Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1498/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; eyni tələb”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bank) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" MTK (bundan sonra “MTK”) ilə 0604 saylı payçı müqaviləsi bağlanılmışdır. Həmin payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 171993 (bir yüz yetmiş bir min doqquz yüz doxsan üç) manat məbləğində pul vəsaiti MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra "xxxx" MTK ilə bağlanmış payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair müraciətlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Cavabdeh 26 may 2023-cü il tarixli **********175700 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də təsdiq etmişdir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK tərəfindən ƏDV məbləği ödənilib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, iddiaçının MTK-nın cari hesabına ödədiyi ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Hesab edir ki, iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Əlavə olaraq bildirilir ki, cavabdeh qaydadan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. Eyni zamanda Bakı İnzibati Məhkəməsində hazırda onun tələbinə uyğun bir neçə məhkəmə qərarı olmuşdur. Analoji tələb üzrə xx.xx.2024-cü il tarixində qəbul edilmiş, 2-1(112)-3100/2024 saylı qərar vardır və həmin qərar üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi qoyulmuşdur. Bütün qeyd olunan normativ-hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti iddiaçıya geri ödənilməli olduğu halda, Qaydada “Operator” kimi tanınan cavabdeh Qaydanın 5.5-ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5-ci bəndinə əsasən “elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra, dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operataor alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Tərəfindən ödənişlər müvəkkil bank olan Azərbaycan Beynəlxalq Bank ASC-nin Baş ofisində Müştəri Xidməti Departamenti tərəfindən həyata keçirildiyi üçün hesab edir ki, cavabdeh ƏDV-nin güzəşt məbləği barədə məlumatları müvəkkil bank Azərbaycan Beynəlxaq Bank ASC-nin baş ofisinə (Müştəri Xidmətləri Departamentinə) ötürülməlidir. Cavabdeh tərəfindən 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarının əsası olmadığı üçün ləğv edilməlidir.
3. Cavabdeh tərəfindən 3-21-2-3/2-B-17xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli vəsatət təqdim edilmişdir.
4. Vəsatətdə qeyd olunmuşdur ki, müvafiq iddia tələbi ilə İddiaçı artıq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1969/2024 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2353/2024 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə əlaqədar məhkəmə mübahisəsi tərəflər arasında davam edir. Belə ki, iddiaçının apelyasiya şikayəti üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2353/2024 saylı qərarı qanuni qüvvəsini almamışdır. Belə olduğu təqdirdə isə qanunvericiliyin yuxarıda sadalanan hallarına əsasən iddia ərizəsinin icraata qəbul edilməsi yolverilməz hal xarakteri daşıyır.
5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1969/2024 nömrəli qərarı (sədrlik edən hakim A.Əhədova) ilə iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli mənzilin alınması üçün ödənilən 171.993 manat məbləğində pul vəsaitinin ƏDV-nin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bank) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini tələb etməkdədir.
7. Məhkəmə hesab etmişdir ki, məhkəmənin icraatında artıq eyni iddia tələbinə dair iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İddia tələbinin fərqli şəkildə təqdim edilməsi isə, həmin tələbin başqa tələb olması anlamına gəlmir və iddianın mümkünlüyünü istisna edən şərtlərin aradan qaldırılmasına əsas qismində çıxış edə bilməz.
8. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, İddiaçı Mirsə–Əli qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı cavabdehin üzərinə ƏDV–nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin qoyulması və 26 may 2023–cü il tarixli **********175700 saylı imtina qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əvvəlki iddianın predmeti və tələbin mahiyyəti cavabdehdən ƏDV–nin geri ödənilməsi olmuşdur. Hazırki iddianın predmeti isə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 7–ci binasında, 7–ci blok, 5–ci mərtəbə, 2 nömrəli, 3 otaqlı olan mənzilə görə ödəmiş olduğum 171993 (bir yüz yetmiş bir min doqquz yüz doxsan üç) manat məbləğin mənə (İddiaçı Mirsə–Əli qızına) qaytarılacaq olan ƏDV–nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC–nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması və 26 may 2023–cü il tarixində qəbul edilmiş, **********175700 saylı imtina qərarının ləğv edilməsindən ibarətdir. Göründüyü kimi hər iki iddia üzrə cavabdeh eyni olsa da, iddia tələbinin predmeti tamamilə fərqlidir. Normativ– hüquqi normalar ilə tam ƏDV məbləğinin 30% güzəşti iddiaçıya geri ödənilməli olduğu halda Qaydada “Operator” kimi tanınan cavabdeh Qaydanın 5.5–ci bəndini pozmuşdur. Belə ki, Qaydanın 5.5–ci bəndinə əsasən “elektron qaimə–faktura və bu Qaydanın 5.1–ci bəndində qeyd edilmiş sənədlərdə göstərilən məlumatlar Operator tərəfindən yoxlandıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, Operator Alıcıya qaytarılacaq ƏDV–nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Azərbaycan Respublikası İnzibati İcraat haqqındaQanunun 15.1–ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz”. Cavabdeh tərəfin imtina qərarında öz imtinasını əlaqələndirmiş olduğu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022–ci il tarixli, 1693 nömrəli Fərmanı vətəndaşların maddi rifahının yüksəldilməsinə xidmət etməsinə baxmayaraq, cavabdeh əsassız olaraq məlumatların müvəkkil banka ötürülməsindən imtina etmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş sosial inkişafla uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 16–cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bir daha qeyd edirəm ki, əvvəlki iddia ərizəsində ƏDV məbləği birbaşa cavabdehdən tələb edilmiş olsa da, hazırki iddia tələbində isə cavabdehdən birbaşa ƏDV məbləğinin ödənilməsi deyil, qaytarılacaq olan ƏDV–nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC–nin başofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından və qərarın ləğv edilməsindən ibarətdir. Bu isə hazırki iddianın mümkünsüzlüyü kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı:
1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsindən ibarətdir.
19. Hazırkı iddia münahisələndirmə iddia növünə aiddir. Belə ki, iddiaçının hüquqi marağı onun üçün əlverişsiz olan inzibati aktın ləğvidir.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
26. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
27. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) mövcudluğu yoxlanılmalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
28. İddiaçı eyni məzmunlu iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1969/2024 nömrəli qərarı (sədrlik edən hakim A.Əhədova) ilə iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının tələbi xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli mənzilin alınması üçün ödənilən 171.993 manat məbləğində pul vəsaitinin ƏDV-sinin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı olmuşdur. Hazırda isə iddiaçı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 5-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilə görə ödənilən 171.993 manat məbləğin iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 26 may 2023-cü il tarixində qəbul edilmiş **********175700 saylı imtina qərarın ləğv edilməsini tələb etməkdədir.
29. Bununla da iddiaçı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-ci bəndlərində göstərilmiş müddəalarının tələblərini pozmuşdur.
30. Belə ki, sözügedən qərarın 15.4-cü bəndində yazılmışdır ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz.
31. Qərarın 15.5-ci bəndində qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
32. Nəhayət, qərarın 16.6-cı bəndində göstərilmişdir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi ƏDV məbləğinin iddiaçıya verilməsi ilə bağlı olmuşdur. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.
34. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 1.3cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
35. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
36. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.
37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və bu gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.
38. İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
39. Ümumiyyətlə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.
40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi üzrə məhkəmənin icraatında iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi halda, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb, məhkəmə qərarı qəbul edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-cı bəndlərinə ziddir.
41. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3198/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.