Məhkəmə qərarları › İş №2-1(103)-1515/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1515/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1515/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (həyat yoldaşı) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş real zərərin məbləği 116576 manat, bank faizinin uçot dərəcəsinin məbləği – 34937,50 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 500 manat, ekspertiza xərcləri – 200 manat, cəmi – 162213,50 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz birinci instansiya məhkəməsində təqdim edilmiş iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X3 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. İddiaçıya dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizlik) nəticəsində baş verməmişdir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Asif Həsənov həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmişdir. Hazırki halda Komitənin üzərinə hər hansı öhdəliyin qoyulması üçün tərəflər arasında bununla bağlı müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında bağlanmadığından mövcud deyildir. Tərəflərin izahatları İddiaçı, onun nümayəndəsi (həyat yoldaşı) X4 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. 04.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştrakçıları hazırki işə cavabdehlərin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadı ilə 3-cü şəxs Maliyyə Nazirliyinin iş üzrə 3-cü şəxs statusunun ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Əvvəla, hazırki işdən görünür ki, iddiaçı tərəfindən “kompensasiya ödənişi” ilə bağlı tələb iki cavabdeh inzibati orqana qarşı verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçıya hüquqi yardım göstərilərək tələbinin yalnız bir cavabdehə qarşı yönəldilməsinin mümkünlüyü ona izah olunmuş və cavabdehlər sırasını dəqiqləşdirmək ona təklif olunmuşdur. Lakin iddiaçı və nümayəndəsi tələbə münasibətdə hər iki inzibati orqanın cavabdehlik daşıdığına istinad edərək dəqiqləşdirmə ərizəsini təqdim etməmiş və hazırki işə verilmiş tələb həddində hər iki orqanın cavabdeh qismində qalmaqla baxılmasını xahiş etmişlər. Bununla yanaşı, iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı tələbi “cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə dəymiş 162212.50 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutularaq ödənilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar publik hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönələn inzibati akt deyil, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətin gedişində qəbul edilən prosessual qərarlardır, bu qərarlara məhkəmə araşdırmasının tərkib hissəsi və davamı kimi baxılır, icra məmuru digər inzibati orqanlardan fərqli olaraq yalnız məhkəmənin icra sənədində müəyyən olunmuş tələbləri icra edir, məhkəmə qətnaməsinin icrası mülki prosesin son mərhələsidir, icra məmurunun icra sənədinin icra olunmasının təşkili və bununla bağlı qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır, icra sənədinin icrası ilə bağlı icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə mülki işin davamı kimi baxıldığı halda həmin icra icraatı çərçivəsində icra məmurunun icra sənədinin təmininə yönəlmiş fəaliyyəti gedişində vurulmuş ziyan inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş ziyan kimi qiymətləndirilməməli və bu mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, iddiaçı “kompensasiya” tələbini irəli sürərkən mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş qərarın icra olunmamasına istinad etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab etmişdir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” Hazırkı mübahisənin predmetini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2276/2015 saylı 27 aprel 2015-ci il tarixli qətnaməsi təşkil edir. Həmin qətnamə ilə İddiaçı iddia ərizəsi təmin edilmiş, X12, X6, X20, X13, X10, X16, X14, X17, X7, X15, X5, X2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 78 saylı evin 178 sayıl mənzilindən çıxarılması, həmin qətnamənin Laçın rayonundan məcburi köçkün olan X12 və qeyrilərinin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsas olması qət edilmişdir. «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-də olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir». İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə, o cümlədən məhkəmə qərarının icra olunmaması ilə bağlı vurulmuş ziyanla bağlı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, «İcra haqqında» Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda məhkəmə qərarının icra olunmamasına görə vurulmuş ziyanla bağlı tələbə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunmamasına görə vurulmuş ziyanla bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunmaması ilə bağlı vurulmuş ziyan barədə olduğu nəzərdən qaçırılmamalı və belə mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə olan halda bu barədə qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 25.01.2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər əsassız olub qəbul edilməməli, buna görə də məhkəmə qərardadının ləğvi üçün əsas yaranmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar