Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1503/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “təyin olunmuş pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aysu Əli qızı Orucovanın katibliyi ilə, İddiaçı və onun vəkili Vəkilyeviçin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı “təyin olunmuş pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1189/2019 saylı 08 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 15.11.1990-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 13.11.1990-cı il tarixdən 24.04.1992-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 022636 saylı 16.02.2000-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının Suraxanı rayon Şöbəsinin SER TSE-01 seriyalı 22 4617 saylı arayışından görünür ki, İddiaçı peşə xəstəliyi səbəbindən müddətsiz İİ qrup əlillik dərəcəsi verilmiş, bu barədə ona 102509 saylı 16.02.2004-cü il tarixli vəsiqə də verilmişdir. İddiaçıya məxsus İT-1 seriyalı 439732 saylı əmək kitabçasından görünür ki, o, 24.07.1989-cu ildən əmək fəaliyyətinə başlamış, 25.12.2003-cü il tarixdə 298/k Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “C” bəndinə əsasən peşə xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini itirdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azneft İstehsalat Birliyi “Qum Adası” Neft və Qaz çıxarma İdarəsinin 01-7/43 saylı 30.09.2010-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı “Qum Adası” NQÇİ-nin QƏYTS-də qazmaçı peşəsində işləmişdir və onun 2000-2003-cü illər üzrə əmək haqqının aylar üzrə məbləği ümumilikdə 40505819 manat təşkil etmişdir. İddiaçıya məxsus 320065 saylı pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı Həsən oğluna 12.01.2004-cü il tarixdə İİ qrup əlilliyə görə 150.84 qəpik pensiya təyin edilmişdir. İddiaçı ona 12.01.2004-cü il tarixdə təyin edilmiş pensiyanın 01.01.2008-ci il tarixdən yenidən hesablanmasının aparılmadığına istinad edərək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 05.11.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında pensiyanın yenidən hesablanması hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır. Ərizədə qeyd edilmiş məhdudiyyyətin götürülməsi ilə bağlı 01.01.2018-ci il tarixdən hesablamaq həddinin götürülməsi ilə bağlı qəbul edilmiş qanunun tələblərinə ziddir. Başqa sözlə həddin götürülməsi ilə bağlı hesablamalar 01.01.2006-cı ilədək hesablanmış pensiyalara şamil edilirdi. İddiaçının 3 il 3 ay sığorta stajına pensiyanın hesablanması indiki məbləğdə dəyişiklik yaratmır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 21.12.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, həddin götürülməsi ilə bağlı yenidən hesablama qeyd edildiyi kimi təyin edilmiş əmək pensiyalarında istifadə olunan, “pensiyanın hesablanması üçün əsas götürülmüş orta aylıq əmək haqqından hesablanır”. İddiaçının təqdim edilmiş əmək haqqı arayışının qeydiyyat tarixindən də görünür ki, 30.09.2010-cu ildə arxiv arayışı alınmış ilkin pensiya təyinatı zamanı pensiya hesablanmasına daxil edilməmişdir. Qeyd olunan imtina məktublarından narazı qalan İddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, 01.01.2008-ci ildə qüvvədə olmuş Əmək pensiyaları haqqında Qanunun 10.2, 26, 27.1 maddələri və 01.01.2006-cı ilə qədər qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının 01.01.2008-ci ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 21.01.2004-cü ildən İİ dərəcəli peşə xəstəliyi səbəbindən əlilliyə görə əmək pensiyası alır. Həmin tarixdən təyin olunmuş pensiya həmin dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 27-ci maddəsinə əsasən müəyyən olunaraq 13 il 03 ay 14 gün ümumi iş stajından və həmin qanunun 71-ci maddəsinə əsasən «Qum Adası» NQÇİ-nin mühasibatlığı tərəfindən verilmiş əmək fəaliyyətinin son 24 ayının əmək haqqı əsas götürülməklə orta aylıq əmək haqqından hesablanmaqla ödənilmişdir. Ona hesablanmış pensiya faktiki orta aylıq əmək haqqından deyil, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 78-ci maddəsinin tələbinə uyğun orta aylıq əmək haqqı məhdudlaşdırılmaqla hesablanmışdır. Həmin dövrdə orta aylıq əmək haqqı Respublika üzrə müəyyən olunmuş orta aylıq əmək haqqının 3 mislindən artıq olmamaqla nəzərə alınırdı. (Respublika üzrə orta aylıq əmək haqqı AR Nazirlər Kabinetinin qərarı ilə 8500 AZN müəyyən olunmuşdur, üç misili 255000) faktiki orta aylıq əmək haqqı 1106126, 40:5000=221,25 01.01.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindikdə həmin Qanunun 26-cı maddəsinin (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması) 26.2-ci bəndi orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyəti aradan götürməklə pensiyaların orta aylıq əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanmasını özündə əks etdirir və bu 01.01.2008-ci ildən tətbiq edilir. Qanunun bu tələbi ona münasibətdə tətbiq edilmədiyindən, dəfələrlə DSMF-nun Yasamal rayon şöbəsinə şifahi müraciət etmiş, lakin heç bir müsbət cavab almadığından 18.10.218-ci il tarixdə rəsmi olaraq müraciət etmişdir. 05.11.2018-ci il tarixdə cavabdeh inzibati orqan müraciətinə rəsmi qaydada imtina cavabı vermişdir. Cavabdeh orqanın imtinası qanuna ziddir və onun qanunla qorunan hüququnun pozulmasına səbəb olur. Belə ki, cavabdeh inzibati orqan imtina cavabında onun tələbinin qanuni olduğunu təsdiq etsə də pensiyasının yenidən hesablanmasının mümkün olmadığını bildirmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/19 saylı 08 aprel 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı 12.01.2004-cü il tarixdən əlilliyə görə əmək pensiyasının 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqına əsasən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik olaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı peşə xəstəliyi ilə əlaqədar 12.01.2004-cü ildən əlildir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edildiyindən, 2002-2003-cü illərdə orta aylıq əmək haqqı əsas götürülmüşdür. Hazırda isə iddiaçı aldığı əmək haqqı arayışını şöbəyə təqdim etmiş, indiki əmək pensiyaları haqqında qanunvericiliyində belə bir hal nəzərdə tutulmadığından onun icrası mümkün olmamışdır. Bu əsasdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün hesab oluna bilməz. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1371/2019 saylı 30 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1189/19 saylı 8 aprel 2019-cu il tarixli qərarı ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2620/19 saylı 25 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi 2-1(103)-1371/2019 saylı 30 may 2019-cu il tarixli qərarının ləğv edilərək, işin baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınnmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2934/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/19 saylı 08 aprel 2019-cu il tarixli qərarının dəyişdirilərək, İddiaçı əmək pensiyasının 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqının tam məbləği əsas götürülməklə 2008-ci il 1 yanvar tarixindən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1049/20 saylı 1 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)- 2934/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1655/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1189/19 saylı 08 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-455/2021 saylı 09 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1655/2020 saylı 16 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkilyeviç apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 01.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə proseslərində iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin sonuncu dəfə qəbul etdiyi 2-1(102)-455/2021 saylı 09 mart 2021-ci il tarixli qərarının məzmununda iddia müddəti ilə bağlı göstərilənlər nəzərə alınmaqla və bu məsələ artıq həmin qərarla həll olunduğu üçün əlavə araşdırma aparılmasına ehtiyac yoxdur, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “01.01.2008-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun 10.2, 26, 27.1 maddələri və 01.01.2006-cı ilə qədər qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 17, 71, 72-ci maddələrinə uyğun olaraq 2002-2003-cü illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının 01.01.2008-ci ildən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” barədədir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmiş, buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın imtinasında göstərilmiş mövqeyi əsaslı olsa da, bu hal İddiaçı pensiya hüququnu məhdudlaşdırır. Belə ki, cavabdeh öz etirazında İddiaçı belə bir hüquqa malik olmasını dolayısı ilə etiraf etsə də və bu hal qanunvericilikdə öz əksini əvvəllər tapmış olsa da, müxtəlif vaxtlar E.Əlievin bu hüququnun olmasına baxmayaraq hazırda bu hal qanunvericilikdən çıxarılmış, lakin bu vəziyyət İddiaçı pensiya hüququndan daha səmərəli istifadə etməsinə dəlalət etməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması səbəbindən gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdə iddiaçı ona 2004-cü ildə əlilliyə görə təyin edilmiş pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2008-ci il tarixdən 11.11.2009-cu il tarixədək qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən 01.01.2008-ci ildən yenidən hesablanmasını tələb edir. İddiaçının istinad etdiyi «Əmək pensiyaları haqqında» Qanunun 26.2-ci maddəsinin 2008-ci il tarixdən qüvvəyə minmiş redaksiyası 474-İİİQD №-li 06.11.2007-ci il tarixli Qanunla qəbul olunmuşdur və aşağıdakı məzmunda ifadə olunur: «Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.» Qeyd olunan maddənin məzmunundan da görünür ki, onun qəbulundan əvvəl yaranmış münasibətlərə tətbiq olunması hazırki işdə müzakirə predmeti deyil. Mübahisənin yaranması sosial təminat orqanının qanundan irəli gələn vəzifəsini vaxtında yerinə yetirməyərək İddiaçı pensiyasını 01.01.2008-ci il tarixdən yenidən hesablamaması ilə əlaqədardır. Bu zaman İddiaçı istinad etdiyi normanın hazırda qüvvədə olmaması məsələnin mahiyyətini dəyişmir. İş materiallarından görünür ki, İddiaçı pensiyası 01.01.2008-ci il tarixdən yenidən hesablanmışdır. Təsadüfi deyildir ki, kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi əvvəlki qərarlarında da bu məqam xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarında göstərilənlərlə bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı hansı növ pensiyanın hansı əsaslarla təyin olunması, 2008-ci ildə və sonralar iddiaçının pensiyası yenidən hesablanarkən hesablamanın hansı əsaslarla aparılması, iddiaçının tələb etdiyi məbləğdən fərqli olubolmaması barədə məhkəməyə məlumat verilməsi, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı aid “Pensiyaçının uçot vərəqi”nin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 19.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən orta aylıq əmək haqına (həmin dövrdə 51 manatın 31%-i) məhdudiyyət tətbiq edilməklə 12.01.2004-cü il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 474-İİİQD saylı 06.11.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 26.2-ci maddə və qeyd hissəsi əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 904-İİİ QD saylı 27.10.2009-cu il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi və qeyd hissəsi Qanundan çıxarılmışdır. İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyasında əmək haqqının tam məbləği əsas götürülməklə 01.01.2008-ci il tarixindən yenidən hesablama aparılmamışdır. Qanunun 26.2-ci maddəsi və qeyd hissəsi qanunvericilikdən çıxarıldığı üçün sözügedən şəxsə təyin edilmiş əlilliyə görə əmək pensiyası əməkhaqqının tam məbləği əsas götürülməklə 01.01.2008-ci il tarixindən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmçinin məktubda iddiaçıya 2008-ci ildən sonra pensiya məbləğinin hesablanacağı təqdirdə fərqin necə olacağını əks etdirən cədvəl də verilmişdir. Beləliklə, iş üzrə aparılan məhkəmə araşdırmalarından müəyyən olundu ki, iddiaçıya 12.01.2004-cü il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunduqdan sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə edilmiş dəyişikliklərə görə 01.01.2008-ci il tarixdən 11.11.2009-cu il tarixədək qüvvədə olan 26.2-ci maddəsinin redaksiyasının tələblərinə uyğun olaraq onun pensiyası yenidən hesablanmamışdır. Belə olan halda nəzərə alınmalıdır ki, burada söhbət iddiaçının tələbinə görə hüquq münasibətlərinə qanunun geriyə qüvvəsinin tətbiq edilməsindən deyil, 01.01.2008-ci il tarixdən 11.11.2009-cu il tarixədək qüvvədə olmuş normanın İddiaçı münasibətdə 01.01.2008-ci il tarixdən tətbiqindən gedir. Çünki yuxarıda da qeyd olunduğu kimi, müvafiq normanın hazırda qüvvədə olmaması zamanında öz öhdəliyini yerinə yetirməmiş sosial təminat orqanını bu öhdəliyi yerinə yetirmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 12.01.2004-cü il tarixdən əlilliyə görə təyin edilmiş əmək pensiyası 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqına əsasən yenidən hesablanmalıdır. Bu zaman Kollegiya hesab edir ki, iddiaçıya pensiyası yuxarıda adı çəkilən Qanunun 26.2-ci maddəsinin 01.01.2008-ci il tarixdən qüvvədə olması və iddiaçının hüququnun da həmin tarixdən yaranması nəzərə alınmaqla 01.01.2008-ci il tarixdən yenidən hesablanmalıdır. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçıya keçmiş müddət üçün alınmamış pensiya fərqinin birdəfəlik olaraq ödənilməsi” barədə gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Lakin sonradan ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən 23.09.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərarda məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmələr tərəfindən bu növ iddialara baxılan zaman, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərinə riayət edilməlidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən onun iddia ərizəsində göstərdiyi “hazırki tələblə bağlı DSMF orqanına dəfələrlə şifahi müraciət etməsi”ni və yaxud da 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqana müraciət etməməsinin üzrlü səbəblərlə bağlı olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək üçün ona hüquqi yardım göstərilsə də, belə sübutlar məhkəməyə təqdim olunmamış, ümumiyyətlə iddiaçı onun tərəfindən 01.07.2017-ci il tarixədək inzibati orqana səhhəti ilə bağlı, yaxud da onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı müraciət edilmədiyinə əsaslanmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçıya 12.01.2004-cü il tarixdən əlilliyə görə təyin edilmiş pensiyanın 01.01.2008-ci il tarixdən yenidən hesablanmalı olduğunu, bunun üçün onun inzibati orqana həmin tarixdən sonra, yəni 18.10.2018-ci ildə müraciət etdiyini (cavabdehin 05.11.2018 və 21.12.2018-ci il tarixli imtina məktublarında (i.v. 31, 32) iddiaçının müraciət məktubunun tarixi göstərilmədiyi üçün iddiaçının iddia ərizəsində göstərdiyi “18.10.2018-ci il” müraciət tarixi nəzərə alınır) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.09.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya fərqi iddiaçıya onun inzibati orqana müraciət etdiyi 18.10.2018-ci il tarixdən əvvəlki üç il üzrə, yəni 18.10.2015-ci il tarixdən hesablanaraq ödənilməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddiaçıya keçmiş müddət üçün ödənilməli olan fərq məbləğinin “birdəfəlik” ödənilməsi qənaətinə gəlmişdir ki, bu da əsassız olmuşdur. Belə ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin (i.v. 56) məzmunundan görünür ki, iddiaçının ikinci tələbi “yaranmış fərqin ödənilməsi” barədə olmuşdur, yəni iddiaçı həmin fərq məbləğinin “birdəfəlik” ödənilməsini tələb etməmiş və qanunvericilikdə belə ödəniş qaydası da müəyyən edilməmişdir. O ki qaldı cavabdeh inzibati orqanın “iddiaçıya 01.01.2008-ci ildən pensiyasının yenidən hesablanması zamanı pensiyasında heç bir artım olmayacağı” barədə dəlilinə, bu dəlil məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 19.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdakı cədvəldən iddiaçıya 2008-ci ildən sonra pensiya məbləğinin yenidən hesablanacağı təqdirdə pensiyasında artım olacağı müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1189/2019 saylı 08 aprel 2019cu il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, İddiaçı 12.01.2004-cü il tarixdən əlilliyə görə təyin edilmiş əmək pensiyasının 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqına əsasən 01.01.2008-ci il tarixdən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin 18.10.2015-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin üzərinə qoyulmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1189/2019 saylı 08 aprel 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 12.01.2004-cü il tarixdən əlilliyə görə təyin edilmiş əmək pensiyasının 2002- 2003-cü illər üzrə orta aylıq əmək haqqına əsasən 01.01.2008-ci il tarixdən yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya fərqinin 18.10.2015-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinin üzərinə qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1503/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1503/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver