Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1514/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Babayeva Rəhiməxanım Məhyəddin qızı, X14 və X9) “sərəncamların etibarsız sayılması, cavabdehin üzərinə mənzilə dair iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qərarından üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Babayeva Rəhiməxanım Məhyəddin qızı, X14 və X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamının cavabdehin 2 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi hissəsində etibarsızlığın tanınması, cavabdehin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına X10 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346- 2347 məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m yaşayış sahəsi, 88,8 kv.m ümumi sahəsi olan 57 saylı mənzilin addan-ada keçirilməsinə dair 201 saylı xx.xx.2016-cı il tarixli sərəncamının etibarsızlığının tanınması, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, həmin mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(81)-1008/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının 454 saylı xx.xx.2016-cı il tarixli sərəncamının cavabdehin xx.xx.2014-cü il tarixli 248 saylı sərəncamının ləğv edilməsi hissəsi etibarsız sayılmış, cavabdehin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına X11 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilin addan ada keçirilməsinə dair 201 saylı xx.xx.2016-cı il tarixli sərəncamı etibarsız sayılmış, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, həmin mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2223/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin nümayəndəsi və üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının apellyasiya şikayətləri təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1008/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-858/2020 saylı, 19 iyun 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2223/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-6004/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamı “2 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılmış, Bakı ŞİH başçısının 16 may 2016-cı il tarixli 201 saylı sərəncamı etibarsız sayılmış, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya iddianın mümkün sayılmaması (iddia müddətinin ötürülməsi və ya mübahisənin ümumi məhkəməyə aid olması ilə əlaqədar) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin diqqətdən kənarda saxladığı məqam ondan ibarətdir ki. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 454 saylı xx.xx.2016-cı il tarixli və 201 saylı xx.xx.2016-cı il tarixli sərəncamlarının etibarsız sayılması hissəsində iddia müddəti iddiaçı tərəfindən dəfələrlə ötürülsə də və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməsə də, buna əhəmiyyət verilməmişdir. Sadəcə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək mübahisəli mənzilin onun adına keçirilməsini xahiş etmiş, mənzilin addan-ada keçirilməsi tələbi ilə sərəncamların etibarsız hesab edilməsi tələblərini birləşdirmiş və belə fikir yaratmaq məqsədi güdmüşdür ki, guya iddia qaldırmaq hüququ mənzilin addan-ada keçirilməsi barədə Bakı şəhər İH-nə müraciət etdiyi və ya imtina cavabı aldığı tarixdən yaranır. Hətta iddiaçı ilk dəfə mənzilin addan-ada keçirilməsindən imtina barədə Bakı şəhər İH-dən aldığı M-574/2-110/2-t/l saylı, xx.xx.2018-ci il tarixli imtinadan da şikayət etmək hüququnu itirdiyi və məhkəməyə müraciət etmədiyi üçün bununla bağlı həmin ilin dekabr ayında yenidən müraciət edib, xx.xx.2018-ci il tarixli M-574/2-110/2-t/l saylı məktub almışdır. Məhkəmə qərarını əsaslandırarkən özü də yuxarıda qeyd etdiyi faktları etiraf etsə də, 3 hissədən ibarət 2 tələb üzrə iddiaçının iddia müddətinin ötdüyünü qabartmamış, ona qiymət verməmiş, əksinə gizlətməyə, tələbləri qarışdırmağa çalışmışdır. Belə ki, iddiaçıya Bakı şəhər İHB-nın 454 saylı xx.xx.2016-cı il tarixli və 201 saylı xx.xx.2016-cı il tarixli sərəncamlarının mövcud olması və mənafeyinə toxunması ən azından 2-1(81)-6455/2017 saylı (2-1(81)-416/2018) işə 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsində onun Bakı şəhər İH-yə qarşı eyni məzmunlu iddia ərizəsinə baxılarkən və iş üzrə qərar qəbul edilərkən, qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən məlum idi. O da məlum idi ki, Babayeva Rəhiməxanım 3-cü şəxs kimi prosesə cəlb edilib, inzibati məhkəmə icraatının iştirakçısıdır və mənzil onun adına keçirilmişdir. Göründüyü kimi sərəncamların mübahisələndirilməsi barədə hazırkı iddiaya istər müəyyən etmə və ya tanınma, istərsə də mübahisələndirmə haqqında iddia kimi yanaşılsa iddia müddəti iddiaçı tərəfindən dəfələrlə ötürülməklə mübahisələndirdiyi hallar ona məlum olandan 1 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Həm inzibati icraatda, həm də mülki prosesdə tərəfin və ya vətəndaşın məluımatlandırılmaması, yəni formal əsaslara görə qərarın və inzibati aktın, qətnamənin ləğvi və ya etibarsız sayılması nəzərdə tutulmamışdır. İlk əvvəl vətəndaş məlumatlandırılmaması onun hansı sənədin vermək imkanından mərhum etmişdir məsələsi aydınlaşdırılmalı idi. Hazırkı halda isə iddiaçı iddia müddətini ötürdüyü və bunu bildiyi üçün inzibati aktın ləğv edilməsi ilə bağlı iddiasında dəyişiklik etmiş, onu dəyişdirib, aktın etibarsız hesab edilməsini xahiş etmişdir. İşin mahiyyəti, iddiaçının mənzilə hüququnun olub-olmamasını müəyyən etmək əvəzinə məhkəmə lazımi məqamları araşdırmamış və onlara qiymət verməmişdir ki, iddiaçının mənzilə hansı hüququ var. Bununla yanaşı hazırkı məhkəmə qərarının əsaslandırma hissəsində düzgün olaraq 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı 24 may 2014-cü il tarixli qərarı sübutlar siyahısına daxil edilməmiş, həmin qərarla müəyyən edilən hallardan istifadə edilməmişdir. Belə ki, qərar əsassız olduğu, hər hansı araşdırma aparılmadan qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1885/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qərardadı ilə ləğv edilmiş və İddiaçı Bakı şəhər İH-yə ümumiyyətlə müraciəti olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1528/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Başqa bir tərəfdən 2-1(81)- 416/2018 saylı işə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı, 24 may 2014-cü il tarixli qərarı qanuni qüvvəsini almadığı, hətta tərtib edilmədiyi halda, qəbul edildikdən 1 həftə sonra xx.xx.2014-cü il tarixdə Bakı şəhər İH tərəfindən icra edilmişdir. Məlum olmuşdur ki, Bakı şəhər İH-nin bir neçə əməkdaşı vəzifələrindən sui-istifadə etməklə, yalan yolu, saxtakarlıq etməklə hər hansı qeydiyyat aparmadan xx.xx.2014-cü tarixli sərəncamın verilməsinə nail olmuş, sonradan isə cəzalandırılmışlar. Bununla bağlı sənədlər 2-1(81)-416/2018 saylı işdə olsa da, hazırkı işə baxarkən məhkəmə onlara baxış keçirməmiş, onlardan istifadə etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli mənzil Bakı şəhər İH tərəfindən X10 dövlət mənzil fondundan verilmiş, mənzil özəlləşdirilməmiş, üzərində mülkiyyət hüquqları İ.Hüseynovun adına dövlət qeydiyyatından keçirilməmiş, dövlət mənzil fondundan çıxarılmamışdır. Bununla bağlı müvafiq sənədlər tərtib edilmiş olsaydı mənzilin özəlləşdirilməsi mümkün olardı və Bakı şəhər İH-nin mənzilin addan-ada keçirməyə səlahiyyət olmazdı. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestri obyekti olmadığı üçün İ.Hüseynovun ümumiyyətlə mənzili satmağa səlahiyyəti olmamışdır. İ.Hüseynovun səlahiyyəti yalnız ondan ibarət olmuşdur ki, o, dövlət mənzil fondunda qalan, özəlləşdirilməyən mənzilin başqa şəxsin adına keçirilməsinə razılıq verə bilər. İ.Hüseynov isə dələduzluq yolu ilə mənzilin addan-ada keçirilməsinə razılıq verilməsi üçün bir neçə şəxsdən, o cümlədən ondan pul almışdır. İ.Hüseynovun mənzilin addan-ada keçirilməsinə razılıq verilməsi üçün pul alması hələ həmin mənzilin adda-ada keçirilməsi üçün əsas deyildir. Bununla bağlı dövlət mənzil fondunun adından Bakı şəhər İH-nin də razılığı olmalıdır ki, İddiaçı halında belə bir razılıq olmamış, Bakı şəhər İH-nin razılığı ona olmuşdur. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə mənzilin onun adına keçirilməsi barədə müraciəti də o, 2016-cı ildə müraciət etdikdən 2 ildən artıq müddət sonra, 2018-ci ilin dekabr ayında olmuşdur ki, həmin vaxt mənzil artıq onun adında idi. İddiaçı İ.Hüseynovla münasibətləri, İ.Hüseynovun ondan dələduzluq etməklə pul alması ilə bağlı mübahisəyə mülki xarakterli iddia kimi ümumi məhkəmədə baxılmalıdır və həmin mübahisənin, İ.Hüseynovun İddiaçı pul almasının Bakı şəhər İH-yə aidiyyəti yoxdur. İ.Hüseynovun isə hər dəfə müxtəlif ərizələr verməklə, gah mənzilin İddiaçı satması, gah M.Bağırova satması barədə notarial qaydasında verdiyi müxtəlif məzmunlu ərizələri sübut kimi qəbul edilə bilməz. xx.xx.2016-cı il tarixli və bundan sonra xx.xx.2019-cu il tarixdə 6 və 12 saylı Kontorlarda notariat qaydasında təsdiq edilmiş ərizələrdə İman Hüseynov göstərmişdir ki, mübahisəli mənzili R.Babayevaya satmışdır, İddiaçı tanımır və həmin mənzilə görə ondan pul almamışdır. Həm işin yuxanda qeyd edilən digər məqamlarları, həm də İ.Hüseynovun istinad etdikləri ərizələrində göstərilmiş dəlillər xx.xx.2018-ci il tarixli ərizədə göstərilənlərin həqiqəti əks etdirmədiyini sübut edir. Bu məqamlar araşdırılmalı olsa da, 1-ci instansiya məhkəməsi onlara əhəmiyyət verməmişdir. Məhkəmə şikayət verilən qərarda bir tərəfdən göstərir ki, Bakı şəhər İcra hakimiyyətinin MTK-da olan mənzilləri addan-ada dəyişdirməyə səlahiyyəti yoxdur, digər tərəfdən isə addan-ada dəyişdirmək vəzifəsini Bakı şəhər İcra Hakimiyyətinə həvalə edir. Bu fikirlər biri digərinə ziddir. Əgər belə bir məqam varsa, onda bu mübahisə mülkidir, Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqəsi yoxdur və ümumi məhkəmədə baxılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-92/2022 nömrəli, xx.xx.2022-ci il tarixi qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1590/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-92/2022 nömrəli, xx.xx.2022-ci il tarixi qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zaman əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zaman məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının «Azərbaycan Respublikasının bir qrup idmançı və idman xadimlərinin mənzil məsələləri barəsində» 13 dekabr 2013-cü il tarixli 503 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MTK-nın 05 saylı xx.xx.2008-ci il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna mənzillər ayrıldığı nəzərə alınaraq, X10 1 nəfər ailə tərkibi ilə, "xxxx" MTKya məxsus, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-ci məhəllədəki yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m. olan 2 otaqlı 57 saylı mənzilin verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının icrası barədə» 02 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13 dekabr 2013-cü il tarixli 503 nömrəli sərəncamı ilə X10 1 nəfər ailə tərkibi ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-ci məhəllədəki yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzil verilmişdir, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2014cü il tarixli 2-1(81)-2585/2014 saylı qərarına əsasən X7 adından İddiaçı adına keçirilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2014-cü il tarixli 2- 1(81)-2585/2014 saylı məktubu nəzərə alınaraq Bakı ŞİH başçısının 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-ci məhəllədəki yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin X7 adından İddiaçı adına keçirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı ŞİH-nin 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamının vətəndaş X10 aid hissədə ləğv edilməsi, vətəndaş X7 rəsmi ərizəsi nəzərə alınaraq "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin vətəndaş Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, paraolimpiyaçı, idman ustası X10 məxsus Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin İddiaçı adına keçirilməsi barədə Bakı ŞİH-nin 02 iyun 2014-cü il tarixli 248 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən binanın 2-ci giriş, 9-cu mərtəbə, 2 otaqlı, 47.8 kv.m yaşayış sahəsindən (ümumi sahəsi 88,8 kv.m) ibarət 57 nömrəli mənzilinə dair Bakı ŞİH tərəfindən verilmiş 503 nömrəli 13 dekabr 2013-cü il tarixli sərəncamın addan-ada keçirilməsi və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilməsi Bakı ŞİH-nin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1885/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadının surətindən görünür ki, üçüncü şəxslər X14 və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı 14 may 2014-cü il tarixli qərarı ləğv edilmiş, iş üçüncü şəxslər X14 və X4 iştirakları ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı üçüncü şəxslər X14, Bağırov Məhəmməd Adıgözəl oğlu və X3 işə cəlb edilməklə «mənzilin adına rəsmiləşdirilməsi barədə sərəncam verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1528/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2018 saylı 13 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı (üçüncü şəxslər X14, Bağırov Məhəmməd Adıgözəl oğlu və X3) «mənzilin adına rəsmiləşdirilməsi barədə sərəncam verilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadda qeyd olunur: “Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı mənzilin adına rəsmiləşdirilməsi barədə sərəncam verilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə rəsmi ərizə ilə müraciət etməmişdir.”. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kooperrativ Təsərrüfatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 2346-2347-ci məhəllədə yerləşən çoxmərətəbəli yaşayış binanın 2-ci girişinin 9-cu mərtəbəsindəki 2 otaqlı, 88,8 kv.m ümumi sahəsi, 47,8 kv.m yaşayış sahəsi olan 57 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna aid olmuşdur. İş materiallarında olan ünvan 2 ünvanlanmış 02 avqust 2021-ci il tarixi məktubda bildirilir: X1 “Zövq-İnşaat" MTK tərəfindən ünvan 3 ünvanında inşa olunmuş yaşayış binasından mənzil ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 503 saylı xx.xx.2013-cü il tarixli sərəncamı verilən dövrdə Bakı Şəhər İcra Hakimiyyətinin ayrı-ayrı şəxslərə mənzil vermək səlahiyyətinin olub-olmamasına dair arayış verilməsi barədə müraciətinizə cavab olaraq bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 503 saylı, xx.xx.2013-cü il tarixli sərəncamından göründüyü kimi əvvəla, qeyd edilən mənzil "xxxx" MTK-nın 05 saylı xx.xx.2008-ci il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna ayrılmışdır və digər tərəfdən X1 mənzil ayrılmasına dair Azərbaycan Respublikasının Prezidentinin Bakı Şəhər İcra Hakimiyyətinə göstərişi olmuş və nəhayət Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci bəndində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. İş materiallarında olan X5 notarial qaydada təsdiqlənmiş 18 fevral 2018-ci il tarixli ərizəsində aşağıdakılar bildirilmişdir: “Mən, X14, yazaraq bildirirəm ki, Bakı şəhər İcra Hakimiyyətinin 503 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış evində, 2-ci giriş, 9-cu mərtəbədə yerləşən, 2 otaqlı, 47,8 kv.metr yaşayış sahəsindən (ümumi sahəsi 88,8 kv.metr) ibarət, 57 saylı mənzilin dəyəri kimi 2014-cü ilin aprel ayında 3 (üç) dəfəyə İddiaçı aldığım 54000 (əlli dörd min) manat nağd pulun müqabilində həmin mənzilin İddiaçı adına keçirilməsinə və gələcəkdə mənzillə bağlı heç bir iddia və tələbimin olmayacağı ilə bağlı Bakı şəhəri, 12 saylı Notariat Kontorunda notarial qaydada ərizə vermişəm. Bu gün də həmin ərizədəkiləri bir daha təsdiq etməklə yanaşı bildirirəm ki, mənzilin İddiaçı adına keçirilməsi ilə əlaqədar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2014-cü ilin aprel-may aylarında keçirilən məhkəmə proseslərində şəxsən iştirak etməklə yanaşı, məhkəmənin bu işlə bağlı qəbul etdiyi xx.xx.2014-cü il tarixli, 2-1(81)-2595/2014 qərarının surətini qəbzə imza etməklə almışam. Həmin qərardan apellyasiya və kassasiya şikayətləri verməmişəm, belə bir niyyətim də olmayıb. Sadəcə inandığım şəxslərin məzmunu ilə tanış olmadığım bir neçə sənədlərə imza etdirib adımdan şikayətlər verdiklərini sonradan bilmişəm. Mən həmin şəxslərə belə bir tapşırıq və səlahiyyət verməmişəm. Bütün bunlar mənim iradəmdən kənar edilib. Eyni zamanda bildirirəm ki, X2 adlı şəxsi tanımıram və ondan heç bir mənzilə, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin 503 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən verilmiş mənzillə bağlı bir manat da olsun pul almamışam və mənzilin onun adına sənədləşdirilməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməmişəm. Adımdan edilmiş bu qanunsuzluqlara görə məsuliyyət daşımadığımı və Sizdən həmin şəxslərin müəyyən edilərək cəzalandırılmalarını xahiş edirəm.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1590/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir: 47. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı inzibati orqanın 2 noyabr 2016-cı il tarixli, 454 nömrəli və 16 may 2016-cı il tarixli, 201 nömrəli sərəncamlarının etibarsız hesab olunmasına yönəlmişdir. İnzibati aktın etibarsızlığı İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia vasitəsi ilə tanınır. Həmin normaya görə tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 48. Tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 50. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən sərəncamların etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin sərəncamlar ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. Bu baxımdan məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılmalı, qeyd edilən sərəncamların istinad olunan maddə anlamında bu və ya digər qüsura malik olub-olmadığı yoxlanılmalı və sərəncamların etibarsızlığını şərtləndirən qüsur yaxud qüsurların mövcudluğu müəyyən edilməli idi. 51. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin sözügedən sərəncamlarının etibarsız hesab olunmasına dair qənaətə gələrkən məhkəmələr cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin mənzil-tikinti kooperativinə məxsus olan mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsi səlahiyyətinə malik olmadığına əsaslanmışlar. Bununla belə məhkəmələr həmin hüquqi mövqelərində ardıcıl olmamış, bir tərəfdən, mənzil-tikinti kooperativinə məxsus mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olmadığı qeyd edilmiş, digər tərəfdən, eyni zamanda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla mübahisəli mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əgər mübahisəli mənzilin "xxxx" MTK-ya aid olduğu və bunun üzərindən Bakı şəhər İcra Hakimiyyətinin həmin mənzil barəsində sərəncam vermək səlahiyyətinin mövcud olmadığı müəyyən edilərsə, məhkəmə tərəfindən həmin icra hakimiyyəti orqanının üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının xeyrinə sərəncam qəbul edilməsi öhdəliyi də qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, "xxxx" MTK-nın məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna mənzillər ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperrativ Təsərrüfatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 2346-2347-ci məhəllədə yerləşən çoxmərətəbəli yaşayış binanın 2-ci girişinin 9-cu mərtəbəsindəki 2 otaqlı, 88,8 kv.m ümumi sahəsi, 47,8 kv.m yaşayış sahəsi olan 57 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna aid olmuşdur. "xxxx" MTK-nın məktubu nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti başçısının «Azərbaycan Respublikasının bir qrup idmançı və idman xadimlərinin mənzil məsələləri barəsində» 13 dekabr 2013-cü il tarixli 503 nömrəli sərəncamına əsasən X10 1 nəfər ailə tərkibi ilə, "xxxx" MTK-ya məxsus, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-ci məhəllədəki yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m. olan 2 otaqlı 57 saylı mənzilin verilməsi qərara alınmışdır. Daha sonra 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin mənzilə dair Bakı ŞİH tərəfindən verilmiş 503 nömrəli 13 dekabr 2013-cü il tarixli sərəncamın addan-ada keçirilməsi və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilməsi Bakı ŞİH-nin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı Bakı ŞİH tərəfindən icra edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamına əsasən Bakı ŞİH başçısının 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamı ilə X10 verilmiş həmin mənzilin onun adından İddiaçı adına keçirilməsi qərara alınmışdır. Lakin sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamına əsasən Bakı ŞİHnin 503 saylı 13 dekabr 2013-cü il tarixli sərəncamının X10 aid hissədə ləğv edilməsi, qeyd olunan mənzilin Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilməsi qərara alınmışdır. Halbuki bu zaman 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2585/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamı qüvvədə olmuşdur. Yalnız sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamına əsasən X10 məxsus həmin mənzilin İddiaçı adına keçirilməsi barədə Bakı ŞİH-nin 02 iyun 2014-cü il tarixli 248 saylı sərəncamı ləğv edilmişdir. Göründüyü kimi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamı qəbul edilərkən, eyni mənzilə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı və həmin qərarın icrası ilə əlaqədar qəbul edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin 02 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamı qüvvədə olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 16 may 2016-cı il tarixli 201 nömrəli sərəncamı faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt kimi qəbul edilməli və etibarsız sayılmalıdır. Bundan başqa, qeyd olunduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 02 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamına əsasən X10 məxsus həmin mənzilin İddiaçı adına keçirilməsi barədə Bakı ŞİH-nin 02 iyun 2014-cü il tarixli 248 saylı sərəncamı ləğv edilmişdir. Halbuki 02 iyun 2014-cü il tarixli 248 saylı sərəncam 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı xx.xx.2014-cü il tarixli qərarının icrası qaydasında qəbul edilmişdir və həmin tarixdə qeyd olunan məhkəmə qərarı qüvvədə olmuşdur. Belə olan halda cavabdeh Bakı ŞİH-nin həmin sərəncamı digər bir sərəncamla ləğv etmək səlahiyyəti olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 02 noyabr 2016-cı il tarixli 454 nömrəli sərəncamı Bakı ŞİH-nin 02 iyun 2014-cü il tarixli 248 saylı sərəncamının ləğv edilməsi hissəsində müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt olduğundan etibarsız sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1528/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2018 saylı 13 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı ŞİH-ə qarşı (üçüncü şəxslər X14, Bağırov Məhəmməd Adıgözəl oğlu və X3) «mənzilin adına rəsmiləşdirilməsi barədə sərəncam verilməsi» tələbinə dair iddiası İddiaçı mənzilin adına rəsmiləşdirilməsi barədə sərəncam verilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə rəsmi ərizə ilə müraciət etməməsi əsası ilə mümkün sayılmamışdır. Bundan sonra İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan X5 notarial qaydada təsdiqlənmiş 18 fevral 2018-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 503 saylı, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən o, qeyd olunan mənzilin dəyəri kimi 2014-cü ilin aprel ayında 3 (üç) dəfəyə İddiaçı aldığı 54000 (əlli dörd min) manat nağd pulun müqabilində həmin mənzilin İddiaçı adına keçirilməsini və gələcəkdə mənzillə bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Habelə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperrativ Təsərrüfatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 2346-2347-ci məhəllədə yerləşən çoxmərətəbəli yaşayış binanın 2-ci girişinin 9-cu mərtəbəsindəki 2 otaqlı, 88,8 kv.m ümumi sahəsi, 47,8 kv.m yaşayış sahəsi olan 57 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin dövlət mənzil fonduna aid olmuşdur. Lakin cavabdeh Bakı ŞİH qeyd olunan halları nəzərə almamış, onun tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1514/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1514/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver