Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1511/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı Əliəhməd oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11-546 saylı qərarına əsasən ona verilmiş ərazisi 12 sot olan 8 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısından İddiaçı adı aşkar edilməmişdir. Təqdim edilmiş sənədlərdə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki göstərilən ərazinin sahəsi 1424.0 kv.m-dir və sənəddə göstərilən ölçüdən 242.0 kv.m artıqdır. Bundan əlavə İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir və iddiaçıya ayrılmış bağ sahəsinə aidiyyəti yoxdur. Belə ki, göstərilən ərazi X6 ayrılmış ərazinin hüdudları daxilində yerləşir və həmin əraziyə dair X5 adına plan-ölçü verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, “Bağçının üzvlük kitabçası”na əsasən iddiaçı 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmişdir, bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən iddiaçının istifadəsinə sahəsi 1200 kv metr olan 8 nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991- ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. X4 rayon sovetinin İcraiyyə Komitəsinin sədrinin təsdiq etdiyi siyahıya əsasən iddiaçı “26 Bakı Komissarı” adına NQÇİ işçilərinin bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin siyahısında sıra nömrəsi ilə 2-ci olaraq göstərilmişdir. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən iddiaçıya Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 1200 kv metr olmaqla 8 saylı sahə ayrılmışdır. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən Şabandağ 8 saylı bağ sahəsinin sərhədləri mişar daşları ilə hasarlanmışdır, bağ sahəsində bir mərtəbəli bir otaqlı tikili və talvar, hovuz vardır. Bağ sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. İddiaçı ərazisi 12 sot olan 8 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq -yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar edilmədiyini, sözügedən bağ sahəsinin ölçüsünün sənədlə 1200,0 kv metr, faktiki olaraq 1424,0 kv metr istifadə edilməkdə olduğu üçün iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi, bağ massivi ünvanda yerləşən 8 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..8.0.5. 2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isəhəyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlidiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd edilən bağ sahəsinə aid üzvlük kitabçası mövcuddur, iddiaçının adı bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin siyahısında vardır və qeyd edilən bağın iddiaçıya ayrılması barədə bağçılıq-bostançılıq yoldaşlığının üzvlərinin iclasının protokolundan çıxarış da iş materiallarına əlavə edilib. İddiaçı hazırki iddia ərizəsi ilə 1424,0 kv.m deyil, ona verilən ərazisi 12 kv.m olan 8 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş edir. Apellyasiya şikayətinin digər “göstərilən ərazinin X6 ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi və həmin əraziyə dair X5 adına plan-ölçü verilməsi” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh orqan tərəfindən həmin dəlili təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1511/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1511/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver