Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1514/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçıların nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçılar X3, X1, X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11708/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki quruluşuna uyğun olaraq ümumi sahəsi 134,32 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsasında iddiaçının adına çıxarış verilmişdir. Apellyasiya məhkəməsinin qərarından fərdi yaşayış evinin ölçüləri faktiki quruluşuna uyğun qeyd olunmamışdır. Belə ki, məhkəmə qərarında və çıxarışda evin 59.4 kv.m yaşayış, 34.8 kv.m köməkçi sahədən ibarət olmaqla ümumi sahəsinin 93,8 kv.m olduğu göstərilmişdir. Faktiki olaraq isə məhkəmə qərarı qəbul olunan vaxt fərdi yaşayış evinin ümumi sahəsi 134,32 kv.m ibarət olunmuşdur. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin bütün tikililərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı imtina məktubunu əsassız hesab edir. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, yaşayış evinin faktiki vəziyyətinə və həmin əlavə tikililərinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə qərarında qeyd olunan ölçülər fərqlidir. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11708/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o iddianı təqdim edən zaman tələb olunan hüquqmüəyyənedici sənədi özündən asılı olmayan səbəblərdən təqdim edə bilmədiyini qeyd etmişdir. Lakin məhkəmə cavabdeh orqanın imtinası ilə eyni məzmunlu qərar qəbul etmişdir. Məhkəməyə həmin tikililərin əvvəldən tikildiyini bildirmişdir, əgər bununla bağlı şübhə varsa məhkəmə ekspertiza təyin etmək yolu ilə tikintinin köhnə tikili olduğunu müəyyən edə bilər, lakin göründüyü kimi məhkəmə iddiaçının xeyrinə araşdırma aparmaq istəmir. Həmçinin, iddiaçı tərəfindən təqdim olunan sübutlar qərar qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı İddiaçı əsl iddiaçılar X6, X4, X5 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11708/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsnin qərarı ilə fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, iddia təmin edilmişdir. Məhkəmə qərarından da göründüyü kimi 55 saylı MKİS-nin texniki H.Hüseynov tərəfindən tərtib edilmiş və notariat qaydada təsdiq edilmiş evin sxemindən müəyyən edir ki, fərdi yaşayış evi 59,8 kv.m yaşayış, 34,8 kv.m isə köməkçi sahədən ibarət olmuşdur. Məhkəmə də qeyd olunan halı nəzərə alaraq həmin ölçüdə olan fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almışdır. 18 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı (hədiyyə verən) ünvan 2 ünvanında yerləşən 93,8 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,01147 ha olan torpaq sahəsininin - fərdi yaşayış evinin ümumi 18,5 kv.m hissəsini və torpaq sahəsinin 1/3 hissəsini X3, fərdi yaşayış evinin ümumi 29,5 kv.m hissəsini və torpaq sahəsinin 1/3 hissəsini X1 və fərdi yaşayış evinin 45,8 kv.m hissəsini və torpaq sahəsinin 1/3 hissəsini X2 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 575041 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, 22 saylı evin 2 otaq y/s-24,6 kv.m (№5,9), k/s-21.2 kv.m (№ 6,7,8) və 1/3 hissə torpaq sahəsi X2, 1 otaq y/s-12 kv.m (№4), k/s-6.5 kv.m (№ 3) və 1/3 hissə torpaq sahəsi X3 və 1 otaq y/s-20,6 kv.m (№2), k/s-8.9 kv.m (№ 1) və 1/3 hissə torpaq sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində 498 nömrəli reyestr kitabının 46803 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[24] 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, fərdi yaşayış evinə dair məhkəmə qərarı qəbul edilən zaman da fərdi yaşayış evinin ölçüsü 134,32 kv.m olmuşdur. İddiaçı eyni zamanda bununla əlaqədar xx.xx.2021-ci il tarixli 55 saylı MKİS-nin rəisi tərəfindən təsdiq edilmiş planı da məhkəməyə təqdim etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin iddianın təmin edilməsi barədə məhkəmə qərarının icrası ilə əlaqədar cavabdehin mütəxəssislərinin iştirakı ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir ki, həmin aktdan da göründüyü kimi fərdi yaşayış sahəsinin çıxarış verildiyi zaman real ölçüləri müəyyən edilmişdir xx.xx.2019-cu il tarixli aktdan da müəyyən edilir ki, fərdi yaşayış sahəsinin ümumi ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 94,6 kv.m, yaşayış sahəsi 59,8 kv.m, köməkçi sahəsi 34,8 kv.m olmuşdur. Faktiki olaraq isə ümumi sahə 93,8 kv.m, yaşayış sahə 57,2 kv.m, köməkçi sahə 36,6 kv.m olmuşdur. Həmin aktdda edilmiş qeyddən də görünür ki, fərdi yaşayış evi yoldan 3,9 m, dəmiryol xəttindən isə 10,3 kv.m məsafədə yerləşmiş, yaşayış sahəsinə dair eskiz təqdim edilmədiyindən sahələr məhkəmə qətnaməsində göstərilən sahələrə uyğunlaşdırılmış, faktiki vəziyyətə əsasən baş plan tərtib edilmişdir. Məhkəmə qərarı əsasında iddiaçıya fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən fərdi yaşayış sahəsinə dair real ölçülər nəzərə alınmış, məhkəmə qərarında qeyd edilən ölçülərə uyğunlaşdırılmaqla fərdi yaşayış sahəsinin faktiki ölçüləri nəzərə alınmışdır. Qeyd olunan hal isə, iddiaçının fərdi yaşayış evinin məhkəmə qərarı qəbul edilərkən real ölçülərinin daha artıq olması dəlilini təkzib etməklə hazırkı iddianın təmin edilməsini istisna edir. xx.xx.2021-ci il tarixli müayinə aktından isə müəyyən edilir ki, əlavə olaraq 2 y/otağı, köməkçi sahə və dükan inşa edilib. Eyni zamanda 73,4 kv.m torpaq sahəsi artırılmışdır. Kollegiya qeyd edir ki, reyestrdən çıxarışda qeyd olunan ölçüdən əlavə olan əlavə tikililərlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulan sənədlərin təqdim edilməsi zəruridir. Lakin iddiaçı əlavə tikililərə, eləcə də onun yerləşdiyi torpaq sahəsinə dair, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən heç birini təqdim edə bilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)-11708/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1514/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1514/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver