Məhkəmə qərarları › İş №2-1(103)-1514/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1514/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1514/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2471/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli 34 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı, arvadı X2 qəsdən öldürülməsində təqsirləndirilir və 2018-ci ilin dekabr ayından həbsdədir. Nəsimi RİH başçısı xx.xx.2019-cu il tarixli 34 nömrəli sərəncam verərək, uşaqları xx.xx.2008-ci il təvəllüdlü Aliya və xx.xx.2015-ci il təvəllüdlü Nailə üzərində nənələri X1 qəyyum təyin etmişdir. Hesab edir ki, Samirə Süleymanova ona qarşı nifrət, düşmən hissində olduğundan, onun uşaqlarının qəyyumu təyin edilməsi qanunsuz və əsassızdır. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlillərinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, uşağın (şəxsin) qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin hayata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, hazırkı iddia üzrə mübahisə S.Süleymanovanın nəvələri üzərində qəyyum təyin edilməsi barədə Nəsimi RİH başçısının 34 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi ilə bağlıdır və iddianın mahiyyətindən görünür ki, iddiaçının iddia tələbini qaldırmaqda hüquqi marağı uşaqların üzərində nənələri S.Süleymanovanın qəyyum təyin edilməməsi barədə qərar qəbul edilməsidir ki, həmin məsələ də mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddianın verilməsində məqsəd inzibati orqan olan cavabdeh tərəfindən qəbul olunmuş və maraqlı şəxs kimi iddiaçının valideynlik hüququna birbaşa təsir edən inzibati aktın qəbulu zamanı həyata keçirilmiş inzibati icraatda qanunvericiliyin tələblərinin düzgün tətbiq edilib-edilməməsinin yoxlanılmasıdır. İddiaçı hesab edir ki, bu zaman inzibati icraat pozuntularla həyata keçirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının eyni iddia tələbi üzrə icraata, tələbə ümumi yurisdiksiyalı məhkəmədə baxılmamalı olmalı əsası ilə, xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, hər bir inzibati iddianın mümkün sayılması üçün ilkin şərt mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasıdır (İPM-1.1, 2.2, 35.1). İşin faktiki hallarına inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddianın bu ilkin mümkünlük şərti iş üzrə yerinə yetirilmir. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu kontekstdə, uşağın (şəxsin) qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin hayata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası Plenumun tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, hazırkı tələbinə dair iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Eləcə də, eyni iddia üzrə icraata ümumi məhkəmədə xitam verilməsi həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına dəlalət etmir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından düzgündür (İPM-35.1), apellyasiya şikayəti inzibati prosessual qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2471/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar