Məhkəmə qərarları › İş №2-1(103)-151/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-151/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-151/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-3826/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü ildən 2006-ci ilin dekabr ayınadək Bakı Şəhər Tikinti Trestində işlədiyi dövrü nəzərə almaqla əmək kitabçada olan və pensiyaya çıxmaq üçün əsas sənəd hesab olunan göstərilən illəri hesablamaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı barəsində müvafiq qərarın verilməsi və yaşa və qocalığa görə pensiyaya çıxmağına köməkliyin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildən 1994-cü ilədək ayrı-ayrı vəzifələrdə və peşə sahələrində işləmişdir. 1994-cü ildən 2006-cı ilin dekabr ayınadək Bakı Şəhəri Tikinti Trestində mühəndis-mexanik vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində ştat cədvəlinə uyğun olaraq əmək haqqı almışdır. 1975-1977-ci illərdə Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur. Əmək kitabçasında 2006-cı ilə qədər olan əmək illəri 28 ildir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə əmək kitabçada, hərbi biletdə sığorta stajının 13 il 8 ay olmaqla tələb olunan 25 ildən az olduğunu bildirmişdir. Eyni zamanda, əsas gətirərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixinədək 10.414,98 manat təsdiq olunduğu göstərilməklə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından az olduğu göstərilməklə pensiya təminatına imkan verilmədiyi bildirilmişdir. Əlavə olaraq, 1994-cü ilin 20 avqustundan 2006-cı ilin dekabr ayınadək olan müddət sığorta stajına daxil edilməmişdir. Ona görə də yaşa və qocalığa görə əmək pensiyasının verilməsi Fond tərəfində, məhdudlaşdırılmışdır. Hal-hazırda yaşa görə 130 manat müavinət alır. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Bakışəhərtikinti” Ümumtikitni Trestində çalışdığını iddia edir. Ərizəçinin işlədiyini iddia etdiyi müəssisənin qeyd oluna dövrlərdə mövcud olub-olmaması barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsinə və Azərbaycan Respublikası Mili Arxiv İdarəsinə xx.xx.2021-ci il tarixli sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin 11.01.200-ci il tarixli cavab məktubunda “Bakışəhərtikinti” Ümümtikinti Tresti adlı qurumun aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2021-ci il tarixli cavab məktubunda “Bakışəhərtikinti” Ümümtikinti Trestinin arxiv sənədlərinin təhvil verilmədiyi barədə məlumat öz əksini tapmışdır. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. İddiaçının qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün olmadığından, İddiaçı tələb olunan 25 il sığorta stajına və pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından iddiaçının yaşa görə pensiya almaq hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-3826/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun iddia etdiyi hüququ münasibətləri xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun qüvvədə olduğu müddətdə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsi mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndi iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmin Qanunun 69-cu maddəsi iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsi işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi). İşdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazılmalıdır. Məhkəmənin “Bakışəhərtikinti” Trestinin (İdarəsinin) mövcudluğunun şübhə altına alması hamıya bəlli olan halla uyğun gəlmir. Belə ki, Sovetlər birliyində, istərsə də müstəqillik qazandan bir müddət sonra da Bakı şəhərində tikilmiş 9 mərtəbəli panel binalarını məhz Bakıbaştikinti Ümumi Tresti və həmin trestin nəzdində olmuş Tikinti İdarələri tərəfindən tikilmişdir. Bundan başqa vaxtında işə əlavə edə bilmədiyi Bakı şəhəri İcra Hakimiyyətinin 7-2339/17№-li, xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, Bakı Baş Tikinti İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ləğv edilərək, tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlarla birgə yeni yaradılan Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyinə verilmişdir. Sonradan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) xx.xx.2003-cü il tarixli, 001117 saylı şəhadətnaməsinə əsasən Bakı Tikinti və İnkişaf İdarəsi (Departamenti) özəlləşdirildiyindən Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılmışdır. Qeyd olunan arayışdan da məlum olur ki, Bakı Baş Tikinti İdarəsi və sonradan onun hüquqi varisi olmuş Bakı Tikinti və İnkişaf İdarəsi (Departamenti) mövcud olmuşdur. Bundan başqa 1992-1993-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, sonradan isə Bakı şəhəri İcra Hakimiyyətinin başçısı olmuş Rauf Gülməmmədov (VİKEPEDİYA) 1993 -1997-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi olmuşdur. xx.xx.1994xx.xx.2006-cı il tarixədək “Bakışəhərtikinti” Ümumi Trestində işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Məhkəmənin bu illərin əmək stajına daxil edilməməsi Əmək Məcəlləsinin 67.69 və 87-ci maddələrinin tələbinə ziddir, tamamilə əsasızdır. Məhkəmə təcrübəsində olan işlərdə də xüsusilə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1410/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında da bu öz əksini tapmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq: - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət Reyestrində “Bakı Şəhər Tikinti” Ümumi Trestinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Bakı Şəhər Tikinti” Ümumi Tresti barədə daşınmaz dövlət əmlakının registrində hər hansı məlumat yoxdur. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 2.14-cü bəndində Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında olan vəzifələrin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin siyahıda “Bakıbaştikinti” “Bakışəhərtikinti” Ümumtikinti Tresti nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin tabeliyində “Bakı Şəhər Tikinti” Ümumi Tresti adlı təşkilat fəaliyyət göstərmədiyi üçün sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 11 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakışəhərtikinti” Ümumtikinti Tresti adlı kommersiya qurumu aşkar edilməmişdir. + İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 29 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakışəhərtikinti” Ümumtikinti trestinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********8 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçası, attestat, diplom və hərbi biletin surətlərinə əsasən sığorta stajı 13 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 10414,98 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli № 7-4052M7 saylı arayışına əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək “Bakışəhərtikinti" Ümumi Trestinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdımasının nəticəsində xx.xx.1994-xx.xx.2006-cı illərdə fəaliyyət göstərən “Bakışəhərtikinti” Ümumi Trestinin mövcudluğu müəyyən edilmədiyindən cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilmir. Odur ki, iddiaçının sığorta stajı əmək kitabçasına əsasən 16 il 02 ay 04 gün müəyyən edilir. İddiaçının 25 il stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10.414,98 manat olmaqla, həmin məbləğ tələb olunan pensiya kapitalından azdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. O, iyun 1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət keçmiş (1 il 11 ay 22 gün), xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSR 133 nömrəli Jdanov adına kənd texniki peşə məktəbinin dülgərlik sənəti üzrə bitirmiş,1979-cu ildən 1982-ci il tarixədək Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil almış (2 il 10 ay), əmək kitabçasına əsasən xx.xx.1978-xx.xx.1979 (həmin dövrdə xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixinədək olan müddətdə təhsil müddətidir), xx.xx.1979-xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1989, xx.xx.1990xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1994, xx.xx.1994-xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur (26 il 2 ay 7 gün). Göründüyü kimi iddiaçının təhsil müddəti, hərbidə olduğu müddət və əmək kitabçasına əsasən 31 il 8 ay 27 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının əmək kitabçasındakı xx.xx.1994-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək işlədiyi “Bakqorstroy” Trestinin arxiv sənədlərinin təhvil verilmədiyi barədə məlumat öz əksini tapması göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Beləliklə, hazırkı iş üzrə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 01 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bundan başqa işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsi ilə iddiaçının “Bakqorstroy” Trestində işlədiyi təsdiq olunur. Həmçinin şahid qismində dindirilmiş adı çəkilmiş şəxsin özünün “Bakqorstroy” Trestində işləməsi iş materiallarına əlavə edilmiş ona məxsus əmək kitabçası ilə sübut olunur. Belə ki, iş materiallarına əlavə edilmiş ИТ-İ №0299434 saylı əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək “Bakışəhərtikinti” Ümumtikinti Trestində Trest müdirinin təchizat məsələləri üzrə müavini vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçını həmin dövrdə işləməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1994-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək işlədiyi “Bakqorstroy” Trestində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə və əmək kitabçasına əsasən iddiaçı 25 ildən çox sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək kişilərin pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(112)-3826/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı 1994-cü ildən 2006-ci ilin dekabr ayınadək Bakı Şəhər Tikinti Trestində işlədiyi dövrü nəzərə almaqla ona yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar