrəli 05.11.2020-ci il tarixli arayışına əsasən, Səfərov X3 adına sovxoza 20.09.1977–ci il tarixli 12757 nömrəli əmrlə 8 nömrəli birqadaya 01.09.1977-ci il tarixdən fəhlə vəzifəsinə işə qəbul edilmiş, 28.09.1979 –cu il tarixli 119 nömrəli əmrlə 5 nömrəli birqadaya mövsümü fəhlə vəzifəsinə keçirilmiş, 04.11.1983-cu il tarixli 101 nömrəli əmrlə qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, 14.09.1998-ci il tarixli 40 nömrəli əmrlə bütün fəhlə və qulluqçular isalahatla əlaqədar işdən azad edilmiş, Şəmkir rayonu Yeni yol kənd bələdiyyəsinə 19.01.2000-ci il tarixli 01 nömrəli prookolun qərarı ilə bələdiyyə sədrinin müavini vəzifəsinə seçilmiş, 02.02.2005-ci il tarixli 02 nömrəli protokolun qərarı ilə vergilərin müəyyən edən edilnməsi və toplanması komisiyyasına üzv seçilmiş, 16.11.2009-cu il tarixli 11 nömrəli protokolunda axırıncı olaraq sədr müavini kimi imzası olduğu və işdən azad olunmasına dair qərar aşkar edilməmişdir. - İşdə olan НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 19 aprel 1980-ci il tarixdən 08 may 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 20 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməsi və 01 fevral 2018ci il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan qeydlərdə qaz qaynaqçısı vəzifəsində işlədiyi, həmin peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli Siyahısının XXXİİİ Ümumi peşələr adlı bölməsinin (kol ********) 23200000 – 11620 kodu altında müəyyən edilmiş “qaz qaynaqçıları” peşəsinə uyğun olduğu, bu peşədə 01.01.2006-ci ilədək 16 il 01 ay 27 gün işlədiyi, həmin tarixədək onun 25 ildən artıq ümumi iş stajına malik olduğu və bu səbəbdən iddiaçının 57 yaşı tamam olduğu 20.08.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı və 01.02.2018-ci il tarixdən yaranmış pensiya fərqi hesablanmaqla almaq hüququnun yarandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Qurbanova Dilarə Fuad qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5822/2021 saylı, 07.12..2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1498/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1498/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver