Məhkəmə qərarları › İş №2-1(103)-150/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-150/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-150/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X17 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1829/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı kiçik sahibkarlıqla məşğul olmaqla fiziki şəxs olan vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verilmişdir (VÖEN **********). Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Sahə B2000/130 ünvanında yerləşən tikiş sexi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən gəlib yoxlama aparmışlar. Sonradan ona məlum olmuşdur ki, tikiş sexində keçirilmiş yoxlamanın nəticəsi olaraq cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 nəfər fiziki şəxsi şlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdə təqsirli bilinərək barəsində 42.000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarda keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 000758 nömrəli akt(lar)ına, eləcə də vergi nəzarəti tədbiri zamanı toplanmış materiallara əsasən müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərar qanunsuz və əsassız olmaqla heç bir sübutla təsdiq olunmur. Qərarda göstərilən tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin əməkdaşları işlədiyi tikiş sexində olmuşlar. Həmin idarənin əməkdaşları tikiş sexinin fəaliyyət göstərdiyi əraziyə tam qanunsuz olaraq onun icazəsi olmadan daxil olmuşlar. Həmin idarənin əməkdaşları ora gələrkən qərarda göstərilən 21 nəfərin heç biri aktiv işlə məşğul olmamış və ya iş başında saxlanılmamışdır. Həmin şəxslər təsadüfən ora gələn şəxslər və ya işləmək üçün müraciət etmək məqsədilə sexə gəlmiş şəxslər olmuşlar. Qərarda isə həmin 21 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər olduğu göstərilmişdir. Həmin vaxt izahat vermiş 13 nəfər şəxs də izahatlarında orada əvvəldən işləmədiklərini, həmin gün oraya gəldiklərini bildirmişlər. 8 nəfər şəxs isə ümumiyyətlə izahat verməmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq onun vergi qanunvericiliyinin tələblərini pozduğu əsas gətirilərək barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərar qəbul edilmiş və 42.000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, araşdırma zamanı İdarənin xx.xx.2021-ci il tarixli **********4728 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Sahə B2000/130 ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, akt tərtib edilmiş və həmin akt vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Alınmış izahatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 33 nəfər fiziki şəxs muzdlu işə cəlb edilmiş, lakin onlardan 21 nəfəri ilə əmək müqaviləsi bağlanmadığını və yaxın zamanda həmin şəxslərlə əmək müqaviləsi bağlayacağını bildirmiş, beləliklə də iddiaçı tərəfindən əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin muzdlu işə cəlb edilməsi ilə həm əmək, həm də vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1829/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi iş üzrə ətraflı və obyektiv araşdırma aparmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarında göstərilən tarixdə Bakı şəhəri X28 üzrə Baş İdarəsinin əməkdaşları həqiqətən də iddiaçının işlətdiyi tikiş sexində olmuşlar və həmin idarənin əməkdaşları tikiş sexinin fəaliyyət göstərdiyi əraziyə tam qanunsuz olaraq iddiaçının icazəsi olmadan daxil olmuşlar. Həmin idarənin əməkdaşları ora gələrkən qərarda göstərilən 21 nələrin heç biri aktiv işlə məşğul olmamış və ya iş başında saxlanılmamışlar. Həmin şəxslər təsadüfən ora gələn şəxslər və ya işləmək üçün müraciət etmək məqsədilə sexə gəlmiş şəxslər olmuşlar. Lakin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarında isə guya həmin 21 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər olduğu göstərilmişdir. Həmin vaxt izahat vermiş 13 nəfər şəxs də izahatlarında orada əvvəldən işləmədiklərinə, ora həmin gün gəldiklərini bildirmişlər. 8 nəfər şəxs isə ümumiyyətlə izahat verməmişdir. Lakin iddia tələbini araşdıran birinci instansiya məhkəməsi 21 nəfər şəxsin hamısının İddiaçı tərəfindən ona məxsus tikiş sexində əmək müqaviləsi olmadan işlətməsini təsdiq edən sübutlar olmadığı halda cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarının qəbul edilməsinin qanuniliyi yoxlanılmamışdır. Cavabdeh orqan 13 nəfərin izahatının alındığını, həmin şəxslərin öz izahatlarında iddiaçıya məxsus tikiş sexində işlədiklərini qeyd edərək bunun əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021- ci il tarixli, **********6206 nömrəli qərarı qəbul etmiş, lakin qəbul edilmiş qərar da 21 nəfər şəxsin İddiaçı tərəfindən əmək müqaviləsi bağlanılmadan işlədildiyi göstərilmiş və onun barəsində 42.000 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin cavabdeh orqan 21 nəfər şəxsin iddiaçı tərəfindən əmək müqaviləsi bağlanılmadan işlədilməsini sübut etməmiş, heç bir əsas olmadan guya iddiaçı tərəfindən 21 nəfər şəxsin qanunsuz olaraq - əmək müqaviləsi bağlanılmadan işlədilməsini əsas götürərək onun barəsində vergi məsuliyyətinə cəlb edilmə barədə qərar qəbul etmişdir. Göründüyü kimi inzibati orqan iddiaçı tərəfindən 21 nəfər şəxsin əmək müqaviləsi bağlanılmadan işlədilməsini sübut etmədən onun həmin sayda şəxsləri qanunsuz işlətməsinə istinad etmişdir və qərar qəbul etmişdir. Qeyd olunan qərar da 13 nəfər şəxsin izahat verdiyi göstərildiyi halda İddiaçı 21 nəfər şəxsi əmək müqaviləsi bağlanılmadan işlətməsi faktına görə vergi məsuliyyətinə cəlb edilməsi qanunsuzdur və bu da “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli, **********6206 nömrəli qərarının ləğv edilməsi üçün əsasdır. Yəni, qərar ya tam qanuni olmalıdır, ya da qanunsuzdur. Natamam qanuni qərarın olması mümkün deyildir. Hazırki iş üzrə isə cavabdeh tərəfindən qəbul edilmiş qərarın tam qanuniliyi öz təsdiqini tapmır və cavabdeh orqan iddiaçının qanunsuz işlətdiyini göstərdiyi işçilərlə yanaşı, qanunsuz işlədildikləri sübut edilməyən şəxslərə görə də iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X28 üzrə Baş İdarəsinin rəisi Vüsal Qarayev tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli, **********709500 N-li qərarı qanunsuzdur və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı, 1-ci dərəcəli hüquqşünas X18 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 21 sentyabr 2021-ci il tarixli qərarı ilə başlanılmış təhqiqat işi başa çatana və yekunu barədə qərar qəbul edilənədək dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri X28 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş icraatın təzələnməsi barədə vəsatətinə və həmin vəsatətə əlavə edilmiş İddiaçı barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar nəzərə alınmaqla, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi O.Heydərli onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir . Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. İşdən görünür ki, cavabdeh idarənin xx.xx.2021-ci il tarixli **********4728 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Sahə B2000/130 ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, həmin fakt barədə akt tərtib olunmuş və həmin akt əsasında da qəbul olunmuş xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarla iddiaçı tərəfindən 21 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması ilə, yəni, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hər işçiyə münasibətdə 2000 manatdan olmaqla, cəmi 42.000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq olunaraq, vergi məsuliyyətinə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, iddia rədd edilmiş və məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki: “...inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 21 nəfər fiziki şəxsin 13-ündən alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərin bəziləri ilə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Qeyd edilməlidir ki, izahatı alınan fiziki şəxslər izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin sexdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. məhkəmə bir daha vurğulayır ki, iddiaçı özü də izahatında işçilərin adlarını sadalamaqla 21 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan onları işə qəbul etdiyini, əmək haqqının tərəfindən ödənildiyini, qısa müddət ərzində həmin şəxslərlə müqavilə bağlayacağını bildirmişdir. ...VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə qismən razılaşır. Belə ki, iddiaçıya, mübahisələndirilən qərarla 10 nəfər münasibətdə iddiaçı tərəfindən əmək müqaviləsi bağlamadan onları işə qəbul etdiyinə görə hər birinə görə 2000 manatdan olmaqla, 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması əsaslı olsa da, digər 11 nəfərə münasibətdə onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmalarına örə 22.000 manat məbləğində maliyyə sanksiyasının tətbiqi aşağıdakılara görə tamamilə əsassızdır. İPM-in 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırkı dayandırılmasına əsas olmuş cinayət işi ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, İdarədə istintaqı olunmuş “212980507 nömrəli cinayət işinin icraatına xitam verilməsinə dair” Azərbaycan Respublikası Baş Prokurorun müavini ilə razılaşdırılmış qərarına əsasən operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işə cəlb edilən 21 nəfər şəxsdən yalnız 10 nəfərə münasibətdə əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edildiyi öz təsdiqini tapmış, qalan 11 nəfərə münasibətdə belə faktların mövcudluğu müəyyən olunmamışdır. Belə ki, sözügedən 11 nəfər şəxsi: - X7, X11, (AZE:09764644, FİN:1N3SET8), X12, X13, X2, X14, X15, X3, X4, Rahmanova ƏfqanəFizuli qızının və X8 –iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən olunmamış; - 10 nəfər işçi: X5, X25, X1, X9, X27, X26, X20, X10, X21 və Mustafayeva Sevil Vəkil qızının isə iddiaçı tərəfindən əmək müqaviləsi hüququi qüvvəyə minmədən müxətlif işlərin yerinə yetirilməsinə cəlb etməklə onun Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmiş, ümumilikdə 2395,84 manat məbləğində icbari tibbi sığorta, işsizlikdən sığğorta və məcburi dövlət sosial sığorta haqlparı ödənilməkdən yayındığı təsdiqini tapmış və onun istintaq onun təqdim etdiyi qəbzlərə əsasən həmin məbləği DSMF-yə ödədyi və səmimi peşmançılığı nəzərə alınmaqla CPM-in 40.3-cü maddəsinə əsasən cinayət iş üzrə icraata xaitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən yalnız 10 nəfərə münasibətdə onları işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyi təsdiq olunmuşdur ki, həmin şəxslərə görə də o, dövlət büdcəsinə ödəməli olduğu 2395,84 manat məbləğində işsizlikdən sığorta, icbati tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə dövlət büdcəsinə ödəməklə, qanunazidd hərəkətləri törətdiyini etiraf etmişdir. Qalan, 11 münasibətdə isə belə faktlar müəyyən olunmamışdır. öründüyü kimi, operativ vergi nəzarəti həyata keçirilərkən və mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh hərtəfrəli inzibati araşdırma aparmamış, vergi ödəyicisinin xeyrinə olan halları ümumiyyətlə, tədqiq olunmasından çəkinmişdir. Halbuki, İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati orqan: “- inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.” Eyni zamanda, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Beləliklə də, cavabdehin mübahisələndirilən qərarının - iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə 11 nəfərə münasibətdə 22.000 manat (11x2000) manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla, onun vergi məsuliyyətinə cəlb olunması həissəsində yalnız qanunsuz və əsassız olduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işə baxarkən bütün faktiki halları aydınlaşdırmamış, yalnız cavabdehin təqdim etdiyi sübutlara hüquqi qiymət verməklə, iddiaçının tələbini əsassız olaraq tam həcmdə rədd etmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ətraflı və obyektiv araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1829/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalı və iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarı qismən, iddiaçının 22.000,0 (iyirmi iki min) manat məbləğdə vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə rədd edtilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1829/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Bakı şəhəri X28 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6206 nömrəli qərarı - İddiaçı 22.000,0 (iyirmi iki min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Qalan hissədə iddia rədd olunsun. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar