Məhkəmə qərarları › İş №2-1(103)-1505/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1505/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1505/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 saylı 06 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində X1 adına fərdi yaşayış evi inşa etmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi tərəfindən hasara alınmış, sərəncam verilən tarixdən bu günə kimi onun istifadəsindədir. Hüquqmüəyyənedici sənədin mövcud olmasına baxmayaraq sözügedən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin edilməsindən imtina edmiş və bununla da qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 785/2019 saylı 6 mart 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 1971 saylı sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 785/2019 saylı 6 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının İdarəyə 31.07.2018-ci il tarixli müraciəti zamanı göstərdiyi torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən daş karxanasının ərazisində yerləşir və dövlətin mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, 15.03.2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli, 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə) fərqlidir. Bu səbəbdən də, Bakı şəhəri Səbail rayon İHB-nin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 12.04.2004-cü il tarixdə təsdiq edilmiş yerləşmə cizgisinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinə İdarə tərəfindən sorğu göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 3/10-355 nömrəli 27.04.2017-ci il tarixli cavab məktubunda sözügedən cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, təqdim olunmuş cizginin memarlıq xidməti tərəfindən təsdiq olunmalı olması və təqdim olunmuş cizgidə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun olduğu və rayon İcra hakimiyyəti tərəfindən təsdiq olunmadığı qeyd olunmuşdur. İdarənin elektron kadastr məlumatlarına əsasən Səbail rayon İcra hakimiyyəti Başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış 600 kvm olan 2225 saylı torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0.0600 hektar torpaq sahələri ilə üstüstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda 23.07.2014-cü il tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1436/2019 saylı 11 iyun 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 785/2019 saylı 6 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2876/19 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1436/2019 saylı 11 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-318/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 saylı 6 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-335/2021 saylı 10 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-318/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı bu barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nüməndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 30.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli sərəncamından görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Situasiya planından görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı, 30 dekabr 1998-ci il tarixli Sərəncamı ilə vətəndaş İddiaçı Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin situasiya planı 30.07.2018-ci il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İddiaçı Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə dair plan və ölçü sənədinin, dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi daş karxanasının ərazisində yerləşir, həmin torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi Şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab verilənədək ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Qeyd olunan nəticə ilə işə birinci dəfə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası razılaşsa da, kassasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmamış və qərarında göstərmişdir ki, “...cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı ilə) fərqlidir. Sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)- 3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-5193/2018, 2-1(81)-5194/2018, 2-1(81)-5196/2018 nömrəli işlərdə iddiaçılar iddia ərizəsində tələblərini əsaslandırarkən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 1971 saylı sərəncamına istinad etmişlər. Bundan başqa, etirazda göstərilənlərə əlavə olaraq, cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İdarənin elektron kadastr məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 1971 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 saylı 600 kv.m torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda 2014-cü il 23 iyul tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alqı-satqı müqavilələri əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Cavabdehin etiraz və şikayətində qeyd edilən həmin dəlillər məhkəmə araşdırmasının predmeti olmamış, onlara münasibət bildirilməmişdir.” İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin apellyasiya şikayəti təmin edilmiş və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilmişdir. Həmin nəticə ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi 2-1(102)-335/2021 saylı 10 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “işə təkrar baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən 07.02.2020-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Səbail RİH başçısının 30.12.1998-ci il tarixli 1971 nömrəli sərəncamında qeyd olunmuş torpaq sahəsinin harada yerləşməsi, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinin koordinatlarına uyğun olub-olmaması, iddiaçıya ayrılımış torpaq sahəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi barədə suallar qoyulmuş, qərardad ekspertiza mərkəzinə 10 mart 2020-ci ildə daxil olmuşdur. İş materiallarından görünür ki, ekspert 09.09.2020-ci ildə həmin qərardad üzrə ekspertiza aparmaqdan imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, ekspertiza aparılması üçün zəruri olan əlavə materialların təqdim olunması barədə 12.03.2020-ci ildə ekspert tərəfindən vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin məlumatdan sonra işi məhkəmə iclasında baxılmağa təyin etmiş, lakin ekspertiza aparmaq üçün ekspertin tələb etdiyi materialların nədən ibarət olduğu, həmin materialların təqdim edilməməsinin səbəbini araşdırmamışdır. Ümumiyyətlə ekspertin məhkəməyə əlavə materialların göndərilməsi barədə məktubu iş materiallarında yoxdur. Məhkəmənin iş üzrə ekspertiza təyin etməklə, qərardadda göstərilən xüsusatların araşdırılmasının zəruri olduğu barədə nəticəyə gəldiyi halda, həmin hallar üzrə ekspertizanın nəticəsi olmadan işə mahiyyəti üzrə baxılmasının mümkünlüyü barədə mövqeyi əsaslandırılmamışdır. Məhkəmə iddiaçının ekspertiza təyin olunması barədə vəsatətini də təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «iş materiallarında olan hüquq müəyyənedici sənədlərdə ilk baxışdan uyğunsuzluq mövcud olduğu üçün hazırki mərhələdə ekspertizanın təyin olunmasına zərurət yoxdur. Əgər işin araşdırması ilə sonradan belə bir zərurət yaranarsa, o halda ekspertiza təyin edilə blər». Halbuki, uyğunsuzluq olan hüquqmüəyyənedici sənədlər və müəyyən edilmiş uyğunsuzluq aydın şəkildə göstərilib əsaslandırılmamışdır.” Həmçinin qərarda göstərilmişdi ki, “cavabdeh iddiaçının Səbail RİH başçısının 1998ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisinin (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı sərəncamı ilə) fərqli olduğunu göstərir. Lakin iş materiallarında yalnız bir yerləşmə cizgisi vardır (səh. 33). Məhkəmə bundan fərqli olduğu iddia edilən digər cizgini tələb edib yoxlamamış, onların həqiqətən də uyğun olub-olmamasını, uyğunsuzluğun nədən ibarət olmasını, uyğunsuzdursa hansının düzgünlüyünü müəyyən etməmişdir. Bundan başqa, cavabdehin apelyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)-3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Cavabdehin bu dəlili, işin hallarının araşdırılması prinsipi baxımından məhkəmədən tələb edirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-3171/2017 nömrəli işin hazırki işlə əlaqəsini müəyyən etsin. Lakin həmin işin nədən ibarət olması müəyyənləşdirilməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi torpaq ayrılan zaman yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyi qənaətinə gəlsə də, Səbail RİH-nə və ya arxiv idarəsinə torpaqayırma sənədlərinin olub-olmaması barədə sorğu verməmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında tam və hərtərfəli baxılması üçün iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin mövcud olub-olmamasının, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədlərin mövcud olub-olmamasının və həmin sənədlərin arxivə təhvil verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Səbail rayon İcra Hakimiyyətinə və Milli Arxiv İdarəsinə sorğu məktubları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamı əsasında torpaq sahəsinin yerləşmə cizgisi haqqında hər hansı məlumat aşkar edilməmişdir. 16.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Səbail rayon İcra Hakimiyyətininin sorğuya cavab məktubunda Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamının və onun tərkib hissəsinin rayon İcra Hakimiyyəti arxivində aşkarlanmadığı göstərilmişdir. 23.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Milli Arxiv İdarəsinin sorğuya cavab məktubuna əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamından görünür ki, fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində İddiaçı və digər şəxslərə torpaq sahəsi ayrılmışdır. Kollegiya hazırki işin apellyasiya baxışında araşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İPM-nin “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin bu vəzifəsi nisbi xarakterlidir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış münasibətin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə onların bilavasitə əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələmtələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi heç yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülkiprosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda: Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə: Məhkəmə kollegiyası qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə az yaxud çox ola bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə birinci instansiya qaydasında yenidən baxılarkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-3171/2017 saylı işin hazırki işlə əlaqəsi müəyyən edilməli, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin statusu, iş materiallarının 33-cü səhifəsində olan sxemə uyğun olub-olmaması, daş karxanasının ərazisinə və ya X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməlidir. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 06.03.2019-cu il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-785/2019 saylı 06 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar