Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1500/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Dövlət Gömrük Komitəsində qulluğa əsassız xitam verildiyinə görə məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı № 307 saylı əmrə əsasən xx.xx.1991-ci il tarixdən etibarən Bakı Gömrüyünün inspektoru vəzifəsində çalışmışdır. Çalışdığı dövrdə xx.xx.1994-cü ildə “Qaçaqmalçılığın yol verilməsinin qarşısının alınmasına görə” № 263 saylı əmrlə təşəkkür elan edilmişdir. İddiaçı xx.xx.1996-cı ildən etibarən Bakı Baş Gömrük İdarəsi poçt göndərişlərinə nəzarət bölməsinin rəisi vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdə № 1000/1288Ş saylı əmrlə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifəsinə xitam verilmişdir. İddiaçı xidmət illərində vəzifəsini icra edərkən icra intizamını, hər hansı müəssisədaxili intizam qaydalarını pozmamış, vəzifəsini düzgün və məsuliyyətli icra etmişdir. O, vəzifə mövqeyindən sui-istifadə etməmiş, xidmətli illərində nümunəvi gömrük əməkdaşı olmuş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsində qeyd edilən hallara uyğun olaraq (həmin əsasnamənin 16 və 44-cü maddələrinin pozulması, həmçinin “Korrupsyaya qarşı mübarizə haqqında” Qanunun 5.1- ci maddəsinin tələblərinə əməl etmədikdə) irad, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, aşağı vəzifəyə keçirilmə, xüsusi rütbənin bir pillə aşağı salınması, vəzifədən azad etmə və digər intizam tenbeh tədbiri tətbiq edilməmişdir və daha əvvəl qeyd edildiyi kimi fəaliyyətindəki uğurlara, intizama, məsuliyyətliliyinə müvafiq olaraq müvafiq mükafatlar, rütbələr verilmişdir. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən vəzifəli şəxs belə vəzifəyə keçirilmədən imtina etdikdə xidmətə xitam verilir. İddiaçı vəzifəsinə xitam verilərkən müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmiş, onun peşəkar keyfiyyətləri obyektiv dəyərləndirilməmişdir. Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən həmin Məcəllə hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Müvafiq olaraq iddiaçının işdən azad olunması həmçinin Əmək Məcəlləsinin tələbləri gözlənilməklə həyata keçirilməli idi. Belə ki, Əmək Məcəlləsinin 83- cü maddəsinə əsasən “ştat ixtisarı” əsası ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməli idi. İddiaçı müvafiq ərizə ilə Dövlət Gömrük Komitəsinə müraciət etmiş, lakin qurum həmin ərizəyə cavabda verilən qərarı əsaslandırmamışdır. Azərbaycan Respublikasının Prezidentinin 837 saylı, 21 dekabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddi təsdiq edilmişdir. Möhtərəm cənab prezident İlham Əliyev həmin sərəncama heç bir dəyişiklik etməmişdir və ya Dövlət Gömrük Komitəsinin ştat vahidləri barədə yeni sərəncam verməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməsi üçün “Dövlət orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci bəndində qeyd olunan digər əsaslarda (pensiya çıxmaq hüququ verən xidmət illəri, yaş həddi və s.) mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 127-ci maddəsinə əsasən-gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, AR Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1288 Ş saylı əmrinin ləğv edilməsi, gömrük orqanlarında müvafiq vəzifəyə bərpa və DGK-də məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-661/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1288 Ş saylı əmrinin ləğv edilməsi, gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-(112)-389/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1973/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-389/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2051/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2021-ci il tarixli, 2-1(103)- 1973/2021 nömrəli qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, cavabdehin şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, əməkdaşların ixtisaslarına, bacarıqlarına uyğun ştatlar üzrə vəzifələrə yerləşdirilməsi, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin daha təcrübəli, işgüzar, peşəkar və gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik əməkdaşlar hesabına komplektləşdırilməsi məqsədilə əməkdaşların tutduqları vəzifələr üzrə ştat vahidlərinin hərəkəti (bır ştat vahidinin bir struktur bölməsindən digər struktura verilməsi, eləcə də əməkdaşların ştat vahidi ilə birlikdə digər struktur bölməsinə keçirilməsi və s.) Komitədə mütəmadi surətdə təşkilatı- ştat tədbirləri olaraq həyata keçirilir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri qeyd olunan təşkılati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə sərəncamda saxlanıla bilər. Eyni zamanda Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə“ ilə müəyyən edilmişdir Dövlət Gömrük Komitəsi üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bır əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərinin gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərim vəzifəyə təyin və vəzifədən azad edir. Komitənin müvafiq əmri ilə Komitənin sərəncamında olan İddiaçı sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış, eyni zamanda həmin müddət ərzində digər vakant vəzifə olmadığından İddiaçı hər hansı digər vəzifə təklif olunmamışdır. Qeyd olunan inzibati aktların qanuniliyi sübhə doğurmur, çünki formal-hüquqi baxımdan həmin aktda “inzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Eyni zamanda həmin inzibati aktlar maddihüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir. Həmçinin, digər hüquq mühafizə orqanlarının ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə" (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı müddəalar öz əksini tapmışdır. Diqqətə çatdırırlar ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında və digər kütləvi informasiya vasitələrində elan verilir. İddiaçının sərəncamda olduğu tarixlərdə gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Əlavə olaraq bildirirlər ki, Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəlinin dövri nəşr olunmadığını, həyata keçirilən ştat tədbirləri ilə bağlı həmin cədvəlin elektron qaydada daima yeniləndiyini nəzərə alaraq iddiaçının sərəncamda olduğu müvafiq tarixlər üzrə məlumatların əldə edilməsi, nəşr olunması faktiki olaraq imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1288Ş saylı əmri ləğv edilmiş və İddiaçı gömrük orqanlarında müvafiq vəzifəyə bərpa olunması və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus AT-V № ******* saylı 24 sentyabr 1991-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 25 oktyabr 1991-ci il tarixdə Bakı Gömrüyünün inspektoru vəzifəsinə təyin edilmiş, 24 iyul 1996-cı ildə Bakı Baş Gömrük İdarəsi poçt göndərişlərinə nəzarət bölməsinin rəisi vəzifəsinə keçirilmiş, 14 avqust 2018-ci ildə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, 23 oktyabr 2019-cu il tarixdə “Gömrük Orqanlarında xidmət haqqında” əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2018- ci il tarixdən etibarən Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunun inspektoru vəzifəsində çalışmış. xx.xx.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq vəzifəsinə xitam verilmişdir. Lakin vəzifəsinə xitam verilərkən ona müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər məsələnin Komitənin sərəncamına götürülməsi ilə bağlı onun təqsiri olmadan boşdayanma hallarına yol verilərək hüquqları kobud formada pozulmuşdur. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 127-ci maddəsini əsas götürərək, gömrük orqanlarında vəzifəyə bərpa edilməklə bağlı tələbinə baxıb onu müvafiq vəzifəyə təyin edilməsini xahiş etmişdir. Əks halda, əmək hüququnun pozuntusuna dair mübahisəyə baxılması üçün 1 təqvim ayı ərzində məhkəməyə şikayət verəcəyi bildirmişdir. Ərizəsinin qəbul edilənliyi və ya rədd edilməsi ilə bağlı məsələyə baxıb 5 iş günü ərzində cavab verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli № 1000-180/1xx-xx/024736 saylı cavab məktubundan görünür ki, iddiaçının gömrük orqanlarındakı xidmətinə Komitə Sədrinin 23 oktyabr 2019-cu il tarixli 1000/1288Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 yanvar 2020-ci il tarixli 1000- 210/0xx-xx/000724 nömrəli məktubunda qeyd edilmişdir ki, əməkdaşların ixtisaslarına, bacarıqlarına uyğun ştatlar üzrə vəzifələrə yerləşdirilməsi, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin daha təcrübəli, işgüzar, peşəkar və gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik əməkdaşlar hesabına komplektləşdirilməsi məqsədilə əməkdaşların tutduqları vəzifələr üzrə ştat vahidlərinin hərəkəti (bir ştat vahidinin bir struktur bölməsindən digər struktura verilməsi, eləcə də əməkdaşların ştat vahidi ilə birlikdə digər strukrur böməsinə keçirilməsi və s.) Komitədə mütəmadi surətdə təşkilati-ştat tədbirləri olaraq həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri qeyd olunan təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə sərəncamda saxlanıla bilər. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 24 yanvar 2020-ci il tarixli 1000- 210/0xx-xx/001460 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “ İddiaçı xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina olunması haqqında da sübut yoxdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, AR Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Maddə 75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.
4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.
5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə:
1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır.
53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər: 1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi; 2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi; 3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslərin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə: səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə; intizam tənbehi qaydasında
114. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir. Attestasiya zamanı hər bir gömrük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
115. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. Hər bir gömrük orqanının vəzifəli şəxsinin beş ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər. Attestasiya olunan gömrük orqanının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 25 oktyabr 1991-ci il tarixdən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Gömrük Komitəsi sədrinin 2019- cu il 24 iyul tarixli, 1000/804Ş nömrəli əmri ilə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Dövlət Gömrük Komitəsi sədrinin 2019-cu il 23 oktyabr tarixli, 1000/1288Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. Sonradan cavabdeh orqan tərəfindən məhkəmənin iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması ilə bağlı qəbul etdiyi qərardadına əsasən Dövlət Gömrük Komitəsinin 1000/1288Ş nömrəli 2019-cu il 23 oktyabr tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözlərinin çıxarılması barədə dəyişiklik edilmişdir. İddiaçı isə iddia tələbini onunla əsaslandırmışdır ki, ona təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərkən müvafiq vəzifəyə keçirilməklə bağlı heç bir təklif edilməmiş və onun peşəkar keyfiyyətləri obyektiv dəyərləndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hazırkı iş üzrə yeganə dəlili ondan ibarət olmuşdur ki, iddiaçının sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələrin mövcud olmadığından, onun başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli, 1000/1288Ş saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa edilməsi hissəsinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Belə ki, bu maddədə təsbit olunan gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə göstərilən normanın 3-cü şərtinə əməl edilmir. Belə ki, iddiaçıya hər hansı alternativ vəzifə təklif edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin iddiaçının gömrük orqanlarında xidmətinə xitamla əlaqədar 1000/1288ş N-li ƏMR-i üzrə 2019-cu il, 23 oktyabr tarixli qərarını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Gömrük Komitəsinin verdiyi 23 oktyabr 2019-cu il tarixli. 1000/1288Ş №-li əmr qanunsuz olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Cavabdeh təşkilat İddiaçı xidmətinə xitam verərkən 23 oktyabr 2019-cu il tarixli, 1000/1285Ş №-li əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin, cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Cavabdeh isə iddiaçının 23 illik iş təcrübəsi olduğunu, vəzifəsini məsuliyyətlə, vicdanla, dəqiqliklə və peşəkarlıqla yerinə yetirməsini nəzərə almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Eyni zamanda iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. Belə ki, İddiaçı xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina olunması haqqında da sübut yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.