Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1511/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02-05 avqust 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə Şəki şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra xx.xx.1969-cu il tarixən xx.xx.1970-ci il tarixədək Şəki 43 saylı texniki peşə məktəbində traktorçu maşinist ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda kolxozçu işləmiş, xx.xx.1979-cu il tarixdən Şəki “İliçin xatirəsi” bağçılığında memirator vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixdən ərizəsinə əsasən Şəki “İliçin xatirəsi” bağçılığından işdən azad edilmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək kolxozda kolxozçu işləmişdir. Bu fakt iddiaçıya məxsus diplomla, hərbi biletlə, əmək kitabçası və arxiv arayışı ilə tam təsdiqini tapır. İddiaçıya məxsus sənədlərdən görünür ki, ümumilikdə iddiaçının 26 ilə yaxın əmək stajı vardır. 2007-ci il tarixdən İİ qrup əlillik təyin edilmiş, 2021-ci il tarixdə əlilliyi kəsildiyindən, xx.xx.2021-ci il tarixdən ona sosial pensiya təyin edilmişdir. Halbuki, həmin vaxtdan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməli idi. İddiaçı sənədlərini cavabdehə təqdim edərək, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sonuncu 03 iyul 2021-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, ümumi stajı 22 il 8 ay təşkil etdiyindən və pensiya təyin edilməsi üçün kapital olmadığından ona yaşa görə pensiya təyin edilməsindən imtina edilir. İddiaçı hesab edir ki, imtina tam əsassızdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə təmin edilmişdir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 15 saylı regional ərazi filialına (Şəki) müraciət etmiş, lakin tələb olunan sosial sığorta stajı olmadığına görə müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçı 1975-1979-cu və 1985-1997-ci illərdə Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda və 1979-1985-ci illərdə Şəki “İliçin xatirəsi” bağçılığında işlədiyini qeyd edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İş materiallarına əsasən iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr (1 il), xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi dövr (5 il 11 ay 15 gün) sosial sığorta stajına daxil edilmişdir. Şəki rayon Dövlət Arxivi tərəfindən verilmiş 342 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilən illərdə "Azərbaycan kolxozu”nda və “Şəki İliçin xatirəsi adına bağçılıq birliyi”ndə müəyyən edilmiş minimum əmək iştirakı normasının kişilər üçün 220 olduğunu nəzərə alaraq iddiaçının arxiv arayışında göstərilən illər əsasında müəyyən olunan sosial sığorta stajı aşağıdakı qaydada hesablanmışdır: 1975-1978-ci illər üzrə 4 il, 1986-1996-cı illər üzrə 11 il, digər illər üzrə isə 9 ay olmaqla ümumilikdə 15 il 9 ay. Həmçinin iddiaçının sığorta stajına uyğun olaraq pensiya kapitalı 17268.73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manatdan pensiya kapitalından azdır. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajı 22 il 08 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: F.Mədətli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, işə baxan məhkəməyə bildirmişdir ki, İİ qrup əlilliyinin müddəti bitdikdən sonra xx.xx.2021-ci ildən ona sosial müavinət təyin edilmiş, halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Belə olan halda onun hazırki yaşının 68 olduğu nəzərə alınsa-Qanunun tələbinə əsasən yaşla bağlı hər hansı maneə yoxdur, Qanunda qeyd edilən şərtlərindən biri də azı 25 il sığorta stajın olmasıdır. Cavabdeh onun iş stajını 22 il 8 ay (tələb olunandan 2 il 4 ay az) olaraq hesablamış, məhkəmə qərarında isə iş stajını ümumilikdə 23 il 1 ay 20 gün (tələb olunandan 1 il 10 ay 10 gün az) olaraq hesablamışdır. Hesablamalarda ziddiyyət olduğu görünür və iş stajının hesablanmasında səhvə yol verilmişdir. Halbuki onun iş stajı əmək kitabçasına əsasən ümumilikdə hesablansa: 1 il peşə təhsili + 2 il 6ay texnikum təhsili + 2 il hərbi xidmət dövrü + 16 il 1 ay 5 gün kolxozçu + 5 il 11 ay 15 gün bağçılıq müəssisəsi = 27 il 6 ay 20 gün təşkil edir, bundan əlavə də 2005-ci ildən 2010-cu ilə qədər VÖEN əsasında 5 il sosial sığorta üçün pul ödəmişdir. Yuxarıdakı adi riyazi hesablamadan da aydın olur ki, onun tələb edilən iş stajı 25 ili keçir. İşə baxan məhkəmə öz qərarında yuxarıda qeyd edilənləri göstərsə də, kolxozda işlədiyi bütün illəri iş stajı kimi hesaba almayaraq minimum əmək iştirakı normasını əsas almış, qərarda qeyd edilən “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun tələblərini nəzərə almamışdır. Belə ki, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Hununda da nəzərdə tutulmuşdur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-cl hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyət göstərən şəxslərə pensiya teyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Belə olduğu halda onun kolxozda işlədiyi bütün illər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalı, sosial sığorta ödənişləri iş stajına əlavə edilməli idi. Məhkəmə qərarında qeyd edir ki, “iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-vetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir”. Halbuki qərar qəbul edilərkən yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinin əksinə qərar çıxarmışdır. Bundan əlavə məhkəmə işə baxarkən onun iş stajı ilə əlaqədar ətraflı araşdırma aparmamış, işə səthi yanaşaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, o, 2004, 2005, 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə VÖEN üzrə sosial sığorta haqqı ödəmişdir, bu ödənişlər onun iş stajına əlavə edilərək ümumi iş stajı hesablananda nəzərə alınmalı idi. Belə olan halda onun tamamlanmayan 1 il 10 ay 10 günlük iş stajı tamamlanar və ona pensiya təyin edilməsində heç bir problem yaranmazdı. Lakin məhkəmə cavabdeh orqanın məlumatları əsasında işə baxmış, əlavə araşdırma aparmadan qərar qəbul etmişdir. Bu da yolverilməzdir, hüquqlarının kobud şəkildə pozulmasıdır. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. İş materiallarında olan НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1970-ci il tarixli 831 saylı Attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı təhsil müddəti bir il olan Şəki 43 saylı şəhər texniki peşə məktəbini traktorçu maşinist sənəti üzrə bitirmişdir. İş materiallarında olan BT seriyalı 052391 saylı Diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildən xx.xx.1981-ci ilədək Şəki kənd təsərrüfatı texnikumunu astronomluq ixtisası üzrə bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus 125 saylı Kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Şəki “İliçin xatirəsi” bağçılıq müəssisəsində işləmişdir. İş materiallarında olan Respublika X5 Filialının xx.xx.2021-ci il tarixli 332 saylı arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda işləyərkən qazandığı 1970-ci il üzrə adam günü 14 gün, 1971-ci il üzrə adam günü 83 gün, 1972-ci il üzrə adam günü 80 gün, 1974-cü il üzrə adam günü 12 gün, 1975-ci il üzrə adam günü 298 gün, 1976-cı il üzrə adam günü 220 gün, 1977-ci il üzrə adam günü 233 gün, 1978-ci il üzrə adam günü 244 gün, 1979-cu il üzrə adam günü 118 gün, 1985-ci il üzrə adam günü 16 gün, 1986-cı il üzrə adam günü 245 gün, 1987-ci il üzrə adam günü 279 gün, 1988-ci il üzrə adam günü 307 gün, 1989-cu il üzrə adam günü 305 gün, 1990-cı il üzrə adam günü 306 gün, 1991-ci il üzrə adam günü 306 gün, 1992-ci il üzrə adam günü 308 gün, 1993-cü il üzrə adam günü 308 gün, 194-cü il üzrə adam günü 307 gün, 1995-ci il üzrə adam günü 309 gün, 1996-cı il üzrə adam günü 305 gün təşkil etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 7-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, xx.xx.1975-ci il tarixində tərtib olunmuş kolxozçunun əmək kitabçasının surətinə, X5 Filialının xx.xx.2021-ci il tarixli №332 saylı arxiv arayışına, H3 seriyalı ******* saylı hərbi biletin, texniki peşə təhsili haqqında 831 saylı attestatın surətinə əsasən iddiaçının sığorta stajı 22 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda qeyd olunan sığorta stajına uyğun pensiya kapitalı 17268,73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilənə-minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtın - hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə X5 Filialının verdiyi xx.xx.2021-ci il tarixli 332 saylı arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda minimum əmək iştirakı norması 220 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1970-ci il üzrə 14 gün, 1971-ci il üzrə 83 gün, 1972-ci il üzrə 80 gün, 1974-cü il üzrə 12 gün, 1975-ci il üzrə 298 gün, 1976-cı il üzrə 220 gün, 1977-ci il üzrə 233 gün, 1978-ci il üzrə 244 gün, 1979-cu il üzrə 118 gün, 1985-ci il üzrə 16 gün, 1986-cı il üzrə 245 gün, 1987-ci il üzrə 279 gün, 1988ci il üzrə 307 gün, 1989-cu il üzrə 305 gün, 1990-cı il üzrə 306 gün, 1991-ci il üzrə 306 gün, 1992-ci il üzrə 308 gün, 1993-cü il üzrə 308 gün, 194-cü il üzrə 307 gün, 1995-ci il üzrə 309 gün, 1996-cı il üzrə 305 gün adam günü işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasından 1975-1978 və 1986- 1996-cı illər üzrə artıq, 1970-1972, 1974, 1979 və 1985-ci illər üzrə az işləmişdir. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla hesablanmalı və 1 illik dövr üzrə tam əmək stajı nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Etirazın məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçının minimum əmək iştirakı normasından artıq işlədiyi 1975-1978 və 1986-1996-cı illər üzrə iddiaçının əmək stajına hesablanmaqla 1975-1978-ci illər üzrə 4 il, 1986-1996-cı illər üzrə 11 il müəyyən edilmişdir. İddiaçının 1970-1972, 1974, 1979 və 1985-ci illərdə faktiki işlədiyi müddətlər üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 1970-1972, 1974-ci illər üzrə - 189 (14+83+80+12) / 220 = 0,85 = 8 ay 5 gün, 1979 və 1985-ci illər üzrə - 134 (118+16) / 220 = 0,60 = 6 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1970-1972, 1974, 1979 və 1985-ci illərdə faktiki işlədiyi müddətlər üzrə aparılmış hesablama nəticəsində Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda ümumi olaraq 16 il 2 ay 5 gün (1 il 2 ay 5 gün + 4 il + 11 il) iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, iş materiallarına əsasən iddiaçının xx.xx.1969-cu il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr (1 il), xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi dövr (5 il 11 ay 15 gün), 1970-1979 və 1985-1996-cı illərdə işlədiyi dövr (16 il 2 ay 5 gün) sosial sığorta stajına daxildir ki, ümumilikdə iddiaçının sığorta stajı 23 il 1 ay 20 gün təşkil edir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması; İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması; İddiaçının pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajı toplaması. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan qanunla müəyyən edilmiş pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalına malik olmaması, eyni zamanda bu kapital toplanmadığı təqdirdə tələb olunan 25 il sığorta stajına qarşı 23 il 1 ay 20 gün sığorta stajına malik olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malik olmadığından iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o 2004-2010-cu illərdə VÖEN üzrə sosial sığorta haqqı ödəmişdir, bu ödənişlər onun iş stajına əlavə edilərək ümumi iş stajı hesablananda nəzərə alınmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apelyasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası tərəfindən İddiaçı fəaliyyəti və vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş edib-etməməsini müəyyən etmək üçün aidiyyəti orqanlara sorğular göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********837700 nömrəli məktubundan görünür ki, uçot məlumat bazasına əsasən İddiaçı (VÖEN: **********2) məcburi dövlət sosial sığorta məqsədləri üçün pay torpaq mülkiyyətçisi qismində xx.xx.2020-ci il tarixdə **********2 saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Bildirilir ki, İddiaçı tərəfindən (VÖEN: **********2) vergi orqanında uçota alındığı tarixdən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri olmamışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş stajını toplamadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1881/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1511/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1511/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver