Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1511/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Göradil qəsəbəsi, 256ə saylı sahə ünvanında yerləşən bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildən ona ayrılmış bağ sahəsindən istifadə edir və faktiki olaraq sahiblik və istifadə hüququnu həyata keçirir. Torpaq sahəsinə dair bütün ödənişləri də həm X2 və İstismarı Birliyinə, həm də Görədil bələdiyyəsinə etmişdir. Torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının qeydiyyatı üçün cavabdeh inzibati orqana xx.xx.2009-cu ildə müraciət edərkən, cavabdeh inzibati orqan tərəfindən bildirilmişdir ki, sözügedən bağ sahəsi X5 tərəfindən tərtib edilmiş sxematik planda öz əksini tapmamışdır. Hüquqmüəyyənedici sənədləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə təkrarən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinə cavab verilməmiş, hər hansı hərəkət edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, ünvan ünvanında yerləşən bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququ üzrə İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki isə 958 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin bildiririk ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçıya eyni nömrəli və tarixli sərəncam əsasında Sabunçu rayonu, Ləhiş bağ massivi “4204” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra iddiaçının keçmiş adına yəni “X3” adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən verilmiş 17 saylı Orderə əsasən X4 Bakı Şəhər İcra Hakimiyyətinin 16 oktyabr 1991-ci il tarixli 14/625 saylı qərarına əsasən Ləhiş-Göradil bağlar sahəsində 235 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 256ə saylı bağ sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyinin 15 fevral 2007-ci il tarixli “Goradil ərazisindəki 256ə nömrəli bağın istifadəyə verilməsi haqqında 39561 saylı Müqavilə”sinə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 256ə №-li bağ sahəsi X3 istifadəsinə verilmişdir. Masallı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 1 oktyabr 2018-ci il tarixli AZ-İ 024522 №-li “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə”yə əsasən X1 və adını “İddiaçı”ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin oktyabr ayının 01 günündə 61 № ilə qeyd edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) 17 may 2023-cü il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Goradil bağlar massivində 0,12 ha bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Qeyd olunan normaların hazırkı işə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçının hüquqmüəyyənedici sənəd olaraq təqdim etdiyi və arxivdə mövcud olan Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən verilmiş 17 saylı Order və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyinin 15 fevral 2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında 39561 saylı Müqaviləsi sözügedən bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Cavabdeh apelyasiya şikayətində torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, həmçinin sxematik xəritədə bağ nömrəsinin qeyd olunmadığını bildirmişdir. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə Kollegiya bildirir ki, qeyd edilən uyğunsuzluqlar iddiaçının iradəsindən asılı olan hal deyil. Əgər qeyd edilən uyğunsuzluqlar mövcuddursa, bu hal iddiaçının faktiki istifadəsində olan və hüquqmüəyyəndici sənədlərlə ona ayrılan torpaq sahəsinə dair hüquqlarının qeydə alınmaması üçün əsas deyil. Həmin uyğunsuzluqlar cavabdehin mülkiyyət hüquqlarının qeydə alınmasına maneə kimi göstərilmək əvəzinə, cavabdeh tərəfindən aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Göründüyü kimi, qeyd edilən uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Apelyasiya şikayətinin torpaq sahəsinin sənəd üzrə ölçüsündən fərqli olması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı sənəd üzrə ona ayılan torpaq sahəsindən artığını istifadə etmədiyindən, həmçinin birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddia tələbini dəqiqləşdirərək bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyindən, qeyd edilən dəlildə imtina üçün əsas deyil. Apelyasiya şikayətinin digər bir dəlili elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlıdır ki, buna dair cavabdeh tərəfindən nə birinci, nədə apelyasiya instansiya məhkəməsinə hər hansı sübut təqdim edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdehin apelyasiya şikayətində son olaraq qeyd etmişdir ki, idarənin arxiv məlumatlarına əsasən iddiaçıya eyni nömrəli və tarixli sərəncam əsasında Sabunçu rayonu, Ləhiş bağ massivi “4204” saylı bağ sahəsi ayrılmışdır. Daha sonra iddiaçının keçmiş adına yəni “X3” adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. İş materiallarını nəzərdən keçirən Kollegiya ilk növbədə bildirir ki, iddiaçıya verilmiş order və müqavilədə eyni nömrəli və tarixli sərəncama istinad edilməsi müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 14/625 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə Ləhiş bağ massivində bağ sahəsi ayrılması nəzərdə tutulmuş 235 saylı BTK üzvlərinin siyahısında X8 (siyahıda olduğu kimi) oğlunun adı qeyd edilmişdir. Arxiv qovluğunda mövcud olan X2 və X6 ərazisi üzrə böyük mühəndisi M.Ağakişiyev tərəfindən yazılmış xx.xx.2007- ci il tarixli Məlumata əsasən 235 saylı BTK tərkibində X4 verilmiş 4204 saylı (0.12 ha) bağ sahəsi kənd sakinləri tərəfindən tutularaq daş hasara alınmışdır, xx.xx.2007-ci il tarixli ərizədə isə X4 Göradil ərazisində 256ə saylı bağ sahəsi göstərildiyi qeyd edilmişdir. Belə ki, “Birliyin” xx.xx.2007-ci il tarixli 06 nömrəli daxili protokolu ilə (sıra nömrəsi – 1) X3 adına verilmiş order müqavilə ilə əvəz edilmişdir və həmin protokol əsasında Göradil ərazisində yerləşən 256ə saylı bağ sahəsinin (0.12 ha) istifadəyə verilməsi haqqında X7 ilə xx.xx.2007-ci il tarixli 39561 nömrəli müqavilə bağlanılmışdır. Eyni zamanda, Bakı Şəhər İcraiyyə Komitəsinin 14/625 nömrəli xx.xx.1991-ci il tarixli qərarı ilə 235 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 4204 saylı bağ sahəsinə dair verilmiş 17 nömrəli order əsasında 4204 saylı bağ sahəsi xx.xx.2014-cü il tarixdə X3 adına qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının adına əvvəl verilmiş 4204 saylı bağla bağlı order verilmiş, lakin həmin bağ sahəsi digər şəxslər tərəfindən tutularaq hasara alındığından, həmin order müqavilə ilə əvəz edilmişdir. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün cavabdeh tərəfindən hər hansı mötəbər dəlil göstərilməmiş, göstərilən əsaslar isə mülkiyyət hüququnun qeydə alınmamasına əsas vermədiyindən, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1511/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1511/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver