Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-150/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4208/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, kirayə haqqınının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı Xüsusi Təyinatlı Qüvvələrin 3-cü qrup Vətən müharibəsi əlili kimi xx.xx.2022-ci il tarixində Xətai rayon İcra Hakimiyyəti başçısının 440 nömrəli sərəncamı ilə özü və 4 nəfər (həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə üzvü ilə birlikdə güzəştli mənzil növbəsinə alınmışdır. Halhazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birgə kirayədə qalır. Hərbi xidmət keçdiyi müddətdə kirayə haqqı mütəmadi ödənilmişdir. Hal-hazırda 3-cü qrup Vətən müharibəsi əlili kimi hərbidən tərxis olunmuş və əlilliyə görə pensiya alır. Xüsusi Təyinatlı Qüvvələrin 3-cü qrup Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alındığından və ehtiyatda olan zabit kimi kirayədə qaldığından aylıq kirayə xərcləri ilə təmin olunmadığı üçün Xətai Rayon icra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, kirayə xərcləri ilə təmin olunmağı Xətai rayon İcra Hakimiyyətinin səlahiyyəti xaricində olduğundan təmin etmək mümkün deyil. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 №-li Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha cox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Qərarın 1.1-ci bəndinə görə bu məbləğ Bakı şəhərində 150 manat məbləğində müəyyən olunmuşdur. Qərarın 2-ci bəndinə əsasən bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Ümumilikdə o və 4 nəfər (həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə üzvlərinə (5 nəfər üçün) Xətai Rayon İcra Hakimiyyətinin kirayə üçün ödəməli olduğu məbləğ 450 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 3-cü dərəcə Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmış iddiaçının ehtiyatda olan zabit kimi aylıq kirayə xərcləri ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmış və qaldırılan məsələnin rayon icra hakimiyyətinin səlahiyyəti xaricində olduğu bildirilmişdir. - kirayəyə verən X5 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, kirayəyə verən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4 a, mənzil 82-ni xx.xx.2027-ci il tarixədək kirayəçiyə kirayəyə vermişdir. - iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı Xətai Rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək 3-cü dərəcə Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. - Xətai rayon İcra Hakimiyyəti başçısının “vətəndaş İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə alınması haqqında” xx.xx.2022-ci il tarixli 440 saylı Sərəncamından çıxarışda göstərilmişdir: “vətəndaş İddiaçı xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Xətai rayonu Polad Həşimov küçəsi 18, N nömrəli h/h-də 5 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə daimi qeydiyyatdadır. Vətəndaş İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Əmək və ƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konistitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü dərəcə Vətən müharibəsi əlilidir. Vətəndaş İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək 3-cü dərəcə Vətən müharibəsi əlili kimi 4 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmasını xahiş edir. Qeyd olunanlara əsasən, vətəndaş İddiaçı 5 nəfər (özü, həyat yoldaşı, 2 oğlu, 1 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınsın və Vətən müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilsin. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı və xx.xx.1989-cu il təvəllüdlü X3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Az-İ№700926 saylı Nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X6 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Nurməmmədova” soyadı verilmişdir. - AR Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 8 nömrəli MİS-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həyat yoldaşı X4, uşaqları- X10, X8 və X7 Bakı şəhəri, Xətai rayonu, N saylı hərbi hissədə qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ehtiyatda olan 3cü dərəcəli kapitan İddiaçı həqiqətən xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək kursant, xx.xx.2009cu ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v" bəndinə (xəstəliyə görə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31- 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) olduğuna görə aylıq 300 (üç yüz) manat məbləğində Prezident təqaüdü alır. Təyinatın başlama tarixi: xx.xx.2022, Təyinatın bitmə tarixi: xx.xx.2024. - Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 03/624 №li arayışdan görünür ki, arayış ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və X1 ötrü verilmişdir ki, onlara Xətai rayon Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya və həyat yoldaşına ünvanlanan xx.xx.2022-ci il tarixli, ix/229 №li eyni məzmunlu məktublardan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı və X2 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət İş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş iddiaçının ehtiyata buraxılmasına əsas olmuş sənədlərə əlavə edilən N №li hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci dəniz xüsusi təyinatlı taborunun dəniz xüsusi təyinatlı dəstəsinin (sualtı müdafiə) komandiri-dalğıc mütəxəssisi, xx.xx.2005-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olan, xx.xx.1987-ci il tarixdə Göyçay rayonunda doğulmuş, xx.xx.2021-ci il tarixdən, 3-cü dərəcəli kapitan, İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimat verilmişdir. Təqdimatda aşağıdakılar qeyd olunmuşdur: “Təqdimat “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunur. 3-cü dərəcəli kapitan İddiaçı hərbi hissədə xidmət etdiyi müddətdə özünü məsuliyyətli, nizam-intizamlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib, xx.xx.2020-ci il tarixdə Xocəvənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 1749 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" qərarı verilmişdir. Hərbi qulluqçu ilə söhbət aparılmış mənzillə təmin olunmadığını bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq 3-cü dərəcəli kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. Təqvimlə xidmət illəri: 17 il, 00 ay, 26 gün Güzəştli xidmət illəri: 05 il, 09 ay, 11 gün Ümumi xidmət illəri: 22 İl, 10 ay, 07 gün. Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndəriləcək. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən orqanizmin funksiyasının 50% pozulması ilə 2 (iki) il müddətinə əlillik təyinatı aparılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etdiyi müddət ərzində yaşayış sahəsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim olunan iddiaçının şəxsi işi və xidmət kartasına əlavə edilən N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli nizami hissə üzrə 288№li Əmrindən Çıxarışda aşaşıdakılar qeyd olunmuşdur: 3-cü dərəcəli kapitan İddiaçı, 2- ci dəniz xüsusi təyinatlı tabor xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) komandri-dalğıcı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 sentyabr 2022-ci il tarixli 0770 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyinə görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2022-ci ilin hesabından qalan 45 (qırx beş) gün müddətinə məzuniyyət verilməklə 14 novabr 2022ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilsin. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 4-cü bazasına əsasən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, ehtiyatda olan hərbi qulluqçu olan iddiaçı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək əlilliyi olan şəxs kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 440 saylı Sərəncamı ilə iddiaçı ailə tərkibi ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə alınaraq Vətən müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilmişdir. İddiaçı hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4 a, mənzil 82-də xx.xx.2022-ci il tarixli müqavilə üzrə kirayədə yaşayır. İddiaçı 3-cü dərəcə Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alındığına və ehtiyatda olan zabit kimi kirayə qaldığına istinad edərək kirayə xərclərinin ödənilməsi üçün cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin bu xahişi təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericlik normalarından göründüyü kimi müvəqqəti kirayə xərclərinin ödənilməsini hərbi qulluqçu kimi mənzil növbəsinə götürülən şəxslərə şamil edilmişdir. Hazırkı halda isə iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunda göstərilən əsaslarla deyil, əlilliyi olan şəxs kimi mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil növbəsinə götürülmüşdür. Əlilliyi olan şəxslərə yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də, iddiaçı AR Nazirlər Kabinetinin 174 nömrəli 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndi üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə aid edilə bilməz. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4208/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-150/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-150/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver