Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1515/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (08.12.1952-ci il tarixində Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)- 1158/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 22.06.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 2003, 2005, 2006, 2007-ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə 2008-ci ilin iyul ayında verilmiş 2051,48 AZN məbləğin ona 01.03.2013-cü ildə pensiya təyin edilərkən nəzərə alınmadığına görə həmin tarixdən pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.03.2013-cü ildən Ədliyyə orqanlarında qulluq keçmə üçün müəyyən olunmuş yaş həddinə çatdığından işlədiyi Biləsuvar rayon qeydiyyat şöbəsindən pensiyaya çıxmışdır. Seçiminə və qanunvericiliyin tələbinə uyğun olaraq pensiya hesablanması üçün əmək haqqı kimi 2003-2007-ci illəri əhatə edən müddət (ardıcıl gələn istənilən 60 ay) ərzində aldığı əmək haqqı, əmək haqqının sonrakı artımları nəzərə alınmışdır. Ədliyyə Nazirliyi tərəfindən verilmiş 18.03.2013-cü il tarixli 8/291 saylı arayışda nəzərə alınacaq bütün mənbələr ətraflı göstərilmişdir. Lakin pensiya hesablanarkən yalnız 2004-cü ildə verilmiş əmək məzuniyyətinin pulu nəzərə alınmışdır. İddiaçı 2003, 2005, 2006 və 2007-ci illərdə əmək məzuniyyətinə çıxmamış və bu barədə arayışda məlumat verilməsi mümkün deyildir. Ona görə də istifadə olunmamış məzuniyyətə görə verilən haqq nəzərə alınmamışdır. İstifadə etmədiyi illərin məzuniyyətinə görə 2008-ci ilin iyul ayında 2003-2007-ci illər üçün ona 2051,48 AZN kompensasiya ödənilmişdir. Lakin bu barədə pensiya təyin edilərkən arayış təqdim etməmişdir. Odur ki, pensiya hesablanarkən nəzərə alınmamış qeyd edilən məbləğin nəzərə alınması və pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Lakin, həmin orqan pensiyanın yenidən hesablanmasından imtina elməklə düzgün hesablanma aparıldığını və orta əmək haqqı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənic kimi göstərildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1158/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1158/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı 2003, 2005, 2006, 2007-ci illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə 2008-ci ilin iyul ayında verilmiş 2051,48 AZN məbləğ ona 01.03.2013-cü ildə pensiya təyin edilərkən nəzərə alınmadığına görə həmin tarixdən pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nda “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2000-ci il tarixli, 126 saylı Qərarı ilə təsdiq edilmiş “orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı” barədə Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasının şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə iddiaçının vəsatəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, vəsatət əsassızdır. Belə ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc kimi nəzərdə tutulması göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya mövcud qanunvericiliyin tələblərinə əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənc kimi nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1515/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1515/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver