Məhkəmə qərarları › İş №2-1(103)-1504/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1504/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1504/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10793/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X8 üzrə Baş İdarəsinin iddiaçı Nümayəndə1 ünvanlanan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və müvafiq izahat məktubunun təqdim olunması tələb edilmişdir. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, 13 mart 2024-cü il tarixdə təqdim olunmuş bəyannamə əsasında vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və müvafiq izahat məktubunun təqdim olunması tələb edilmişdir. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********012800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 26.368,07 manat vergi borcu hesablanmışdır. Həmin məbləğin 4.442,15 manat hissəsi təqdim edilmiş bəyannamə, hesabat üzrə, 21.925,92 manat hissəsi isə əlavə hesablanmış vergi məbləğidir. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), Nəqliyyat xərcləri; (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (109629.60 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (f) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 109629.60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı Nümayəndə1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********012800 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********012800 nömrəli Qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 21925,92 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 133264,33 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və gəlir vergisini 26368,07 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı malların alınmasına dair xərclərinin olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa təqribən 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından 2022-ci il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkünolmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, xərclərə dair təsdiqedici sənədin olmaması satılan malların alışına hər hansı xərc çəkilmədiyini göstərmir. Lakin vergi orqanı malların təqdim edilməsindən əldə edilən gəlirin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, ödəməli olduğu mənfəət vergisi 2022-ci il üzrə 4442,15 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən əsassız olaraq əlavə 21925,92 manat vergi məbləği hesablanmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin xərclər bölməsində qeyd edilən 109629,60 manat xərc məbləği vergi orqanında olan uçot-baza məlumatlarında sənədlərlə öz təsdiqini tapmadığından kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********377400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 21925,92 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********012800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, 4442,15 manat vergi məbləği bəyan edilmişdir. Vergi orqanı tərəfindən müvafiq bəyannamə üzrə kameral vergi yoxlaması aparılmış, xx.xx.2024-cü il tarixdə 21925,92 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsində bank xidməti üzrə xərclər 380 manat, ödənilmiş sığorta haqları üzrə xərclər 1044 manat, digər xərclər 109 629,60 manat qeyd edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin təqdim etdiyi bank xidməti üzrə və ödənilmiş sığorta haqları üzrə xərclər öz təsdiqini tapmış, digər xərclər sətrində qeyd edilmiş 109 629,60 manat məbləğ təsdiqini tapmamış, vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən də müvafiq xərclərlə bağlı hər hansı sənəd vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsində iddiaçı tərəfindən xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesabladığı qeyd edilmişdir. Bu dəlilə münasibətdə qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd edilən normaların birbaşa pozulması öz təsdiqini tapmış, həmçinin iddiaçı xərcinin düzgün uçotunun aparmadığını, beləliklə, vergidən yayınmış olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10793/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********012800 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh etirazın məzmununa uyğun apelyasiya şikayəti verərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin xərclər bölməsində qeyd edilən 109629,60 manat xərc məbləği vergi orqanında olan uçot-baza məlumatlarında sənədlərlə öz təsdiqini tapmadığından kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********377400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 21925,92 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********012800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İlk növbədə bildiririk ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, 4442,15 manat vergi məbləği bəyan edilmişdir. Vergi orqanı tərəfindən müvafiq bəyannamə üzrə kameral vergi yoxlaması aparılmış, xx.xx.2024-cü il tarixdə 21925,92 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsində bank xidməti üzrə xərclər 380 manat, ödənilmiş sığorta haqları üzrə xərclər 1044 manat, digər xərclər 109.629,60 manat qeyd edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin təqdim etdiyi bank xidməti üzrə və ödənilmiş sığorta haqları üzrə xərclər öz təsdiqini tapmış, digər xərclər sətrində qeyd edilmiş 109.629,60 manat məbləğ təsdiqini tapmamış, vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən də müvafiq xərclərlə bağlı hər hansı sənəd vergi orqanına təqdim edilməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, iddiaçı tərəfindən 2022-ci ilin gəlir vergisi üzrə dəfələrlə fərqli göstəricilərlə gəlir vergisi bəyannamələri təqdim edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş bəyannamə göstəricilərindən də göründüyü kimi iddiaçı xx.xx.2023-xx.xx.2024-cü il tarix aralıqlarında fərqli göstəricili bəyannamələr təqdim etməklə vergi öhədliklərinin azaldılmasına cəhd etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə qədər təqdim edilmiş bəyannamələrdə gəlirlərin 133264,33 manat, xərclərin isə 5024,00 manat göstərilməsi və Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə istinad olunaraq 75% güzəşt hüququ tətbiq etməklə 6412,02 manat vergi məbləği hesabladığı müəyyən edilir. Aparılan araşdırılmalar zamanı isə iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 2282 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Xamut Plast, Elektrik vilka, Kelebek, Mühərrik və.s. ” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Habelə iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq qaydalara əsasən xx.xx.2023-cü il tarixli **********589200 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Riskli vergi ödəyicisi olduğundan Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 102.1.30-ci maddəsinə əsasən bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinin güzəşt edilməsi vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə gəlir vergisi bəyannaməsini iddiaçı göstəricisiz (0) təqdim etmiş, sonuncu xx.xx.2024-cü il tarixli bəyannamədə isə gəlirlər olduğu kimi saxlanılmaqla, xərclər isə artırılaraq 109629,60 manat göstərilməklə növbəti dəfə vergi öhdəliklərinin azaldılmasına cəhd edilmişdir. Aparılmış araşdırma zamanı isə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli hesablama metodu ilə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə xərc sətrlərində qeyd edilmiş 109629.60 manat xərc məbləği sənədlərlə təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı ilk növbədə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən güzəşt hüququndan istifadə etməklə, daha sonra isə AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablayaraq, qanunvericliyin qeyd olunan müddəalarından dan sui-istifadə edərək vergi öhədliyinin azaldılmasına nail olmağa çalışır. Eyni zamaanda məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, əldə edimiş uçot baza məlumatlarına əsasən (məhkəməyə fiziki şəxs barədə məlumat təqdim edilir) iddiaçının təsərrüfat subyektinin olmadığı, habelə iddiaçının fəaliyyətinin “muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti” olmasına baxmayaraq, iddiaçının fəaliyyəti dövründə işçilərinin və bağlanılmış əmək müqavilələrinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10793/2024 nömrəli qərarında qeyd olunur: “... cavabdeh tərəfndən iddiaçıya gəlir vergisi hesablanarkən onun xərcləri müəyyən edilmirsə, vergi şərti rentabellik norması tətbiq edilməklə, yuxarıda qeyd edilən üsulların biri ilə hesablanmalı idi. Lakin, cavabdeh bunu nəzərə almayaraq iddiaçının bütün gəlirinə vergi hesablamışdır ki, bu qanuni hesab edilə bilməz”. Məhkəmənin bu dəlilnə münasibətdə qeyd edirik ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Göründüyü kimi iddiaçı tərəfindən qeyd edilən normaların birbaşa pozulması öz təsdiqini tapmış, həmçinin iddiaçı xərcinin düzgün uçotunun aparmadığını, beləliklə, vergidən yayınmış olduğunu etiraf etmişdir. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. Mənfəət (gəlir) vergisinin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiqlənmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) qeyd edilmiş şərti üsullardan biri ilə müəyyən edir. Göründüyü kimi, həmin vaxt qüvvədə olan qanunvericilik əsasında yalnız vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) yuxarıda qeyd olunan üsullardan biri ilə müəyyən edə bilər. Belə olan halda, vergi ödəyicisinin bu üsulları tətbiq etməklə vergiləri hesablaması mümkün deyildir. Həmçinin nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə “3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu” ilə 67.17-ci maddə əlavə edilmiş, bu maddədə qeyd edilmişdir ki, bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Müvafiq qanun bu Qanunun 2.1-2.6-cı maddələri nəzərə alınmaqla 2022-ci il yanvarın 1dən qüvvəyə minmiş, mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqan vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin xərclər bölməsində qeyd edilən 109629,60 manat xərc məbləği vergi orqanında olan uçot-baza məlumatlarında sənədlərlə öz təsdiqini tapmadığına istinad edərək kənarlaşmanın yaranması qənaətinə gəlmiş və yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********377400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il tarixli **********012800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 26.368,07 manat vergi borcu hesablanmışdır. Hazırda iddiaçı vergi orqanının həmin qərarının ləğvini tələb edir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş qaydada qəbul edildiyi müəyyən edilir. Bu hal işin mübahisəsiz halıdır. Lakin həmin inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2023-cü il tarixli olub, iddiaçının 2022-ci il üzrə gəlir vergisi ilə bağlı qəbul edildiyi üçün mübahisəyə həmin dövrdə qüvvədə maddi hüquq normalarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinə (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2-ci maddəsinə əsasən (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Hazırki işdən görünür ki, iddiaçının 2022-ci il üzrə malların satışından gəliri 133264,33 manat olmuş, gəlirin əldə edilməsi ilə bağlı xərcləri isə 5024,00 manat göstərilmiş, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə istinad olunaraq 75% güzəşt hüququ tətbiq etməklə 6412,02 manat vergi məbləği hesabladığı müəyyən edilir. Aparılan araşdırılmalar zamanı isə iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 2282 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Xamut Plast, Elektrik vilka, Kelebek, Mühərrik və.s. ” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cavabdeh xərcləri təsdiq edən sənədlərin olmadığına istinadən xərcləri nəzərə almadan xx.xx.2014-cü il tarixli qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 21925,92 manat əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Hazırki iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıdakı qaydada sərgilənmişdir (2-1(102)-2643/2024 saylı xx.xx.2024-cü il tarixli, 2-1(102)-943/2024 saylı xx.xx.2024-cü il tarixli qərarlar). Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Nəzərə alınmalıdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10793/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10793/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar