Məhkəmə qərarları › İş №2-1(103)-1507/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1507/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1507/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 01.07.2006-cı il tarixdən 09.05.2020-ci il tarixədək şəxsi pensiya kapitalının doğru hesablanaraq pensiyanın düzgün hesablanması, hesabına 01.07.2006-cı il tarixdən 2015-ci ilədək yığılan məbləğlərin 2-2,5 dəfə artırılaraq sonra toplanması, 09.05.2020 tarixdən sonra aldığı pensiya ilə yeni təyin olunacaq pensiya arasındakı fərqin keçən aylar üçün də iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.03.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının 2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əmək haqqına görə Quba TKQ-nın köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq 09.05.2020-ci il tarixinədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, 09.05.2020-ci il tarixindən başlayaraq hər ay az aldığı məbləğ birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsinin, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılması” kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955 tarixdə Quba rayonunun Afurca kəndində anadan olmuşdur. 1977-ci ildə ADU-nun gündüz şöbəsində mexriyaziyyat fakültəsinin riyaziyyat ixtisasını bitirib, indiyədək rayonun kənd məktəblərində ehtiyaca görə müəllim, direktor müavini, direktor və yenə müəllim işləyir. 01.07.2006 tarixdən 01.06.2014-cü il tarixədək müqavilə üzrə X2 (8 il) işləmişdir. 2019-cu ilin əvvəlində elektron hökumət portalına baxarkən hesabına yığılan sığorta haqlarının ümumi məbləğinin (kapitalın) 20.050,14 AZN olduğunu görmüşdür. Bundan başqa Quba TKQ-da işlədiyi 2006 və 2007-ci illərdə şəxsi hesabına əmək haqqına uyğun sığorta kapitalının tamamən köçürülmədiyini müşahidə etmişdir. Bundan sonra 3 dəfə ƏƏSMN-ə, 2 dəfə Quba TKQ-na rəsmi müraciət edib, 2006 və 2007-ci illər üçün şəxsi hesabında olan 2 illik (dəqiq 1 il 6 ay üçün) çatışmazlığın bərpa olunmasını xahiş etsə də, heç bir müsbət cavab almamışdır. Son 3-cü ərizəsi ilə bütün tələb olunan lazımi arayışları, sənədləri ƏƏSMN-ə göndərmişdir. Nazirlik və DSMF iddiaçının haqlı tələbini yerinə yetirmək əvəzinə, ərizəni DSMF-nin Quba rayon şöbəsinə göndərib. Lakin, ona imtina məktubu verilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz etmiş və etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın yaşa görə əmək pensiyasına hüququ 09.05.2020-ci il tarixində yaranmış və 12.05.2020-ci il tarixli qərar ilə pensiya təyin edilmişdir. PAS-dan çıxarışa əsasən vətəndaşın 2006-ci ildən sonra 12 il sosial sığorta stajı və müəyyən miqdarda (164.2139 manat) pensiya kapitalı olduğu üçün təyinat aparılarkən 2006-ci ilə qədər olan ümumi iş stajı 25 il üzərindən hesablanmışdır. Hazırda vətəndaşın pensiya statusu “ödənişdə” olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunuun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı 01.07.2006-01.06.2014-cü illərdə X2 işlədiyini və müəssisənin sığorta haqlarını ödədiyini, lakin onun şəxsi hesabına əlavə olunmadığını iddia etmişdir. Məsələnin obyektiv araşdırılması üçün Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala 29.09.2020-ci il tarixli, **********4 saylı sorğu yazılmışdır. Sorğ uda iddia olunan X2 01.07.2006-01.06.2014-cü illər ərzində sosial sığorta haqları və digər ödənişlər barədə məlumatların verilməsi xahiş olunmuşdur. Müraciətə verilən 01.10.2020ci il tarixli cavab məktubunda “X4” tərəfindən 2006-2007-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin Sığorta AS (Hesabat) alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı “İddiaçının 2006 və 2007-ci illərdə Quba TKQ-da işlədiyi və aldığı əmək haqqına görə Quba TKQ-nın köçürdüyü vəsaitin şəxsi sığorta hesabına bərpa-əlavə olunması, iddiaçının yaşının 64,5 ili tamam olmadan pensiyasının hesablandığı kimi, şəxsi pensiya hesabına 2006-cı ildən başlayaraq 09.05.2020-ci il tarixinədək aldığı əmək haqqına görə köçürülməli olan vəsaitin-sosial sığorta kapitalının tam köçürülərək pensiyasının yenidən hesablanması, 09.05.2020-ci il tarixindən başlayaraq hər ay az aldığı məbləğ birdəfəlik hesablanaraq pensiyasının üzərinə əlavə olunmaqla bir ayda verilməsinin, 2006 və 2007-ci illər üçün bərpa olunan şəxsi sığorta kapitalının 15-16 il ərzində aparılan bütün indeksləşmələrin yerinə yetirilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verib apellyasiya şikayətini etirazına uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və məhkəmədən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" MMC X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri İdarəsinin sorğusuna cavab olaraq təqdim etdiyi 05.02.2020-ci il tarixli məktubda bildirmişdir: “Quba TKQ-nın rəhbərliyi Sizin 04.10. 2019-cu il tarixli, ********** nömrəli məktubunuzla əlaqədar məlumat üçün bildirir ki, İddiaçı 2006-2014-ci illəri əhatə edən dövrdə ştatdankənar müqavilə əsasında Telekommunikasiya Qovşağında çalışmışdır. TKQ-nın ştat üzrə işçilərin cəlb olunduğu bütün növ tutqulara məktubda qeyd etdiyiniz dövrdə (2006- 2007-ci illər) İddiaçı da əmək haqqı cəlb olunmuş və hər rüb DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentinə “Məcburu Dövlət Sosial Sığorta” haqqı üzrə sığortaolunanlar haqqında məlumatların rüblük və illik hesabatları vaxtında təqdim edilmişdir. Hesabatlar təqdim edilərkən DSMF İri Sığortaedənlərlə İş üzrə Departamentindən hesabatlarda hər-hansı bir formada çatışmamazlığın olması ilə əlaqədar məktub və ya xəbərdarlıq alınmamışdır.” Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sorğusuna cavab olaraq İddiaçı “X1 Sistemi”nin “Sığorta AS” alt sistemində “Səğortaolunanların hesabları” bölümündən 01.01.2008-01.06.2014 dövrdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etmiş, 2006-2007-ci illər üzrə X4 İddiaçı məlumatları qeyd olunmadığı bildirmişdir. "xxxx" MMC X4 məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı 2006-2014-cü illəri əhatə edən dövrdə ştatdankənar müqavilə əsasında X2 çalışmışdır. Qovşağ üzrə əmək haqqı alan bütün işçilərdən qanunvericiliyə uyğun tutumlar aparılmışdır. Həmin hesabatlar hər rüb online formada DSMF-nin İri Sığortaedənlərlə İş Üzrə Departamentinə təqdim edilmişdir. Hesabatlar təqdim edilən dövrdə DSMF-nin İri Sığortaedənlərlə İş Üzrə Departamenti tərəfindən hesabatlarda hər hansı bir çatışmamazlığın olması barədə heç bir xəbərdarlıq alınmamışdır. Həmçinin, hesabatlar təqdim edilən rəsmi internet səhifədə online hesabat blankı doldurularkən hər hansı çatışmamazlıq olarsa belə səhifə həmin hesabatları qəbul etmirdi. İddiaçı həmin illər ərzində aldığı əmək haqqına dair əmək haqqı cədvəllərindən çıxarış məlumatlar təqdim edilmişdir. Cavabdeh inzibati orqan təqdim edilən məlumatlarla kifayətlənərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə cavabdeh inzibati orqanın "xxxx" MMC X4 tərəfindən təqdim edilən hesabatlarda hər hansı bir çatışmamazlığın olub-olmamasını, olduğu təqdirdə müvafiq orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hansı tədbirlərin görülüb-görülməməsini araşdırmalı olduğu halda bunu etmədiyini, inzibati icraat zamanı yalnız qeyd edilən məlumatlara istinad etməklə, yəni digər sübutetmə vasitələrindən (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan və s.) istifadə etməyərək iddiaçının müraciətini təmin etməkdən imtina etdiyini göstərmiş və iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 1.1, 1.3, 2.1, 2.3-cü bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmə kollegiyasının qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. Mövcud qanunvericilik normaları məsələnin bu xüsusatını üzrə konkret müddəa müəyyən etməsə də, formalaşmış inzibati praktikaya görə vətəndaşlara sosial müavinətlərin təyin edilməsi və ödənilməsi DSMF-nin özünün yox, aidiyyəti yerli qurumunun səlahiyyətlərindədir. İşin araşdırılan hallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan bu fakta hüquqi qiymət verilməmiş, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsi müzakirə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi müzakirə olunan zaman İddiaçı Quba rayonu, Afurca kəndində qeydiyyatda olmaqla orada yaşaması faktı da nəzərə alınmalı olan hallar sırasındadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 35-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Quba rayon Şöbəsinin hazırki adı DSMF 02 saylı region ərazi filialı adlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021-ci il tarixli qərarı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1752/2021 saylı, 01 mart 2021ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar