Məhkəmə qərarları › İş №2-1(103)-1502/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1502/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1502/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Aida Hüseyn Əli qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “pensiyanın təyin olunması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4517/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4517/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə hesab etmişdir ki, iddiaçının işləmiş olduğu “rəngsaz” peşəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş siyahıda mövcuddur. Halbuki, siyahıda yalnız təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000-13450) vəzifəsi mövcuddur. İddiaçının isə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməsi heç bir şəkildə sübut edilməmiş, heç bir iş materialında öz təsdiqini tapmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin № 2-1(102)-1688/2019 qərarında deyilir: “iş materiallarından görünür ki, işə baxan məhkəmələr iddiaçının işlədiyi müəssisədən müvafiq arayış tələb etmədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə səhv nəticəyə gəlmişlər. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməsi barədə arayış iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən isə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını müəyyən etmək mümkün deyil”. İddiaçı tərəfindən belə bir arayış təqdim edilmədiyindən, hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün deyil. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1115/20 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-450/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş materialları təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya **********2 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək, ümumi iş stajının 20 ildən az olduğunu və bu səbəbdən ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər 306 saylı uşaq baxçasında dayə vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər 446 saylı tikinti trestində fəhlə vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər Bakı Soyuducu zavodunda fəhlə vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1994-cü ilə qədər 1 saylı Təmir-Tikinti İdarəsində makinaçı vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər 9 saylı Təmir-Tikinti İdarəsində rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir-Tikinti İdarəsində yenə rəngsaz vəzifəsində işlədiyi illər sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərə görə əmək pensiyası təyin edilməsi və xx.xx.2015-ci il tarixdən yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçasına əsasən iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Cavabdeh öz imtinasında iddiaçının güzəştli iş stajını mübahisələndirməmişdir. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki,işə baxmış məhkəmələr iddiaçının gördüyü işin Siyahının «Ümumi peşələr» bölməsində təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000-13450) peşəsinə uyğun olduğu qənaətinə gəlmişdir. Lakin işin halları bu nəticəyə gəlməyə əsas verən dərəcədə aydınlaşdırılmamışdır. Çünki iddiaçının 9 saylı Təmir-Tikinti İdarəsində, 1 saylı Təmir-Tikinti İdarəsində və «xxxxxxxxx» MMC-də rəngsaz işləyərkən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləməsi barədə sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının rəngsaz işləyərkən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləyibişləmədiyini müəyyən etmək üçün öz təşəbbüsü ilə əlavə araşdırma aparmalı və nəticəsindən asılı olaraq qərar çıxartmalı idi. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki məhkəmə kollegiyası işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sadalanan hüquq normalarına görə hazırki iddia tələbi üzrə iddiaçının xx.xx.2017-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.2017-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması; xx.xx.2017-ci ilə qədər 52 yaşının tamam olması tələb olunur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2015-ci il tarixdə tamamlamışdır. İddiaçı məxsus əmək kitabçasında göstərilmişdir ki, o, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər 206 saylı uşaq baxçasında dayə vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər 446 saylı tikinti trestində fəhlə vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər Bakı Soyuducu zavodunda fəhlə vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1994-cü ilə qədər 1 saylı Təmir-Tikinti İdarəsində makinaçı vəzifəsində, xx.xx.1994cü ildən xx.xx.1998-ci ilə qədər 9 saylı Təmir-Tikinti İdarəsində rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir-Tikinti İdarəsində rəngsaz, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər «xxxxxxxxx» MMC-də rəngsaz vəzifəsində işləmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş X7 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Kommersiya hüquqi şəxslərin dövlət reyestrində 7 saylı Təmir-Tikinti Trestinin 9 saylı Təmir-Tikinti İdarəsi və Bakı şəhəri Yasamal rayon Əlillər Cəmiyyətinin 1 saylı Təmir-Tikinti İdarəsi adlı hüquqi şəxslər aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunur. Kollegiya iddiaçının işlədiyi 7 saylı Təmir-Tikinti Trestinin 9 saylı Təmir-Tikinti İdarəsi və Bakı şəhəri Yasamal rayon Əlillər Cəmiyyətinin 1 saylı Təmir-Tikinti İdarəsi ilə bağlı dolğun məlumat əldə etməyin mümkün olmadığını (dövlət qeydiyyat nömrəsi və ya VÖEN-i müəyyən edilməməsi səbəbi), eləcə də iddiaçının əmək kitabçasında iddiaçının adı çəkilən idarələrdə işləməsi barədə qeydlərin olmasını nəzərə alaraq həmin müəssisələrdə işlədiyi müddəti iddiaçının ümumi iş stajına daxil edilməsi nəticəsinə gəlir. Qeyd edilməlidir ki, cavabdeh müraciətin təminindən imtinasında iddiaçının ümumi iş stajını mübahisələndirsə də, bu dövrə aid əmək stajını (və ya onun müəyyən hissəsini) məhz nəyə görə qəbul etmədiyini konkret olaraq əsaslandırmamışdır. Bununla əlaqədar kassasiya məhkəməsi də qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının xx.xx.2006-cı ilədək olan stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yəni iddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi xx.xx.2006-cı ilədək dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanunaziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). İddiaçının təqdim etdiyi əmək kitabçasında əksini tapmış məlumatların həqiqətə uyğun olmaması inzibati orqan tərəfindən sübut olunmamışdır. Ona görə də həmin əmək kitabçası mötəbər sübut kimi qəbul olunmalıdır. Apelyasiya şikayətində cavabdeh imtina cavabından fərqli mövqe ilə çıxış edərək bu dəfə iddiaçının güzəştli iş stajını toplamadığını, onun işlədiyi zərərli işlə bağlı iş yerindən arayışın təqdim olunmamasını mübahisələndirmişdir. İddiaçı iddia edir ki, onun xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər 9 saylı Təmir- Tikinti İdarəsində rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər Yasamal rayonu 1 saylı Təmir-Tikinti İdarəsində rəngsaz, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər «xxxxxxxxx» MMC-də rəngsaz vəzifəsində işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısında «Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər» bölməsinə aid rəngsazlar (2290100a-13450), «Dəniz və çay donanması» bölməsinə aid doklarda gəmilərin rənglənilməsi və sıyrılması ilə məşğul olan rəngsazlar (23003030-13450), «Ümumi peşələr» bölməsində isə, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000- 13450) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr kimi müəyyən edilmişdir. İşin halları (əmək kitabçası, iddiaçının izahatı) ilə müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi rəngsaz vəzifəsi öz xüsusiyyətinə görə həmin siyahının «Ümumi peşələr» bölməsində nəzərdə tutulan təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000-13450) vəzifəsinə uyğundur. Eyni zamanda, iddiaçının vəzifəsi həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsinə uyğundur. Qeyd olunduğu kimi rəngsaz vəzifəsi yalnız təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olduğu halda zərərli iş kimi nəzərdə tutulmuşdur. xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na edilmiş 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Bununla əlaqədarkassasiya məhkəməsinin göstərişinə əsasən iddiaçının işlədiyi müəssisədən rəngsaz vəzifəsinin təhlükəliliyinin 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə həyata keçirilməsinin sübutu olaraq müvafiq araşdırıcı arayışın təqdim olunması təklif olunmuşdur. İddiaçının təkrar apelyasiya baxışı zamanı təqdim etdiyi Yasamal rayonu Əlillər Cəmiyyətinin nəzdində 1 saylı Təmir-Tikinti İdarəsinin arayışında göstərilir ki, X5 Bakı şəhəri Yasamal rayonu ərazisində 1 saylı Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində işlədiyi illər təhlükəlilik dərəcəsi 2-ci və daha yuxarı sinifə aid olan təhlükəli maddələrlə qapalı hava şəraitində işləmişdir ki, (həmin vaxtda süd məhsulları ilə təmin edilmişdir, bu da onun güzəştli şərtlərlə pensiya hüququ yaranmasına imkan verir. Kollegiya qeyd edilən arayışı iddiaçının zərərli işlərdə işləməsini təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, təqdim edilmiş arayış tarixi, nömrəsi kimi mühüm rekvizitlərin olmaması ilə yanaşı müəssisənin müdiri tərəfindən deyil, kadrlar şöbəsinin müdiri tərəfindən imzalanmışdır. Eyni zamanda, həmin arayışın məzmununda “təhlükəlilik dərəcəsi 2-ci və daha yuxarı sinifə aid olan təhlükəli maddələrlə işlənilməsindən bəhs edilir. Halbuki, siyahıda 3cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləyən rəngsaz vəzifəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Bu da təqdim edilmiş arayışın qeyri-dəqiq olmaqla mötəbərsizliyini təsdiq edən əlavə haldır. Beləliklə, təqdim edilmiş arayışla iddiaçının rəngsaz işləyərkən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tətbiq etməklə işləyib-işləmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi iddiaçı 25 il ümumi iş stajı toplasa da, güzəştli iş stajı üçün tələb olunan stajı olmamışdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4517/2019 saylı qərarı iddia ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “pensiyanın təyin olunması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aida Hüseyn Hakim: Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar