Məhkəmə qərarları › İş №2-1(103)-15/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-15/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-15/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1861/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/637 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən hazırki vaxtadək ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/637 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi həmin vaxtdan hal-hazıra kimi iddiaçının istifadəsindədir. İddiaçı qanuni əsaslarla əldə etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə adına çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının ərizəsininin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina məktubunu əsasız hesab edir. Belə ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi məhz icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş və həmin qərarı hazırda qüvvəsində olmaqla dəyişdirilməmiş və ləğv edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, torpağa dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər - torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1993- cu il tarixli 629/637 nömrəli sərəncamında torpaq sahəsi 1200.0 kv.m, faktiki 739.0 kv.m torpaq sahəsi (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməkdədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022- ci il tarixli, 2- 1(112)-1861/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir, torpağa dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər - torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 629/637 nömrəli sərəncamında torpaq sahəsi 1200.0 kv.m, faktiki 739.0 kv.m torpaq sahəsi (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməkdədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçıya Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün 1200.0 kv metr torpaq sahəsi ayrılmışdır, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasında, iddia tələbinə etirazında və apellyasiya şikayətində aşağıdakı dəlillərə istinad etmişdir: -torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. -elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. -torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 629/637 nömrəli sərəncamında torpaq sahəsi 1200.0 kv.m, faktiki 739.0 kv.m torpaq sahəsi (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməkdədir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə qeyd edir ki, işin apellyasiya araşdırması zamanı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 629/637 nömrəli sərəncama əsasən İddiaçı ayrılan 1200.0 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin əldə edilməsi məqsədilə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmış, Xəzər Rayon İcra Hakimiyyəti sorğuya cavab olaraq bildirmişdir ki, 1993-cü ilə aid sənədlər Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Daha sonra eyni məzmunlu sorğuyla Milli Arxiv İdarəsinə müraciət edilmiş, Milli Arxiv İdarəsinin Bakı filialının sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1993cü il tarixli, 629/637 nömrəli sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin sərəncama cizgi sənədi əlavə edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hüquqmeəyyənedici sənədə torpaq sahəsinin cizgisinini əlavə edilməməsi imtina əsası kimi göstərilməməlidir. Halbuki, Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisinin verilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına daxil deyil. Bu səbəbdən həmin imtina əsası iddiaçının iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Apellyasiya şikayətinin ikinci dəlili torpaq sahəsinin Zirə sovxozunun ərazisində yerləşməsi ilə bağlıdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir, Xəzər RİH özü də məktubunda qeyd etmişdir ki, torpaq sahəsi Zirə Südçülük –Tərəvəzçilik sovxozunun ərazisinə düşdüyündən sözügedən sahəyə cizgi və xəritədən çıxarış verə bilməz, ümumiyyətlə İcra Hakimiyyəti sovxoz ərazisində yerləşən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi verə bilməz. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin naturada harada yerləşməsinin, həmin torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra Zirə Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında tərtib edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9024 nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir. Qərardadın 1-ci və 2-ci sualları üzrə: Göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 739.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 739.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: • 437262.708 4475093.070 • 437233.117 4475086.808 • 437228.133 4475110.318 • 437257.745 4475117.266 Qərardadın 3-cü sualı üzrə: Göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 739.0 kv.m təşkil edir. Qərardadın 4-cü sualı üzrə: Qeyd olunan sahəyə dair sənəd, yerləşmə cizgisi təqdim edilmədiyindən mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütövlüklə keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 İyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Qərardadın 5-ci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütövlüklə keçmiş Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin bütövlükdə Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyinin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan dəlili də əsassız olmaqla, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, apellyasiya baxışı zamanı işin obyektiv araşdırılması məqsədilə, cavabdeh inzibati orqana sorğu ünvanlanaraq İddiaçı iddia etdiyi ünvan 5 ünvanının ətrafında olan torpaq sahələrinə dair ortofoto görüntünün, həmin torpaq sahəsinin ətrafında olan qeydiyyatdan keçmiş torpaq sahələrinin olub-olmaması barədə məlumatın, əgər qeydiyyatdan keçmiş torpaq sahələri varsa, qeydiyyatdan keçməsinə əsas olmuş bütün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, eyni hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 41 saylı sahəyə X5 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********54), Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 7H saylı sahə Axtaraliyeva (Əkbərova) Həmiyəxanum Mehti qızının adına (daşınmaz əmlakın reyestr nömrəsi **********65), Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 04 saylı sahə X2 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********35) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı qeyd olunan şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən yuxarıda qeyd olunan əsaslarla imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1842/2023 saylı xx.xx.2023-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İş materiallarında olan Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/891 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün X7 1200.0 kv metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/903 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün X1 1200.0 kv metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/909 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün X3 1200.0 kv metr torpaq sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1741/2023 saylı qərarı ilə iddia təmin edilərək iddiaçı X2 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 04 saylı sahədə yerləşən 1094 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh AR İN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən sözügedən qərardan apellyasiya şikayəti verildiyi görünmür. Qərar cavabdeh inzibati orqan tərəfindən icra edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsi, 04 saylı sahə X2 adına (daşınmaz əmlakın reyestr nömrəsi **********35) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı qeyd olunan şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlər əsasında hazırki cavabdeh inzibati orqan tərəfindən inzibati icraat qaydasında, 1 şəxsə münasibətdə isə məhkəmə qərarı əsasında (qərardan cavabdeh inzibati orqan şikayət verməmişdir) yuxarıda adları qeyd olunan şəxslərin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq İddiaçı müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamışdır. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddianı mahiyyəti üzrə əsaslı hesab etməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qərarından görünür ki, qərarın nəticə hissəsində Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulsa da, torpaq sahəsinin faktiki istifadə vəziyyəti və faktiki sahəsi nəzərə alınmamışdır. Belə ki, iş üzrə alınmış 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında tərtib edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3- 16-16/2-10/9024 nömrəli ekspert rəyində göstərilən torpaq sahəsinin faktiki olaraq hasar daxili 739.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də iddiaçının faktiki istifadəsində olan hasar daxili sahənin 739.0 kv.m təşkil etməsini inkar etməmişdir. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)- 1861/2022 nömrəli qərarı dəyişdirilərək, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ, torpaq sahəsinin ölçüsü 739.0 kv.m qeyd edilməklə, dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 50 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1861/2022 nömrəli qərarı dəyişdirilsin. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, xx.xx.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun, torpaq sahəsinin ölçüsü 739.0 kv.m qeyd edilməklə, dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar