Məhkəmə qərarları › İş №2-1(103)-1509/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1509/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1509/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum aktı qeydində adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(112)-8784/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hazırkı doğum haqqında şəhadətnaməsində qeyd olunan “Suren” adının “Seyran” adına dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası - azərbaycanlı X4, atası isə erməni milliyyətindən olan X5. Məlum hadisələrlə bağlı valideynləri arasında olan rəsmi nikaha Ваkı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il qətnaməsi ilə xitam verilmişdir. Etdiyi müraciət əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə onun ad, soyad və ata adı olan X11 adının dəyişdirilərək X1 qeydə alınmasına dair Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi müdirinin qanunsuz hərəkətlərindən şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarı ilə məhkəmə kollegiyasının qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş üzrə Apellyasiya Məhkəməsinin MİÜMKnın 1mk-5027/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsi ilə əvvəlki ad, soyad və ata adı olan X11 adının dəyişdirilməsindən imtinaya dair Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi müdirinin hərəkəti qanunsuz hesab edilərək ad, soyad və ata adının dəyişdirilərək X7 olması barədə ona doğum haqqında şəhadətnamə verilməsinə dair Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi müdirinin üzərinə vəzifə qoyulmuşdur. Bununla, yəni ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı məhkəmə qətnaməsi icra edilərkən qeydiyyat şöbəsində məlum olmuşdur ki, ilkin doğum haqqında şəhadətnaməsində adı “Seyran” kimi yox, “Suren” kimi qeyd edilib. Lakin ad, soyad və ata adını dəyişdirmək üçün qanunla müəyyən edilmiş 18 yaşına çatdıqda AR DİN-in Yasamal RPİ-nin qeydiyyat şöbəsi tərəfindən ona verilmiş seriya № 0******* saylı, xx.xx.2005-ci il tarixli şəxsiyyəti təsdiq edən sənəddə adı “Seyran” kimi yazıldığı üçün əvvəlki məhkəmə işində adı məhz qeyd edilən dövlət orqanı tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd edildiyi kimi “Seyran” kimi göstərilmişdir. Beləliklə, Bakı şəhərinin qeydiyyat şöbələrində adı “Suren”, AR DİN-in qeydiyyat şöbələrində isə adı “Seyran” kimi qeydə alındığından, bu ziddiyyətin aradan qaldırılması məqsədilə “Suren” adının “Seyran” adına dəyişdirilməsi ilə bağlı təkrar Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etsə də, həmin şöbənin xx.xx.2022-ci il tarixli, 05/Q-369/15 saylı cavab məktubunda ərizəsi təmin edilməyərək adının dəyişdirilməsi üçün adiyyəti üzrə məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(112)-8784/2022 saylı qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxıldığı zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək doğum akt qeydində olan adı “Suren” adından “Seyran” adına dəyişdirilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(112)-8784/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: -xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1985-ci il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadır. -Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk-5027/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 21 dekabr 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, X6 ərizəsi təmin olunmuş, S.R.Ağacanyanın soyadının və ata adının dəyişdirilməsindən imtinaya dair Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi müdirinin hərəkəti qanunsuz hesab edilmiş, X6 soyadı və ata adı dəyişdirilərək, soyadının Zülfüqarov, ata adının Rafiq olması barədə ona doğum haqqında şəhadətnamə verilməsinə dair Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi müdirinin üzərinə vəzifə qoyulmuşdur. -xx.xx.2008-ci il tarixli, AZ-İİ № 105742 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 12B nömrəsi ilə qeyd edilmişdir. Atası X12, anası X3r. -Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2014cü il tarixli, 43/4 nömrəli məktubda bildirilmişdir ki, sizin doğum akt qeydində olan məlumata əsasən Apellyasiya Məhkəməsinin 1mk-5027/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən soyadınız “Ağacanyan”-dan “Zülfüqarov”- a, ata adınız isə “Rubenoviç”-dən “Rafiq oğlu”-na düzəliş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-5067/13 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında bərpa akt qeydi nəzərdən keçirilərkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən onun soyadının “Ağacanyan”dan “Zülfüqarov”a, ata adının isə “Rubenoviç”dən “Rafiq”ə dəyişdirildiyi müəyyən edilmişdir. Həmin məktubla göndərilmiş xx.xx.1987-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X11 xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, atası X12, anası X3r. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 2/5668 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkumluğu, eləcə də barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumatlar daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 091-59192-1222 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı (X9)in fərdi uçot kartoçkası Yasamal RPİ-nin X2 kartotekasında aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012-13781-1222 nömrəli məktubuna əlavə edilmiş cavabına vurulmuş xx.xx.2022-ci il tarixli möhüründə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012-13792-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli, 03/4095xid/2867 nömrəli məktubunda bildirilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (X9, X11) barəsində cinayət işi istintaq olunmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 02/61 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X6 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2022-ci il tarixli, 1776 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci il təvəllüdlü X9 xx.xx.2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 17b maddəsinə AR NK-nın xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarına əsasən “Mülayim ifadəli dissosiativ-konversion pozuntusu, anamnezində özünükəsmələr F44.7” diaqnozu ilə ehtiyata verilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q- 369/15 nömrəli məktubda bildirilmişdir ki, Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 12 saylı, xx.xx.1987-ci il tarixli doğum haqqında akt qeydinin uşaq bəndində adın “Suren” yazılmasına baxmayaraq, şəxsiyyəti təsdiq edən sənəddə “Seyran” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001- ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilir ki, sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydinin uşaq bəndində adın “Suren”dən “Seyran”a dəyişdirilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. İddiaçı 06 iyun 2023-cü il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək doğum aktı qeydində olan Suren adının Seyran adına dəyişdirilməsini xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən ərizəsi qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1987-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydinə əsasən iddiaçının adı X8muş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən onun soyadı “Ağacanyan”dan “Zülfüqarov”a, ata adı isə “Rubenoviç”dən “Rafiq”ə dəyişdirilmişdir. Göründüyü kimi iddiaçı adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adının növbəti dəfə dəyişdirilməsi isə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilə bilər ki, hazırkı iş üzrə iddiaçıya münasibətdə həmin hallar mövcud deyildir. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi fiziki şəxsin ad hüququ özündə üç elementi ad, ata adı və soyadı vahid olaraq birləşdirir. Qanunvericilik fiziki şəxsin adının birinci dəfə dəyişdirilməsinə bilavasitə icazə verdiyi halda, növbəti dəfə dəyişdirilməsinə ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(112)-8784/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar