Məhkəmə qərarları › İş №2-1(103)-1499/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1499/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1499/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “icarə (kirayə) müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10698/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair icarə (kirayə) müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə əirzə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair icarə (kirayə) müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzil icarə müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2006-cı il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, onun Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin sahəsi 31.60 kv.m olan 2 otaqdan ibarət 51-ci mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınmağı, Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair onunla mənzil kirayə müqaviləsi bağlanılması və qətnamənin icrasının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2006-cı il tarixli qətnaməsinin dərhal icra edilməsi məqsədilə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 25 avqust 2006-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2006-cı il tarixli qətnaməsi dərhal icraya yönəldilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsi tərəfindən 70 nömrəli, 27 oktyabr 2006-cı il tarixli əmr verilmişdir. Həmin əmrdə Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin sahəsi 31.60 kv.m olan 2 otaqdan ibarət 51-ci mənzilinin şəxsi hesabı vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla müqavilə bağlanılması, vətəndaş İddiaçı adına yeni şəxsi hesab vərəqəsinin açılması MKXİ-nin 20 saylı MİS-nə tapşırılması qeyd edilmişdir. İddiaçı onunla həmin mənzilə dair kirayə müqaviləsi bağlanıldığını hesab etdiyi üçün həmin mənzilə dair çıxarış almaq məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, o, kirayə müqaviləsini təqdim etmədiyi üçün çıxarış əldə edə bilməz. Bundan sonra iddiaçı sosial kirayə müqaviləsini əldə etmək məqsədilə SOCAR-a müraciət etmiş, lakin ona həmin mənzilə dair onunla bağlanılmış kirayə müqaviləsinin aşkar olunmadığı bildirilmişdir. Daha sonra yenidən SOCAR-a müraciət edən zaman bildirilmişdir ki, müvafiq sərəncama əsasən SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ona verilmiş mənzil bütün sənədlərlə bərabər Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Təqdim edilən bütün cavablardan sonra o, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etmək qərarına gəlmişdir. İddiaçıya bildirilmişdir ki, guya onunla icarə (kirayə) müqaviləsi bağlanılmış və mənzilin şəxsi hesabı adına dəyişdirilərək məhkəmə qətnaməsinin icrası təmin edilmişdir. Lakin həmin kirayə müqaviləsinin ona təhvil verilməsi ilə bağlı dəfələrlə müraciət etsə də, ona təqdim edilməyib. Cavabdeh tərəfindən təqdim edilən 12 iyun 2024cü il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, kirayə müqaviləsinin bağlanıbbağlanılmaması haqqında hazırda heç bir məlumat və arxiv sənədi mövcud deyil və yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanılması üçün həmin yaşayış sahəsinin onun istifadəsinə verilməsini təsdiq edən order təqdim olunmamışdır. Dəfələrlə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan ona əsaslı heç bir məlumat verməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-10698/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, Nefçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan aşağıdakılara görə ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ünvan 1 ünvanda yerləşən 1958-ci ildə inşa edilmiş, beş girişli, dörd mərtəbəli yaşayış binası dövlət mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və həmin Birliyin 144 saylı MKİS-nin xidmət dairəsinə qəbul edilmişdir. Bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, Nefçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order) təhvil verilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2006-cı il tarixli qətnaməsindən görünür ki, qeyd edilən sahə yarımzirzəmi olmuş və müvəqqəti olaraq X1 istifadəsinə verilmişdir. Sonuncu ölkəni tərk etdikdən sonra boş və istifadəsiz qalmışdır. Yaşayış binasının 1-ci mərtəbəsinin altında yerləşən həmin yarımzirzəmi (qeyri-yaşayış) sahəsini binanın əvvəllər balanssaxlayan təşkilatı ilə əmək münasibətlərində olmayan İddiaçı qanunu pozaraq zəbt etmiş və həmin ünvana dair heç bir hüquqi sənəd olmadan əsassız olaraq qeydiyyata alınmışdır. Mənzil qanunvericiliyinə əsasən yaşayış sahələri abad olmalı və müəyyən edilmiş sanitariya və texniki tələblərə cavab verməlidir. Həmin tələblərə cavab verməyən, habelə yaşayış üçün nəzərdə tutulmayan yardımçı sahələr və qeyri-yaşayış sahələri, yaşayış sahəsinin icarə müqaviləsinin predmeti olmadığı üçün yaşayış sahəsi kimi sənədləşdirilməsinə yol verilmir. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 saylı Fərmanına əsasən daşınmaz dövlət əmlakının, o cümlədən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi müstəsna olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarından da göründüyü kimi, məhkəmə Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakını işdə təmin etməmişdir. Məhkəmə qərarının 5-ci səhifəsinin 3 və 4-cü abzalarında qeyd edilmişdir: “Dövlət Neft Şirkətinin (SOCAR) 01 sentyabr 2020-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, SOCAR-ın baş ofisinin Mərkəzi Arxivində saxlanılan Sosial İnkişaf İdarəsinin MKXD-nin sənədləri arasında ərizədə göstərilən ünvan 2 ünvanına dair İddiaçı ilə bağlanılmış kirayə müqaviləsi aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir”. Bakı şəhəri, Badamdar qəsəbəsi, Nefçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair icarə müqaviləsinin İddiaçı adına bağlanması barədə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin xx.xx.2006-cı il tarixli, 70m saylı əmri verildiyi gündən əssasız olduğu üçün mənzil istismar təşkilatı tərəfindən haqlı olaraq icra edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə birtərəfli baxmış, iddia tələbi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan qərar qəbul etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli (hazırda qüvvədə olan) qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Həmin Qaydaların 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə doğulmuşdur və ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: ünvan 1 evin 51 saylı mənzilinə dair kirayə müqaviləsinin adınıza bağlanması barədə Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ünvan 1 ünvanda yerləşən 1958-ci ildə inşa edilmiş, beş girişli, dörd mərtəbəli yaşayış binası qanunvericiliklə müəyyən edilmiş qaydada balansa qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1436/2006 saylı qətnaməsi ilə iddianız təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badambar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin, yaşayış sahəsi 31,6 kv.m olan 2 otaqdan ibarət 51 saylı mənzilinə istifadə hüququnuz tanınmış və qeyd edilən mənzilə dair kirayə müqaviləsinin adınıza bağlanması Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinə həvalə edilmişdir. ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xİdmətləri Departamentinin xx.xx.2006-cı il tarixli, 70 saylı əmri ilə ünvan 1 evin 51 saylı mənzilinə dair Sizinlə icarə (kirayə) müqaviləsi bağlanılıb mənzilin şəxsi hesabı adınıza dəyişdirilərək məhkəmə qətnaməsinin icrası təmin edilmişdir. İş materiallarında olan SOCAR-ın xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli, 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən müraciətdə qeyd edilən mənzil bütün sənədlərlə bərabər Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İş materiallarında olan SOCAR-ın 01 sentyabr 2020-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan Sosial İnkişaf İdarəsinin MKXD-nin sənədləri arasında ünvan 2 ünvanına dair İddiaçı ilə bağlanılmış kirayə müqaviləsi aşkar olunmadı. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2-1436/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin, sahəsi 31,60 kv.m olan 2 otaqdan ibarət 51-ci mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə pasport qeydiyyatına alınması və Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanılması, qətnamənin icrasının Azərbaycan Respublikası DNŞ Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 5 ünvanında yerləşən mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 382 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq tarixli və saylı sərəncamlarına əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansında olan yaşayış, qeyri-yaşayış, o cümlədən Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 5 saylı bina Mənzil-Kommunal Təsərrüatı Departamentinin 3 saylı XT MKTB-nin balansına 144 saylı MKİS-nin xidməti sahəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən iddiaçıya ünvanlanmış 59 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinin öz adına kirayə müqaviləsi bağlanması üçün müəyyən edilmiş qaydada tələb olunan sənədləri təqdim etmədiyi üçün adına sənədləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən ARDNŞ-nın Sİİ-nin MKX idarəsi tərəfindən 70m saylı əmr verilərək kirayə müqaviləsinin adına bağlanması 20 saylı MKİS-i tərəfinə tapşırılmışdır. 20 saylı MKİS-i tərəfindən sözügedən müqavilənin bağlanıb-bağlanılmaması haqqında hazırki 144 saylı MKİS-də heç bir məlumat və arxiv sənəd mövcud deyildir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 20 avqust 2024-cü il tarixli, 3-52-13/2- 706/2024 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 ünvanında yerləşən keçmiş yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 51 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzill-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 144 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 426/21 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin, 51 saylı mənzilində qeydiyyatdadır. İddiaçı ilə 144 saylı MKİS arasında 2006-cı il tarixli bağlanmış müqavilə 144 saylı MKİS-də yoxdur, tapılmadı. İş materiallarında olan SOCAR tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, SOCAR-ın Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 70m nömrəli əmrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunur, SOCAR-da saxlanılan sənədlər arasında digər hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İş materiallarında olan SOCAR tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 70m nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 evin, sahəsi 31,60 kv.m olan 2 otaqdan ibarət 51-ci mənzilinin şəxsi hesabının vət. İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsinin bağlanılması əmr edilmişdir. İş materiallarında olan SOCAR tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, SOCAR-da saxlanılan sənədlər arasında SOCAR-ın Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 70m nömrəli əmrinin qüvvədən düşməsi barədə hər hansı bir digər əmr aşkar edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan): 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixindən qüvvədə olan): 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 2-1436/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin, sahəsi 31,60 kv.m olan 2 otaqdan ibarət 51-ci mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə pasport qeydiyyatına alınması və Bakı şəhəri, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, 5 saylı evin 51 saylı mənzilinə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanılması, qətnamənin icrasının Azərbaycan Respublikası DNŞ Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 70m nömrəli əmrinə əsasən həmin mənzilin şəxsi hesabının İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsinin bağlanılması əmr edilmişdir. SOCAR tərəfindən həmin əmrin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir və SOCAR-da saxlanılan sənədlər arasında SOCAR-ın Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin xx.xx.2006-cı il tarixli, 70m nömrəli əmrinin qüvvədən düşməsi barədə hər hansı bir digər əmrin aşkar edilmədiyi bildirilmişdir. Daha sonra «Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli sərəncamının icrası haqqında» Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən ünvan 1 ünvanda yerləşən 1958-ci ildə inşa edilmiş, beş girişli, dörd mərtəbəli yaşayış binası qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələri, o cümlədən iddiaçının qeyd etdiyi mənzil bütün sənədlərlə bərabər Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İddiaçı ilə qeyd olunan mənzilə dair sosial kirayə müqaviləsi həm SOCAR-da, həm də Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun yerli qurumlarında saxlanılan sənədlər arasında aşkar edilməmişdir. İddiaçı həmin mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanılması üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin imtinanı mübahisələndirir. Göründüyü kimi, iş materiallarına əsasən iddiaçının 2006-cı ildən həmin mənzilə istifadə hüququ tanınmışdır və iddiaçı 2006-cı ildən həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdən yaşayır və mənzil münasibətləri də həmin dövrdə yaranmışdır. Mənzil Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməmişdən əvvəl iddiaçı həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı həmin tarixdən istifadəsində olan mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10698/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar