Məhkəmə qərarları › İş №2-1(103)-1509/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1509/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1509/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilin dekabr ayından 31 yanvar 2024-cü il tarixinə kimi qəzalı vəziyyətdə olmasını nəzərə alaraq kirayə pulunun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev ünvanında yerləşən fərdi yaşayış evində 2006-cı ildən təxminən 12 ildən artıq olar ki, ailəsi ilə birlikdə yaşamışdır. Son 6 ildən çoxdur ki, 2017-ci ilin dekabr ayından bu günə kimi evin qəzalı vəziyyətə düşməsi ilə bağlı məcbur şəkildə həmin evdən çıxaraq ailəsi ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Nazirlər Kabinetinin siyahıya aldığı sürüşmə zonasının ərazisində yerləşir. Bununla bağlı dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətində tələbi ya kompensasiya şəklində digər bir mənzillə əvəzləşdirilməsi ya da kirayə pulunun verilməsi olmuşdur. İcra Hakimiyyətinin nümayəndələri bildirmişlər ki, tələbində göstərdiyi mənzilə baxış keçirmişlər və qəzalı vəziyyətdə olan mənzillərin siyahısına almışlar. Bu isə növbəllik prinsipinə uyğun Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaiti ayrıldıqca mərhələli şəkildə mülkiyyət sahiblərinə ödəniməklə təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan məsələ ilə bağlı dövlət qərarına heç bir iradının olmadığını bildirərək gözləməyi münasib bilmişdir. Lakin, başqa bir evdə bir Azərbaycan vətəndaşı olaraq ailəsi ilə (himayəsində iki azyaşlı uşaqları ilə) birlikdə təhlükəsiz formada kirayədə yaşaması üçün kirayə pulu ilə təmin olunmasını tələb etmişdir. Bəzən də əsassız səbəblər gətirərək həmin qəzalı evdə yaşamasına davam etməyini məsləhət görmüşlər. 2017-ci ilin dekabr ayından bu günə kimi borc-xərc edərək çox çətinlik olsa da, kirayələrdə yaşamağa davam edirlər. Ailədə yeganə evi dolandıran (işləyən) odur və eyni zamanda şəkərli-diabet xəstəsidir. Buna baxmayaraq İcra Hakimiyyəti tərəfindən müxtəlif bəhanələrlə səbəbsiz kirayə müqaviləsi bağlamaqdan yayınaraq zaman qazanmışlar və boş uydurma vədlər vermişlər. Artıq səbri tükəndiyindən Bakı İnzibati Məhkəməsinə 25 oktyabr 2023-cü il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Müraciətinə əsasən məhkəmə prosesi gedə-gedə cavabdeh Suraxanı İcra Hakimiyyəti onunla nəhayət xx.xx.2024-cü il tarixindən başlayaraq kirayə müqaviləsi bağlamışdır. Lakin, əvvəlki illərə aid kirayə pulunu təkrar ödəməkdən imtina etmişdir. Əvvəlki illərə aid kirayə pulunun tələb etmək üçün yenidən rəsmi müraciət ərizəsinə bu günə kimi cavab verilməmişdir. Bundan başqa yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi evin nə dərəcədə qəzalı olmasını və yaşayış üçün zəmanətin verilməsinin mümkünlüyünü müəyyən etmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikinti X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutu ilə vizual texniki baxışın keçirilməsi ilə əlaqədar aralarında 07 may 2021ci il tarixli, 6197 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikinti X2 Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutunun texniki şöbəsinin qrup rəhbərinin, texniki axtarış şöbəsinin mühəndis-geoloqunun, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Tikintidə X2 Agentliyinin 05 fevral 2021-ci il tarixli Ə-0054 nömrəli tapşırığına əsasən Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi 87/10 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti barədə 07 may 2021-ci il tarixli Akt tərtib edilmişdir. Akta əsasən keçirilmiş baxış zamanı bir mərtəbəli yaşayış evinin arxa yükdaşıyan divarlarında yer səthinə qədər evi 20-30 mm olan şaquli təhlükəli keçici çatlar müşahidə olunmuş, giriş qapısının üstündə, divarların birləşmə yerində eni 30-40 mm olan şaquli keçici çatlar əmələ gəlmiş, ön divarda isə eni 20 mm olan ikitərəfli çatlar, pəncərə boşluğu ətrafında və divar birləşmələrində isə eni 15- 20 mm olan keçici çatlar və aralanmalar olduğu müəyyən edilmişdir. Eyni zamanda sürüşmə zonasında yerləşən evin ətraf ərazisində təxminən 5-10 metr məsafədə yerləşən qonşu evlər qəzalı vəziyyətdə olduğundan sakinlər köçürülmüş və evlərinin isə söküldüyü müəyyən edilmişdir. Qeyd olunan fərdi ev tam şəkildə qəzalı vəziyyətdir və yaşayış üçün ciddi şəkildə təhlükəlidir. Bundan əlavə mütəxəssislərin son qərarına əsasən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəzərdə tutularaq evin ətrafının çəpərlənməsi, evə girişin qadağan edilməsi və digər lazımı tədbirlərin görülməsi olmuşdur. Əlavə olarq aktın digər hissəsində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli, 17/17/372/2104-12 saylı, Fövqəladə Hallar Nazirliyinin 5 iyun 2015-ci il tarixli, 21/08462 saylı və Agentliyin 11 iyun 2015-ci il tarixli 02/03958 nömrəli tapşırıqları əsasında ərazidə baş verən ekzogen-geoloji proseslərin əmələgəlmə və inkişaf dərəcəsinin müəyyən olunması məqsədi ilə “Azərinşaatlayihə” mütəxəssisləri tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen- geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada tektonik parçalanma və çökmə prosesləri mütamadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanətin verilməsinin qeyri-mümkünlüyü qeyd edilmişdir. Qeyd olunanlara baxmayaraq Suraxanı Rayon İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları bildirmişlər ki, tərəflər arasında kirayə müqaviləsi o zaman bağlanır ki, qəzalı evdən köçürülmənin baş tutması rəhbərlik tərəfindən qərar verildikdən sanra icra edilə bilər. Bu da, o deməkdir ki, onların nə zaman qərara gələcəyini gözləməklə ailəsini təhlükə altına qoymaqdan ibarətdir. İcra Hakimiyyətinin əsassız səbəblərindən biri də, evi tərk etmələri onların himayəsində iki azyaşlı olmaqla gənc bir ailənin taleyi ilə oynamaq olmuşdur. Sonuncu cavabdan sonra məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesindən kənar iddia tələbinin (kirayə müqaviləsinin bağlanması və əvvəlki illərə aid kirayə pulunu verilməsi) qismən hissəsi, kirayə müqaviləsi bağlansa da, qalan hissədə isə öz həllini bu günə kimi tapmamışdır. Bu məsələ ilə bağlı iddia tələbinin tam həll olunmasına inanaraq kirayə pulunu İcra Hakimiyyətindən tələb etsə də, bu tələb nəticəsiz qalmışdır. Sonradan 25 fevral 2024-cü il tarixində yenidən rəsmi şəkildə İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciəti bu günə kimi cavabsız qalmaqdadır. Artıq bu süründürməçiliyin bitməsi üçün təkrar məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qaldı. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ərizəsi ilə cavablandırdığı Ə/03 saylı, 10 iyun 2022-ci il tarixli məktubdan göründüyü kimi, ünvan 2 ünvanında 2016-cı il tarixindən yaşamadıqları öz təsdiqini tapmışdır. Hesab edir ki, ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində 2006-cı ildən təxminən 12 ildən artıq ailəsi ilə birlikdə yaşadıqlarını, 2017-ci ilin dekabr ayından bu günə kimi isə kirayədə yaşadıqları və Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikinti X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji institutu ilə evə vizual texniki baxışın keçirilməsi ilə əlaqədar aralarında bağlanmış 07 may 2021-ci il tarixli, 6197 saylı müqavilənin şərtlərinə əsasən evin ciddi şəkildə qəzalı olmasını təsdiq edən 07 may 2021 -ci il tarixli tərtib edilmiş Aktdan göründüyü kimi, iddia tələbi təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın qanunsuz və əsassız olduğunu, ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: İddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaat” Dövlət Baş Layihə X1 arasında bağlanmış müqavilə əsasında sonuncu tərəfindən tərtib edilmiş “ünvan 3 ünvanında İddiaçı məsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” 07 may 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən Evin ümumilikdə texniki vəziyyəti qəzalıdır. Evdə yaşayış yoxdur. Bununla əlaqədar evin ətrafı çəpərlənməli, evə giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir. Mütəxəssislər tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogen-geoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada tektonik parçalanma və çökmə prosesləri mütəmadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanət verilmir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən ünvan 5 ünvanında 2016-cı ildən yaşayış yoxdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən iddiaçı Zığ qəsəbəsi, H.Allahverdiyev 87/10 küçəsində yaşadığı evin qəzalı vəziyyətdə olduğunu, onun ailə üzvləri ilə birgə kirayəyə çıxarılmasını, kirayə pulu və əşyaların daşınması üçün ayrılan vəsaitin bankda açdığı şəxsi hesabına köçürüləndən sonra 3 gün ərzində evdəki əşyalarını boşaldaraq ailə üzvləri ilə birgə kirayəyə çıxacağını diqqətə çatdırmış, evinin əşyalarının boşaldılmasına və ona ayrılan vəsait hesabına kirayəyə çıxmağa öhdəlik götürməsini bildirmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən İcra Hakimiyyətinin İddiaçı məxsus evin qəzalı vəziyyətdə olması ilə bağlı Agentliyə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnsitutunun mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndəsinin iştirakı ilə qeyd olunan fərdi yaşayış evinə vizual texniki baxış keçirmiş və 20 aprel 2020-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən evin inşası zamanı inşaat norma və qaydalarına riayət olunmamışdır. Yaşayış evi ekzogen-geoloji proseslərin aktivləşdiyi sürüşmə sahəsində yerləşir. Fərdi yaşayış evinin ətrafında qonşu evlər qəzalı olduğu üçün köçürülmüşdür. Sakin evdə yaşamır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 17/17/372/2014-12 saylı Fövqəladə Hallar Nazirliyinin 5 iyun 2015-ci il tarixli 21/08462 saylı və Agentliyin 11 iyun 2015-ci il tarixli 02/03958 nömrəli tapşırıqları əsasında ərazidə baş verən ekzogen-geoloji proseslərin (EGP) əmələgəlmə və inkişaf dərəcəsinin müəyyən olunması məqsədi ilə “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssisləri tərəfindən aparılmış çöl, kameral işlərin materiallarına əsasən, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi ekzogengeoloji proseslərə intensiv məruz qalmış ərazidə yerləşir və burada textonik parçalanma və çökmə prosesləri mütəmadi olaraq baş verir. Həmin ərazidə yerləşən tikililərin ekzogen-geoloji proseslərin növbəti aktivləşməsi zamanı parçalanma və çökmə proseslərinə məruz qalmayacağına zəmanət verilmir. Evin texniki vəziyyəti məhdud işləkdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə ünvanlanmış 28 yanvar 2022-ci il tarixli 24/xx-xx/00318 nömrəli məktuba əsasən Baş nazirin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 39, 41 və 43 saylı, 5 mərtəbəli yaşayış binaları və ərazidə yerləşən istinad divarlarının texniki vəziyyətinin bir daha araşdırılması ilə əlaqədar 17 dekabr 2021ci il tarixli 36369 nömrəli tapşırığına baxılaraq bildirilmişdir ki, ərazidə kompleks tədbirlərin başa çatdırılması və əhalinin bir dəfəlik köçürülməsi ilə əlaqədar müvafiq qərar qəbul edilənədək daha təhlükəli vəziyyətdə olan 65 fərdi yaşayış evində, 39 saylı binanın 7-8-ci bloklarında, 41 saylı binanın 5 blokunda və 43 saylı binanın 6 blokunda yaşayan, ümumilikdə 210 ailənin təcili olaraq köçürülməsi və hər ailəyə ayda 350 manat olmaqla 3 ay müddətində kirayə haqlarının və birdəflik 500 manat daşınma xərclərinin fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaat” Dövlət Baş Layihə X1 tərəfindən “Bakı şəhəri, Suraxanı rayonu, “Zığ-1” sürüşmə sahəsində yerləşən ərazinin 43 və 39 nömrəli yaşayış binalarının, 41 nömrəli binanın arxasındakı yamacda istinad divarlarının texniki vəziyyəti haqqında” 30 dekabr 2021-ci il tarixli arayışa əsasən bir neçə illər ərzində aparılmış ekoloji, mühəndis-geoloji və texniki müayinə işlərinin nəticələrinə əsasən aktda göstərilən 5 mərtəbəli 39, 43 nömrəli binalarda, 39, 43 və 41 nömrəli binaların arxa hissələrindəki ərazilərdə yerləşən istinad divarlarında və “Zığ-1” sürüşmə sahəsini əhatə edən ərazidə kompleks tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır, həmçinin hal-hazırda texniki vəziyyəti qəzalı və yolverilməz olan fərdi yaşayı evlərinin sökülməsi məqsədəuyğun hesab edilir. Qeyd edildiyi kimi, verilmiş kompleks mühəndis tədbirlər tam yerinə yetirilmədiyi üçün ərazidə gərginlik vəziyyətinin hələ də, qaldığını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə 39 saylı binanın 7 və 8-ci bloklarının, 41 saylı binanın 5 blokunun, 43 saylı binanın isə bütün sakinlərinin və həmçinin ərazidə qəza vəziyyətində olan 65 ədəd fərdi yaşayış evlərinin sakinlərinin köçürülməsi zəruri hesab edilir. Göründüyü kimi, FHN-in mütəxəssisləri tərəfindən tərtib olunmuş müvafiq aktlara əsasən texniki vəziyyəti qəzalı və ya yolverilməz olan fərdi yaşayış evlərində yaşayan Azərbaycan Respublikası Kabinetinin xx.xx.2018-ci il tarixli 874S №-li Sərəncamı ilə 59 fərdi yaşayış evinin və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə 56 fərdi yaşayış evinin (ümumilikdə 115 fərdi yaşayış evi) sakinlərinə birdəfəlik maddi yardım ayrılmış və sakinlər həmin qəzalı evlərdən köçürüldükdən sonra evlər sökülmüşdür. İş mateiallarından müəyyən olur ki, iddiaçı 2016-cı ildən ona məxsus evdə yaşamamış, həmin evin divarlarında çatların əmələ gəldiyini bildirərək, bu barədə müvafiq köməkliyin göstərilməsi barədə yalnız xx.xx.2020-ci il tarixində cavabdehə müraciət etmiş, bundan sonra aparılmış araşdırma nəticəsində iddiaçının inşaat norma və qaydalarına riayət olunmadan tikdiyi evinin yaşayışa məhdud yararlı olması barədə təqdim edilmiş FHN-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyə əsasən gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısının vaxtında alınması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə öz şəxsi vəsaiti hesabına bərpa-gücləndirmə işlərinin aparılmalı olması barədə cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlanmışdır. İşin hallarından isə müəyyən olunur ki, iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına hər hansı bərpa-gücləndirmə işləri aparılmamış, bununlada iddiaçının istifadəsində olan evin texniki vəziyyəti dahada qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra isə iddiaçının 2021-ci il tarixdə FHN-ə etdiyi müraciətə əsasən mütəxəssislər tərəfindən fərdi yaşayış evinin texniki vəziyyətinin qəzalı olması qeyd edildiyindən o, həmin rəyi müraciətinə əlavə etməklə cavabdehə təkrar müraciət etmişdir. FHN tərəfindən ərazidə kompleks tədbirlərin başa çatdırılması və əhalinin birdəfəlik köçürülməsi ilə əlaqədar qərar qəbul edilənədək daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi və hər ailəyə 350 manat kirayə haqqının və birdəfəlik 500 manat əşyaların daşınma xərclərinin fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi ilə bağlı Baş nazirə müraciət edilmiş, Baş nazirin xx.xx.2022-ci il tarixli dərkənarı ilə sözügedən “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” ilə bağlı xərclər üçün nəzərdə tutulmuş vəsait hesabına aidiyyəti üzrə zəruri tədbirlərin görülməsi tapşırığı verilmişdir. Kirayə çıxarılmış ailələr üçün ayrılmış vəsait 2023-cü ilin sonunadək nəzərdə tutulduğundan və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin layihə institutlarının mütəxəssisləri tərəfindən verilmiş müvafiq rəylərə əsasən sürüşmə zonasında təhlükəli vəziyyətdə olan daha 38 fərdi yaşayış evinin, o cümlədən iddiaçının evinin texniki vəziyyətinin qəzalı və yolverilməz olması barədə müvafiq rəylər verildiyini nəzərə alaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla Nazirlər Kabinetinə müraciətlər edilmiş və bundan sonra Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Sərəncamı ilə 2023-cü ilin dövlət büdcəsinin ehtiyat fondundan qeyd olunan ailələr üçün kirayə haqqı verilməsi üçün müəyyən vəsait ayrılmışdır. Bununla bağlı cavadeh tərəfindən iddiaçı və digər sakinlər məlumatlandırılmışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən hazırki mübahisə ilə bağlı qanunvericiliyin normalarının pozulması halı müəyyən edilmədiyindən iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Kollegiya məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8666/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar