Məhkəmə qərarları › İş №2-1(103)-151/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-151/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-151/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2004/2024 saylı 18 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təhsilə aid kvalifikasiyanın tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmin tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…2016-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasında X3 Universitetinin fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) fakültəsinə daxil olmuş və 2021-ci ildə Universitetin həmin fakültəsini bitirmiş və bu barədə ona Universitet tərəfindən 100518 ******* (reyestr nömrəsi 19046) nömrəli bakalavr diplomu verilmişdir. O, ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə elektron ərizə ilə müraciət etmişdir. Cavabdehin 14 iyul 2023-cü il tarixli cavab məktubunda məsələnin həllindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı barəsində “Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyanın tanınmasından imtina edilməsi barədə” qərar qəbul olunmuşdur. Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilinin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Hesab edir ki, cavabdeh qurumun imtinası əsassızdır. Cavabdeh imtinasını «Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması Qaydaları»nın 3.10.1 və 4.1.4-cü yarımbəndləri ilə əsaslandırmışdır. İddiaçıya münasibətdə Qaydaların sözügedən müddəalarında qeyd olunan halların heç biri mövcud deyil və onun aldığı ixtisas Azərbaycan Respublikasında müəyyən edilən təhsil standartlarına tam uyğundur. Bu səbəbdən aldığı ixtisas, yəni ali təhsilə aid kvalifikasiya tanınmalı və ekvivalentliyinə dair müvafiq şəhadətnamə verilməlidir. Tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, o, həqiqətən Akademiyada oxumuş və diplom almışdır. Göstərilənlərə və İPM-in 45, 46, 73- cü maddələrinə əsaslanaraq, Rusiya Federasiyası Dağıstan Respublikası “X3 Universiteti” tərəfindən İddiaçı verilmiş 11 yanvar 2022-ci il tarixli 100518 ******* (reyestr nömrəsi 19046) nömrəli diplom üzrə aldığı ixtisasın – təhsilə aid kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur…» Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçının müraciəti üzrə inzibati icraat apararaq təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə – 12 gün, 2017/2018-ci tədris ili üzrə – 2 gün, 2018/2019-cu tədris ili üzrə – 14 gün, 2019/2020-ci tədris ili üzrə – 8 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə getməyib (9 dekabr 2021-ci il tarixdək) pandemiya dövrü) olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmiş, bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və 13 iyul 2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2004/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: «…Belə ki, ilk növbədə onu qeyd edir ki, o, Azərbaycan Respublikası Ciu-Citsu Federasiyasının yığma komandasının üzvüdür. Dəfələrlə Respublika çempionu, Respublika ikincisi və müxtəlif turnirlərin qalibi olmuş, qara kəmər sahibidir. Eyni zamanda da “Samuray” İdman Klubunun az yaşlı uşaqlar üzrə məşqçisidir. Yəni, pandemiyadan əvvəlki 2016-2020-ci illər üzrə - X3 Universitetində 2016 - 2021-ci illərdə təhsil aldığı müddətdə 2016/2017-ci tədris ili üzrə - 12 gün, 2017/2018-ci tədris ili üzrə - 2 gün, 2018/2019-cu tədris ili üzrə - 14 gün, 2019/2020-ci tədris ili üzrə - 8 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) dövrlərdə xarici ölkənin ərazisində yetərli müddətdə olmaması, zəruri təhsil normativ müddəti ilə bağlı şərtin ödənilməməsini məhz yuxarıda qeyd etdiyi tədbirlərlə əlaqələndirir. Hətta, onun qeyd olunan tədbirlərdə iştirak etməsilə bağlı Azərbaycan Respublikası Ciu-Citsu Federasiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 027 nömrəli arayış verilmiş və Həmin arayışda da qeyd olunmuşdur ki, X2 2017-18-ci illərin sessiyasında iştirak etməməsinin səbəbi: 01-xx.xx.2017-ci ildə keçirilən Respublika çempionatı, 03-xx.xx.2018ci ildə keçirilən Respublika çempionatında iştirak etməsidir. Bu yarışlarda: 01xx.xx.2017-ci ildə 2-ci yerin, 03-xx.xx.2018-ci ildə 1-ci yerin sahibi olmuşdur. Qeyd olunan mükafatlarla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif olunmuşdur. Əgər inzibati orqan, eləcə də məhkəmə, pandemiya dövrünü üzürlü səbəb kimi qiymətləndirə bilirsə, hesab edir ki, onun Respublika birinciliyində iştirak etməyini üzürlü səbəb olaraq qiymətləndirə bilərdi. Belə ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olmuşdur. Məhkəməyə təqdim etdiyi diplomdan da görünür ki, idman üzrə təhsil almış və “Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi” fakültəsini bitirmiş, yəni idmançı olması ilə bərabər təhsilini də idman üzrə almış, tədris müddətində heç bir ödənilməmiş krediti qalmamışdır. Yekun olaraq, idmançılar idman turnirlərinə qatılarkən əvvəlcədən (ən azı 10 gün öncədən) Federasiyanın idmançıların istifadəsinə verdiyi zallarda toplaşmalı və məşq etməlidirlər. Qeyd olunan məşqlər məşqçilər tərəfindən atılan zəruri tədbirlərdən biridir…» Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, iddia ərizəsinə etirazda göstərilənlərlə əsaslandırılmaqla, apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı 2016-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasında X3 Universitetinin “fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə) fakültəsinə daxil olmuş, qiyabi təhsil alma formasında həmin üniversiteti 2021-ci ildə bitirmiş və ona Dövlət İmtahan Komissiyasının 9 dekabr 2021-ci il tarixli (protokol № 5) qərarı ilə bakalavr dərəcəsi üzrə 100518 ******* nömrəli (19046 qetdiyyat nömrəli, 11 yanvar 2022-ci il taruxli) diplom verilmişdir. İddiaçı aldığı ali təhsilə dair kvalifikasiyanın tanınması məqsədi ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin sonuncu tərəfindən 14 iyul 2023-cü il tarixdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar qəbul olunmuşdur. İmtina onunla əsaslanıdırlmışdır ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsil normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə cavabdehin imtinası əsaslıdır. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinin tələbinə görə dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti 1 il artıq müəyyən edilmişdır. Eyni zamanda, Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili «Qaydaları»nın: 3.2.2-ci bəndinə əsasən .ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bu semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər) kredit müəyyənləşdirilir. 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçı isə qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, 2016-2021-ci illərdə təhsil aldığı Universitətdə, daha qısa müddət ərzində olması iş materiallarına əsasən öz təsdiqini tapır. O cümlədən: 2016/2017-ci tədris ili üzrə – 12 gün, 2017/2018-ci tədris ili üzrə – 2 gün, 2018/2019-cu tədris ili üzrə – 14 gün, 2019/2020-ci tədris ili üzrə – 8 gün (İ semestr) (İİ semestr pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə getməyib (9 dekabr 2021-ci il tarixdək) pandemiya dövrü). Beləliklə də, iddiaçının təhsil aldığı Unversitetdə diploma əlavədə göstərilən 5 il 5 ay təhsilalma müddətində cəmi, 36 gün olduğu müəyyən olunur. Əslində, iddiaçının özü tərəfindən də apellyasiya şikayətində qeyd olunanlar etiraf olunuraq, 2020-ci ilə kimi onun tədris proseslərində yetərincə iştirak etməməsinin səbəbinin onun idman yarışlarında iştirakı, 2020/21-ci tədris ilində isə pandemiya ilə əlaqədar olduğu göstərilir. Lakin, onun istinad etdiyi həmin hallara görə Rusiya Federasiyası Dağıstan Respublikasında X3 Universitetində aldığı təhsil Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin yuxarıda qeyd olunan standartlarına uyğun sayla bilməz. Çünki, birincisi, 2016-2020 tədris illərində onun idman yaraşlarında iştirak etməsi, təhsil qanunvericiliyində belə hallar standartlardan kənarlaşmasına əsas verən imtiyazlı hal kimi nəzərdə tutulmamışdır. İkincisi, təhsil müdətinin pandemiyaya təsadüf edən təhsil illərinə gəldikdə, həmin dövrdə onun həmin Unversitetlə qarşılıqlı razılaşma əsasında “onlayn” qaydada təhsilini davam etdirmək imkanı da mövcud olsa da, bununla bağlı məhkəməyə müvafiq sənəd-sübut da tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikasının 13 may 2003-cü il 455-İİQ №-li Qanunlu ilə təsdiq edilmiş, Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişinə gəldikdə, həmin Sazişin 6-cı maddəsi nəzərdə tutur ki, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respubliekasında tanınır…» İkitərəfli Sazişin qeyd olunan şərtindən göründüyü kimi, əyani təhsialma formasında təhsil alan şəxslər dairsəinə münasibətdə həmin Saziş tətbiq olunur. İddiaçı isə konkret halda, qiyabi təhsilalma formasında X3 Universitetini bitirmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının aldığı təhsil diplom üzrə mənimsəməli ixtisasın məzmununa uyğun olmamışdır. Başqa sözlə, faktiki olaraq Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərdə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, onun idmançı olması ilə bərabər idman üzrə təhsil də aldığını və tədris müddətində heç bir ödənilməmiş kreditinin qalmadığı, habelə, idman yarışları sahəsində nailiyyətləri olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2004/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2004/2024 saylı 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar