Məhkəmə qərarları › İş №2-1(103)-1501/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1501/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1501/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə X4 şəxsi 9 nömrəli şəhər poliklinikasına qarşı “tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14124/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı Baş Səhiyyə X4 şəxsi 9 nömrəli şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi öhdəliyinin cavabdeh “9 nömrəli Şəhər Poliklinikası” nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ilin avqust ayında ürəyinin sol mədəciyinin ön divarının miokard infarktı keçirmiş və 11-18 avqust tarixlərində Bakı şəhəri X3 müalicə olunmuşdur. 11 avqust tarixində xəstəxanada Koronor Ageoplastika əməliyyatı olmuş və LAD damardakı darlıq layihəsinə 2.5mm x 26mm ölçüdə stend implant edilmişdir. 2018-ci ilin 9 aprel tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi (DTSERA) tərəfindən İddiaçı əlilliyi qiymətləndirilərək ona 5 il müddətinə İİ dərəcə əlillik müəyyən edilmişdir. Sonradan iddiaçının səhhəti bir qədər də ağırlaşmış və müalicəsini davam etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Hazırda tibb elmində işemik ürək çatışmazlığı və işemik ürək xəstəliyinin müalicəsi mövcud deyil və xəstəliyin yalnız ağırlaşmasının qarşısı alınır. İstanbul şəhərinin dövlət müəssisəsi olan Bezmialem Vakif Universiteti Səhiyyə Praktika və X2 Kafedrasında iddiaçının keçdiyi son ətraflı müayinədə ilkin diaqnozlar, yəni işemik ürək çatışmazlığı və işemik ürək xəstəliyi və digərləri öz təsdiqini tapmışdır. Bu barədə iddiaçıya 2023-cü il 29 mart tarixli ətraflı sənəd verilmişdir və sənəddə hava nəqliyyatı ilə səyahət etməsinin məsləhət olmadığı barədə həkim rəyi öz əksini tapmışdır. Həmin sənəd notarial qaydada təsdiq edilərək Apostille qeydiyyatına alınmışdır və bu sənəd Azərbaycan Respublikasında tam keçərli sayılır. Əlillik müddəti bitən iddiaçı 2023-cü il 27 aprel tarixində əlilliyin yenidən qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Bakı Baş Səhiyyə X4 şəxs “9 nömrəli Şəhər Poliklinikasının həkim-məsləhət komissiyasına müraciət etmiş və qeyd edilən tibbi sənədləri rəsmi qaydada təqdim etmişdir. Müraciətə poliklinikanın baş həkimi 2023-cü il 20 may tarixli 286 nömrəli məktubla cavab vermişdir. Cavabda qeyd edilir ki, xəstə İddiaçı təqdim etmiş olduğu tibbi sənədləri onun hazırki sağlamlıq durumunu tam həcmdə əks etdirmir. Bu səbəbdən ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı olması qənaətinə gəlinmişdir. İxtisaslaşmış müalicənin nəticələri təqdim olunduqdan sonra İddiaçı əlillik məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 yanvar (tarix səhv göstərilir, 16 yanvar göstərilməlidir) tarixli 12 nömrəli qərarının tələblərinə uyğun olaraq baxılacaqdır. Bu cavab ümumi xarakterli olmaqla tamamilə əsassızdır və iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Bezmialem Vakif Universiteti Səhiyyə Praktika və X2 Kafedrasından pasientə verilmiş 2023-cü il 29 mart tarixli həkim rəyində hava nəqliyyatından istifadəyə ciddi əks göstərişlərin qeyd olunması iddiaçını Komissiyaya şəxsən gəlmək imkanından məhrum edir. Belə ki, xəstənin vəziyyəti elə həddə çatmışdır ki, göstərişlərə riayət etməyərək müayinə üçün gələcəyi təqdirdə sağlamlıq vəziyyətinin daha da pisləşməsi qaçınılmaz olacaqdır. Buna əsasən, iddiaçının xəstəliyinin ağırlıq dərəcəsini nəzərə alaraq Apostille qeydiyyatına alınmış və AR ərazisində tam keçərli olan həmin sənəddə əks olunmuş məlumatlar Komissiya tərəfindən şəxsin hazırki sağlamlıq vəziyyətini əks etdirən zəruri və yetərli müayinə və müalicə nəticələri kimi nəzərə alınmalı və iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi haqda tələbinə qanunauyğun şəkildə baxılmasına əsassız məhdudiyyət yaradılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14124/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı Xüsusi Müalicə Sağlamlıq Kompleksinin xx.xx.2018-cı il tarixli 4123003AAADP nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (bundan sonra – göndəriş) əsasında iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş, ona ilkin olaraq ümumi xəstəlik səbəbindən “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.4 - Miokardın kəskin subendokardial infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı Sol mədəcik çatmamazlığı, NYHA İİİ FS Dəqiqləşdirilməmiş astma, Dəqiqləşdirilməmiş astma” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0,113-113.2,120-125,...”) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əlilliyinin müddəti bitdikdən sonra yeni göndərişin verilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli 286 saylı məktub ilə bildirmişdir ki, xəstə İddiaçı təqdim edilmiş tibbi sənədləri onun hazırki sağlamlıq durumunu tam həcmdə əks etdirmir. Bu səbəbdən ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacın olması qənaətinə gəlinmişdir. Yekun olaraq göstərilmişdir ki, ixtisaslaşmış müalicələrin nəticələri təqdim olunduqdan sonra İddiaçı əlillik məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 yanvar tarixli 12 nömrəli qərarının tələblərinə uyğun olaraq baxılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - Bənd 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. - Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. - Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. - Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. - Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. Göründüyü kimi şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməlidir. Göndəriş şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilən sənəd olmaqla, şəxsin əlilliyinin qiymətləndirilməsi əsası kimi çıxış edir. Eyni zamanda müvafiq Qaydalara əsasən şəxs barəsində göndərişin tərtibi üçün o, Komissiya tərəfindən əyani müayinə olunmalıdır. Belə ki, Qaydaların 2.4-cü bəndi Komissiyaya getmək imkanı olmayan halları tənzimləyir və buradan aydın olur ki, şəxs ya Komissiyada, ya da olduğu yerdə müayinə olunduqdan sonra Qaydanın 2.3-cü bəndində göstərilən göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi xüsusi bilik tələb edən sahə olmaqla, funksional, diaqnostik, laborator və şəxsən obyektiv müayinələr nəticəsində müəyyən edilir, bu zaman xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Buna görə də qanunverici şəxsin iştirakı olmadan onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yol vermir və məhz bu səbəbdən də şəxs sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya gedə bilmədikdə, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir. Lakin burada Komissiyanın şəxsin olduğu yerə getməsi, hərfi mənada başa düşülməməlidir. Belə ki, dövlətin sosial təminat sahəsində öhdəlikləri hədsiz və sərhədsiz olmamaqla minimum təminatların həyata keçirilməsinə yönəlmişdir. Hazırkı halda iddiaçının Azərbaycan Respublikasında deyil, digər dövlətin ərazisində olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində göndəriş tərtib edilməsindən imtinası İPM-in 35.1-ci maddəsinin mənası baxımında onun hüquq və qanunla qorunan maraqlarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14124/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar