Məhkəmə qərarları › İş №2-1(103)-1501/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1501/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1501/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində qeydiyyata alınaraq daşınmaz dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1295/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ona ayrılmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyətində qeyriyaşayış sahəsinin qeydiyyata alınaraq daşınmaz dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmiş və AR Dövlət Tikinti və həmin qeyri-yaşayış sahəsinin Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş texniki pasport tərtib olunmuşdur. İddiaçı həmin sənədləri toplayıb qeyri-yaşayış sahəsinin adına qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu xx.xx.2015-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, idarənin mütəxəssisləri həmin ünvanda olarkən məlum olmuşdur ki, qarajın daxilində rekonstruksiya işləri aparılmış, əlavə sahələr inşa olunmuşdur. Faktiki olaraq yeni inşa olunmuş obyektin ümumi sahəsi, 162,8 kv.m təşkil edir və təyinatı dəyişdirilərək qaraj kimi deyil, ticarət və xidmət obyekti kimi fəaliyyət göstərir. İddiaçı hesab edir cavabdehin imtinası onun mülkiyyət hüququnu pozur. Cavabdeh iddia ərizəsinə yazılı etirazında eyni əsaslara istinadən, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1295/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ona ayrılmış ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin faktiki vəziyyətində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq, daşınmaz dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək həmin qərarın qanuni qüvvəsini alıb-almaması barədə məlumat verilməsini xahiş etmiş, məhkəmənin 17 dekabr 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, qanuni qüvvəsini almışdır (Qərarın cavabdehə təqdim olunmasını təsdiq edən sənəd işdə mövcud deyil). Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixində yeni bir ərizə ilə məhkəmə müraciət edərək icra edilməsi üçün qərarın cavabdeh idarəyə göndərilməsini xahiş etmiş və məhkəmənin 19 yanvar 2022-ci il tarixli məktubu ilə qərar “təkrarən göndərilir” sözləri ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Həmin, yəni 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1295/2015 saylı, xx.xx.2015-ci il tarixli Qərarı - 21 yanvar 2022-ci il tarixində cavabdehə təqdim olunmuş, İPM-in 85-ci maddəsi ilə müəyyən olunan 30 günlük şiayət vermə müddətinin son günü həftənin istirahət gününə düşdüyündən, sonuncu tərəfindən apellyasiya şikayəti növbəti iş günü olan 21 fevral 2022-ci il tarixtində (həftənin birinci iş günü) poçta təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş hesab olunaraq apellyasiya icraatı mümkün sayılmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, idarəyə təqdim olunmuş 1999-cu il tarixli Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamında qarajın sahəsi qeyd edilməmiş, X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda qarajın sahəsi 66,9 kv.m göstərilmiş, lakin qarajda rekonstruksiya və əlavə tikinti işləri aparıldığından ümumi sahə faktiki olaraq 208,8 kv.m təşkil edir. Bununla yanaşı, təyinatı dəyişdirilərək qaraj kimi deyil, ticarət və xidmət obyekti kimi fəaliyyət göstərir. Həmin qeyri yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərədə tutulmuş hüqüqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə qanunsuz və əsassız olaraq iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun istifadəsində olan qarajda əlavə tikinti işləri aparıldığını və konkret halda birmərtəbəli qeyri yaşayış sahəsinin faktiki sahəsinin 208 kv.m təşkil etdiyini və həmin sahəni ticarət obyekti kimi işlətdiyini təsdiq etsə də, hər bir halda, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli sərəncamını və X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən texniki pasportu əsas tuturaq, həmin qeyri-yaşayış sahəsinin onun adına reyestrdə qeydə alınması tələbinin qanuni olduğunu iddia edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası, tərəfləri dinləyib iş materiallarını araşıdırıb belə nəticəyə gəlmişdir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyətində dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Bu tələbini onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ona ayrılmış və X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən texniki pasportun tərtib edilmişdir. Sözügedən sərəncamının və texniki pasportun işdə olan surətlərinə əsasən isə müəyyən olunur ki, adıçəkilən qeyri-yaşayış sahəsi Bakı şəhəri, Təbriz küçəsi 116 ünvanında yerləşən - tikintialtı sahəsi 83,4 kv.m, daxili sahəsi cəmi 66 kv. m (qaraj 57,1+ anbar 9,8) ölsüdən ibarət olan bir qarajdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, həmin qaraj iddiaçı tərəfindən rekonstruksiya olunaraq əlavə tikinti işləri aparılmış, hal-hazırda ümumi sahəsi 208,8 kv.m təşkil edir və faktiki olaraq ticarət obyekti kimi iddiaçı tərəfindən istfadə olunur ki, bütün bunlar işin iddiaçı tərəfindən mübahisələndirilməyən halıdır. Həmçinin, işin iddiaçı tərəfindən mübahisələndirilməyən halıdır ki, qarajda rekonstruksiya işlərinin aparılmaqla, əlavə torpaq sahəsində inşa edilən tikli hesabına obyektin sahəsi genişləndirilsə də, bununla bağlı iddiaçının torpaqayırma və müvafiq icra hakmiyyəti orqanları ilə razılşdırılmış layihə sənədləri də mövcud deyildir (İşdə də belə sənədlər yoxdur). Başqa sözlə, işdə olan ilkin səənədlərə əsasən sahəsi 66 kv m olan qaraj, halhazırda mövcud deyildir. Mövcud olan, əlavə torpaq sahəsində aparılan tikinti işləri nəticəsində sahəsi 208 kv m-ə çatdırılan və ticarət obyekti kimi istifadə olunan, hüquqmüəyyənedici sənədləri mövgud olmayan - yeni bir tiklidir, qeyri-yaşayış sahəsidir. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə görə, o cümlədən: “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 59.2-ci maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçının isə Məcəllənin qeyd olunan tələbləri qaydasında əlavə tikinti apardığı torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilən qərar və müqaviləsi yoxdur. Digər tərəfdən, Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79-cu və 80-ci maddəlrinin tələbləri baxımından isə ümumi sahəsi 100 kv m-dən arıq olan qeyri-yaşayış sahəsinin tikintisi üçün icazə tələb olunur, həm də, həmin tikililərə münasibətdə layihəsinin də müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması tələb olunur. Həmin Məcəllənin 101.1—101.2-ci maddələrinin tələbləri baxımından isə tikintisinə icazə tələb olunan obyektin tikintisi başa çatdıqda. obyektin normativ sənədlərin tələblərinə uyğun tikildiyi və ondan təyinatı üzrə istifadənin mükünlüyü tikinti obyektinin istismarına icazə sənədi ilə təsdiq edilir. İddiaçının isə mübahisəli ünvanda yenidən inşa etdiyi 208 kv yaxın qeyri-yaşayış sahəsinin tikintisinə və həmin tikintinin istismarına icazə sənədi mövcud deyildir. Beləliklə də adıçəkilən qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmaması mübahisəli obyetin daşınmaz dövlət reyestrində qeyd alınmasını istisna edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 8.0.9.2-ci maddəsinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10.1-ci maddəsinə əsasən isə 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayılır. İddiaçı tərəfindən isə Qanunun qeyd olunan tələblərində sadlanan sənədlər toplusu nə cavabdehə, nə də ki məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, onda belə sənədlər mövcud deyildir. Beləliklə də mübahisələli qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu, sübuta yetirilmir. Başqa sözlə, müraciət olunan hüquq qeydə alınmalı hüquq kimi qiymətləndirilə bilməz. Qeyd olunan Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət qeydiyyatından alınmasından imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozuntusu kimi yozula bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işin hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə səhv qərar qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1295/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1295/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar