Məhkəmə qərarları › İş №2-1(103)-1516/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1516/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1516/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2273/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyası Sənədlər arxivinin 63 saylı 10.06.2011-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Mİngəçevir şəhər Partiya Komitəsinin 26 saylı 07.09.1976-cı il tarixli Böro iclasının qərarına əsasən şəhər Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət siyası Partiyalar və ictimai hərəkatlar arxivinin dekabr 2004-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1960-cı ilin oktyabr ayından 1961-ci linin avqust ayınadək Bakı şəhər Maşınqayırma zavodunda fəhlə vəzifəsində çalışmış, 1691-ci ilin avqust ayından 1967-ci ilin aprel ayınadək Bakı şəhəri, Əzizbəyov adına Neft və Kimya İnstitutunda təhsil almış, 1967-ci ilin aprel ayından 1968-ci ilin sentyabr ayınadək Bakı şəhəri “QAfqazneftrejimmontaj” trestində iş aparıcısı, 1968-ci ilin sentyabr ayından 1970-ci ilin sentyabr ayınadək X4 Zaqafqaziya hərbi Dairəsində zabit, 1970-ci ilin noyabr ayından 1971-ci ilin iyun ayınadək Mirgəçevir şəhəri Lenin adına elektrostansiyada növbətçi mühəndis, 1971-ci ilin iyun ayından 1976-cı ilin sentyabr ayınadək Mirgəçevir şəhər Komsomol Komitəsinin birinci katibi, 1976-cı ilin sentyabr ayından 1977-ci ilin iyun ayınadək Mirgəçevir şəhər partiya komitəsində şöbə müdiri, 1977-ci ilin iyun ayından 1980-cı ilin avqust ayınadək Mirgəçevir şəhər Xalqü Nəzarəti Komitəsinin sədri, 1980-cı ilin avqust ayından 1983-cü ilin may ayınadək Mirgəçevir şəhər Partiya Komitəsində katib, 1983cü ilin may ayından 1988-ci ilin noyabr ayınadək Mirgəçevir şəhər Partiya Komitəsində ikinci katib, 1988-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayınadək Mirgəçevir şəhər Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır. DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 28.02.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Rrspublikası Prazidentinin 142 saylı 25.06.2018-ci il tarixli Fərmanına əsasən ona təyin edilmiş pensiya 71.33 manat artırılaraq 01.03.2018-ci il tarixdən ödənilmişdir. Belə ki, onun 01.03.2018-ci il tarixdən pensiyası 1290.39 manat təşkil edir. 014385 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçıa ilkin olaraq 364 saylı 20.09.2004-cü il tarixli qərarla pensiya təyin edilmişdir. Pensiya işinin materiallarında olan Mingəçevir rayon şöbəsinin əmək pensiyası təyin edən Komissiyanın 06.04.2012-ci il tarixli qərarından görünür ki, iddiaçıya 01.07.2008-ci il tarixdən 31.03.2012-ci il tarixədək 507.30 manat, 01.04.2012-ci il tarixdən müddətsiz olaraq 507.30 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı ona dövlət qulluqçusu kimi pensiyanın düzgün hesablanmadığına istinad edərək onun yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 08.09.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi -158,00 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 197,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 118,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat olmaqla orta aylıq əmək haqqının 1344,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 7 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1344,00 manat) 80 faizi-1075,20 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona 1219,06 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu şəbəbdən də həmin dövr müddətində iddiaçıya 7336,86 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1- dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 7 gün dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 50 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi -174,00 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 217,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 130,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi-80,00 manat olmaqla orta aylıq əmək haqqı 1472,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarxinədək olan sonuncu vəzifələriniz üzrə orta aylıq əmək haqqı (1344,00 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1472,00 manat) arasındakı fərq məbləğinin (128,00 manat) 50 faizi-64,00 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1075,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1139,20 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay ona 1354,39 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 3873,42 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 1305,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-261,00 manat, mükafatlarla müavinətlərə görə əlavəsi 326,25 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi-195,75 manat və ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat olmaqla orta aylıq əmək haqqı 2168,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarxinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1472,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2168,00 manat) arasındakı fərq məbləğinin (696,00 manat) 50 faizi-348,00 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1139,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1487,20 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.09.2019- 31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində hər ay ona 1742,27 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 2805,77 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.12.2013-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində 14016,05 manat məbləğində artıq pensiya məbləği ödənilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığına qısa müddət ərzində Filiala təqdim etməyi xahiş olunmuşdur. İddiaçı bu barədə ona ünvanlanmış 08.09.2020-ci il tarixli **********8 nömrəli məktuba hazıradək heç bir münasibət bildirməmişdir. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması tələbi ilə İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildirilmişdir ki, Filial tərəfindən cari ilin avqust ayından etibarən iddiaçının əmək pensiyası 1487,20 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı 01 sentyabr 2019-cu il tarixdən 50 faiz artımın pensiya məbləğinə əlavə edilməməsinə istinad edərək həmin məbləğin pensiyasına əlavə olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1960-cı ilin oktyabr ayından əmək fəaliyyətinə başlamış, həmin müddətdən müxtəlif sahələrdə işləmiş, 20 sentyabr 2004cü ildən Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğu haqqında qanun qüvvəyə mindikdən və dövlət qulluqçularının pensiya təminatı qanunla müəyyən edildikdən sonra ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının düzgün hesablanmaması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-2(84)-233/2013 saylı 26.04.2013-cü il tarixli qərarı ilə vəzifə maaşı -790 manat, qulluq stajına görə əlavə 30%-237 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15%-118,50 manat, ixtisas dərəcəsinə görə 115 manat, mükafatlar və müavinətlrə -263,33 manat (vəzifə maaşının 4 misli miqdarında) hesablnmışdır. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01.08.2008-ci il tarixdən yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə həvalə edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.04.2013-cü il tarixli 2-2(84)-233/2013 saylı qərarına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Ondan sonrakı müddətlərdə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən əmək pensiyasına edilmiş artımlar hesablanmış və onaə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentininin 25 iyul 2018- ci il tarixli 142 nömrəli Fərmanı ilə 01 iyun 2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarının qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasına əsasən pensiyası 71.33 manat artırılaraq 01.03.2018-ci il tarixdən 1290.39 manat ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunla və Dövlət qulluqçularının vəzifə maaşlarının aratırılmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə dövlət qulluqçularının aylıq əmək haqqı artırılmaqla sosial müdafiəsi möhkəmləndirildiyi halda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu və haliyədə həmin icra orqanının hüquqi varisi hesab edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası düzgün hesablanmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ilə iddianın təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırlmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı maddi və prossesual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, işin faktiki hallarına uyğun düzgün qəbul edilmədiyi, ədalətsiz olduğuna görə ləğv edilməlidir. Ona qulluq stajına görə 30%, ixtisas dərəcəsinə dair pensiyasına əlavə 115 manat, dövlət qulluqçusuna il ərzində vəzifə maaşının 4 misli məbləğində mükafat və müavinət məbləği ilə əmək pensiyası hesablanmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən əsassız və qanunsuz olaraq ona 14016,05 manat məbləğində artıq pensiya ödənilməsi nəticəsinə gəlinmişdir. Əsassız və qanunsuz olaraq qulluq stajına görə ona 30% pul hesablanmalı olduğu halda 20%-lə hesablanmış, ixtisas dərəcəsinə dair pensiyasına əlavə 115 manat əvəzinə 80 manat hesablanmış, dövlət qulluqçusuna il ərzində vəzifə maaşının 3 misli məbləğində mükafat və dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilməli olduğu halda, mükafat və müavinət vəzifə maaşının 3 misli məbləğində hesablanmışdır. Onun 1976-cı ilin sentabr ayından 1991-ci ilin sentyabr ayları müddətində dövlət qulluğu stajı 15 il 07 gün hesablanmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 22.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə iddfiaçı İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə proseslərində iştirak etmiş iddaçı İddiaçı Cumeyit oğlu, onun nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu 02.09.2020-ci il tarixlidir. İddiaçı iddia ilə məhkəməyə 22.10.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ona yaşa görə dövlət qulluqçusu kimi təyin edilmiş pensiyasının 01 sentyabr 2019-cu il tarixdən 50 faiz artım nəzərə alınmaqla yenidən hesablanmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1.7-ci maddələsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18- dən «Dövlət qulluğu haqqında» AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 790,00 manat, qulluq stajına görə vəzifə maaşı 20 faizi miqdarında əlavə -158,00 manat, mükafatlarla müavinətlərə görə əlavə 197,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə -118,50 manat və ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat olmaqla orta aylıq əmək haqqı 1344,00 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 15 il 7 gün qulluq stajına görə orta aylıq əmək haqqının (1344,00 manat) 80 faizi-1075,20 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 870,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə -174,00 manat, mükafatlarla müavinətlərə görə əlavə 217,50 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə-130,50 manat və ixtisas dərəcəsinə görə əlavə 80,00 manat olmaqla orta aylıq əmək haqqı 1472,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarxinədək olan sonuncu vəzifələri üzrə orta aylıq əmək haqqı (1344,00 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1472,00 manat) arasındakı fərq məbləğinin (128,00 manat) 50 faizi-64,00 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1075,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1139,20 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1305,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavə -261,00 manat, mükafatlarla müavinətlərə görə əlavə 326,25 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə -195,75 manat və ixtisas dərəcəsinə görə əlavə 80,00 manat olmaqla orta aylıq əmək haqqı 2168,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin qeyd olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarxinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1472,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2168,00 manat) arasındakı fərq məbləğinin (696,00 manat) 50 faizi- 348,00 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1139,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1487,20 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı təyin olunmuş əmək pensiyasının 2019-cu ilin 01 sentyabr tarixindən dövlət qulluqçularının vəzifə maaşının 50 faiz artırılması ilə əlaqədar dövlət qulluqçusu kimi ona təyin edilmiş yaşa görə əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 01 iyun 2004-cü il tarixli 678-İİQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanına əsasən yenidən hesablanaraq ödənilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”na əsasən:

1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.

2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.

3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.

4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır.

5. Təyin olunmuş əmək pensiyası dövlət məvacibinin məbləği təqvim ayının 15dək artırıldıqda həmin ayın 1-dən, 15-dən sonra artırıldıqda isə növbəti ayın 1-dən yenidən hesablanır.

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün daxil olmaqla, azı 15 il dövlət qulluğu stajı olan Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları istisna olmaqla) öz xahişləri ilə işdən çıxdıqları vaxt əmək pensiyası yaşına çatmışlarsa və ya həmin vaxt İ dərəcə əlilliyi olan şəxs olmuşlarsa, müvafiq qanunvericiliyə uyğun olaraq aldıqları əmək pensiyaları onların öz arzuları ilə dövlət qulluqçusu kimi əmək pensiyası təminatı üçün yenidən hesablanır. Həmin Qaydaların 10-cu bəndinə əsasən qanunvericiliklə dövlət məvacibinin məbləği dəyişdikdə əmək pensiyasını təyin edən orqan dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanmasını təmin edir. 19.10.2007-ci il tarixədək qüvvədə olmuş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 6.1.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla pensiya təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi) artırıldıqda yenidən hesablanır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanına istinad etsə də, daha sonra həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının qəbul edildiyini nəzərə almamışdır. Halbuki məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, qanunvericiliyə edilmiş dəyişikliklər hər dəfə iddiaçıya münasibətdə nəzərə alınaraq iddiaçının pensiyasında müvafiq artımlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarxinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqı (1472,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2168,00 manat) arasındakı fərq məbləğinin (696,00 manat) 50 faizi- 348,00 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1139,20 manat) üzərinə əlavə olunmaqla 1487,20 manat məbləğində ödənilir. Sadəcə hazırki vəziyyətdə iddiaçı ona 01.09.2019-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində 1487,20 manat (01.09.2019-cu il tarixə hesablanmış əlavə ilə birlikdə 1487,20 manat) əvəzinə hər ay 1742,27 manat olmaqla səhvən pensiya hesablandığı üçün ona cəmi 14016,05 manat artıq ödənilmiş pensiya məbləği qanuna müvafiq qaydada hər ay ödənilən pensiyasından hisə-hissə tutulduğu üçün həmin artımın aparılmadığı qənaətindədir. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının iddiası ona 01.09.2019- 31.07.2020-ci il üzrə olan dövr üçün səhvən artıq hesablanmış pensiya məbləğinin artıq hissəsinin hesablanaraq hər ay pensiyasından hissə-hissə tutulmasının qanunsuz hesab edilməsi, başqa sözlə artıq hesablanmış pensiya məbləğinin bərpa olunması və artıq ödənilmiş pensiya məbləğlərinin aylıq pensiyasından tutulması ilə bağlı qəbul edilmiş qərarların mübahisələndirilməsi barədə deyil, pensiyasının müvafiq Qanunun müddəasına uyğun olaraq yenidən hesablanıb ona ödənilməsi barədədir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki işdə pensiyasının qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı yenidən hesablanmalı olduğunu əsaslandıra bilməmişdir. Halbuki inzibati prosessual qanunvericiliyin tələbinə görə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə sübutetmə vəzifəsi iddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün onun hazırki iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2273/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2273/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmıdən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar