Məhkəmə qərarları › İş №2-1(103)-1501/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1501/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1501/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə. İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki 33 nömrəli şəhər Poliklinikasına (3-cü şəxs: Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası) qarşı “əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq göndərişin göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2- 1(112)-1911/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 33 nömrəli şəhər X2 Komissiyasına qarşı (üçüncü şəxs: Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibbi-sosial ekspertiza müayinəsinə Göndərişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2-1(112)-1911/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim E.Əliyev). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili çıxışında göstərmişdir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi məqsədilə o dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasına etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi üçün yaşadığı ərazi üzrə poliklinikadan göndəriş gəlməlidir və bu məqsədlə hər dəfə ona müvafiq tibbi sənədlərlə 33 saylı şəhər Poliklinikasına müraciət etməyi tövsiyə etmişlər. Həmin tövsiyəyə uyğun olaraq və iş materiallarından da göründüyü kimi iddiaçı iki dəfə 33 saylı şəhər Poliklinikasına ərizə ilə müracət etmişdir. Bu müraciətlər zamanı poliklinikanın X3 onların belə bir səlahiyyətlərininin olmaması barədə heç bir məlumat verməmiş, tam əksinə, müraciətini araşdırmış, əmək fəaliyyəti ilə məşğul olmağını əsas gətirərək göndərişi verməkdən imtina etmişlər, hansı ki, həmin imtinanı əsassız saydığı üçün cavabdehin üzərinə göndərişin Tibbi-sosial ekspert komissiyasına göndərilməsi vəzifəsinin qoyulması barədə inzibati məhkəməyə müraciət etmişdir. Əgər Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 33 nömrəli şəhər X2 Komissiyası göndərişi vermək səlahiyyətinə malik deyildisə və ümumiyyətlə inzibati orqan deyildirsə nəyə görə Tibbi-sosial ekspert komissiyası ona 33 saylı şəhər Poliklinikasına müraciət etməyi tövsiyə edirdi və nəyə görə hazırki iş üzrə cavabdeh olan 33 saylı şəhər Poliklinikasının cavabı Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1911/2021 saylı qərardadına adekvat deyil. İddiaçı hesab edir ki, hazırki mübahisə inzibati icraat haqqında iş olduğundan inzibati məhkəmədə baxılmalıdır. Lakin, Bakı İnzibati Məhkəməsinin iddianın mümkün saymaması barədə sözügedən qərardadından belə anlaşılır ki, iddia inzibati məhkəməyə aid deyil. Qərardadda mübahisənin həlli üçün hansı məhkəməyə, hansı orqana müraciət olunmasından da bəhs edilmir. İddiaçı kimi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 33 nömrəli Şəhər X2 Komissiyasına qarşı (üçüncü şəxs: AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası) İddiaçı barəsində əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı şəhər Baş Səhiyyə İdarəsi 33 nömrəli Şəhər Poliklinikası Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasına göndərilməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 14.08.2020-ci il tarixli, 2(009)-1690/2020 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddia ərizəsinin geri qaytarılmasına əsas kimi AR İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə istinad edilərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmişdir. Həmin qərardadda qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə şöbələri və idarələri inzibati orqandır. Lakin, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərardadında Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli, 2(009)-1690/2020 saylı qərardadına ümumiyyətlə toxunulmur.Odur ki, yuxarıda qeyd edilənlərə əsaslanaraq vəkil hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1911/2021 saylı qərardadı əsassız olduğundan və eyni zamanda mənim məhkəmədə müdafiə hüququnu pozduğu üçün ləğv edilməli və iddia mümkün sayılaraq Bakı İnzibati Məhkəməsində baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxs dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 noyabr 2020-ci il tarixli 469 nömrəli qərarının 6-cı bəndindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda müvafiq dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.04.2019-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın 7.33-cü bəndinə 33 nömrəli şəhər Poliklinikası göstərilmişdir. 17.02.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 33 nömrəli şəhər X2 Komissiyası inzibati orqan kimi müəyyən olunmamışdır. Həmçinin, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.04.2019-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda 33 nömrəli şəhər Poliklinikası publik hüquqi şəxs kimi göstərilməmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur, ona görə iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2-1(112)-1911/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar