Məhkəmə qərarları › İş №2-1(103)-1503/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1503/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1503/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında 02 oktyabr 2019-cu il tarixli **********704100 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək və ərizədə cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini göstərərək, İddiaçı MMC-nin barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 02 oktyabr 2019-cu il tarixli **********704100 №li qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 ƏDVnin yayındırılması” hissəsində ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək və ərizədə cavabdeh qismində Bakı şəhəri LGBİ-yi göstərərək, İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019cu il tarixli, **********191195 №li qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsində ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri LGBİ-nin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.11.2017-ci il tarixli **********147449 nömrəli Qərarına əsasən İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair 23.04.2019-cu il tarixli **********130826 №li akt tərtib edilmişdir. Yoxlama ilə əlavə dəyər vergisinin 48.607,71 manat məbləğində azaldılması aşkar edildiyi üçün səyyar vergi yoxlaması aktı və yoxlama materialları vergi orqanı tərəfindən əsaslı və etibarlı hesab edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26.04.2019-cu il tarixli **********81911 nömrəli qərar qəbul edilmiş və ümumilikdə 24.303,86 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanına təqdim edilmiş vergi bəyannamələri və ilkin mühasibat sənədlərinə əsasən əlavə dəyər vergisinin düzgünlüyünün yoxlanılması zamanı Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozularaq, alınmış mallara görə verilmiş vergi hesabfakturaları üzrə əməliyyatların dəyərinin nağd şəkildə ödənildiyi aşkar edilmiş və nəticədə yoxlama olmaqla, ümumilikdə 48.607,71 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğində nisbətən azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faiz miqdarında, 2015-ci ilin dekabr ayı üzrə 22 899,45 manat, 2017-ci ilin iyun ayı üzrə 1.404,41 manat olmaqla, ümumilikdə 24.303,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra vergi ödəyicisi səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə 05.07.2019-cu il və 05.08.2019-cu il tarixli şikayətlərlə Vergilər Nazirliyinə müraciət etmişdir. Həmin şikayətlərə Vergilər Nazirliyinin sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsi tərəfindən baxılmış və inzibati icraatın nəticəsinə dair “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 2 oktyabr 2019-cu il tarixli **********704100 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən səyyar vergi yoxlamasının nəticələri yoxlama ilə 2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798.9 manat ƏDV-nin yayındırılması ilə əlaqədar vergi ödəyicisinə tətbiq edilmiş 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş və yoxlamanın nəticələri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisinin eyni məzmunlu təkrar şikayəti Apellyasiya Şurasının icraatına qəbul edilərək 26.12.2019-cu il tarixli iclasının gündəliyinə daxil edilmiş və şuranın iclasında aparılan müzakirlər zamanı işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2020 saylı, 21 oktyabr 2020-ci il qərardadı (hakim N.Abıyev) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 21(103)-377/2021 nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2-1(112)-2689/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(102)- 951/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli 2-1(103)-377/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.10.2021-ci il tarixli 21(103)-1981/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2- 1(112)-2689/2020 saylı qərarının qismən ləğv edilməsi, apelyasiya şikayətinin qismən təmin edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.02.2022-ci il tarixli, 2-1(102)- 218/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1981/2021 saylı 22.10.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” 07.10.2019-cu il tarixli **********191195 nömrəli qərara vergi qanunvericiliyinin aktlarının tələblərinə zidd olmaqla qismən əsassızdır və bu səbəbdən qeyd edilən qərar “2015-ci il dövrü üzrə müəyyən edilmiş 45798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində” ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anında 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə 02.02.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə iddia tələbinin 08 sentyabr 2020-ci il tarixdə verilməsinə istinad edərək iddia müddətinin buraxılması barədə səhv nəticəyə gəlmiş, İPM-in 13-cü maddəsinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında iddiaçıya yardım etməmiş, iddianın predmetinin 02 oktyabr 2019-cu il tarixli, yaxud 07 oktyabr 2019-cu il tarixli qərar olmasından asılı olaraq iddiaya cavab verməli hansı orqanın cavabdeh olması barədə müzakirə aparmamışdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, iddianın mümkünlük şərtləri yenidən araşdırılmalı, iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən olunur ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017ci il üzrə 2.808,81 manat) manat ƏDVnin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar 26.04.2019-cu il tarixdə İddiaçı MMC-nin rəhbərinə rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli qərarından inzibati şikayət vermiş, şikayət instansiyasının 02.10.2019-cu il tarixli qərarı ilə inzibati şikayət qismən təmin edilmiş, cavabdehin 26.04.2019-cu il tarixli qərarı 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, 26 aprel 2019-cu il tarixli qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli qərar qəbul etmiş, 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. Daha sonra iddiaçı həm Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 02.10.2019-cu il tarixli qərarından, həm də cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 07.10.2019-cu il tarixli qərarından Vergilər Nazirliyinin Apelyasiya Şurasına şikayət etmiş, Apelyasiya Şurasının 26 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” 2 oktyabr 2019-cu il tarixli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” 7 oktyabr 2019-cu il tarixli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya Şurası 26 dekabr 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə şikayət verilə bilər. İddiaçı apelyasiya şurasının qərarını aldıqdan sonra 30 gün müddətində 2 oktyabr 2019-cu il tarixli qərarın ləğvi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mübahisə ilə bağlı hüquqi mövqeyini nəzərə alaraq bildirir ki, İPM-in 32.2.2-ci maddəsinə görə barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. İş materiallarından görünür ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 26.04.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ilkin inzibati akt məhz 26.04.2019-cu ildə qəbul olunmuş, şikayət instansiyasının 02.10.2019-cu il tarixli qərarı ilə cavabdehin 26.04.2019-cu il tarixli qərarı qismən ləğv edilmiş,ilkin inzibati akt şikayət instansiyasınnı qərarı ilə dəyişdirilmişdir. Göründüyü kimi, mübahisələndirilmə haqqında iddiada iddianın predmeti düzgün seçilməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinə uyğun qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, natamam faktiki məlumatların tamamlanmasında iddiaçıya yardım edərək, iddianın predmetinin şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt olduğunu izah etməli, iddiaya cavab verməli inzibati orqan düzgün müəyyən edilməli, bundan sonra iddianın mümkünlük şərtləri araşdırılmalı, iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar