Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1510/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş sonuncu qiymətləndirməyə əsasən ikinci dərəcəli əlilliyin bərpa edilməsi və 2021-ci ilin yanvar ayından hal-hazıradək ödənilməmiş əlillik müavinətinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 noyabr 2007-ci il tarixdə avtomobil qəzası keçirmişdir. Qəza nəticəsində sol bud çanaq oynağında qırıq baş vermişdir. Xəsarətlə bağlı Səhiyyə Nazirliyinin tərkibində olan X2 və Ortopediya İnstitutunda onu əməliyyat etmişlər. İnstitutun həmin vaxt direktoru vəzifəsində işləyən həkim travmatoloq əməliyyat zamanı sol bud çanaq oynağında əməliyyatı düzgün aparmamış və əlavə olaraq başqa xəsarətlər yetirmişdir. Belə ki, qəzadan 4 ay sonra onu əməliyyat edən həkim sol bud nayihəsindən ayağa və pəncəyə gedən sinirləri zədələmişdir. Zədədən sonra ayağının pəncə hissəsində hissiyat və fəaliyyət imişdir. Həmçinin düzgün olmayan əməliyyat nəticəsində bud çanaq oynağı zədələnmişdir. Bundan sonra, o, sağlamlığını bərpa etmək üçün 2008-ci ildə İran İslam Respublikasına və sonra Türkiyə Respublikasına getmişdir. Müalicələrin heç bir nəticəsi olmadığı üçün ona Türkiyə Respublikasında bud-çanaq oynağına endoprotez qoyulmuşdur. Lakin, siniri bərpa etmək mümkün olmamışdır. Ayağında 3.0 mm qısalıq vardır. Yeriyəndə çətinlik çəkir. Hazırda sol ayağının pəncə hissəsində hissiyat və hərəkət yoxdur. Uzun müddət davam edən müalicələrin nəticəsi olmadığı üçün ona Türkiyə Respublikasında bud-çanaq oynağına endoprotez qoyulmuşdur. Lakin, siniri bərpa etmək mümkün olmamışdır. Uzun müddət davam edən müalicələrin nəticəsi olmadığı üçün ona Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən xx.xx.2008- ci il tarixdən xx.xx.2020-ci il tarixədək ikinci dərəcəli əlillik verilmişdir. Lakin, növbəti müayinə heç bir əsas olmadan ona ikinci dərəcə əlillik deyil, üçüncü dərəcə verilmişdir və 2021-ci il yanvar ayından hal-hazıradək olan müddət ərzində heç bir müavinət ödənilməmişdir. Əlillik dərəcəsinin dəyişdirilməsi barədə məlumat ona xx.xx.2021ci il tarixdə qeydiyyatda olduğu poliklinika tərəfindən verilmişdir. Belə ki, sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarış verilmişdir. Ona görə də, hesab edir ki, qanunsuz və əsassız olaraq dəyişdirilmiş ikinci dərəcə əlilliyi bərpa edilməli və 2021-ci ilin yanvar ayından halhazıradək ödənilməmiş əlillik müavinəti ona ödənilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia - əlilliyə görə müavinətin bərpa edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - əlillik vəziyyəti 11 saylı Şəhər Poliklinikasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol sirkə kasasının sınığına görə metoblasteosintezindən sonrakı vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - 11 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol budçanaq oynağının endoprotezləşməsindən sonraki vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinjf- Sümuk-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: Sol bud-çanaq oynağının endoprotezləşməsindən sonraki vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - 11 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2749003AAD2D saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 -, Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Oynaqların ortopedik implantatlarının olması, Sol bud-çanaq oynağının total endoprotezləşməsi ,cərrahi əməliyyatdan sonrakı vəziiyət.Sol aşağı ətrafın 3.0 sm qısalığı ,sol pəncənin parezi.sol incik sinrinin postravmatik neyropatiyası,yerimə funksiyasının kəskin pozulması. Sümük sınığının pis bitişməsi, Sol çanaq sümüklərinin osteosintezdən sonra qeyri düzgün bitişmiş sınıqlarına görə sol bud çanaq oynağının total endoprotezi,əməliyyatdan sonrakı vəziyyət. Aşağı ətrafın dəqiqləşdirilməmiş mononevropatiyası, Sol incik sinirinin postravmatik neyropatiyası.Sol pəncənin parezi.Yerimə funksiyasının kəskin pozulması; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-363/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən T596/2024 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Bakı 11 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2749003AAD2D nömrəli Forma 88-də göndərişində endoprotezlə əlaqədar təyin edilmiş faiz dərəcəsi qüvvədə qalır, (yəni, ümumi xəstəliklə əlaqədar, müddətsiz, Meyar: 2.3, Üçüncü dərəcə əlillik => 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi. (M40-M41.3). Həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında təyin edildiyindən xəstəliyin proqnozu qənaətbəxş olmuş, göndərişdə tibbi-sosial ekspertləri tərəfindən əmək fəaliyyəti ilə əlaqədar yünügül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında təyin edilmiş və hazırda aşkar edilmiş patofunksional dəyişukliklər İİİ qrup əlillik dərəcəsinin təyininə əsas verir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2008-ci il tarixli göndərişi əsasında ikinci dərəcəli əlillik bir il müddətinə, xx.xx.2014-cü tarixli göndərişi əsasında ikinci dərəcəli əllik bir il müddətinə, xx.xx.2016-cı il tarixli göndərişi əsasında beş il müddətinə, daha sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında üçüncü dərəcəlik əlillik müddətsiz təyin olunmuşdur. İddiaçı hazırda üçüncü dərəcəli əlilliyin deyil, son göndəriş əsasında ikinci dərəcəli əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin araşdırılması zamanı iddiaçıda olan xəstəliklərin ikinci dərəcəli əlilliyin təyinatına əsas vermədiyi müəyyən edilir. Belə ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də, müəyyən edilmişdir ki, vətəndaş İddiaçı adına Bakı 11 nömrəli Şəhər Poliklinikası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2749003AAD2D nömrəli Forma 88-də göndərişində endoprotezlə əlaqədar təyin edilmiş faiz dərəcəsi qüvvədə qalır, (yəni, ümumi xəstəliklə əlaqədar, müddətsiz, Meyar: 2.3, Üçüncü dərəcə əlillik => 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi. (M40-M41.3). Həmin diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında təyin edildiyindən xəstəliyin proqnzu qənaətbəxş olmuş, göndərişdə tibbi-sosial ekspertləri tərəfindən əmək fəaliyyəti ilə əlaqədar yünügül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən diaqnozlar ona stasionar müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında təyin edilmiş və hazırda aşkar edilmiş patofunksional dəyişukliklər İİİ qrup əlillik dərəcəsinin təyininə əsas verir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-113/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1510/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1510/2025
17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver