Məhkəmə qərarları › İş №2-1(103)-1513/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1513/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1513/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 oğlunun sədrliyi və məruzəsi ilə, ibarət tərkibdə, katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-298/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə hərbi həkim və tibbi-sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, bərpa olunması haqqında öhdəliyin Tibbi Sosial Ekspert Komissiyasının həkimlərinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1964-cü ildə doğulmuşdur. 2ci qrup hərbi travmalı əlil, 2-ci Dünya müharibəsi əlillərinə bərabər tutulan şəxsdir və şəhid ailəsi statusu vardır. 1982-1984-cü illərdə Almaniya Demokratik Respublikasının Drezden şəhərində yerləşən Sovet ittifaqı silahlı qüvvələrinə aid olan N saylı motoatıcı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə hərbi nizamnaməyə uyğun döyüş tapşırığını yerinə yetirərkən ağır hərbi travma almış, həmin vaxdan bu günə kimi 2-ci dərəcəli hərbi xidməti vəzifəsini yerinə yetirən əlildir. Onun 1982-1984-cü ildə müddətli həqiqi hərbi xidmət keçən zaman aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 mart 2020 ci il tarixdə qanunsuz olaraq onun 2-ci dərəcəli əlilliyini dəyişib 3-cü dərəcə əlillik etmiş bunun səbəbini soruşduqda isə ona heç bir cavab verilməmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 36 il bundan əvvəl, yəni 1982-1984cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi-sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2007-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması” diaqnozu iiə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2020-ci il tarixdə nəzarət qaydasında Agentlikdə əyani müayinə olunmuş, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun verdiyi “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası” diaqnozunu və onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.7-ci bəndinə müvafiq olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının hazırkı sağlıq durumu, onda olan patofunksional dəyişikliklərin ağırlıq dərəcəsi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlilliyin təyininə əsas vermir, üçüncü dərəcə əlilliyin təyini qanunamüvafiqdir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyini zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş İddiaçı həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1405/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-298/2022 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1986-cı ildə iddiaçıya təyin olunan əlillik sənədlərində “əmək qabiliyyətsizdir” yazılmışdır, 21 il sonra yenə də, eyni diaqnoz qoyulmaqla müddətsiz 2-ci qrup əlillik təyin olunmuşdur və yenə “əmək qabiliyyətsizdir” kimi qeyd aparılmışdır, ilkin əlillik təyin olunduğu vaxtdan 36 il keçdikdən sonra, yeni pensiya haqqında Qanunu tətbiq etmək məqsədi ilə (guya audit yoxlama aparılır) onu tam əsassız olaraq komissiyaya salsalar da, Azərbaycan Respublikasının ƏƏSM Nazirliyinin təkrar Ekspert Komissiyası 12 mart 2020-ci il tarixli qiymətləndirmə protokoluna əsasən 2ci qrup əlilliyi təsdiq etmişdir. Lakin, “indiki sağlamlıq durumu diaqnozla eynilik təşkil etmir”deyərək müddətsiz 2-ci qrup əlilliyini ləğv edərək əlilliyini 3-cü qrup yazmışlar. Birincisi, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 8-ci hissəsinin tələbinə əsasən normativ hüquqi aktların geriyə qüvvəsi olmadığına görə (vətəndaşların vəziyyətini yaxşılaşdıran hallardan başqa) yeni - 2015-ci ilin Pensiya Qanunu onun işinə şamil oluna bilməz. İkincisi, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin tələbinə əsasən “ümumi iddia müddəti 10 il olduğuna və onun pensiyası 36 il əvvəl təyin olunduğuna görə onun işinin iddia müddəti ötdüyündən, pensiyasının yenidən araşdırılması tamamilə qanunaziddir. Üçüncüsü isə, hazırda qüvvədə olan “Pensiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 10 il müddətsiz əlilliyi olan şəxsin 10 ildən çox vaxt ötdüyü halda əlilliyi ömürlük hesab olunduğu üçün bu heç vaxt mübahisələndirilə bilməz. Bu həm də ümumi iddia müddətinin ötməsi kimi qəbul olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. - НЗ seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 505 saylı arayışından müəyyən edilir ki, 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirərkən hərbi travma almışdır (Əsas: 591 №li Hərbi Hospitalın xx.xx.1984-cü il tarixli, 80 №-li xəstəlik şəhadətnaməsi). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 3QHM300002 №-li müayinənin nəticələrinə dair arayışa əsasən İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar”; müayinə tarixi xx.xx.2007; TSEK-in diaqnozu: “sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması”. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik=> Digər Sağ bud sümüyünün və qasığ sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Füzuli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********1 saylı arayışından görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil kimi 233,19 manat müddətsiz olaraq pensiya və 230 manat müddətsiz olaraq Prezident təqaüdü alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “Hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar”; qiymətləndirmə tarixi xx.xx.2020; diaqnoz: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Budçanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti iddiaçının müraciətinə xx.xx.2020ci il tarixli, **********3 saylı məktubla cavab vermiş və bildirmişdir ki, ona xx.xx.2020-ci il tarixli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib qərar veriləcəkdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokoluna əsasən, Füzuli rayonu, Horadiz kəndi ünvanında qeyd olunan, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilərək bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozlması) mövcud sağlamlıq vəziyyəti ilə (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndində uyğun olaraq İİİ (üçüncü) dərəcə əlilliyin təyini üçün əsasdır və məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 368/2020 saylı (ekspertizanın başlanma tarixi 14 dekabr 2020-ci il, başa çatma tarixi 28 dekabr 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən müayinə üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna göndərilmiş və ona “sağ bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və rekurvasiya deformasiyaları, sol oturaq və qasıq sümüklərinin bitişmiş sınığı, sol sirkə kasası ətrafı osteofitləri, bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu qoyulmuşdur, yəni əvvəllər müəyyən edilmiş diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər-hansı birinə uyğun olub-olmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspertlərinin səlahiyyətlərinə aiddir. - Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, Füzuli rayon sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-1251/2021 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada nəzarət qaydasında əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu - üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Hazırki işin hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Ona xx.xx.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək ona 2007-ci ildə təyin edilmiş müddətsiz İİ qrup əlilliyin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti 3-cü dərəcəyə əsas verməsi məhkəmə araşdırması zamanı da, əyani müayinə keçirilməklə, yenidən qiymətləndirilmiş və diaqnozun 3-cü dərəcə əlillik dərəcəsi təyin etməsi bir daha öz təsdiqini tapmışdır. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. - 3.5-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. - 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2007-ci ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi müddətsiz təyin edilmiş, xx.xx.2020-ci il tarixdə isə ona üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin xx.xx.2007-ci ildə təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin təyininə dair qərarın ləğv edilməsinə dair hər hansısa sübut cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilməmişdir. Əksinə, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclası zamanı verdiyi izahatında belə bir qərarın mövcud olmadığını bildirmişdir. Halbuki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda, həmin qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli idi. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun: - 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. -28.1-ci maddəsi inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin olunduğu dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı, xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-298/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-298/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı təyin edilmiş 2-ci dərəcə əlilliyin bərpa edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar