Məhkəmə qərarları › İş №2-1(103)-1498/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1498/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1498/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti) “qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1280/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövləti qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması, yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və vətəndaş X1 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 19 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair cavabdeh tərəfindən X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 16 noyabr 2019-cu il tarixli ********** nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək X3 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X3 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə vətəndaş X1 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 7081 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətinə imtina edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında mümkün olması bildirilmişdir. Qeyd olunanlardan əlavə vətəndaş X3 Azərbaycan Republikası Müdafiə Nazirliyində xidmət etdiyi müddət ərzində ünvan 3 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-1280/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qanunsuz və əsassız olduğundan, qəbul edilərkən işin bütün faktiki halları nəzərə alınmadığından ləğv edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi normanın təfsirində səhvə yol vermiş, hazırkı mübahisəyə düzgün tətbiq etməmiş, bu da iddia tələbinin mümkünsüz sayılmasına dair qərardadın qəbulu ilə nəticələnmişdir. Hazırki inzibati mübahisənin əsas predmeti inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi bilavasitə ümumi (publik) hüquq sahəsinə aid olub, xüsusi hüquq normaları, yəni İnzibati-Prosessual Məcəllənin normaları əsasında tənzim olduğundan iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bununla əlaqədar qeyd etmək zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsi inzibati orqanlar arasında səlahiyyət və aidiyyətlə bağlı mübahisəyə baxılması qaydasını nəzərdə tutduğundan, hazırkı mübahisənin əsas predmeti inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması ilə bağlıdır. Belə ki, inzibati iş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubda Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli sərəncamlarının ləğv olunduğu qeyd edilmiş, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yaşayış sahələrinə aid vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 yanvar 2022-ci il tarixli cavab məktubunda qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notariat qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Bu səbəbdən də hesab edirlər ki, Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış və iddia tələbi qanunsuz və əsassız olaraq mümkünsüz hesab edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli protokoluna əsasən yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısına baxılmış, həmin siyahıda göstərilən hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və həmin protokol üzrə verilmiş yaşayış sahələrinə bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Siyahıya əsasən X2 Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən 19 saylı mənzil təqdim olunmuşdur. Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “Bakı-52” hərbi şəhərciyinin baş planı üzrə 14 nömrəli 3 mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsi ilə bağlı daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazə verilməsinin qanunazidd olmadığı bildirilmişdir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1787 nömrəli məktubundan görünür ki, Mənzil İstismar İdarəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.1-ci maddəsinə əsasən Yasamal Rayon İcra Hakimiyyətindən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında xx.xx.2019-cu il tarixli, 139 nömrəli sərəncam qəbul etmiş və Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən 19 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması, həmin mənzilə dair vətəndaş X3 ilə daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. X1 həmin mənzilə dair istifadə hüququ xx.xx.2019-cu il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli, 139 nömrəli sərəncamı ləğv edilmişdir. İddiaçı bu sərəncama istinad edərək cavabdehdən X1 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi hər ikisi inzibati orqandır. Bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. İnzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. İnzibati orqanlar arasında yaranan mübahisələrin həlli qaydası isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli 345 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Göründüyü kimi, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi qaydalara əsasən həll edilir. Hazırkı mübahisə iki inzibati orqan arasında yaranmışdır, bir inzibati orqan digər inzibati orqanın səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətini mübahisələndirir, lakin qanunverici bu mübahisələrin məhkəmə vasitəsilə həllini nəzərdə tutmamışdır. Buna görə də hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1280/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar