Məhkəmə qərarları › İş №2-1(103)-15/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-15/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-15/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: Abşeron Rayon İcra Hakimiyyəti, «X6 və X3 Quarry» Tam ortaqlı müəssisəsi ("xxxx" MMC) və "xxxx" (Azərbaycan) ASC) qarşı «sərəncamın və icarə müqaviləsinin ləğv edilməsi və Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı tanınmaqla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 04-13 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı (Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “‘X6 və X3 Quarry” Tam ortaqlı müəssisəyə yer təkinin istismarına razılıq verilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci’ il tarixli Sərəncamının və Sərəncam əsasında həmin şəxslərlə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və Abşeron rayon İH-nin verdiyi 29 dekabr 2005-ci il tarixli 387 saylı Sərəncam tanınmaqla onunla icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti Başçısına icarə qaydasında 7 (yeddi) hektar torpaq sahəsinin “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə ona ayrılması barədə müraciət etmişdir. Müraciəti əsasında istənilən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmaqla “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində daşlı örüş sahə kimi uçota alınmışdır. Sözügedən ərazidən mişar daşı istehsal etmək məqsədilə 15 (on beş) il müddətinə torpaq seçilməsi haqqında komissiya AKT tərtib etmiş, həmin torpaq sahəsinin yerquruluşu planı hazırlanmış və sərhədləri göstərilmişdir. Nəticədə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2005-ci il tarixli 387 saylı Sərəncamı ilə ona mişar daşı istehsal etmək üçün həmin ərazidən 7 hektar yer 15 illik icarə müddətinə ayrılıb və həmin sərəncam əsasında onunla icra hakimiyyəti arasında həmin tarixdə torpaq icarəsi müqaviləsi bağlanıb. Lakin bur müddət öncə həmin ərazidə işlərin görülməsi məqsədilə Dağ-Mədən Ayırması AKT-ı almaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət edən zaman məlum oldu ki, sözügedən ərazi "xxxx" MMC tərəfindən istismar olunur və onların da Qaradağ rayon İcra hakimiyyətindən müvafiq sənədləri mövcuddur. Belə ki, müəyyən olunur ki, “X6 və X3 Quarry” Tam ortaqlı müəssisə 17 yanvar 2012-ci il tarixli məktubla yer təkinin istismarına razılıq verilməsi üçün Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Nəticədə, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03 a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı ilə müraciət edən şəxsə onların istifadəsində olan 14.6 ha torpaq sahəsinin istismarın davam etdirilməsinə icazə verilib. Hesab edir ki, həmin Sərəncam verilə bilməzdi, çünki sözügedən əraziyə dair onun yuxarıda göstərilən qüvvədə olan Sərəncamı və istifadəyə razılığa dair sənədləri mövcuddur. Hətta inzibati ərazi olaraq sonradan Abşeron rayonundan Qaradağ rayonuna keçirilsə belə ərazinin faktiki sahibi və istifadəçisi qanunla o, olduğundan onunla yenidən Qaradağ icra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmalı idi. Bununla bağlı o, 19 iyul 2017-ci ildə Qaradağ rayon İcra hakimiyyətinə “X6 və X3 Quarry” Tam ortaqlı müəssisəyə yer təkinin istismarına razılıq verilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamının və Sərəncam əsasında həmin şəxslərlə bağlanmış müqavilənin ləğv edilməsi və onun həmin əraziyə dair istismarına razılıq verilməsi barədə Sərəncam verməklə icarə müqaviləsi bağlanması, yaxud Abşeron rayon İH-nin verdiyi Sərəncam və müqavilənin tanınması barədə ərizə ilə müraciət etmişdir. Həmin müraciətinə rəsmi olaraq 11 avqust 2017-ci ildə məktubla cavab verilib. Məktubda deyilir ki, “Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Sizə ayrılan torpaq sahəsinin Qaradağ rayon İcra Hakimiyyətində qeydə alınması üçün müraciət etməlisiniz. Diqqətinizə çatdırırıq ki, Qaradağ rayonu İH-i Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamının ləğvindən imtina edir.” Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və onun digər şəxslərlə bağlı həmin əraziyə dair verdiyi Sərəncam ləğv edilməli və onun həmin əraziyə dair sənədləri tanınmalıdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2005-ci il tarixli 387 saylı Sərəncamı ilə ona mişar daşı istehsal etmək üçün həmin ərazidən 7 hektar yer 15 illik icarə müddətinə ayrılıb və həmin sərəncam əsasında onunla icra hakimiyyəti arasında həmin tarixdə torpaq icarəsi müqaviləsi bağlanıb. Həmin Sərəncam və müqavilə nə Abşeron İH-i tərəfindən, nə də digər üçüncü şəxs tərəfindən ləğv edilməyib, bu gün də qüvvədədir. Lakin buna baxmayaraq, şifahi olaraq bildiriblər ki, sözügedən ərazi cavabdeh qurumun inzibati ərazisinə verilib. Cavabdeh də həmin sahənin yüklü olub-olmamasını yoxlamadan, ərazidə hansı daş karxanalarına dair Sərəncamın olub-olmamasını araşdırmadan başqa şəxslər barəsində yerin təkinin istismarı ilə bağlı qanunsuz Sərəncam verib. Maraqlıdır ki, o, ərizəsində onun sərəncam və müqavilənin tanınmasını və verilmiş sərəncamın ləğvini tələb etsə də, cavabdeh qurum cavab məktubunda həm onun sənədlərinin qeydə alınması üçün onlara müraciət etməyini həm də Sərəncamın ləğvindən imtina edəcəklərini bildirməklə ziddiyyət yaradırlar. Onun ərizəsi məhz sənədlərinin qeydini nəzərdə tutur, elə isə öz yazdıqları kimi müqavilə və Abşeron RİH-nin Sərəncamını qeydə almalı idilər. Bu qeydə alma isə hər bir halda onun və Qaradağ İH-i üçün hüquqi nəticələr yaratmalıdır. Əks halda verilən cavab absurd olardı. Digər tərəfdən isə “X6 və X3 Quarry” Tam ortaqlı müəssisəyə istismarla bağlı verdikləri Sərəncamı qanuni saymaqla onun ləğvindən imtina edirlər. Onun faktiki olaraq həmin ərazidən istifadə hüququ yaranıb və istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5267/2017 saylı, 29 sentyabr 2017-ci il tarixli qərardadı ilə “X6 və X3 Quarry” Tam ortaqlı müəssisəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5267/2017 saylı, 19 dekabr 2017ci il tarixli qərardadı ilə ““X6 və X3 Quarry” Tam ortaqlı müəssisəyə yer təkinin istismarına razılıq verilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi”nə dair iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 saylı, 14 mart 2018-ci il tarixli qərardadı ilə "xxxx"(Azərbaycan) ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin «Yerin təkinin istismarına razılıq verilməsi haqqında» 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı Qaradağ rayonunun inzibati ərazisində yerləşən «Şahqaya» əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə «X6 və X3 Quarry» Tam Ortaqlı müəssisəsinin istifadəsində olan 6.24 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə razılıq verilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarı ilə razılaşmayan üçüncü şəxs «Holcim (Azərbaycan)» ASC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, X19 1999-cu ildə Səhmdar Cəmiyyətinə çevrilmiş, özəlləşdirilmiş və özəlləşdirmədən sonra müəssisənin adı "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti adına dəyişdirilmişdir. İsveçrə qanunvericiliyinə əsasən yaradılan və fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Şirkəti Azərbaycan Respublikasının Əmlak Komitəsi ilə bağladığı 7 sentyabr 1999-cu il tarixli "X21 Tipli Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində Səhmlərinin alqı-satqısı haqqında müqaviləyə ("investisiya Müqaviləsi") əsasən müəssisənin səhmlərini əldə etmişdir. Qaradağ rayon İH-nin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı ilə Qaradağ rayonu inzibati ərazisində yerləşən əhəng daşı yatağında istismar olunmamış yerin təkindən istifadə olunması məqsədilə “X6 və X1 Quarry” Tam ortaqlı müəssisəsinin 14,6 hektar torpaq sahəsindən istifadə etməsinə razılıq verilmişdir. Qaradağ Sement ATSC ilə X6 və X9 arasında sonuncuların “X6 və X1 Quarry” Tam ortaqlı müəssisəsində paylarının (100%) alqı-satqısına dair müqavilə imzalanmışdır. Bundan sonra “X6 və X1 Quarry” Tam ortaqlı müəssisəsi təşkilati-hüquqi formasını dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Həmin müddətdən indiyədək Qaradağ rayonu inzibati ərazisində yerləşən 14,6 hektar torpaq sahəsi Holcim (Azərbaycan) ASC-nin qanuni istifadəsindədir. İddiaçı Nuriyeva Güİxar Mehdi qızı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçməmişdir. "Holderbank Financières Claris Ltd." Məhdud Məsuliyyətli şirkəti ilə Azərbaycan Respublikasının Əmlak Komitəsi arasında bağlanan 7 sentyabr 1999-cu il tarixli investisiya Müqaviləsinin 3.1-ci maddəsinin "c" bəndində qeyd olunur ki, "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin onun istehsalat obyektlərinin yerləşdiyi torpaq sahələrindən o cümlədən, dövlət müəssisəsi olmuş X19 tərəfindən istifadə edilmiş istehsalat obyektlərinə bitişik, bütün torpaq sahələrindən, istifadə yaxud icarə, dövlət müəssisəsi olmuş X19 tərəfindən istifadə edilmiş mədənlərin yerləşdiyi torpaq sahəsindən, Səhmdar Cəmiyyətinin istehsalat obyektləri və mədənlər arasında olan bütün çıxışlardan və bütün lazımi nəqliyyat və daşıma yollarına çıxışlardan istifadə hüququ vardır. Torpağın icarəsi məqbul şərtlərlə həmişəlik və ya ən azı 99 il mümkün olacaqdır. Həmin Müqavilənin 5.1-ci maddəsinə əsasən Satıcı bildirir ki, bu Müqavilənin imzalanması tarixinə və investisiya Proqramının gerçəkləşdirilməsi müddətinə bəyannamələr düzgün və əsldir: “i” Səhmdar Cəmiyyəti, onun balans, texniki pasportu və bu Müqaviləyə Əlavə A kimi qoşulmuş xəritədə göstərildiyi kimi hal-hazirda Səhmdar Cəmiyyəti tərəfindən sement istehsalı üçün istifadə olunan torpaq sahələrindən istifadə hüququna malikdir və belə torpaq sahələri mövcud qanunvericiliyə müvafiq olaraq bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Səhmdar Cəmiyyətinin mülkiyyətinə köçürülə və yaxud onun tərəfindən icarəyə götürülə bilər. Göründüyü kimi Azərbaycan Respublikasının əmlakları üzərində sərəncam vermək hüququna malik olmuş Dövlətəmlakkom Holcim (Azərbaycan) ASC-nin mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun olmasını tanımış, həmin torpaq sahəsinə aid icarə və alqı-satqı müqaviləsi bağlamaq hüququnu Holcim (Azərbaycan) ASC-yə vermişdir. Belə olan halda həmin torpaq sahəsindən istifadə hüququnun İddiaçı Məmməd qızı adlı kənar şəxsə verilməsi barədə Abşeron rayon İH-nin 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı qanunsuzdur. Beləliklə, Birinci instansiya məhkəməsinin qərarı Torpaq icarəsi haqqında qanunun 10-cu maddəsində, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 1996-cı il tarixli, 438 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamənin 1-ci və 3-cü bəndlərində, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsində qeyd edilmiş hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərarını Abşeron rayon İH-nin İddiaçı Məmməd qızma 7 ha torpaq sahəsinin ayrılması barədə 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının mövcudluğu ilə əsaslandırır. “İnzibati icraat” haqqında qanunun 59.1.2-ci maddəsinə görə inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı inzibati aktda əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vətəndaşın soyadı və adı, atasının adı göstərilir. “İnzibati icraat” haqqında qanunun 65.1.6-cı maddəsinə görə kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız inzibati akt hesab olunur. Fiziki şəxsin eyniləşdirilməsi üçün adı, soyadı və ata adı yazılmalıdır, onlardan hər hansı biri fərqli olduqda fiziki şəxs eyniləşdirilə bilməz. Göründüyü kimi Abşeron rayon İcra Hakimiyyətinin İddiaçı Məmməd qızına 7 ha torpaq sahəsinin ayrılması barədə 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı İddiaçı üçün heç bir hüquq yarada edə bilməz. Beləliklə, Birinci instansiya məhkəməsi Qaradağ rayon İH-nin sərəncamını əsassız olaraq ləğv etməklə Mülki Məcəllənin 13, 700, 706-cı, “İnzibati icraat” haqqında qanunun 59.1.2, 65.1.6-cı maddələrinin və digər maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının mübahisəli torpaq sahəsi üzərində heç bir hüququ olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında məhkəmə iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququ olmasını Abşeron rayon İH ilə iddiaçı arasında mübahisəli torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanması ilə əsaslandırmışdır. Halbuki, həmin icarə müqaviləsi etibarsızdır. Belə ki, torpaq sahəsinə aid icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi nə üçün Abşeron rayon İH-nin 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının qüvvəsini Qaradağ rayon İH-nin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamını üstün tutduğu əsaslandırmamış, o məsələyə ümumiyyətlə toxunmamışdır. Abşeron rayon İH-nin sərəncamı özlüyündə torpaq sahəsinə aid heç bir hüquq yaratmır, həmin sərəncam icarə müqaviləsinin bağlanması üçün verilmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsi isə yuxarıda qeyd edildiyi kimi etibarsızdır. Ona görə də 2012-ci il tarixində Qaradağ rayon İH həmin torpaq sahəsinə aid yeni sərəncam vermək hüququna malik olmuş, 03a saylı, 23 yanvar 2012-ci il tarixli sərəncam verməklə həmin torpaq sahəsinə aid əvvəlki sərəncamları ləğv etmişdir. Belə ki, həmin torpaq sahəsinə aid heç bir hüquqi və fiziki şəxsin hüququ ilə yüklü olmamışdır. İddiaçının qanuni icarə müqaviləsi olmadığı üçün sonrakı sərəncam əvvəlki sərəncamı ləğv edə və ya dəyişdirə bilər, lakin, əvvəlki sərəncam sonrakıları ləğv edə bilməz. Deməli, sonrakı (Qaradağ rayon İH-nin ) sərəncamı əsas götürülməlidir. Birinci instansiya məhkəməsi isə həmin hallara diqqət yetirməmiş, qüvvədən düşmüş Abşeron rayon İH-nin sərəncamına və etibarsız icarə müqaviləsinə əsaslanaraq qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı mübahisəli torpaq sahəsinə aid icarə müqaviləsi etibarsız olduğu halda ona sübut kimi istinad etmiş, bununla da Mülki Məcəllənin 139.1, 337-ci, “Torpaq icarəsi haqqında” qanunun 12-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 19.1-ci, Torpaq Məcəlləsinin 67-ci , 68-ci və digər maddi hüquq normalarının, eyni zamanda İnzibati Prosessual Məcəllənin 68.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrində qeyd edilmiş prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə 15 il müddətinə icarə qaydasında İddiaçı Məmməd qızına ayrılmış 7 (yeddi) hektar torpaq sahəsi - X20 Fondunda saxlanılmış torpaqlardan “Kiçik Ağıl” Qış otlaqları, yəni kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmin sərəncamda qeyd edilir ki, həmin ərazi mişar daşı istehsal etmək üçün məqsədilə ayrılmışdır. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü hissəsində qeyd edilir ki, Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 1.2-ci maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmin qərarın 1.6-cı maddəsinə görə kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir. Göründüyü kimi torpaqların təyinatını, kateqoriyasını dəyişmək Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin isə mübahisəli torpaq sahəsinin təyinatını dəyişmək barədə qərarı yoxdur. Deməli Abşeron rayon İH-nin kənd təsərrüfatı torpaqlarını dağ-mədən sənayesi üçün istifadə edilmə məqsədilə icarəyə verilməsi barədə sərəncamı qanunsuzdur. Beləliklə, birinci instansiya məhkəməsi qərarında Abşeron rayon İH-nin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamına istinad etməklə Torpaq Məcəlləsinin 16, 38,48-ci, Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaların 1.2, 1.6-cı, “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddələrindəki maddi hüquq normalarını pozmuşdur. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 8-ci bəndinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. Həmin torpaq sahəsinin ayrılması barədə sərəncam 29 dekabr 2005-ci il tarixlidir. Təsdiqlənməyən icarə müqaviləsi də həmin tarixə aiddir. İddiaçı iddia ərizəsində etiraf edir ki, həmin torpaq sahəsindən istifadə etməmiş, məhkəməyə müraciət etməzdən az müddət əvvəl həmin torpaq sahəsindən istifadə etmək üçün Dövlət Ekspertiza İdarəsinə müraciət etmişdir. Deməli, iddiaçı həmin torpaq sahəsindən uzun müddət (10 ildən çox) istifadə etmədiyi üçün sərəncama əsasən həmin torpaq sahəsi üzərində olan hüququna xitam verilmiş hesab edilməlidir. Lakin, məhkəmə bunu nəzərə almamış və Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur. Mübahisəli torpaq sahəsi Qaradağ rayon İH-nin inzibati ərazi vahididir. Birinci instansiya məhkəməsindəki icraat zamanı həmin ərazinin 1963-cü il tarixində Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə Abşeron rayonuna verilməsi, 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ləğv edərək həmin ərazini Qaradağ rayon İH-nin tabeliyinə daxil etməsi fikri səsləndirilmişdi. Bu məsələ ilə bağlı məhkəmənin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 3-cü hissəsinə görə inzibati ərazi bölgüsü ilə bağlı məsələləri Milli Məclis müvafiq qanunlar qəbul etməklə həll edir. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikası Qanunim 8.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasmda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Ona görə də Nazirlər Kabinetinin hansısa qərarı ilə Qaradağ rayonunun inzibati-ərazi bölgüsünü dəyişdirməsi iddiası qanunvericiliyə ziddir. Hətta Azərbaycan SSRİ zamanında da inzibati ərazi vahidinin sərhədləri Ali Sovetin qərarı ilə dəyişdirilə bilərdi. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunun 4.0.5-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazi quruluşu Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirilməsinə əsaslanır. Bu o deməkdir ki, əgər torpaq sahəsi Qaradağ rayonunun ərazisində yerləşirsə torpaqdan həmin torpağa aid qərarları həmin rayonun icra hakimiyyəti başçısı verir. Birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli torpaq sahəsinin əvvəlcə Abşeron rayon İH-nin sərəncamında olması, 2006-cı il tarixində Bakı şəhər Qaradağ rayon İH-nin sərəncamına qaytarılması qeyd edilmişdir. Lakin, bu yalnız mənbəsiz informasiya kimi bildirilmiş, məhkəmə həmin əraziyə 2006-cı ilədək və ya həmin ildən sonra sərəncam vermək hüququnun hansı rayonun icra hakimiyyətinin səlahiyyətində aid olması barədə heç bir araşdırma aparmamış, bu barədə hər hansı bir sənədlərə istinad edilməmişdir. Məhkəmə eyni zamanda İddiaçı 7 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon İH-nin 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının həqiqiliyini araşdırmamışdır. Halbuki, iddia tələbini təmin edərkən məhkəmənin əsaslandığı əsas sübut həmin sərəncamdır. Hər hansı ərazi bir rayonun tabeliyindən digər rayonun tabeliyinə verilirsə həmin əraziyə aid bütün sənədlər həmin rayonun icra hakimiyyəti orqanına təhvil verilməlidir. Əgər mübahisəli torpaq sahəsi 2006-cı ilədək Abşeron rayon ərazisində olsaydı və həmin torpaq sahəsinin iddiaçıya verilməsi barədə sərəncam verilmiş olsaydı həmin sərəncam Qaradağ rayon İH-nə təhvil verilməli idi. Hazırki iddia üzrə Abşeron rayon İH ilə Qaradağ rayon İH arasında mübahisəli əraziyə aid heç bir təhvil-təslim aktı yoxdur. Buradan belə bir nəticəyə gəlirlər ki, 2006-cı ilədək mübahisəli torpaq sahəsinə aid Abşeron rayon İH-nin heç bir sərəncamı olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı torpaq sahələrinin üst-üstə düşməsini yoxlamaq üçün ekspertiza keçirilmişdir. 9207 saylı, 20 iyun 2018-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya ayrılmış 12 ha torpaq sahəsinin 6.24 ha hissəsində "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir. Halbuki, Abşeron rayon İH-nin 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamında iddiaçıya 7 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Deməli, ekspertiza zamanı ekspertlər iddiaçıya ayrılmış 7 ha torpaq sahəsi əvəzinə 12 ha torpaq sahəsinin Shahqaya Quarry” MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini yoxlamışlar. Təbii ki, belə olan halda ortaya düzgün rəy çıxmayacaqdır. Bundan başqa ekspertlər hər iki torpaq sahəsinin kəsişib kəsişmədiyini müvafiq cihazlarla deyil, vizual müşahidə əsasında müəyyən etmişlər. İlkin ekspert rəyində səhvlər olduğu üçün Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi təkrar ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə vəsatət vermiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Deməli, Birinci instansiya məhkəməsinin qərarı Mülki Prosessual Məcəllənin 101, 102-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmışdır. Yuxanda qeyd edildiyi kimi ekspertiza zamanı ekspertlər iddiaçıya ayrılmış 7 ha torpaq sahəsi əvəzinə 12 ha torpaq sahəsinin Shahqaya Quarry” MMC-nin istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşməsini yoxlamışlar. Məhkəmə qərar çıxararkən həmin ekspert rəyinə əsaslanmışdır. Belə olan halda iddiaçıya və 3-cü şəxs Shahqaya Quarry MMC-yə ayrılan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini sübut etmək mümkün deyildir. Apellyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC nümayəndəsi X15 apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, «X6 və X3 Quarry» Tam ortaqlı müəssisəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Abşeron rayon icra Hakimiyyətinin “Abşeron rayonuna təhkim olunmuş, "Kiçik Ağıl" Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə torpaq sahəsi ayrılması barədə tərtib olunmuş torpaqayırma sənədlərinin təsdiq edilməsi haqqında” 387 nömrəli xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonunun X20 Fondunda saxlanılmış torpaqlardan "Kiçik Ağıl" Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə 7 (yeddi) hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə icarə qaydasında İddiaçı Məmməd qızına ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin “Yerin təkinin istismarına razılıq verilməsi haqqında" 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən Qaradağ rayonunun inzibati ərazisində yerləşən "Şahqaya" əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə "X6 və X3 Quarry" Tam Ortaqlı müəssisəsinin istifadəsində olan 14,6 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 9207 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Azər Nəbizadənin tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, mülki iş materiallarının 12-ci və 13-cü səhifələrinə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti tərəfindən (sxemdə göstərilmiş ayrılacaq 12.0 hektar torpaq sahəsi 1:10000 miqyasında) tərtib edilmiş yerquruluşu planından çıxarışa (sxemə) istinadən (miqyas və situasiyaya uyğun olaraq) təqribən 6.24 hektar torpaq sahəsi, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən "X6 və X3 Quarry" Tam ortaqlı müəssisəsinə ayrılmış 14.6 hektar torpaq sahəsinin cizgisi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı “X6 və X3 Quarry” Tam ortaqlı müəssisəyə yer təkinin istismarına razılıq verilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 367 nömrəli xx.xx.2005-ci il tarixli Sərəncamı ilə İddiaçı Məmməd qızına ayrılmış torpaq sahəsinin təqribən 6.24 hektar torpaq sahəsi, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamı ilə “X6 və X4 Quarry” Tam ortaqlı müəssisəsinə ayrılmış 14.6 hektar torpaq sahəsi ilə üst-üstə düşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2145/2021 xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı “Holcim "xxxx" ASC-nin cаvаbdеh Bakı şəhəri Abşeron rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi, "xxxx" MMC, İddiaçı, X8, X6 cəlb edilməklə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamının etibarsız hesab edilməsi haqqında iddia tələbi təmin edilmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan məhkəmə qərarı iddiаçı “Holcim "xxxx" ASC, cаvаbdеh Bakı şəhəri Abşeron rayon İcra Hakimiyyəti, üçüncü şəxslər qismində cəlb olunmuş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi, "xxxx" MMC və X5 münasibətdə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 387 nömrəli sərəncamına əsasən “Kiçik Ağıl” Qış otlaqlarının ərazisində mişar daşı istehsal etmək məqsədilə 7 hektar torpaq sahəsi 15 il müddətinə icarə qaydasında İddiaçı Məmməd qızına ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması, Abşeron rayon İcra Hakimiyyətinin torpağın təyinatını dəyişmək səlahiyyəti olmadığı halda kənd təsərrüfat təyinatlı torpağı sənaye məqsədləri – mişar daşı istehsalı üçün üçüncü şəxsə ayırması əsası ilə həmin sərəncamın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin etibarsız hesab edilməsini tələb etdiyi Abşeron rayon İcra Hakimiyyəti başçısının 387 nömrəli, xx.xx.2005ci il tarixli sərəncamın mətnindən göründüyü kimi sərəncamda üçüncü şəxsə ayrılması göstərilən torpaq sahəsi qış otlaq sahəsinə aid torpaq sahəsi olmuşdur və həmin qış otlaq sahəsindən sənaye məqsədlərilə - mişar daşının istehsal məqsədilə üçüncü şəxsə torpaq ayrılmışdır. Yay və qış otlaqları, örüş və biçənək sahələri yalnız kənd təsərrüfatı məqsədilə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə ayrıla bilər, həmin torpaq sahələri digər məqsədlə ayrıla bilməz və istifadə edilə bilməz. Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilə bilər və təyinatı dəyişdirildikdən sonra digər məqsədlə ayrıla bilər və istifadə edilə bilər. Cavabdeh isə müvafiq səlahiyyəti olmadan özünün sərəncamda qeyd etdiyi kimi kənd təsərrüfatı məqsədli torpağın sənaye məqsədləri üçün istifadə edilməsi məqsədilə üçüncü şəxsə ayırmışdır. Bundan başqa işin faktiki hallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş torpaq sahəsidir. Belə ki, inzibati işin materiallarında olan sənədlərə əsasən iddiaçı X19nun hüquqi varisidir, xx.xx.1976-cı ildə X19na Şahqaya dağının şərq hissəsində 500 ha torpaq sahəsi ayrılmışdır, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 64 nömrəli sərəncamına əsasən Qaradağ rayonu Şahqaya dağının şərqində sement xammalının təşkili üçün Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 30/415 saylı qərarına əsasən ayrılmış 500 ha torpaq sahəsindən 383,8 ha geri alınsın, 116,2 hektar iddiaçının istifadəsində saxlanılmışdır. Abşeron rayon İcra Hakimiyyətinin 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamında torpaq sahəsinin yerləşdiyi ərazi “Kiçik Ağıl” Qış otlaq ərazisi kimi göstərilsə də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 nömrəli iş üzrə təyin edilmiş məhkəmə mühəndis texniki ekspertizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 9207 nömrəli, xx.xx.2018-ci il tarixli rəyinə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 387 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının verilməsi üçün əsas olmuş sxemdə göstərilmiş 12,0 ha torpaq sahəsinin təqribən 6,24 ha hissəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “X6 və X3 Quarry Tam ortaqlı müəssisəsi”nə ayrılmış 14,6 ha torpaq sahəsinin cizgisi ilə üst-üstə düşür 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2018ci il tarixli qərarından da göründüyü kimi hazırda “X6 və X3 Quarry Tam ortaqlı müəssisəsi” "xxxx" MMC kimi fəaliyyət göstərir və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır, iddiaçı isə həmin MMC-nin yeganə təsisçisidir, həmin MMC-yə isə Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 03a nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamı ilə 14,6 ha torpaq sahəsi də ayrılmışdır. Belə olan halda cavabdeh iddiaçının istifadəsinə verilmiş torpaq sahələrini heç bir əsas olmadan, iddiaçıya torpaq sahəsi ayrılması barədə qanuni torpaqayırma (hüquqmüəyyənedici) sənədləri qüvvədə olduğu halda üçüncü şəxsə vermişdir ki, bununla da qanunvericiliklə ona verilmiş səlahiyyətlərini aşmışdır. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 00946 nömrəli “Dağ mədən ayırması” adlı sənədinə, Azərbaycan SSR X24 Nəzarət Komitəsinin mədən ayırması aktına, Bakı şəhər X2 30/415 nömrəli, xx.xx.1976-cı il tarixli qərarından çıxarışa, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 64 nömrəli sərəncamına, Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/ 03-8/2974 nömrəli, xx.xx.2005-ci il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsi (Şahqaya dağı ərazisindəki) Qaradağ rayon inzibati ərazisinə aid olmuşdur. Cavabdeh həmin torpaq sahəsi barədə sərəncamın verdiyi zaman torpaq sahəsinin yerləşdiyi ərazinin Abşeron rayon İcra Hakimiyyətinin inzibati ərazinə aid olması barədə də heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Abşeron rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış 8/685 nömrəli, xx.xx.2018ci il tarixli məktubunda üçüncü şəxs İddiaçı mişar daşı istehsalı məqsədilə qeyd olunan sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 60 saylı qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin (Qaradağ rayonu) idarəçiliyinə qaytarılması göstərilsə də məktubda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 60 saylı qərarı (“Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə”) qeyd edilən torpaq sahəsi ilə bağlı deyildir. Beləliklə, məhkəmənin yuxarıda göstərilənlər nəzərə alınmaqla gəldiyi nəticəyə görə mübahisələndirilən inzibati akt (cavabdehin Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005ci il tarixli, 387 saylı sərəncamı) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi haqqında qərarı olmadan kənd təsərrüfatı məqsədli torpağın sənaye məqsədlərilə ayrılması barədə olduğu üçün, habelə həmin torpağın daha əvvəllər iddiaçıya ayrılması barədə hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu halda, torpaq Abşeron rayon inzibati ərazisinə aid olmadığı halda cavabdeh tərəfindən ayrıldığı üçün müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmişdir və buna görə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız hesab edilməlidir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası qanununun 65-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab olunur. Həmin qanunun 65.2-ci maddəsində qeyd olunur ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllə İlə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Cavid İsmayılzadənin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir." İşdən göründüyü kimi mübahisə predmeti olan iddiaçıya torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2145/2021 xx.xx.2021-ci il tarixli qərarı ilə artıq etibarsız hesab edilmişdir və qeyd olunan qərar hazırkı iş üzrə preyudisial xarakterə malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci İl tarixli, 387 saylı Sərəncamı etibarsız hesab edildiyinə görə o qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır. İddiaçının da mübahisəli torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə hüququ yaranmadığından, preyudisya əhəmiyyətə malik olan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə də təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün üçüncü şəxs apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-184/2018 saylı, 29 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı “X6 və X3 Quarry” Tam ortaqlı müəssisəyə yer təkinin istismarına razılıq verilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 03a saylı 23 yanvar 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar