Məhkəmə qərarları › İş №2-1(103)-1499/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1499/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1499/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9497/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 07 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin “torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 822 №-li, 16 aprel 2004-cü il tarixli qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən, ümumi ərazisi 300 kv.metr olan tikinti təyinatlı torpaq sahəsinin, dövlət reyestrində mülkiyyət hüququ üzrə öz adına qeydiyyata alınmasının və buna dair reyestrdən çıxarışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9497/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9497/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Məhkəmə iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinin mümkün sayılmasını və icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9497/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarı poçt vasitəsilə 24 dekabr 2021-ci il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və 27.01.2022-ci il tarixdə poçt xəbərnaməsinin “ünvanda yaşayan” qrafasının qarşısına “İddiaçı” yazılaraq imza edilməklə qəbul edilmişdir. Belə olan halda həmin qərardan apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 27.02.2022-ci il tarix hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda həmin qərardan apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 27.02.2022-ci il tarix hesab olunur. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti məhkəməyə prosessual müddəti ötürülməklə 03.03.2022-ci il tarixdə daxil olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması 07.04.2022-ci il tarixə təyin edilmiş və İddiaçı göndərilmiş 15.03.2022-ci il tarixli bildirişlə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, şikayətin verilməsi üçün prossesual müddətin ötürüldüyünü, bu müddətin bərpasına dair vəsatətin verilmədiyi və bununla bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Sözügedən 15.03.2022-ci il tarixli məhkəmə bildirişi iddiaçı tərəfindən 29.03.2022-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı” yazılmaqla qəbul olunsa da, 17.12.2021-ci il tarixli məhkəmə qərarından qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ərzində şikayət verməsini təsdiq edən müvafiq sübutları təqdlim etməmiş və ya prosessual müddəti üzrlü səbəbdən ötürdüyü təqdirdə həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı onun bərpa edilməsinə dair ərizə verməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şıkayətini Bakı İnzibati Məhkəməsinin dəftərxanasına şəxsən təqdim etdiyini, sözügedən qərardan apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi ilə bağlı hər hansı bir üzrlü səbəbin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı 17.12.2021-ci il tarixli qərardan şikayət verməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddətin üzürlü səbəbdən ötürülməsinin heç bir üzürlü səbəblə əlaqəli olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-9497/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüş hesab edilməli, apellyasiya qeyrimümkün hesab edilməli və buna görə də onun qəbulundan imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9497/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Aytən Oruczadə Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar