Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1500/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X16 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X17 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin çəkilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2- 1(112)-13584/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 nömrəli sərəncamı ilə X7 ayrılan 1200 kv.m torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 nömrəli sərəncamı ilə X7 1200 kv. m torpaq sahəsi ayrılmışdır. Q.İlkin küçəsi, dalan 6-da yerləşən torpaq sahəsi üzərində 6 saylı fərdi yaşayış evi tikilmiş və xx.xx.2006-cı il tarixli yaşayış evinin texniki pasportu çəkilməklə mənzilə dair çıxarış vəsiqəsi alınmışdır. 09 noyabr 2006-cı il tarixdə Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda X4 adından çıxış edən Qobustan rayonu, Bədəli kəndinə yaşayan X1 yaşayan İddiaçı Sotanəhməd qızına Bakı şəhəri DRX-nin xx.xx.2006-cı il tarixli 11/14830 saylı arayışına əsasən ümumi sahəsi 21.6 kv m yaşayış sahəsi, köməkçi sahəsi 84.6 kv m olan iki otaqdan ibarət olan fərdi yaşayış evini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Evlə bərabər torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. Alqı-satqı edərkən torpaq sahəsinə dair çıxarış olmadığı üçün torpağın alqı-satqısını etmək mümkün olmamışdır. İcra hakimiyyəti yerləşmə sxeminin çəkilməsi ilə bağlı müraciətə imtina cavabı verdiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, tələbin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(112)-13584/2024 saylı qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(112)-13584/2024 saylı qərardadının ləğv edilərək işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan daşınmaz əmlakın alqı-satqı müqaviləsində X9 ilə X5, yəni iddiaçının həyat yoldaşı arasında alqı-satqı müqaviləsi bağlanmasına dair sənədlər və eləcə də iddia tələbinə həmin mənzilin texniki pasportu, fərdi yaşayış evinin tikintisi ilə bağlı sərəncamın surəti əlavə olunmuşdur. Maraqlı hal isə məhkəmənin yerləşmə sxemini istəməsidir. Halbuki, tələbin predmetini məhz yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Məhkəmə tərəflər arasında yaranan alqı-satqı və hal-hazırda onun üzərində tikilən yaşayış evinə dair mülkiyyət sənədlərin olmamasını nəzərə almaqla iddianı icraata götürməkdən imtina etməməli və mahiyyəti üzrə inzibati işə baxmalı idi. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşdə olan: -Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 №-li sərəncamının surətindən görünür ki, həmin Sərəncam əsasında X8 Mərdəkan qəsəbəsində, 5/215 №-li sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. -09 noyabr 2006-cı il tarixli, AN-İ№0092571 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 adından etibarnamə əsasında çıxış edən satıcı X11 ilə alıcı İddiaçı Soltanhəmid qızı arasında bağlanmış həmin müqavilə əsasında Bakı şəhəri DRX-nin xx.xx.2006-cı il tarixli 11/14830 saylı arayışına əsasən ümumi sahəsi 121.6 kv.m, yaşayış sahəsi 37 kv.m, köməkçi sahəsi 84.6 kv.m olan, 2 otaqdan ibarət ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi alıcının mülkiyyətinə verilmişdir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan evin yerləşdiyini bildirdiyi torpaq sahəsinin cizgisinin əldə edilməsindən ibarətdir. Lakin iddiaçı qeyd olunan torpaq sahəsinin ona məxsus olmasına dair hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 №-li sərəncamı X6 adına verilmişdir. Mübahisə sözügedən sərəncam üzrə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi ilə bağlı olduğundan iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin məhz həmin torpaqayırma sərəncamı ilə X7 ayrılmış torpaq sahəsində yerləşdiyini deməyə əsas vermir. Birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən sübutları təqdim edə bilmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/212 №-li sərəncamı verildiyi dövrdə qüvvədə olmuş (9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə, torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Göründüyü kimi, müvafiq dövrdə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada müvafiq prosesin başa çatdırılması ilə bağlı tələb irəli sürmək hüququ da torpaq ayrılan şəxsə məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(112)-13584/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1500/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1500/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver