Məhkəmə qərarları › İş №2-1(103)-1500/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1500/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1500/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “birdəfəlik ödənişin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən pensiyasının 6 misli məbləğində birdəfəlik ödəmənin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 1995-ci ildən Qaçqınların və X1 üzrə Dövlət Komitəsində şöbə müdiri olaraq çalışmışdır. 2013-cü ilin dekabrından Komitənin Yasamal sektorunun müdiri vəzifəsində çalışmışdır. 2018-ci ilin aprelin 2-si iş başında infarkt (kliniki ölüm) keçirmiş, 6 ay müalicə olunmuşdur. Komitə tərəfindən ona heç bir köməklik olunmamışdır. 2019-cu ilin yanvar ayında öz ərizəsi ilə işdən azad olunmuşdur. 2023-cü ildə 65 yaşı tamam olduğu üçün təqaüdə çıxmışdır. DSMF tərəfindən arayış verilmişdir ki, Dövlət qulluğu haqqında Qanunun 33.2-ci maddəsinə əsasən pensiyasının 6 misli birdəfəlik ödənilsin, lakin Komitə bu pulu ödəməkdən imtina edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddianın təmin edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı 2019-cu ilin yanvar ayında öz ərizəsi ilə işdən azad olunmuşdur. 2023-cü ildə 65 yaşı tamam olduğu üçün təqaüdə çıxmışdır. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona pensiyasının 6 misli məbləğində birdəfəlik ödəniş verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Komitə sədrinin 2019-cu il 10 yanvar tarixli 14k nömrəli əmri ilə o, öz xahişinə əsasən işdən azad edilmişdir. İşdən azad edilərkən istifadə etmədiyi xx.xx.2018-xx.xx.2019-cu iş ili üçün məzuniyyət hesabına 469,84 manat kompensasiya hesablanmış və onun plastik kart hesabına ödənilmişdir. Pensiya məsələsi ilə bağlı bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir, o, pensiyaya 2023-cü ildə çıxdığına görə (Komitədən işdən çıxdıqdan 4 il sonra) Komitə tərəfindən onun pensiyasının 6 mislinin ödənilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Dövlət qullu haqqında Qanunun: 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; ..... Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 32-1.1-ci maddəsinə görə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Həmin Qanunun 33.1-ci maddəsinə görə dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Həmin Qanunun 33.2-ci maddəsinə görə dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, dövlət qulluğuna xitam verilərkən dövlət qulluçusuna ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi üçün dövlət qulluqçusu pensiya yaşına çatmalı və öz arzusu ilə dövlət qulluğundan çıxmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu illərdə yaşa görə əmək pensiyası təyn edilməsi üçün kişilərin yaş həddi 64 yaş olmuşdur. Qeyd olunan normaları düzgün şəkildə təhlil edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.....iddiaçıya xx.xx.2019-cu il tarixdə dövlət qulluğuna xitam verilərkən aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün onun 64 yaşı tamam olmalı və o, öz arzusuna əsasən işdən çıxmalı idi.” Lakin iş materiallarından iddiaçının dövlət qulluğuna xx.xx.2019-cu ildə öz arzusu ilə xitam verilməsi müəyyən edilsə də, iddiaçının həmin tarixdə 61 yaşının olduğu yəni, pensiya yaşına (64) çatması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan, cavabdehin imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-11697/2023 nömrəli,qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar