Məhkəmə qərarları › İş №2-1(103)-1503/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1503/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1503/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş müavinət və təqaüdün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Pərvin Adil qızı İbrahimovanın katibliyi ilə katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “ödənilməmiş müavinət və təqaüdün verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5237/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə 27 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 037263 nömrəli xx.xx.2022-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçıya xx.xx.2006-xx.xx.2011-ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə və xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə təqdim etdiyi müharibə veteranı vəsiqəsinə əsasən vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək xx.xx.2017- xx.xx.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. İddiaçı 2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ona ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə, 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin hər iki qurum tərəfindən iddiaçının tələbi təmin olunmamışdır. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı 2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ona ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən ödənilməsi, 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 1990-1991-ci illər ərzində Ağdam, 1991-1995-ci ilin dekabr ayınadək isə Goranboy Rayon Polis Şöbəsində təhqiqatçı və müstəntiq vəzifələrində xidmət etmişdir. Xidmətdə olduğu müddətdə erməni qəsbkarlarına qarşı torpaqların müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İ Qarabağ müharibəsi veteranı kimi ona müavinət təyin edilmiş və həmin pul məbləği kimi əmək haqqına əlavələr edilməklə ona verilmişdir. O, 2017-ci ilin əvvəlinədək İ Qarabağ müharibəsi veteranı kimi veteran pulunu əmək haqqına əlavə edilməklə almışdır. 2017-ci ilin iyul ayından isə Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsindən azad olunaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və bir neçə aydan sonra ağır xəstə olduğundan 2019-cu ilin fevral ayından Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində işlədiyi müddətdə, yəni 2017-ci ilin iyul ayından 2019-cu ilin fevral ayının 18-dək olan müddət ərzində ondan hər ay “gəlir vergisi” tutulmuş və başı xəstəliyə qarşıdığına görə 2017-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində ona müharibə veteranı müavinəti ödənilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya veteran vəsiqəsi 20 oktyabr 2022-ci il verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazımdır. Belə ki, veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki, iddiaçının istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında cavabdeh orqan ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də,“Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı is üzrə isə iddiaçının cavabehə müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də, iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin Bakı İnzibati Məhkəməsinin sorğusuna verdiyi cavabdan aydın olur ki, iddiaçıya xx.xx.2006-xx.xx.2011ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə Veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək xx.xx.2017- xx.xx.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında 17 iyun 2006-cı il tarixli Nazirlər Kabinetinin Qərarına əsasən “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə müəyyən olunan müavinətlər hərbi qulluqçulara və xüsusi rütbəsi olan əməkdaşlara - onların xidmət keçdiyi orqan tərəfindən ödənilir. İddiaçıya xx.xx.2011-ci il tarixdən sosial müavinəti verən inzibati orqan iddiaçının xidmət etdiyi orqan tərəfindən, yəni Daxili İşlər Nazirliyi olmuşdur. Qeyd edilən müavinət 2019-cu il 15 aprel tarixli Prezidentin Fərmanından sonra təqaüd şəklində cavabdeh orqan tərəfindən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməyə başlanılmışdır. İddiaçının mübahisələndirdiyi dövr qeyd edilən Fərmanadək ona müavinətin ödənilmədiyi dövrlərdir. Yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarından da aydın olur ki, iddiaçıya həmin sosial müavinətin ödənişi xidmət keçdiyi orqan tərəfindən verilməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə həvalə edilməsi və İddiaçı 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün öhdənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara almışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin ona qarşı təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin həmin qərardan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və qərarın Nazirliyə qarşı təmin olunan hissəsində ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən sosial müavinəti verən inzibati orqan iddiaçının xidmət etdiyi orqan tərəfindən, yəni Daxili İşlər Nazirliyi olmuşdur. Qeyd edilən müavinət 2019-cu il 15 aprel tarixli Prezidentin Fərmanından sonra təqaüd şəklində cavabdeh orqan tərəfindən, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ödənilməyə başlanılmışdır. İddiaçının mübahisələndirdiyi dövr qeyd edilən Fərmanadək ona müavinətin ödənilmədiyi dövrlərdir. Yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarından da aydın olur ki, iddiaçıya həmin sosial müavinətin ödənişi xidmət keçdiyi orqan tərəfindən verilməli idi. İddiaçı veteranlar üçün nəzərdə tutulmuş vəsiqə xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmin tarixdən ona təqaüd təyin edilmiş, buna baxmayaraq, Qanunla veteranlar üçün müəyyən edilmiş müavinətlərin veteran vəsiqəsi verildiyi tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. Qeyd edildiyi kimi, iddiaçıya veteran vəsiqəsi 20 oktyabr 2022-ci ildə verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “ödənilməmiş müavinət və təqaüdün verilməsi’’ barədə İddiaçı iddia tələbi təmin olunmamalıdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən öhdəliyin icrası əsli olmayan cavabdeh DİN Maliyyə-Plan İdarəsinə qarşı yönəlmişdir. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarının 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati qurum kimi göstərilmişdir. Məhkəmə tərəfindən cavabdeh Daxili İşlər Nazirliyi Aparatının strukturuna aid olan Maliyyə Plan İdarəsi müəyyən edilmişdir. DİN MPİ ixtisaslaşdırılmış polis idarəsi deyil və müstəqil cavabdeh kimi ona qarşı tələb irəli sürülə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmazdan əvvəl tələbinin təmin edilməsi üçün DİN MPİ-nə deyil, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmiş və tələbi xx.xx.2022-ci il tarixli cavab məktubu ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən qərar qəbul edilərkən iddianın mümkünlük şərtləri düzgün araşdırılmamışdır. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2006xx.xx.2011-ci il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə Veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidmət yeri yenidən dəyişdirilərək xx.xx.2017- xx.xx.2019-cu il tarixlərdə Yasamal Rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti tətbiq edilməmişdir. İddiaçı tərəfindən bu müddət ərzində inzibati quruma müraciəti olmamış və tərəfindən güzəşt tətbiq edilməsi üçün əsas olan sənədlər təqdim edilməmişdir. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli protokol sənədinə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi ilk dəfə xx.xx.2022ci il tarixdə verildiyi üçün həmin tarixdən əvvəl DİN-nin iddiaçıya hər hansı müavinət və təqaüd ödəmək öhdəliyi yoxdur, sonrakı dövr üzrə müavinəti ödəmək vəzifəsi isə qanunla digər cavabdehə həvalə olunmuşdur. Odur ki, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını və məhkəmə qərarının Nazirliyə qarşı təmin olunan hissəsində ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki inzibati işin birinci instansiya məhkəməsində icraatı zamanı ikinci cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi göstərilmişdir. Lakin tərəflərin izahatlarından məlum oldu ki, cavabdeh DİN-nin Maliyyə Plan İdarəsinin ayrıca bank hesabı, möhürü və əsasnaməsinin olmasına baxmayaraq hazırki iş üzrə iddiaçının irəli sürdüyü iddia tələbinin təmin olunacağı təqdirdə həmin iddia tələbi üzrə müvafiq müavinətlərin ödənilməsində müstəqil səlahiyyət sahibi deyildir, belə ki, bu səlahiyyət DİN-ə verildiyi üçün cavabdeh orqan da sonuncu hesab edilməli və belə olan halda məhkəmə qərarının icrası mümkün olmayacaqdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərardadı ilə hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz olunmuşdur. Bununla yanaşı, hazırki iddia “öhdəliyin icrası haqqında” iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı tələbi “ona xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilməsi və 2019-cu ilin fevral ayından sonrakı dövr üzrə isə ödənilməmiş müavinət və təqaüdün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdehlərə müraciət etsə də, sonuncular tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr də aparılmalıdır. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci bəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinətin verilməsi qərara alınmışdır. Həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cü il 640 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin ləğv edilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin sorğusuna cavab olaraq: Cavabdeh tərəfindən 20 aprel 2023-cü il tarixli 3-17-1/2-87404/2023 nömrəli məktubla verilmiş məlumata əsasən İddiaçı veteran vəsiqəsinin verildiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2019- cu il tarixli 641 nömrəli Fərman əsasında Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək cari tarixədək ödənişi davam etdirilir. İddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-B-27/2- 2487/2023 nömrəli məktubla bildirilmişdir ki, DİNin sabiq əməkdaşı İddiaçı xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə təqdim etdiyi “Müharibə veteranı” vəsiqəsinə əsasən ona əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş sənəd əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Xidməti yeri yenidən dəyişdirilərkən xx.xx.2017-xx.xx.2019-cu il tarixlərində Yasmal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə isə müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə İddiaçı xx.xx.2022-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi üçün əsas olan sənədlərin məhkəməyə təqdim olunmasına dair məhkəmə sorğusu göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən verilmiş 3-13-27/2-2512/2024 nömrəli 15 iyun 2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş- İddiaçı xx.xx.2022-ci il tarixli müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş DİN-in müvafiq komissiyasının xx.xx.2022-ci il tarixli 152 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanlarının sabiq əməkdaşlarına, Daxili Qoşunların sabiq hərbi qulluqçularına və XTPD-nin sabiq əməkdaşlarına müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi məsələsinə baxaraq, həmin döyüş əməliyyatlarında iştirak faktı müəyyən edilmiş 1991-1994-cü illərdə inzibati ərazidə xidmət etmiş Goranboy RPŞ-nin sabiq əməkdaşı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi qərara alınmışdır. İşin apellyasiya baxışı zamanı cavabdeh Daxili İşlər Nazirliyinin nümayəndəsi adı çəkilən protokol sənədinə istinad edərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin ilk dəfə xx.xx.2022-ci il tarixdə verildiyini və buna görə də həmin tarixdən əvvəl DİN-nin iddiaçıya hər hansı müavinət və təqaüd ödəmək öhdəliyinin olmadığını bildirmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan sənədlərdən və aparılan məhkəmə arşdırmalarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsi verilmiş, belə ki, məhz həmin vəsiqəyə əsasən iddiaçıya müvafiq dövrlərdə, məsələn: xx.xx.2006-xx.xx.2011-ci il tarixlərində Yasamal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə əməkhaqqı hesablanarkən müharibə veteranları üçün nəzərdə tutulmuş vergi güzəşti tətbiq edilmiş, xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində xidmət yeri dəyişdirilərək DİN-in Baş İstintaq və Təhqiqat idarəsində işlədiyi müddətdə yenidən təqdim edilmiş müharibə veteranı vəsiqəsi əsasında ona vergi güzəşti tətbiq edilmişdir. Sonuncu dəfə isə xidməti yeri yenidən dəyişdirilərkən Yasmal rayon Polis İdarəsində xidmət etdiyi müddətdə- xx.xx.2017xx.xx.2019-cu il tarixlərində müvafiq sənədin təqdim edilməməsi səbəbindən ona vergi güzəşti təqdim edilməmişdir. Bu fakt hazırki iş üzrə cavabdeh qurumun- Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə verilmiş 3-13-27/2-2512/2024 nömrəli 15 iyun 2024-cü il tarixli sorğuya cavab məktubu ilə də təsdiq olunur. İddiaçının xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsinin olması ilə bağlı müvafiq sənədlər DİN tərəfindən məhkəməyə təqdim olunmasa da, bu hal iddiaçının məsuliyyət sferasına düşmür, həm də iddiaçının xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteanı vəsiqəsinin olması faktı yuxarıda da qeyd olunan DİN-nin sorğuya cavab məktubu ilə də tam təsdiq olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilmişdir: “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:.. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən öncə də müharibə veteranı adı və vəsiqəsinin olması, ona buna görə xidmət etdiyi dövrlərdə vergi güzəştinin tətbiq edildiyi iş materialları ilə təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ödənilməlidir. Lakin həmin müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, sonuncunun ayrıca bank hesabı, möhürü və əsasnaməsinin olmasına baxmayaraq hazırki iş üzrə iddiaçının irəli sürdüyü iddia tələbinin təmin olunacağı təqdirdə həmin iddia tələbi üzrə müvafiq müavinətlərin ödənilməsində müstəqil səlahiyyət sahibi olmaması, belə ki, bu səlahiyyət qanunla DİN-ə verildiyi üçün cavabdeh orqan da DİN hesab edilməli və belə olan halda məhkəmə qərarının icrasının mümkün olmayacağı nəzərə alınmamışdır. Odur ki, işin apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi əsl cavabdeh olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz olunduğu üçün məhkəmə qərarı iddiaçıya xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilərək, həmin hissədə müavinəti ödəmək öhdəliyi Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. İddiaçının “2019-cu ilin fevral ayından sonrakı dövr üzrə ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyinin DSMF-nun SÖTMF-nın üzərinə qoyulması” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələbin təmin edilməsi ilə bağlı da birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, DSMF-nun SÖTMF tərəfindən ödənilməli olan müavinət və təqaüdün ödənilməli olduğu dövrü dəqiq göstərməmişdir. Belə ki, məhkəmə qərarında həmin dövr “2019-cu ilin fevral ayından sonrakı dövr” kimi göstərilsə də, bunun qeyri-müəyyən müddət olduğunu məhkəmə nəzərə almamışdır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, iddiaçıya ona sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verilməsi xx.xx.2022-ci il tarixli protokol əsasında həyata keçirildiyi üçün və 2019-cu ilin fevralına qədər ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi qanunla DİN-nin vəzifəsinə aid edildiyindən bundan sonrakı dövr üzrə, yəni 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək (iddiaçıya sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixədək) müavinət və təqaüdün ödənilməsi vəzifəsi DSMF-nun SÖTMF-nın üzərinə qoyulmaladır. Odur ki, məhkəmə qərarı qeyd olunan hissədə də dəyişdirilərək, iddiaçıya 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək (iddiaçıya sonuncu dəfə müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixədək) müavinət və təqaüdün ödənilməsi vəzifəsi DSMF-nun SÖTMF-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hər iki cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddianın təmin edilməməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün öhdənilməsi öhdəliyi isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki cavabdehin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5237/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2017-2019-cu ilin fevral ayınadək olan müddət üçün ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin. İddiaçı 2019-cu ilin fevral ayından xx.xx.2022-ci il tarixədək ödənilməmiş müavinət və təqaüdün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X4 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar