Məhkəmə qərarları › İş №2-1(103)-1504/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1504/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1504/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X4 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 m. 21 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın təyin olunması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-2245/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra DSMF-nin Binəqədi rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********0 cavab məktubunun ləğv edilməsinə, ona 1970-ci ildən 1998-ci ilədək olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən, lakin pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi ilə ömürlük güzəştli şərtlərlə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti aparatı tərəfindən təsdiq olunan siyahı üzrə çalışan sığorta olunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilik və müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx xxxxxx 2006-cı il tarixə qədər) qüvvədə olmuş "vətəndaşların pensiya təminatı haqqında" qanunun xx xxxxxx 1997 -ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan bir nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (qanunun qeyd edilən 13-cü maddəsinə 1997-ci il tarixli 358- İQD nömrəli qanuna dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dən hər il 6 ay artırılmışdır). Həmin qanunun 69-cu maddəsinin 1-ci hissəsində iş stajı müəyyənləşdirilmiş qaydada idarə, müəssisə və təşkilatların verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (Eyni zamanda “Əmək pensiyaları haqqında” AR Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Həmin qanunun 67-ci maddəsinin 3-cü hissəninin “c” bəndinə (qüvvədə olan “Əmək pensiyaları haqqında Qanun 21.2.3-cü maddəsinə”) əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dən keçmiş SSRİ-nin ərazisində müddətli hərbi xidmət dövrü daxil olmaqla) sosial sığorta stajına daxil edilir. İddiaçı həmçinin qeyd etmişdir ki, keçmiş SSRİ dövründə Ermənistan SSR-də X8 Mis çıxartma İdarəsində işlədiyi vaxt və dövlət müəssisəsi tərəfindən açılmış əmək kitabçası mövcuddur. Qeyd olunan əmək kitabçalarının, hərbi biletinin və digər arayışların surətinə əsasən onun əmək stajı müəyyən olunur. xx.xx.1970-xx.xx.1995-ci illərdə Ermənistan SSR X16 Mədən İdarəsində burilşik (4 il 8 ay) xx.xx.1975-xx.xx.1977-ci illərdə müddətli hərbi xidmət (2 il 15 gün) xx.xx.1978-xx.xx.1980-ci illərdə sənayələşdirilmiş Ev X10 3 nömrəli X17 çilingər (14 il 1 ay) xx.xx.1995-xx.xx.1998-ci illərdə Bakı şəhəri X3ynaqçısı (3 il 11 ay 29 gün) Qeyd olunan stajı ümumiləşdirdikdə Ermənistan SSR ərazisində xx xxxxxx 1970ci ildən xx xxxxx 1975-ci ilə kimi qazanılmış sığorta stajı (müddətli hərbi xidmət dövrü də nəzərə alınmaqla) 4 il 8 ay təşkil edir. Həmin stajda 4 il 8 ayı Mis Mədənində yeraltı ehtiyatların çıxarılması üzrə 2-ci dərəcəli qazmaçı kimi işləmişdir. (Qeyd olunmalıdır ki, sözügedən mədəndə işlədiyi faktı qeyd olunan idarənin arayışı ilə də öz təsdiqini tapır). Ermənistan SSR-də X8 Mis Çıxartma Baş İdarəsinin xx.xx.1975-ci il tarixli arayışına əsasən iddiaçı xüsusilə zərərli və ağır işdə işlədiyi öz təsdiqini tapır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş əmək kitabçasından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı nömrə 12 “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5 neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməyi də müəyyən olunur. Qeyd olunan stajı ümumiləşdirdikdə xx.xx.1970-ci ildən xx.xx.1998-ci ilədək tərəfindən qazanılmış sığorta stajı (müddətli hərbi xidmət dövrünü də nəzərə alınmaqla) 27 il 5 ay 19 gün təşkil edir. Həmin stajın 15 il 4 ay 14 gün Ermənistan SSR X18 Mədən İdarəsində, müddətli hərbi xidmətdə, Q. Qarayev adına neft emalı zavodunda və Bakı şəhəri 8 saylı Təmir- Tikinti Trestində qazmaçı, əsgər (mətnə uyğun) çilingər və qaz qaynaqçısı kimi işləmişdir. Belə olan halda “əmək pensiyaları haqqında” qanunun 23.1-ci maddəsinin tələbinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə və ya başqa hal tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin qanunun 23.2ci maddəsinin tələbinə əsasən isə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı bu müddətdə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin qeyd olunan normalarının tələblərindən göründüyü kimi 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı qeyd - şərtsiz ümumi qaydada sığorta stajına daxil edilir. Belə olan halda, konkret halda iddiaçının Ermənistan SSR-də hərbi xidməti hesablanmaqlada qazandığı 6 il 8 ay 15 gün mədəndə xüsusilə və ağır iş şəraitində mis mədənində yeraltı qazma işlərində çalışdığı dövr əmək stajı iddiaçının sığorta stajı kimi qəbul edilməlidir. Bundan başqa Q. Qarayev adına Neft Emalı zavodunda 2 il 7 ay 22 gün və Bakı şəhəri 8 saylı Təmir-Tikinti Trestində 3 il 11 ay 29 gün xüsusilə və ağır iş şəraitində çilingər və qaz qaynaqçısı işində çalışdığı əmək stajı sığorta stajı kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının xx xxxxxx 1998-ci il vəziyyətinə 27 il 5 ay 19 gün ümumi sığorta stajı toplanır ki, həmin müddətində 15 il 4 ay 14 gün xüsusilə zərərli və ağır peşədə çalışdığı müddət təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Ş.Süleymanova) 2-1(81)- 2245/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2245/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçalarının, hərbi biletinin, arayışlarının xx.xx.1980-ci ildən xx.xx.1995-ci ilədək X1 birliyin 3 nömrəli Evtikmə kombinatında onunla işləyən şahidlər tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiqlənmiş aktlara və məlumatlara əsasən onun iş stajı aşağıdakı kimi müəyyən edilir: xx.xx.1970-xx.xx.1995-ci illərdə Ermənistan SSR X18 Mədən İdarəsində burilşik (4 il 8 ay) xx.xx.1975-xx.xx.1977-ci illərdə müddətli hərbi xidmət (2 il 15 gün) xx.xx.1978-xx.xx.1980ci illərdə sənayələşdirilmiş Ev X10 3 nömrəli X17 çilingər (2 il 7 ay 22 gün). xx.xx.01980xx.xx.1993-cü illər X6 İstehsalat Birliyin 3 nömrəli X17 əmək kitabçasında çilingər göstərilsə də, şahidlərin aktlarına, məlumatlarına və ərizələrinə əsasən qaz qaynaqçısı (14 il 1 ay). xx.xx.1995-xx.xx.1998-ci illərdə Bakı şəhəri X3ynaqçısı (3 il 11 ay 29 gün). İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1999-cu ilədək X1 Birliyi 3 nömrəli Kombinatında 4-cü dərəcəli çilingər, 2-ci dərəcəli stropolşik, 5-ci dərəcəli çilingər, 6-cə dərəcəli dəmirçi çilingər çalışdığı işlər əmək kitabçasında göstərilənlər yalnışdır. İddiaçı qeyd olunan peşələrin əvəzinə həqiqət olaraq xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək qaz qaynaqçısı vəzifəsində əmək şəraiti zərərli və ağır olmaqla çalışmışdır. Bu barədə onunla həmin idarədə və həmin dövrdə işləyən şahidlər tərəfindən tərtib olunmuş, notarial qaydada təsdiq olunmuş aktlara, məlumatlara və ərizələrə əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1995-ci ildək 3 nömrəli Evtikmə Kombinatında qaz qaynaqçısı vəzifəsində işlədiyi fakt öz təsdiqini tapır. xx.xx.2019-cu il tarixdə iddiaçı ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi – cavabdeh DSMF-nin X9 idarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2086/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva V.Ağayev, C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmışdır. İddiaçının xx.xx.2020-ci il tarixli kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-635/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, İ.Şəfiyev, Z.Quliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2086/2019 saylı, x xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının əmək kitabçasında qeyd edilən xx xxxxxx 1970-ci ildən (iddiaçının 14 yaşı olmuşdur) xx xxxxx 1975-ci ilə kimi Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işləməsi Əmək Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələblərinə əsasən qeyri-mümkündür. Yəni iddiaçı həmin dövrdə işləyərkən yaşı 18- dən az olduğundan bu dövr güzəştli iş stajı kimi qəbul edilə bilməz. İlk öncə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi iddiaçının 18 yaşa qədərki dövrdə işlədiyi hansı peşənin 1 saylı Siyahıda hansı peşəyə uyğun olmasını müəyyən etməmişdir. Həmçinin məhkəmə 1970-1975-ci ildə olan münasibətlərə hazırda qüvvədə olan Əmək Məcəlləsinin müddəalarını tətbiq etməkdə haqlı olmamışdır. Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmçinin, SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1970-1975-ci illərdəki iş dövrü ona məxsus əmək kitabçasında qeyd edildiyinə görə həmin dövr onun sığorta stajına daxil edilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğular ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının hansı dövrlərdə hərbi xidmətdə olması və xidmətə qədərki dövlərdə qeydiyyatda olduğu ünvan barədə, işlədiyi müəssisələr barədə, təhsil aldığı müəssisə barədə ətraflı məlumatı və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış, xx.xx.2020-ci il tarixli, 1405 №-li məktuba (məktub polkovnik Nicat Həsənov tərəfindən imzalanmışdır) əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 478 №-li arayışda 1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdə Səbail rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq keçmiş SSRİ Silahlı Qüvvələrində 05.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmət keçdiyi qeyd edilmişdir.(əsas qeydiyyat kartası) xx.xx.2020-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli, 617 №-li cavab məktubunda (məktub polkovnik-leytenant Rövşən Əliyev tərəfindən imzalanmışdır) 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdə keçmiş Gədəbəy rayon Hərbi Komissarlığından hərbi qeydiyyatdan çıxaraq, Bakı şəhəri Neftçilər prospekti 59 ünvanına köçdüyü üçün 26 Bakı Komissarı Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata götürüldüyü, xx.xx.1975-ci il tarixdə hərbi xidmət keçmək üçün sonuncu Hərbi Komissarlıqdan keçmiş SSRİ Silahlı Qüvvələrinə göndərildiyi,vətəndaş İddiaçı sonrakı dövrlərdə hərbi xidməti, hərbi qeydiyyatı, işlədiyi müəssisələr və təhsili barədə heç bir məlumat aşkar edilmədiyi qeyd edilmişdir. (Əsas: 1956-cı ilin əlifba qeydiyyat kitabı) Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, onun iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2245/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -İddiaçı xx.xx.1956-cı ildə Gədəbəy rayonunda doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). -İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1975-ci ilə qədər Ermənistan SSR Zəngəzur X2maçı, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək X6 İstehsalat Birliyi 3 nömrəli X17 çilingər, xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək 3 saylı X19 Baş Korpusunda çilingər vəzifəsində işləyib (əmək kitabçası). xx.xx.1995-ci il tarixindən iş ahənginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətə göndərilmişdir və əmək haqqı ödənilməmişdir. xx.xx.2016-cı il tarixində öz xahişi ilə işdən azad edilmişdir (X6 İstehsalat Birliyi 3 nömrəli ETK-nın arayış). -Hazırda iddiaçı ona 50 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. -DSMF-nin Binəqədi rayon Şöbəsinin 2727 №-li qərarla iddiaçıya ikinci dərəcəli əlilliklə xx.xx.2016-xx.xx.2021-ci il tarixə kimi pensiya təyin edilmişdir (pensiya işi). -apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli X7, X12, X14 tərəfindən imzalanmış, akta əsasən onlar İddiaçı ilə bu aktı tərtib edərək, İddiaçı 1980-ci ildən 1995ci ilədək X1 Birliyi 3 №-li Evtikmə Kombinatında straporşik və çilingər çalışdığı rəsmi göstərilsə də, həqiqətdə 5-ci dərəcəli qaynaqçı işində həmin illərdə iş fəaliyyəti ilə məşğul olduğunu təsdiq etmişlər. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, aşağıdakıları əsaslara istinad edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəl qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə kollegiyası iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx xxxxxx 1970-ci ildən xx xxxxx 1975-ci ilə kimi Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işləməsi ilə bağlı Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, 617 saylı məktubuna istinadən bildirir ki, iddiaçı xx.xx.1974-cü il tarixdə keçmiş Gədəbəy rayon Hərbi Komissarlığından hərbi qeydiyyatdan çıxaraq Bakı şəhəri, Neftçilər prospekti 59 ünvanına köçmüş və 26 Bakı Komissarı Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata götürülmüşdür. xx.xx.1975-ci il tarixdə hərbi xidmət keçmək üçün sonuncu Hərbi Komissarlıqdan keçmiş SSRİ Silahlı Qüvvələrinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının xx xxxxxx 1970-ci ildən xx xxxxx 1975-ci ilə kimi Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işlədiyi qeyd edilsə də, məhkəmə sorğularına cavab olaraq, daxil olmuş müvafiq cavab məktublarında onun xx.xx.1974-cü il tarixdə Bakı şəhəri, Neftçilər prospekti 59 ünvanına köçməsi və 26 Bakı Komissarı Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata götürüldüyü müəyyən edilir. Eyni zamanda, iddiaçı işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclaslarında iştirak etməmiş, əlavə şifahi və ya yazılı izahat verməmiş, iddiaçının sonrakı dövrlərdə hərbi qeydiyyatı, işlədiyi müəssisələr və təhsili barədə əlavə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, hərbi qeydiyyat dedikdə, Silahlı Qüvvələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması başa düşüldüyündən və müvafiq cavab məktublarına əsasən iddiaçının xx.xx.1974-cü il tarixdə 26 Bakı Komissarı Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata götürüldüyü göstərildiyindən, iddiaçının həmin dövrdə Bakı şəhəri ərazisində yaşadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində Ermənistanda hərbi xidmətdə olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir, iş materiallarından Bakı şəhərindən hazırkı Səbail rayonundan hərbi xidmətə çağırıldığı təsdiq edilir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçıya məxsus ikinci əmək kitabçası – İT-İ № ******* seriya və nömrəli, xx.xx.1978-ci il tarixdə doldurulmuş əmək kitabçasının təsdiq edilmiş surəti mövcuddur. Əmək kitabçasında əmək kitabçası açılanadək iddiaçının əmək stajının mövcud olmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən iddiaçının birinci əmək kitabçasında qeyd edilmiş olan xx xxxxxx 1970-ci ildən xx xxxxx 1975-ci ilə kimi Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işləməsinə dair əsaslı şübhələr mövcuddur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus hərbi biletdə onun on sinif bitirdiyi qeyd edilsə də, iş materiallarında iddiaçının təhsili harada bitirməsi, yəni 14 yaşında Ermənistan SSR ərazisində Mis Çıxartma Baş İdarəsində işləyərkən Bakı şəhərində, Gədəbəy rayonunda və ya Zəngəzurda oxuması barədə hər hansı sənəd mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əsasən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajı mövcud olmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, xx.xx.2019-cu il tarixli İddiaçı iştirakı ilə X7, X12, X14 tərəfindən imzalanmış akta münasibətdə qeyd edir ki, həmin akt işin birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış, akt yalnız apellyasiya şikayətinə əlavə edilmişdir. Həmçinin, aktla yuxarıda qeyd edilmiş şəxslər iddiaçının 1980-ci ildən 1995-ci ilədək X1 Birliyi 3 №-li Evtikmə Kombinatında straporşik və çilingər çalışdığı rəsmi göstərilsə də, həqiqətdə 5-ci dərəcəli qaynaqçı işində ilə məşğul olduğunu təsdiq etdiklərini bildirsələr də, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vəzifəsinin yanlış olmasını təsdiq edən əmək kitabçasında qeyd, qüvvədə olan məhkəmə qətnaməsi və ya digər sübutedici sənədlər iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, işin ilkin apellyasiya icraatı zamanı xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50, 52 və yaxud 57 yaşının tamam olduğu xx xxxx 2016-cı il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməklə. Ömürlük pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 50, 52 və yaxudda 57 yaşından güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik deyildir. Həmçinin, iş materiallarına əlavə edilmiş 3 №-li ETK X6 İstehsalat Birliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, 01/01 nömrəli arayışın surətində iddiaçının işlədiyi peşələr onun şahidi ifadələri ilə təsdiq etmək istədiyi peşələr deyil, əmək kitabçasında qeyd edilmiş peşələr göstərilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş 8 saylı təmir-tikinti idarəsinin rəisi Hümmətov Şamil ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin (kontraktının) nümunəvi formasına əsasən xx.xx.1995-ci il tarixində qaz qaynaqçısı vəzifəsinə işə qəbul edildiyi göstərilsə də bu barədə əmək kitabçasında hər hansı qeyd mövcud deyildir. Eyni zamanda, əmək müqaviləsində iddiaçının AZE № ******** Seriya və nömrəli Bakı-Binəqədi RPİ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixi kimi qeyd etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və onun 50 yaşı xx.xx.2006-cı il tarixdə tamam olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası qeyd ediləni yazı xətası kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(81)-2245/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2245/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar