Məhkəmə qərarları › İş №2-1(103)-1499/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1499/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1499/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin yerində faktiki vəziyyətinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-47/2021 saylı 11.02.2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yerində faktiki vəziyyətinin dövlət qeydiyyatına alınması və bu barədə onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı və ailə üzvləri ünvan 2 ünvanında torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evində yaşayır. Cavabdeh tərəfindən 06.02.2018-ci il tarixində iddiaçıya ********** qeydiyyat nömrəsi ilə çıxarış və ona əlavə texniki pasport təqdim olunmuşdur. Həmin çıxarışda torpaq sahəsinin ümumi sahəsi 0.06366 kv.m, yaşayış evinin ümumi ölçüsü 294.1 kv.metr qeyd edilmişdir. İddiaçı etiraz edərək cavabdehə 06.04.2018-ci il tarixində rəsmi qaydada müraciət etmiş, sonuncu isə cavab olaraq 01.05.2018-ci il tarixli **********43 saylı məktubu ilə bildirilmişdir ki, 0.1 ha torpaq sahəsi zəbt edilmiş və bununla bağlı heç bir sənəd təqdim olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin bu formada imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-47/2021 saylı 11.02.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yerində faktiki vəziyyətinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.12.2019-cu il tarixli rəyinə əsasən torpaq sahəsi 809 kv.m təşkil edir. Çıxarışın verilməsi məsələsinə yenidən baxılması o deməkdir ki, cavabdeh istədiyi şəkildə məsələyə baxıb qərar qəbul edəcək. Bu da yeni iddianın qaldırılması ilə nəticələnə bilər. 3 il məhkəmə prosesi getdikdən sonra məhkəmə əsassız qərar qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Novruzov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Kəlbiyev iddiaçının tələbi üzrə mahiyyəti üzrə qərar qəbul edilməli olduğu halda, məhkəmənin məsələyə yenidən baxılmasının cavabdehə həvalə etməsini əsassız hesab etmişdir. İİ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadında qeyd edir ki, “...mübahisələndirilən ünvanda torpaq sahəsi texniki pasporta əsasən 636 kv.m göstərilsə də, ekspert rəyinə əsasən faktiki olaraq 809 kv.m-dir. Cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən isə ərazinin orta hissəsindən 95,7 kv.m sahə mövcud olsa da, ilkin sənədləşmə zamanı texniki pasport düzgün tərtib edilmədiyi üçün texniki pasportda öz əksini tapmamış, texniki pasportda 95,7 kv.m-lik fərq yaranmışdır, digər qonşulara aid olmayan 76,8 kv.m yol iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə çıxarışın verilməsi barədə iddiaçının müraciətinə baxılarkən qeyd olunan hallar cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, həmin hallar nəzərə alınmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan hallar araşdırılmaqla iddia tələbində qeyd olunan məsələyə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalıdır…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən mövqeyi ilə əlaqədar əvvəla onu qeyd edir ki, məhkəmə məsələyə yenidən baxılmasını cavabdehə həvalə edərkən, hansı hansı prosessual əsaslardan çıxış edərək bu nəticəyə gəldiyinə aydınlıq gətirməmişdir. Başqa sözlə, cavabdehin mübahisəli məsələnin həllində diskression səlahiyyətlərə malik olub-olmadığını araşdırmamış və prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Digər tərəfdən, diqqət yetirilməlidir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində daşınmaz əmlakın reyestrində daşınmaza əmlaka hüququn qeydə alınmasının konkret əsaları sadalanmışdır. Həmin Qanunun 10-cu maddəsi isə nəzərədə tutur ki, bu hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparıldığı vəhəminərizəyə hüquqların dövlət qeydiyyatı üçün: bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin; torpaq sahəsinin planı və ölçüsüünün; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportun, plan-cizgisinin; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalı olduğu təsbit olunmuşdur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini. məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən yeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci madəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətini vəzəfəsidir. Göründüyü kimi, qanunvericiliklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının və qeydiyyat zamanı yol verilən səhvələrin aradan qaldırılmasının konkret əsasları müəyyən edilmiş və bu halda reyestr daşıyıcısına (konkret halda cavabdehin) diskression səlahiyəti nəzərdə tutulmamışdır. Əksinə, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, konkret halda, iddiaçıya məxsus torpaq sahəsinin dövlət qeydiyyatı aparılarkən, yol verilən səhvlərin aradan qaldırılması və hüquqmüəyyənedici sənədə əsaslanan torpaq sahəsinin ölçülərində yol verilən xətalarda düzəlişlərin edilməsi, bu barədə yeni çıxarış və texniki pasportun verilməsi vəzifəsi qanunvericiliklə cavabdehin üzərinə düşən bir öhdəlikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə tərəfindən hətta mübahisəli torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə tikinti ekspertizası da keçirilərək AR ƏN Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyi də alınmış, lakin məhkəmə tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan tələbləri qayasında, həmin sübutlara hüquqi qiymət verilməklə, mübahisəni mahiyyəti üzrə həll etməmiş, iddia tələbinə dair konkret münasibət bildirmək əvəzinə, məsləyə yenidən baxılmasını cavabdehə həvalə etmişdir. Halbuki, cavabdeh iddiaçının müvafiq müraciətinə baxıb ona ünvanladığı 01.05.2018-ci il tarixli məktubu ilə səbəbini göstərməklə qeydiyyatın aparılmasından imtina etmişdir. İPM-in 87.7-1-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə də məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarı ilə işin hərtərəfli araşdırılmadığını və məsələyə yenidən baxılmasının qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 47/2021 saylı 11.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahəsinə dair torpaqayırma sənədləri, o cümlədən, mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədələr araşırılıb ekspert rəyi ilə müqavisəi tədqiq olunduqdan sonra, məhkəmə iddiaçının tələbi üzrə daşınmaz əmlakın dövlət reyestri haqqında qanunverijiliyin tələblərinə uyğun şəkildə cavabdeh tərəfindən hansı qanunsuz hərəkətlərə yol verildiyi konkret şəkildə müəyyənləşdirilərək hüquqi qiymətləndirmə aparılmalı və nəticəsindən asılı olaraq, iddiaçının tələbi üzrə mahiyyəti üzrə konkret nəticəyə gəlməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-47/2021 saylı 11.02.2021-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar