Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1508/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, iddianın mümkünluyun yoxlanılması ) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X2 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2998/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə qarşı qanunsuz, əsassız olaraq hesablamış 26626.91 (iyirmi altı min, altı yüz iyirmi altı manat, doxsan bir qəpik) manat əsas, 14006.60 (on dörd min altı manat, altmış qəpik) manat faiz olmaqla, ümumilikdə 40633.51 (qırx min altı yüz otuz, üç manat, əlli bir qəpik) manat vergi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********627600 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
3. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********627600 nömrəli, xx.xx.2021-ci il tarixli **********991000 nömrəli, xx.xx.2021-ci il tarixli **********585700 nömrəli, xx.xx.2021-ci il tarixli **********671100 nömrəli və xx.xx.2021-ci il tarixli **********119600 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
4. Cavabdeh orqanın iddia tələbinə yazılı etirazı məhkəməyə təqdim edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2998/2024 saylı qərardadı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır.
6. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı mübahisələndirilən Qərarları qanunla müəyyən edilmiş qaydada tərtib olunmamışdır. Eyni zamanda həmin qərar cavabdeh tərəfindən şəxsən və ya poçt rabitəsi vasitəsilə də iddiaçıya təqdim edilməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(102)-1036/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyində də eyni mövqe göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edirik ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********627600 nömrəli, xx.xx.2021-ci il tarixli **********991000 nömrəli, xx.xx.2021-ci il tarixli **********585700 nömrəli, xx.xx.2021-ci il tarixli **********671100 nömrəli və xx.xx.2021-ci il tarixli **********119600 nömrəli Qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürülməmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Əfəndiyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********585700 nömrəli qərarına əsasən sentyabr 2020-ci il əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 11479,67, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11479,67 manat müəyyən edilmişdir.
11. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********991000 nömrəli qərarına əsasən 2020-ci il mənfəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 4628,58, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 17628,58, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 13000,00 manat müəyyən edilmişdir.
12. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********671100 nömrəli qərarına əsasən fevral 2021-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı -1.080,00, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3647,92, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 4727,92 manat müəyyən edilmişdir.
13. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********585700 nömrəli qərarına əsasən avqust 2021-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2699,90, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2699,90 manat müəyyən edilmişdir.
14. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********62700 nömrəli qərarına əsasən 2019-cu il mənfəət vergisi üzrə hesabat dövrü ərzində təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı -21.595,00, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 21595,00 manat müəyyən edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2998/2024 saylı qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.
18. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi qərarların ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********627600 nömrəli, xx.xx.2021-ci il tarixli **********991000 nömrəli, xx.xx.2021-ci il tarixli **********585700 nömrəli, xx.xx.2021-ci il tarixli **********671100 nömrəli və xx.xx.2021-ci il tarixli **********119600 nömrəli qərarların mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi inzibati aktlar 2019-cu il və 2020-ci illərin mənfəət vergisi, sentyabr 2020-ci il əlavə dəyər vergisi, 2021- ci il fevral və avqust ayları üzrə əlavə dəyər vergisinin hesablanması ilə bağlıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi inzibati aktlar ASAN imza ilə imzalanaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə elektron kabinet üzərindən oxunmuşdur. Bundan əlavə, iddiaçının özünün vergi orqanına elektron kabinet vasitəsilə göndərdiyi xx.xx.2021ci il tarixli məktubunda xx.xx.2021-ci il taridə 2021-ci ilin iyul ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi verilsə də şəxsi hesab vərəqəsində əlavə 15981,01 manat hesablama yarandığı, bundan öncə xx.xx.2021-ci il tarixə kameral vergi yoxlaması ilə 15891,01 manat vergi hesablamasının olduğu, bununla da ikiqat vergi hesablamasından narazı olduğunu bildirmiş və xx.xx.2021-ci il tarixdə hesablamada düzəliş olunması və şəxsi vərəqədən silinməsi ilə bağlı müraciətlərinə etdiyi cavabların onlayn kargüzarlıq vasitəsilə göndərilməsini xahiş etmişdir. Həmçinin qeyd olunmuşdur ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir
19. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi mövqeyini “iddiaçı tərəfindən iddianın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkün olmaması” ilə əsaslandırsa da, iş materiallarında bu halları təsdiq edən mötəbər sübutlar mövcud deyildir.
20. Cavabdeh vergi orqanı mübahisə predmeti olan qərarın elektron sənəd kimi elektron qaydada iddiaçıya təqdim edildiyini əsas gətirməklə iddiaçı tərəfindən həmin qərarın mübahisələndirməsi üçün iddia müddətinin ötürüldüyünü bildirir. Halbuki, vergi orqanının qərarının hazırkı qərarın qanunvericiliyin tələbinə uyğun qaydada tərtib edilməsi iş materialları ilə təsdiq olunmur.
21. Belə ki, qərar həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamaqla, başqa sözlə, elektron sənəd kimi tərtib edilməmişdir. Sözügedən qərar elektron üsulla iddiaçıya çatdırılmış olsa da, qərar gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, elektron üsulla iddiaçıya çatdırılmış qərarın həqiqiliyinin müəyyən edilməsi mümkün olmamışdır.
22. Vergi orqanının mübahisələndirilən qərarının kağız daşıyıcıda tərtib edilmiş formasının iddiaçıya çatdırılması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı bununla bağlı sübutlar təqdim etməmiş, qərarın elektron üsulla çatdırılmasına istinad edərək, bu barədə ümumiyyətlə mübahisə açmamışdır.
23. Beləliklə də, iş materiallarına əsasən, vergi orqanının mübahisələndirilən qərarının iddiaçıya təqdim edilməsi sübuta yetirilmir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı tam və hərtərəfli araşdırma aparmadan iddianın mümkünsüz olması qənaətinə gəlmiş, məhkəmənin bu qənaətə gəlməsi üçün yetərli əsas olmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.
25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2998/2024 saylı qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Cahangir Yusifov