Məhkəmə qərarları › İş №2-1(103)-1504/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1504/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1504/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Baxışova Vüsalə Ələkbər qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X4) “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5223/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli 443 saylı sərəncamının qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin iddia tələbinin irəli sürülməsinə dair buraxılmış prossesual müddətin üzrlü hesab edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, iddia tələbi mümkünsüz sayılmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o bundan öncə “X6” MMC-nin adından inzibati məhkəməyə müraciət edilməsindən xəbərdar olmamış, təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, hüquqlarının pozulduğunu isə yalnız rayon məhkəməsinin icraatında olan mülki iş zamanı bilmişdir. Ortakların Anlaşmasına əsasən, mübahisəli ərazinin Yiğitdöl Hikmət və X2 60%, İddiaçı və Yavər Aslanova 40% nisbətdə onlara məxsus olması faktı qeyd olunmuş və Qabil Əliyev və digərləri tərəfindən imza edilərək razılaşdırılmışdır. Anlaşma hal-hazıradək qüvvədədir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili apelyasiya şikayətini əsassız hesab edərək, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına görə 25 iyul 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinə, yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prosepekti, 1181-ci məhəllədə 0.73 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 443 saylı, 23 oktyabr 2015-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmiş, “X6” MTK-ya dair razılaşdırılmış layihə sənədləri "xxxx" MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə aid edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə “X6” MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 0,2316 ha müəyyən edilmişdir (sərəncamın 2-ci bəndi). Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət reyestrindən 31.05.2018-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı nizamnamə kapitalinda 240 payı olmaqla "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) təsisçilərindən biridir. Hazırda iddiaçı cavabdehə qarşı tələb irəli sürərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23.10.2015-ci il tarixli 443 saylı sərəncamı qismən (40% nisbətində) mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... inzibati aktın qəbul edilməsindən 6 ildən artıq müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İşdən görünür ki, iddiaçı mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olması ilə bağlı konkret mövqe göstərməsə də, onun tikinti işlərinin həyata keçirilməsindən, tikililərin satılmasından təxmini 3 ildir ki (sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı əsas götürülməklə) məlumatlı oldugu məlum olur.” Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, işin faktiki hallarına düzgün qiymət verilmədiyindən iddiaçı tərəfindən prosessual müddətin ötürülməsi üzrlü hesab edilərək müddət bərpa edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarında olan “Ortakların Anlaşması”ndan müəyyən edilir ki, hüquqi şəxsin ümumi istifadəsinə verilmiş torpaq sahəsi onun təsisçiləri arasında bölüşdürülmüşdür: “X6” MTK-nın yaşayış sahəsinin “C” və “B” bloklarının, həmçinin ortada yerləşəcək qeyriyaşayış ticarət sahəsinin layihələşdirilməsi, tikilməsi və istismara təhvil verilməsi üçün tələb olunan pul vəsaitləri və digər aktivlər əlavə pay kimi təsisçilərə faiz nisbətində təqdim edilməsi və bu barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin ortakların anlaşmasına görə digər ortaqlar Yavər Aslanov və İddiaçı A-2 və C2 blokuna sahib olmaqla iddiaçının məsuliyyətinə verilmişdir, eyni zamanda, moykada olan 24 sot ərazi Yavər Aslanov və İddiaçı aid edilməsi razılaşdırılmışdır. Həmin anlaşma tərəflərin imzaları ilə təsdiq edilməklə tərtib edilmiş, hazırda qüvvədədir. Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən isə hüquqi şəxsə məxsus 0.76 ha sahənin 0,4984 ha hissəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş və “X6” MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək, 0,2316 ha göstərilmişdir. Apelyasiya baxışı zamanı işin müəyyən edilmiş hallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, MTK-nın 0,4984 ha torpaq sahəsinin "xxxx" MMCnin istifadəsinə verilməsi və tərəfindən tikinti işləri aparılması, yuxarıda qeyd edilən ortaqlıq anlaşmasına əsasən hüquqi şəxsin İddiaçı aid razılaşdırılmış torpaq sahəsinə müdaxilə edilməsi və qanunla qorunan hüquqlarına toxunulması ilə nəticələnmişdir. Eyni zamanda, iş materiallarında olan qüvvədə olan məhkəmə aktlarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı X4 və "xxxx" MMC üçüncü şəxslər qismində olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında 23.10.2015-ci il tarixli 443 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddianın təmin edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 185/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1198/2018 saylı, 22 iyul 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. İşdən aydındır ki, birinci instansiya məhkəməsi hazırki İddiaçı “X6” MTK-nın təsisçisi olmasını əsas götürməklə, yuxarıda qeyd edilən 2018-ci il tarixli məhkəmə aktlarından xəbərdar olduğu qənaətinə gəlmiş və bu əsasla hazırki cavabdeh "xxxx" MMC tərəfindən tikililər aparılmasından 2018-ci ildən xəbərdar olduğundan, hazırki iddia üzrə prosessual müddəti ötürməsi əsası ilə iddia tələbini mümkünsüz saymış, mövqeyini əsaslandırarkən AR Ali Məhkəməsinin 2-1(102)-1956/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərardadını əsas götürmüş, iddia müddətinin ötürülməsini sübut edən digər hər hansı mötəbər dəlili qeyd etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilir ki, “Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.” Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı, X4 və "xxxx" MMC üçüncü şəxslər qismində olmaqla, Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsinə icazə verilməsi haqqında 23.10.2015-ci il tarixli 443 saylı sərəncamının etibarsız hesab edilməsi tələbinə dair yuxarıda qeyd edilən iş üzrə hər üç instansiyada qəbul edilmiş məhkəmə aktlarına baxış keçirilən zaman İddiaçı inzibati mübahisə üzrə hər hansı instansiyada aparılan məhkəmə icraatında iştirak etməsi faktı müəyyən edilmir. İddiaçı “X6” MTK-nın təsisçisi olması faktı iş materiallarından görünür. Lakin, kollegiya hesab edir ki, digər sübutlarla faktiki təsdiq edilmədiyi halda, bu fakt hələ İddiaçı təsisçilərindən biri olduğu MTK-nın tərəf olduğu məhkəmə icraatının gedişindən mütləq xəbərdar olması nəticəsinə gəlməyə əsas deyildir. Eyni zamanda, kollegiya vurğulayır ki, İddiaçı hazırki iddia tələbinə dair subyektiv hüququnun olub-olmaması müəyyənləşdirilərkən, təkcə “X6” MTK-nın təsisçisi olması faktı deyil, yuxarıda qeyd edilən “Ortaklık Anlaşması” da nəzərə alınmalıdır. Belə ki, iddiaçının subyektiv hüququ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, İddiaçı hazırki mübahisə üzrə təkcə “X6” MTK-nın təsisçisi kimi deyil, eyni zamanda, “Ortaklık Anlaşması”na əsasən ona aid torpaq sahəsində üçüncü şəxs tərəfindən tikinti aparılması nəticəsində hüquqları pozulmuş ortaq kimi maraqlarına toxunulan şəxs qismində çıxış edir. Qeyd edilən mövqeyi nəzərə alaraq kollegiya bildirir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 23 oktyabr 2015-ci il tarixli sərəncamını ona aid olan hissədə mübahisələndirmək hüququnun olması işin faktiki halları ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin iddiaçının üçüncü şəxs tərəfindən ərazidə aparılmış tikintilər aparılmasından və satılmasından xəbərdar olması qənaətinə münasibətdə isə kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı apelyasiya şikayətinin məzmunundan və iddiaçı tərəfin izahatından da müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli sərəncamından, yuxarıda qeyd edilən “Ortaklık Anlaşması”na əsasən iddiaçıya aid edilmiş hissəyə üçüncü şəxsin müdaxiləsindən sonra yaranmış mübahisənin məhkəmə qaydasında həlli zamanı - Xətai rayon Məhkəməsinin icraatında olmuş "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” barədə tələbinə dair inzibati işin gedişində xəbərdar olmuş və həmin sərəncamın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia irəli sürmüş, lakin müvafiq tələb inzibati icraat qaydasında baxılmalı olduğundan, qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə 08.12.2021-ci il tarixli qərardad qəbul edilmiş, 13.01.2022-ci il tarixdə elektron sistemə yerləşdirilmiş və bundan sonra iddiaçının “23.10.2015-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi 14.01.2022-ci il tarixdə Bakı inzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırda mübahisələndirdiyi inzibati akt – 23.10.2015-ci il tarixli sərəncam barədə məlumatlı olması vaxtı konkret olaraq müəyyən edilə bilməsə də, hazırki halda Xətai rayon Məhkəməsinin icraatında "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” barədə tələbinə dair ilkin iddiası üzrə “sərəncamın etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia irəli sürdüyü zaman məlumatlı olmuş, lakin hüquqlarının müdafiəsi üçün yalnış məhkəməyə müraciət etmişdir. Məhkəmənin aidiyyət məsləsinin həllinə dair yekun qərardadının çıxarılmasından sonra isə hazırki tələblə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 23.10.2015-ci il tarixli sərəncamının qismən mübahisələndirilməsinə dair iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətin buraxılması üzrlü hesab edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilərək buraxılmış müddət bərpa edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Prosessual müddətin bərpası barədə ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X4) “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Vüsalə Baxışova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar