Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-15/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2316/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan Əhmədli Bələdiyyəsinin 04 aprel 2008-ci il tarixli 017 saylı qərarı ilə Bakı şəhəri 1-ci Əhmədli küçəsində yerləşən 300 kv.metr həyətyanı torpaq sahəsinin kadastrının çəkilməsi və dövlət reyesti qeydiyyatından keçirərək həmin torpaq sahəsinə dair çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyeva X3 bələdiyyəsinə müraciət edərək, 1-ci Əhmədli küçəsi, 12 ünvanında yerləşən, uzun müddət istifadə etdiyi, hasarın içərisində yerləşən 300 kv.m torpaq sahəsinin həyətyanı sahə kimi alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsini xahiş etmişdir. Əhmədli Bələdiyyəsinin 14 aprel 2008-ci il tarixli qərarı ilə ona torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə olunan poçt qəbzindən göründüyü kimi, rəsmi müraciət edib, torpaq sahəsinin özəlləşdirilməsini istəsə də, cavabdeh buna dair şifahi şəkildə imtina versə də, rəsmi cavab vermir və bu əsasla məhkəməyə nüraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin müvafiq maddələrinə əsasən bütün mülkiyyət növləri üzrə torpaqların xəritəçəkmə fəaliyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-2316/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırır ki, Əhmədli Bələdiyyəsinə müraciət edərək 1-ci Əhmədli küçəsi, 12 ünvanında uzun müddət istifadəsində olan, hasarın içində yerləşən 300 kv.m torpaq sahəsinin həyətyanı sahə kimi alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsin xahiş etmişdir. Əhmədli Bələdiyyəsinin 017 saylı 14 aprel 2008-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmışdır. Torpağın alqı-satqısına dair akt, ərazi planı ölçüsünü müəyyən edən sənədləri ərizəsinə əlavə etmiş və ən əsası həmin sənədlərin arxivinin olması barədə Bələdiyyə tərəfindən onda olan sənədlər də təqdim olunmuşdur. Məhkəmə iddia tələbini təmin etməməklə mülkiyyət hüququnun tələbini pozmuşdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Bundan başqa, cavabdeh payların bölünməsini natura qaydada tələb etmədən digər mülkiyyətçinin hüququnu pozmaqla mənzilin hərrac yolu ilə satılmasını istəmiş və məhkəmə onun iddiasını təmin etməklə mülkiyyət hüququnu pozmuşdur. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin “Fərdi ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında” 017 №-li, xx.xx.2008-ci il tarixli qərardan çıxarışdan görünür ki, 1-ci Əhmədli küçəsində yerləşən uzun müddət istifadə etdiyi (cizgidə göstərilən) 300 kv.m torpaq sahəsinin həyətyanı sahə kimi alqı-satqı yolu ilə vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunur: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci tarixli ********** nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinə dair tərəfinizdən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-171 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda Əhmədli Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 017 saylı qərarının Bələdiyyələrlə iş mərkəzində aşkar olunmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA- 06511-2022 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda Xətai rayonu Əhmədli Bələdiyyəsinin arxiv sənədlərinin o, cümlədən xx.xx.2008-ci il tarixli 017 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2-2022-4627 №li 04 noyabr 2022-ci il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubuda qeyd olunmuşdur ki, yaşadığı evin sənədləşdirilməsi barədə ərizəsinə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar ilkin sənədlər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmadığından, xahişini yerinə yetirmək imkanları xaricindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi (Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 04 aprel 2008-ci il tarixli 017 nömrəli qərarı ilə İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsi) faktiki olaraq 903.9 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 903.9 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X-410611.630; 410658.100; 410653.980; 410640.440; 410640.930; 410629.090; 410628.680; 410616.050; 410611.460; Y- 4471439.000; 4471432.540; 4471411.340; 4471413.990; 4471416.950; 4471418.900; 4471416.440; 4471418.530; 4471418.710. Vahid elektron kadastr məlumat bazasında göstərilən sahənin dövlət qeydiyyatı və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1125 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 903.9 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 903.9 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X - 410611.630; 410658.100; 410653.980; 410640.440; 410640.930; 410629.090; 410628.680; 410616.050; 410611.460; Y - 4471439.000; 4471432.540; 4471411.340; 4471413.990; 4471416.950; 4471418.900; 4471416.440; 4471418.530; 4471418.710. Vahid elektron kadastr məlumat bazasında göstərilən sahənin dövlət qeydiyyatı və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər). 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 23 oktyabr 2007ci il tarixli 466-İİİQD nömrəli Qanununun İİİ maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin 017 saylı xx.xx.2008-ci il tarixli qərarına əsasən 300 kv.m torpaq sahəsi həyətyanı sahə kimi alqı-satqı yolu ilə İddiaçı ayrılmışdır. İddiaçı hazırda qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi faktiki olaraq 903.9 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması hər hansı sübutla öz təsdiqini tapmır. Bundan başqa, sadalanan qanunvericilik normalarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı xx.xx.2008-ci il tarixdə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Lakin qeyd olunan qərara əsasən iddiaçıya torpaq sahəsi qanunvericiliyin tələblərinə zidd olaraq hərrac və ya müsabiqə keçirilmədən ayrılmışdır. Göründüyü kimi, iddiaçıya qeyd olunan torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun ayrılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2316/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-15/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-15/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver