Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1513/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5560/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, “Sahil” bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsinə dair hüquqların onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən iddiaçıya Bakı şəhəri, Qaradağ rayonu “Sahil” bağçılıq ərazisində xx.xx.1990-cı il tarixli 31 saylı orderlə 0,05 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra oğlunun xəstəliyi ilə əlaqədar ona xx.xx.1998-ci il tarixdə həmin bağçılıq təsərrüfatı ərazisində əlavə 0,05 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı bildirmişdir ki, hər iki torpaq sahəsi eyni hasarın içərisindədir və hal-hazırda onun istifadəsindədir. Öncə 31 saylı orderlə ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi üçün cavabdeh qeydiyyat orqanına müraciət etsə də, imtina cavabı almış, daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Qeyd edilir ki, iddiaçı ona xx.xx.1998-ci il tarixli 28 saylı orderlə ayrılmış torpaq sahəsi üzrə hüquqlarının dövlət qeydiyyatı və ona çıxarışın verilməsi üçün cavabdehə müraciət etdikdə cavabdeh yenə hüquqların dövlət qeydiyyatından və çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan 31A nömrəli orderdə torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Həmçinin, İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində “31” nömrəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (**********53-11301, **********). Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən ərazi heç bir bağçılıqyoldaşlıq təsərrüfatının ayrıcı daxilində yerləşmir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ARDNŞ-nin (SOCAR) “Azneft” İB və “Qobustan” ƏŞ hazırkı iş üzrə üçüncü şəxs qismində çəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5560/2024 saylı qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunan 31A nömrəli orderdə torpaq sahəsinin nömrəsi qeyd olunmamışdır. Həmçinin, İdarənin arxiv məlumatlarına əsasən eyni bağçılıq yoldaşlıq təsərrüfatı nəzdində “31” nömrəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. (**********53-11301, **********). Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən ərazi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcı daxilində yerləşmir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Dənizdə Neft və Qazçıxarma İB Səngəçal Bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 31 a nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində 20x25 m ölçüdə torpaq sahəsi İddiaçı verilmişdir. Əsas: Müdiriyyət, Birləşmiş HİK və Bağçılıq-yoldaşlıq təsərrüfatının qərarı. - Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/145 nömrəli qərarına əsasən Səngəçal Dəniz İdarəsinin 62 nəfər işçisinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində bağ sahələri ayrılmışdır. - N.Nərimanov adına NQÇİ-nin rəisi və həmin müəssisənin HİK sədri tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin 385 nəfərlik siyahısında İddiaçı 290-cı sırada qeyd olunmuşdur. - “Sahil” bağçılıq-yoldaşlığının xx.xx.1990-cı il tarixli, 31 nömrəli orderinə əsasən İddiaçı 20x25 m ölçüdə 31 nömrəli bağ sahəsi ayrılmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2132/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi cavabdehə həvalə edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “Sahil” b/y-nin 31 saylı bağ sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal küçəsi 26) yerləşən bağ evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal qəsəbəsi, 30-cu Sanqaçal küçəsi 26) yerləşən bağ evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - SOCAR tərəfindən məhkəmənin sorğusuna verilmiş 20 may 2024-cü il tarixli cavabda bildirilmişdir ki, iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il tarixli, 538-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin (“Şıxzəgirli,” “Şeytanud”, “Bürgüt”, “Donquzduq”, “Nardaran”, “İlxıçı”, “Qərbi Hacıvəli”, “Sundi”, “Şərqi Hacıvəli”, “Turağay”, “Kənizədağ”, “Qərbi Duvannı”, “Duvannı”, “Solaxay” və “Daşgil” yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Qobustan Əməliyyat şirkətinin istifadəsinə verilmiş kontrakt sahələrinin hüdudları daxilində yerləşmiş və Əməliyyat şirkəti ləğv olunduğundan hazırda onun istifadəsində olan torpaq sahələrinin SOCAR tərəfindən “Azneft” İB-nə ötürülməsinə başlanılıb. Həmin ərazilərdə hazırda SOCAR-ın “Azneft” İB tərəfindən neft-qaz əməliyyatları aparılır ki, bu səbəbdən, həmçinin torpaq qanunvericiliyinin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Göstərilənlərə əsasən iddianın rədd olunması xahiş edilmişdir. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Sahil” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli, 31 nömrəli orderinə əsasən ona ayrılmış 20x25 m ölçüdə 31 nömrəli bağ sahəsi ilə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, orderdə topraq sahəsinin nömrəsinin qeyd edilməməsi, faktiki olaraq göstərilən ərazinin heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcı daxilində yerləşməməsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan ƏŞ) istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının 31 A saylı bağ sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş aktlara uyğun gəlir. Belə ki, iddiaçı “Sahil” bağçılıq-yoldaşlığının verdiyi xx.xx.1998-ci il tarixli orderini cavabdehə təqdim etmiş, iddiaçının adı bağçılıq üzvlərinin həm ilkin, həm də sonrakı siyahısında göstərilmişdir. Həmçinin, qeyd olunan orderin ləğv edilməsi, etibarsız sayılması, qüvvəsini itirməsi, yaxud həqiqətəuyğun olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir: ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması; torpaqların təyinatı üzrə istifadə edilməsi; torpaqların istifadəsi zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi; torpaq sahələrinin yerquruluşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında verilməsi; kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi. - Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “Sahil” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli, 31 nömrəli order İddiaçı torpaq sahəsi ayrılmasını təsdiqləyən inzibati aktdır. Həmin order ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sahil bağçılıq-yoldaşlığın xx.xx.1998-ci il tarixli 31 A saylı orderində torpaq sahəsinin nömrəsinin göstərilməməsi və faktiki olaraq göstərilən ərazinin heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıcı daxilində yerləşməməsi iddiaçının iradəsindən asılı olan hal və məsuliyyət sferasına aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Sahil” bağçılıq yoldaşlığının arxiv əsaslarında saxlanılan sənədlərdə həmin bağçılığın bölgü sxeminin aşkar edilməməsi də iddiaçıdan asılı hal deyil. Qeyd edilməlidir ki, “Sahil” bağçılığın yerləşdiyi sahənin yerləşdiyi torpağın iddiaçının mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aid olan məsələdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(112)-2132/2022 saylı qərarına əsasən “Sahil” bağçılıq-yoldaşlığında yerləşən 0,05 ha sahəsi olan 31 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması cavabdehin üzərinə öhdəlik kimi qoyulmuşdur. Hazırda mübahisə predmeti olan torpaq sahəsi sözügedən 31 saylı torpaq sahəsinə bitişikdir və eyni hasar daxilində yerləşməklə iddiaçının istifadəsindədir. Həmçinin, qanunvericiliyə əsasən eyni şəxsə bir neçə bağ sahəsinin ayrılması barədə qadağa nəzərdə tutulmamışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmanın tələbindən göründüyü kimi, torpaq sahəsinə hüquq yarandığı anda neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi şəxsin hüquqlarının dövlət qeydiyyatına alınmasına səbəb olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları ilə “Sahil” bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli, 31 nömrəli orderi verilən dövrdə mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus ərazi olması müəyyən edilmir, həmçinin bu halı təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5560/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1513/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1513/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver