Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1508/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinin torpaq şöbəsinə həvalə edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1309/2015 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı Bakı şəhəri Badamdar Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 085 nömrəli qərarı ilə İddiaçı2 Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməməsinin, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqısatqısına dair aktın qeydə alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 055 nömrəli qərarına əsasən İddiaçı1 Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra tərəflər arasında torpaqların alqı-satqısına dair Akt tərtib olunmuşdur. Qeyd olunan prosedurlarından keçdikdən sonra iddiaçı mülkiyyətinə verilməsi qərara alınmış torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası DTXK-nın Bakı şəhər şöbəsinə müraciət etmişdir. Lakin AR DTXK Bakı şəhər şöbəsi iddiaçının müraciətlərini cavablandırmamışdır. Cavabdeh iddiaçının hüquqlarını pozmaqla qanuni müraciətini təmin etməmişdir. İddiaçı göstərilənlərə əsasən Bakı şəhəri Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 085 nömrəli qərarı ilə İddiaçı2 Adıgözəl oğluna Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinin, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqısatqısına dair aktın qeydə alınması vəzifəsinin AR DTXK Bakı şəhər şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2-1(81)-1309/2015 nömrəli qərarı ilə İddiaçı2 iddia tələbi təmin edilmiş, Bakı şəhəri Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 085 nömrəli qərarı İddiaçı2 Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinə dair «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 085 nömrəli qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 160 nömrəli Qanununun və Azərbaycan Respublikası xx xxxx 2002-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, sözügedən Əsasnamənin tələblərinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 160 nömrəli Qanununun 6.5-ci maddəsinin tələblərinə əsasən yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alındıqdan sonra torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilməlidir. Bu səbəbdən də, sözügedən bələdiyyə qərarı əsasında müvafiq torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, İddiaçı2 Adıgözəl oğluna müvafiq ünvanda torpaq sahəsinin ayrılması barədə İdarənin elektron kadastr bazasında hər hansı məlumat aşkar edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış, ekspertiza keçirilməmiş və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2- 1(103)-1508/2020 saylı apellyasiya mümkün hesab edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi iş üzrə əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2pellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki,İddiaçı2 Adıgözəl oğluna müvafiq ünvanda torpaq sahəsinin ayrılması barədə İdarənin elektron kadastr bazasında hər hansı məlumat aşkar edilməmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 055 nömrəli qərarı ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində olan 600,0 m2 torpaq sahəsi İddiaçı1 adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 085 nömrəli qərarı ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində olan 600,0 m2 torpaq sahəsi İddiaçı2 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 085 nömrəli qərarı ilə ona ayrılan Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi ünvanında yerləşən 600 kv.m. torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi, habelə həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin xx/xx-3645 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Səbail rayonu, Badamdar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli, 274-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına uyğun olaraq verilmişdir. Həmin Əsasnamənin 7-ci bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinə memarlıq və şəhərsalma nöqteyinəzərindən və sahənin Bakı şəhərinin baş planına uyğunluğu barədə memarlıq xidməti orqanlarının rəyi tələb olunur. Sözügedən torpaq sahəsinin yuxarıda qeyd olunan məqsəd üçün ayrılmasının mümkünlüyü barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edildikdən sonra şöbədə müvafiq qaydada sənədləşmə işinin aparılacağı bildirilmişdir. İddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin imtinasını əsassız hesab etmiş və iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə tələb olunan bütün şərtlərə riayət edilməsini araşdırmadan iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0 1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və xx xxxx 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin x xxx 2002-ci il tarixli, 696 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslar qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı torpaq sahəsinin rəsmiləşdirilməsi və müvafiq sənədlərin verilməsi üçün “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 160 nömrəli Qanununun 6.5-ci maddəsinin tələblərinə əsasən yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və qeyd edir ki, müvafiq torpaq sahəsinə dair maddi hüquq qanunvericiliyində nəzərdə tutulmuş sənədlər təqdim edilmədiyindən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1309/2015 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinin torpaq şöbəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1508/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1508/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver