Məhkəmə qərarları › İş №2-1(103)-1502/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1502/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1502/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10796/2022 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 02/4 nömrəli, 01 iyul 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları, xx.xx.2001-ci il təvəllüdlü Hamidi Rohullah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstanın Baghlan vilayətinin Əndərab rayonunun Pulxva kəndində doğulmuşdur, milliyyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). İddiaçı 12 illik orta təhsilini bitirdikdən sonra, 1982-ci ildə Kabil şəhərində rus dili ixtisası üzrə hazırlıq kursunu bitirmiş, 1983-1988-cil illərdə X4 Universitetinin hüquq fakültəsində təhsil almış, 1988-1989-cu illərdə isə hərbi xidmətdə olmuşdur. İddiaçı 1990-cı ildən X3 Nazirliyində işləmiş, 2003-cü ildən etibarən üç il müddətində Əfqanıstanın Daşkənddəki səfirliyində birinci katib olaraq çalışmış, təyin edilən müddət bitdiyi üçün yenidən Əfqanıstana qayıdaraq Xarici İşlər Nazirliyində işləmiş (2006-2012-ci illərdə), 2012-2016-cı illərdə X1 səfirin müşaviri olaraq çalışmış, 2016-cı ildə Əfqanıstana qayıtmış, 2020-ci ilə kimi X3 Nazirliyində işləmiş, 2020- ci ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər isə Əfqanıstanın Azərbaycandakı səfirliyində səfirin müşaviri vəzifəsində işləmişdir. O, hal-hazırda səfirliyin faktiki olaraq fəaliyyət göstərmədiyini bildirmişdir. İddiaçı Homa Hamidi adlı xanım ilə evlidir, bu nikahdan beş övladı vardır, böyük oğlu X8 əvvəllər Kabil hava limanında işləmiş, hazırda ABŞ-ın Nyu Cersi ştatında vaşayır, digər oğlu Abdullah Hamidin isə Əfqanıstan Milli Aviasiya Nazirliyinin əməkdaşı olmuş, oğlu hazırda işləmir, Əfqanıstanı tərk etmək istəyir. İddiaçının digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. İddiaçının qızı X6 hazırda müvəqqəti yaşama icazəsi əsasında ölkə ərazisində yaşayır və Xəzər Universitetində təqaüd proqramı üzrə təhsil alır. 15 dekabr 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 09-2021 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. İddiaçı bildirib ki, o, Azərbaycana 2020ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmədiyi, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. 01 iyul 2022-ci ildə DMX İQ-02/4 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd etmişdir. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, cavabdehin üzərinə İddiaçı və ailə üzvlərinə (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları, xx.xx.2021-ci il təvəllüdlü Hamidi Rohullah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda bildirilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı 15 dekabr 2021-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 09-2021 saylı şəxsi iş açılmış, təqdm etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Əfqanıstanın Baghlan vilayətinin Əndərab rayonunun Pulxva kəndində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra 1982-ci ildə Kabil şəhərində rus dili ixtisası üzrə hazırlıq kursunu bitirdiyini, 1983-1988-ci illərdə X4 Universitetinin hüquq fakültəsində təhsil aldığını, 1988-1989-cu illərdə isə hərbi xidmətdə olduğunu bildirmişdir. O, 1990-cı ildən X3 Nazirliyində işlədiyini, 2003-cü ildən etibarən 3 il müddətində Əfqanıstanın Daşkənddəki səfirliyində 1-ci katib olaraq çalışdığını, təyin edilən müddət bitdiyi üçün yenidən Əfqanıstana qayıdaraq Xarici İşlər Nazirliyində işlədiyini (2006-2012-ci illərdə), 2012-2016cı illərdə X1 səfirin müşaviri olaraq çalışdığını, 2016-cı ildə Əfqanıstana qayıtdığını, 2020ci ilə kimi Əfqanıstanın XİN-də işlədiyini, 2020-ci ilin noyabr ayında 2021-ci ilin avqust ayına qədər isə Əfqanıstanın Azərbaycandakı səfirliyində səfirin müşaviri vəzifəsində işlədiyini qeyd etmişdir. O, hal-hazırda səfirliyin faktiki olaraq fəaliyyət göstərmədiyini söyləmişdir (ailəlidir, 5 övladı var, böyük oğlunun hazırda ABŞ-da Nyu Cersey ştatında yaşadığını, digər oğlunun Əfqanıstanda yaşadığı, digər ailə üzvlərinin isə özü ilə birlikdə Bakı şəhərində yaşadıqlarını qeyd etmişdir). Həmçinin, o, Azərbaycana 2020-ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də hazırda ölkəsinə qayıtmaq istəmədiyini, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçinin ölkəsinə qayıdacağı təqdirdə əsaslı təqib qorxusunun olub-olmaması ilə bağlı aparılmış araşdırma zamanı isə bu qorxunun tam əsaslı olmadığı qənaətinə gəlinmişdir. Belə ki, o, keçmiş hökumətin nümayəndəsi olduğunu, bu səbəbdən də qayıdacağı təqdirdə yeni hökumətdə təmsil olunan taliblərin hədəfi olacağını, taliblərin keçmiş hakimiyyəti təmsil edən şəxslərə qarşı kəskin mövqedə olduğunu bildirsə də, Əfqanıstanın hazırda xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin öz fəaliyyətini davam etdirdiyi, hər hansı birinin bağlanması barədə qərarın qəbul edilmədiyi, keçmiş diplomatların bu günə qədər hər hansı təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Ərizəçinin özünün bildirdiyinə görə taliblər keçmiş hakimiyyəti təmsil edən şəxslərə qarşı kəskin mövqe tutur. Lakin Əfqanıstanın hazırda xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin öz fəaliyyətini davam etdirməsi, bu məsələ ilə bağlı taliblər tərəfindən hər hansı kəskin mövqenin nümayiş etdirilməməsi, keçmiş diplomatlardan təhdid və təzyiqə məruz qalanların olmadığını deməyə əsasən verir. Eyni zamanda, araşdırma zamanı taliban hökumətinin mühacirətdə yaşayan sabiq hökumət rəsmilərinin vətənə qayıtmaları üçün xüsusi Komissiya yaratdığı, idarə və nazirliklərin əməkdaşlarını öz işlərinə qayıtmağa səslədikləri, bunu ictimaiyyətə elan etdikləri, bu addımın isə hazırda Avropa İttifaqı və müxalifət tərəfindən milli barışıq istiqamətində atılmış mühüm addım kimi qiymətləndirildiyi məlum olmuşdur. X7 hazırda da diplomat kimi müvafiq akkreditasiya sənədlərinə malikdir və onun geri çağırılması və ya diplomat vəsiqəsinin ləğv edilməsi ilə bağlı ona qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10796/2022 saylı qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10796/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10796/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: D0008954), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 15 dekabr 2021-ci il tarixdə ailə üzvləri (arvadı, xx.xx.1968-ci il təvəllüdlü Hamidi Homa, oğlanları xx.xx.2001-ci il təvəllüdlü Hamidi Rohulllah və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Majid) ilə birlikdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 09-2021 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvləri ilə müsahibə keçirilmişdir. İddiaçı Azərbaycana 2020ci ilin noyabr ayında diplomatik fəaliyyətlə əlaqədar olaraq gəldiyini, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətdə olduqları üçün təhdid olunacağından ehtiyat etdiyini, bu səbəblə də hazırda ölkəsinə qayıtmaq istəmədiyini, 3-cü ölkəyə getmək, bu alınmayacağı təqdirdə isə Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Birinci instansiya məhkəməsi qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə qərarı qanunazidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, iddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanunazidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-10796/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar